Modern.az

Kim çaldı, kim oynadı? - “Çal-oyna” mahnısında saxtakarlıq İZLƏRİ

Kim çaldı, kim oynadı? - “Çal-oyna” mahnısında saxtakarlıq İZLƏRİ

Mədəniyyət

17 İyul 2025, 13:50

Ermənilərin illərdir apardığı mədəni saxtalaşdırma siyasəti artıq hamıya məlumdur. Onlar təkcə Azərbaycan torpaqlarına deyil, həm də mənəvi sərvətlərimizə - xalçalarımıza, milli mətbəximizə, adət-ənənələrimizə, rəqslərimizə və musiqimizə də iddia edirlər. "Çal-oyna" kimi məşhur xalq mahnısı da bu saxtalaşdırma cəhdlərinin növbəti qurbanlarından biridir.

“Çal-oyna” Azərbaycan xalq musiqisində özünəməxsus şən əhval-ruhiyyə daşıyan, əsasən toy və xalq şənliklərində ifa edilən mahnılardandır. Bu mahnı nəinki ritmik quruluşu, həm də xalqın gündəlik həyat tərzini, coşqusu və sevinclə dolu anlarını əks etdirməsi ilə seçilir.

Qeyd edək ki, bu gün “Çal-oyna” xalq mahnısı kimi məşhurlaşmış rəqs ilk dəfə “Xan qızları” adı ilə yaranıb. Zaman ötdükcə, rəqsin adı qonşu xalqların dilində “Xan gəzər”, “Xungüzər”, “Xingizər” kimi sözlərlə təhrif olunub. Ermənilərin rəqsə verdikləri “Xnki tsar” adı da belə təhrif olunmuş sözlərdən biridir

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi Rauf Bəhmənli bu oyun havasının serməni plagiatına məruz qalması faktını araşdırıb.

1983-cü ildən Azərbaycan xalq rəqslərinin toplanması və tədqiqi ilə məşğul olan R.Bəhmənli, digər xalqların rəqs sənətini öyrəndiyindən müxtəlif xalqlara məxsus rəqs mənbələrini təhlil edib:

“Bu baxımdan qətiyyətlə deyə bilərəm ki, ermənilərin öz folklor musiqisi ilə bağlı nəşr etdirdikləri bütün not məcmuələrində çoxlu sayda Azərbaycan rəqs melodiyaları yazılıb.
Belə məcmuələrdən Nikoqayos Tiqranyanın “Zaqafqaziya xalq mahnı və rəqsləri” («Закавказские народные песни и танцы» - 1887) və “Erməni xalq rəqsləri” («Армянские народные танцы» - 1896), Komitasın “Rəqslər” («Танцы» - 1939), eləcə də “Erməni xalq mahnıları və rəqsləri” («Армянские народные песни и пляски» - 1950) adlı etnoqrafik məcmuəsi, Eduard Baqdasaryanın tərtibatı ilə fortepiano üçün işlənmiş “Erməni rəqsləri” «Армянские танцы» - 1961), Georgi Minasyanın “Duduk çalma məktəbi” («Школа игры на дудуке» - 2004) və başqalarını göstərə bilərik.  Bu not məcmuələrində Azərbaycanın ən melodik, ən ürəyəyatımlı və tanınmış oyun havaları müxtəlif yollarla saxtalaşdırılaraq erməni musiqisi kimi təqdim olunub. Belə ki, bəzi rəqslərimizin adları erməni və rus adları ilə dəyişdirilib, digərləri erməni bəstəkarlarının əsərləri kimi göstərilib. Bundan əlavə, rəqsin musiqisini dəqiq bilmədiklərindən onun melodik məzmununa yad intonasiyalar daxil edib, hətta iki oxşar intonasiyalı rəqs melodiyamızı bir-birinə calayıblar. Belə plagiat faktlarını aşkar edərək erməni saxtakarlıqlarını ifşa etmək məqsədilə 2020-ci ildə “Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri” adlı məcmuəmiz də nəşr edilib”, - R.Bəhmənli deyib.


Sənətşünaslıq üzrə tədqiqatçı deyir ki, əsrləri geridə qoyaraq günümüzədək gəlib çatmış “Xan qızları” rəqs melodiyası hal-hazırda “Çal-oyna” adlı xalq mahnısı kimi tanınmaqdadır:

“Dediklərimizi təsdiqləyən mənbələrdən biri Səid Rüstəmovun not yazısında dərs edilmiş (1956, təkrar nəşr 1967-ci il) “Azərbaycan xalq mahnıları” toplusu , Qafar Namazəliyevin tərtibatı ilə 1979-cu və 1985-ci illərdə nəşr edilmiş “Azərbaycan xalq mahnı və təsnifləri” toplusu, digəri isə bəstəkar Siyavuş Kəriminin tərtibatı ilə 2005-ci ildə “Öndər nəşriyyatı”nda çapdan çıxmış “Azərbaycan xalq mahnıları” məcmuəsidir.

