Əsrlər boyu azərbaycanlılarla eyni coğrafiyada yaşamış ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının mədəniyyətini, musiqisini, mətbəxini və dilini müxtəlif formalarda mənimsəməyə çalışıblar.
Dil bir millətin tarixini, kimliyini, dünyagörüşünü və yaşadığı coğrafiyanın ruhunu daşıyan ən əsas vasitədir. Ermənilər bu vasitəni də hədəf alaraq, Azərbaycan türkcəsindən minlərlə söz və ifadəni öz dillərinə keçirmiş, zamanla onları “erməniləşdirməyə” cəhd göstərmişlər. Azərbaycan alim və tədqiqatçılarının apardıqları araşdırmalar, eləcə də tanınmış erməniləri ziyalılarının özlərinin etirafları da bu faktları sübut edir.
Erməni dilində hazırda işlənən yüzlərlə söz var ki, onlar açıq şəkildə Azərbaycan türkcəsindən keçib, ya da mənimsənilib. Bu sözlər əsasən kənd təsərrüfatı, musiqi, mətbəx, məişət və gündəlik həyatla bağlıdır.
Azərbaycan və Ermənistan arasında coğrafi yaxınlıq və qarşılıqlı əlaqə ermənilərə bu sözləri gündəlik ünsiyyət vasitəsi kimi mənimsəmə imkanı yaradıb. Keçmiş SSRİ dönəmində xalqlar arasında süni qardaşlıq siyasəti aparılarkən, erməni ziyalıları və dilçiləri Azərbaycan sözlərini sistemli şəkildə toplayaraq, onları öz dillərinə uyğunlaşdırmağa çalışıblar.
Ermənilər tarix boyu regionda oturuşmuş mədəniyyətə sahib olmayıblar. Bu səbəbdən özlərinə kimlik və tarixi zənginlik yaratmaq üçün başqa xalqların – xüsusilə Azərbaycan türklərinin dil və mədəniyyət mirasına sahiblənməyə çalışıblar.
Tədqiqatçı alimlər deyirlər ki, müasir ermənilər hibrid (calaq-qarışıq) xalq olduğu kimi, onun dili də hibriddir.
Təsadüfi deyildir ki, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyan “Ermənistanın yaraları” kitabında (İrəvan-1939, səh: 80-81) yazır: “Bizim dil ən azı 50% türk (Azərbaycan) sözlərindən ibarətdir...”
Azərbaycan dilinin erməni dilinə təsirinin tarixi çox uzaqlara gedib çıxır. Hələ 1843-cü ilin avqustunda İrəvana gəlmiş məşhur alman yazıçısı, diplomatı, səyyahı Avqust fon Haksthauzen yazırdı: “Ermənilər öz mahnılarını ermənicə yox, tatar (Azərbaycan) danışıq dilində qoşur və oxuyurlar, çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və anlaşma dilidir. Bu nöqteyi-nəzərdən bu dil Avropada geniş işlənən fransız dili ilə müqayisəyə gələ bilər. Bununla bərabər, bu dil xüsusi poeziya dilidir. Çox güman ki, erməni dilində şeirlərin zəif yayılmasının səbəbi məhz bundadır, ən məşhur erməni şairləri, əsərlərinin geniş yayılması üçün həmişə tatarca (Azərbaycanca) yazırdılar”.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri, professor Kamran İmanovun sözlərinə görə, erməni dili o qədər kasıbdır ki, həmişə Azərbaycan və digər türk dillərinə möhtac olub.
O deyir ki, Ermənistan Elmlər Akademiyası 1960-cı ildə ermənicə “Erməni atalar sözləri” adlı toplu hazırlayıb, sonra da rus dilinə tərcümə edilib. Kitab 1967-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən “Erməni folkloru” adı ilə nəşr edilib. Burada yer alan bütün atalar sözləri erməni nümunələri kimi təqdim olunub. Amma araşdıranda məlum olub ki, kitabda çox sayda plagiatlıq faktları mövcuddur. Belə ki, azərbaycanlılara məxsus bir çox atalar sözləri erməni atalar sözləri kimi təqdim olunub. Məsələn, “Aşağıda otur ki, yuxarıda sənə yer versinlər”, “Çox bil, az danış”, “Üz verdilər, astar istədi”, “Nə etsən qarşına çıxacaq”, “Qızım sənə deyim, gəlinim sən bil” və s. Erməni atalar sözləri kimi təqdim olunan bu məsəllər əslində, azərbaycanlılardan oğurlanıb.
K.İmanov müasir erməni dilində belə oğurluq faktlarının yüzlərlə, minlərlə olduğunu deyib.
Azərbaycan xalq məsəli belədir: “Bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi”.
Ermənilər bu atalar sözünü belə özlərininkiləşdiriblər: “Deyirlər dəli dənizə daş atdı, yüz ağıllı üstünə töküldü, çıxara bilmədi”.
Azərbaycan orijinalında bu xalq məsəli belədir: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Ermənilər isə deyirlər: “Çörəyi çörəkçiyə ver, birini də üstəlik”.
Bizdə “Yüz ölç, bir biç” deyirlər, ermənilərdə “Yüz yol ölç, bir yol biç” söyləyirlər.
