Azərbaycanda kinoteatr zallarında tamaşaçı marağı daim dəyişən və trendlərlə paralel inkişaf edən sahələrdən biridir.
Modern.az Azərbaycanın iki böyük kinoteatr şəbəkəsi olan Park Cinema və CineMastercard arasında 2025-ci ilin ilk altı ayında ən çox izlənən filmlərlə bağlı sorğu keçirib.
Hər iki kinoteatr şəbəkəsinin açıqlamalarında tamaşaçıların maraq göstərdiyi filmlər sırasında yerli istehsal filmlərlə yanaşı, dünya kinosunun nümunələrinin də üstünlük təşkil etdiyi müşahidə olunur. Bu da Azərbaycanın kino bazarında tamaşaçı marağının geniş spektrdə formalaşdığını göstərir.
Park Cinema-dan verilən məlumata görə, yanvar-iyun aylarında kinoteatrda ən çox baxılan beş film arasında Azərbaycan istehsalı olan “Tağıyev: Çar” və “Hozu 007” filmləri xüsusi yer tutub. Bu filmlərlə yanaşı, məşhur oyun adaptasiyası olan “Minecraft”, yenidən ekranlaşdırılan “Lilo və Stiç” animasiyası və sürət həvəskarlarının diqqətini çəkən “F1” filmi də izlənmə reytinqlərində öndə qərarlaşıb.
Park Cinema rəhbərliyi qeyd edib ki, tamaşaçılar daha çox həftəsonları və cümə axşamları, yəni premyera günlərində kinoteatrlara üz tutur.
CineMastercard kinoteatrlar şəbəkəsinin açıqlamasında da oxşar tendensiyalar müşahidə olunub. Son ayların ən çox izlənilən filmləri sırasında Türkiyə istehsalı “Sihirli Annem: Hepimiz Biriz”, animasiya janrında çəkilmiş “Lilo və Stiç”, eləcə də gənc izləyicilər arasında populyar olan “Minecraft kinoda” yer alıb.
Azərbaycan istehsalı olan və tarixi məzmunu ilə seçilən “Tağıyev: Çar” burada da tamaşaçıların marağına səbəb olub. Həmçinin emosional xətti ilə seçilən “Aşk Sadece bir An” dramı bu janrı sevənlər tərəfindən rəğbətlə qarşılanıb. Bir neçə həftə əvvəl nümayişi başlayan “Formula 1” filmi isə ilk gündən tamaşaçı axınına səbəb olan ekran işlərindən biri olub.
CineMastercard rəhbərliyi də bildirib ki, həftə sonları və premyera günləri olan cümə axşamları kinoteatrların ən fəal günləri hesab olunur.