Əvvəla, qeyd etmək yerinə düşər ki, bu günə kimi bir çox rəqs havalarımız, melodik məzmununa müxtəlif illərdə şeir mətnləri əlavə edilməklə mahnıya çevrilmiş, zaman ötdükcə mahnı kimi şöhrət tapmış və rəqs kimi öz adını itirmişdir. Məsələn, “Dağıstan” rəqsi − “Ay Güləbətin” mahnısı kimi, “Gülgəzi” rəqsi − “Ay qız heyranın ollam” kimi, “Şuşa” rəqs melodiyası − “Nazlı yarım” mahnısı kimi, “Kəsmə” (ilk adı “Napoleon”dur) oyun havası – “Ay qız sənə mayiləm” kimi, “İnnabı” – “Mən aşıq gözlərinə”, “Pambığı” – “Gülə-gülə” adlı mahnı kimi məşhurlaşmışdır.
İki hissədən ibarət “Xan qızları” rəqs melodiyası da mahnıya çevrilmiş belə məşhur havalardandır. Rəqsin birinci hissəsi asta tempdə səslənən lirik melodiyaya, ikinci hissəsi isə sən xarakterli əsl rəqs musiqisinə malikdir. Bu səbəbdən də şeir mətninin əvvəli (bəndi) ağır, nəqarəti isə tez tempdə oxunur. Bu gün ermənilər adı çəkilən oyun havasının onlara məxsus olduğunu və ilk dəfə erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən nota alındığını iddia edirlər. Bu saxtakarlığı ifşa etmək üçün rəqsin etimologiyası, yaranma tarixi, ilk yazı nümunəsi, adı və s. dərindən araşdırılmalı idi. Tədqiqat işimiz Komitas tərəfindən yazılan rəqsin not yazısının əldə olunması ilə başlandı. Məlum oldu ki, erməni bəstəkarı oyun havasını özünün 1939-cu ildə Moskvada nəşr etdirdiyi “Mahnılar” («Песни») məcmuəsində, məhz mahnı kimi təqdim etmişdir. Məcmuənin 19-cu səhifəsində rəqsin birinci lirik hissəsi “Alaqyaz” («Алагяз») adı ilə, ikinci oynaq hissəsi isə 21-ci səhifədə “Xnki tsar” («Хнки цар») adı ilə, erməni dilində şeir mətnlərilə yazılıb. Yəni məcmuədə bu melodiyalar ayrı-ayrı mahnı kimi göstərilmişdir. Müxtəlif adlarla və müstəqil mahnı kimi təqdim olunmuş bu melodiyalar onu bildirir ki, Komitas bu havaların bir-biri ilə əlaqəli olduğundan, başqa sözlə, rəqsin ikihissəli olduğundan xəbərsizdir.

Tədqiqatın növbəti mərhələsində rəqslə bağlı çox maraqlı faktlar əldə olundu. Belə ki, arxiv sənədlərinin öyrənilməsi ilə bağlı müraciət etdiyimiz AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Arxivində saxlanılan materiallarda rəqsin hər iki hissəsinin əlyazma şəklində not yazısı üzə çıxdı. Həmin əlyazma görkəmli musiqişünas-alim Məmmədsaleh İsmayılova məxsusdur. Onun 1936-cı ildə Şəki−Zaqatala bölgəsindən topladığı 24 oyun havasının ikisi “Xungüzər” adı ilə nota alınmışdır.

Əldə olunmuş not yazılarının təhlili göstərdi ki, Məmmədsaleh İsmayılovun əlyazmasındakı melodiya ilə erməni bəstəkarı Komitasın mahnı kimi qələmə aldığı musiqi eyni məzmuna  malikdir. Lakin rəqsin adları ilə bağlı müəyyən suallar yaranırdı. Belə ki, əgər rəqs ilk dəfə “Xan qızları” adı ilə yaranmışdısa, nə üçün Məmmədsaleh İsmayılovun əlyazmasında bu ad “Xungüzər” kimi qeyd olunmuşdur? Digər tərəfdən Komitasın nota aldığı “Xnki tsar” («Хнки цар») mahnısının adı ilə “Xungüzər” adının yazılışı müxtəlif olsa da, tələffüzündə müəyyən oxşarlıq da sual doğururdu. Bu sualların cavabını tapmaq üçün tədqiqatın coğrafi dairəsini genişləndirməyi lazım bildik. Bu istiqamətdə də yeni və mühüm tapıntılarımız oldu. Aşkar edildi ki, oyun havası təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhurlaşmış, sevilmiş və bu gün də səsləndirilməkdədir. Belə ki, “Xan qızları” adı ilə yaradılan rəqs bəzi bölgələrimizdə “Xan qızı” kimi, Təbrizdə, Ərdəbildə “Xan gəzər” adı ilə, Türkiyənin Qars və İğdır bölgələrində “Xungüzər”, Özbəkistanda “Xingizər” adları ilə tanınmışdır. Bu adların müxtəlifliyi hər bir xalqın dialektində, ləhcəsində eyni sözün fərqli səslənməsi ilə əlaqədardır. Türkiyədə tanınmış rəqs tədqiqatçısı, İzmir şəhərində yaşayan etnoxoreoloq-alim, professor Gürbüz Aktaşın söylədiklərindən məlum olur ki, Qarsda və İğdırda səslənən ikihissəli “Xungüzər” adlı melodiya mahnı kimi deyil, məhz Azərbaycan xalq rəqsi kimi tanınmaqdadır”.