Azərbaycan dilindəki atalar məslənin orijinalı belədir: “Dost başa baxar, düşmən ayağa”. Bunu uğurlayan ermənilər “Dost dostun üzünə baxar, ancaq yad adam baş-ayağına” deyirlər.
Göründüyü kimi, atalar məsəllərimizə azca əl gəzdirən bədnam qonşular onları necə erməniləşdiriblər.
Yenə müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyanın etirafına baxaq:
“Bizim yeni dilimizin (aşxarabar) yarısı türk (Azərbaycan) və fars sözləridir. Onların dili bizim millətin ağzına o qədər şirin gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (azərbaycanca) deyir, səbəbi? Çünki buna adət etmişlər” (“Ermənistanın yaraları”, İrəvan, 1939, s.80-81).
Yeri gəlmişən, elə Xaçatur Abovyan da özünün məşhur “Ermənistanın yaraları” romanında 100-dən artıq Azərbaycan sözü, və çoxlu sayda Azərbaycan atalar məsəli işlədib: məsələn, “plov”, “çalma”, “qara-papax”, “xurcun”, “təndir” və s.
Erməni yazıçı, tənqidçi, filosof Mikayel Nalbandyan (1829-1866) yazır: “Elə türk (Azərbaycan) sözləri vardır ki, ümumi millət (ermənilər) tərəfindən işlədilir. Bu sözlərin qədim ermənicəsi olduğuna baxmayaraq, onlar millət içərisinə o qədər dərindən daxil olub ki, …bu sözləri xalqın (ermənilərin) dilindən qoparıb yerinə öz, lakin millət üçün ölmüş sözləri qoymaq olmaz” (Əsərlərinin tam külliyyatı, III cild, İrəvan, 1940, s.183-184).
Tədqiqatçılar göstərirlər ki, Azərbaycan dilindən erməni dilinə keçmiş sözlərin çoxunu etnoqrafik və onomastik vahidlər təşkil edir. Ermənilər Azərbaycan sözləri tərcümə etmədən – olduğu kimi, bəzən bir-iki hərfini dəyişdirməklə işlədirlər. Buna yüzlərlə misal göstərmək olar: məsələn, arişta (əriştə), xingal (xəngəl), lavaş, xaşıl (xəşil), piti, qata (kətə), hadik (hədik), toşab (doşab), tut, pasdıq (fısdıq), qax, hayva (heyva), nar, bostan, xiyar, lobya, şitil, badımcan, soğan, kələm və s.
Ermənilər rəqslərimizi də oğurlayaraq onların adlarını elə olduğu kimi saxlayıblar: “Qaytaği”, “Qazağı”, “Bahari”, “Ceyrani”, “Koçari”, “Karami”, “Bayati” və s.
Peşə-sənət bildirən ğözlərimiz də mənimsənilib: daraxçi, dudukçi, qapıçı, nalband, qotanci (kotançı), qorukçi (körükçü), kapançi (qapançı), tamurçi (təmirçi), komurçi (kömürçü) və s.
Erməni dilində olan onomastik sözlərin böyük bir qismini türkmənşəli sözlərdən ibarət soyadlar təşkil edir. Fəlsəfə doktoru Əziz Ələkbərli və etnoloq Elbrus Qaraqoyunlunun qələmə aldığı "Türkmənşəli erməni soyadları" kitabında türk (Azərbaycan) mənşəli 1001 erməni soyadının elmi şərhi verilib. Amma belə soyadların bu rəqəmdən xeyli çox olduğu bildirilir.
Bugünkü ermənilərin türk mənşəli sözlərdən ibarət soyad daşıdıqlarına minlərlə misal göstərmək olar: Ağacanyan, Ayvazyan, Babacanyan, Babayan, Balasanyan, Balayan, Dallakyan, Demirçyan, Karamyan, Giziryan, Gozalyan, Lalayan, Nalbandyan, Nazaryan, Sefilyan və s.
Erməni plagiatlığını ifşa edən ən mükəmməl mənbələrdən biri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun “Erməni (yad) el (li) nağılları” kitabıdır. Əsərdə Azərbaycan xalqına məxsus əqli mülkiyyətin bədnam qonşularımız tərəfindən mənimsənilməsi, erməniləşdirilməsi faktlarla şərh olunur. Kitab iki fəsildən ibarətdir: birinci fəsil “Gəldim, gördüm... mənimsədim, yaxud “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni ənənəsi haqqında”, ikinci fəsil isə “Cəfəngiyyat teatrı” adlanır.
Burada dastanlarımızın, əfsanələrimizin və digər epik əsərlərimizin əqli oğurluğundan, bayatılarımızın, atalar sözləri və məsəllərimizin ələ keçirilməsi cəhdlərindən, nağıllarımızın və lətifələrimizin, folklor janrının musiqi və digər nümunələrinin erməniləşdirilməsindən danışılır.
Erməni dilindəki Azərbaycan sözlərinin mənimsənilməsi sadəcə təsadüfi bir proses deyil, bu, tarixi saxtakarlıq və mədəniyyət oğurluğunun tərkib hissəsidir. Bu dil mənimsəmələri təkcə sözlərlə kifayətlənmir, həm də bir xalqın yaddaşına və varlığına təcavüzdür. Bu təcavüzə qarşı mübarizə aparmaq isə hər birimizin borcudur.
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.