Rauf Bəhmənli deyir ki, bədnam qonşumuz ermənilər isə bu melodiyanı “Xnki tsar” («Хнки цар») adlandıraraq, sözün («Խնկի ծառ» − “buxur ağacı” mənasında işləndiyini və yalnız ermənilərə aid olduğunu bəyan edirlər:

“Lakin araşdırmamızın son mərhələsi onların bu mülahizəsini də tamamilə alt-üst etdi. Belə ki, Moskva Dövlət Radio Komitəsinin Arxivində saxlanılan, Moskvanın səsyazma müəssisəsində istehsal olunmuş qrammofon disklərinin birində rəqsin səsləndirildiyi melodiyanı tapmağa nail olduq. 1941-ci ildə diskə yazılan rəqsin ikihissəli melodiyası yalnız tar alətində səsləndirilir. Onu ifa edən musiqiçi də erməni Semyon Kasparovdur. Lakin bu diskin əsas özəlliyi ondadır ki, səslənən melodiya “Xnqi-tsar” (“Хнги-царь”) adlı Azərbaycan rəqsi kimi təqdim olunmuşdur. Bu təqdimat diskin üzərindəki yazılarda da aydın şəkildə öz əksini tapmışdır. Qeyd etməliyik ki, diski internet səhifəsində də dinləmək mümkündür. Təkcə bu faktın özü bir daha təsdiqləyir ki, adı çəkilən melodiya Azərbaycan xalq rəqsidir və onun erməni musiqisi olduğu yalandır. Hər hansı bir rəqsi öyrənib ifa etməklə, onun adını dəyişib özününküləşdirməklə erməni folklor musiqisi yaratmaq mümkün deyil. Çünki hər bir melodiya onu yaradan xalqın tarixini, adət-ənənəsini, məişətini, eləcə də daxili aləmini, dünyagörüşünü, estetik zövqünü, ümumiyyətlə mənəviyyatını və simasını göstərir”.


Ermənistanın bu və digər musiqi əsərlərini mənimsəmək cəhdi, təkcə mədəni irsimizə deyil, həm də Azərbaycanın tarixi mövcudluğuna qarşı informasiya müharibəsinin bir hissəsidir. Məqsəd Azərbaycanın qədim və zəngin mədəniyyətini özününküləşdirmək, bu yolla dünya ictimaiyyətində çaşqınlıq yaratmaq və erməni xalqını regionun əsas daşıyıcısı kimi təqdim etməkdir.

“Çal-oyna” Azərbaycan xalqının ruhunu, şənliyini, yaşamaq eşqini ifadə edən gözəl bir musiqi nümunəsidir. Bu musiqi təkcə keçmişin mirası deyil, həm də gələcək nəsillərə ötürüləcək mədəni kimliyimizin bir hissəsidir. Ermənilərin bu və digər musiqilərimizi mənimsəmək cəhdləri bir daha göstərir ki, mədəni mübarizə real bir savaş sahəsinə çevrilib. Lakin biz tariximizi, musiqimizi, mədəniyyətimizi sevib, qoruyaraq və düzgün şəkildə təbliğ edərək bu mübarizədə qalib gələcəyik.

Dost bağında açılıb güllər,
Sarılıb güllərə sarı bülbüllər.
Qızlar düzüb telinə güllər,
Gülürlər nazlana-nazlana.

Nəqərat: 

Mehribanım mehriban,
Dur oyna, çal-oyna.
Yaxşı oğlan, qəşəng qız,
Çal-oyna.
Gözəl oğlan, gözəl qız,
Çal-oyna.

Dost bağında bitər alçalar,
Ağ çiçəklənər, yetər alçalar.
Toylarda qayda belədir,
Oğlan oynayar, qızlar əl çalar.

Nəqərat: 

Mehribanım mehriban,
Dur oyna, çal-oyna.
Yaxşı oğlan, qəşəng qız,
Çal-oyna.
Gözəl oğlan, gözəl qız,
Çal-oyna.

A.Zeynalov,
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.
 


 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!