Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Əsəd hakimiyyəti illərində Nəsiminin məzarı baxımsız qalıb, vətəndaş müharibəsi illərində isə bəzi hissələri dağılıb.
Bir müddət əvvəl xəbər vermişdik ki, Nəsiminin məzarının bərpa edilməsi müzakirə edilir.
Məlumata görə, məzarın bərpası məsələsi Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlərdə də gündəmə gəlib.
Rəsmi açıqlamada deyilir ki, liderlərin görüşündə mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nəsiminin məzarının Azərbaycana gətirilməsini təklif edənlər var. Təklif birmənalı qarşılanmasa da, onu dəstəkləyənlər də az deyil.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vaxtilə Azərbaycan etno-mədəni coğrafiyasının tərkib hissəsi olmuş bir çox şəhərlərdə xalqımızın yetişdirdiyi tanınmış şairlərin, yazıçıların, alimlərin, filosofların məzarları yerləşir: "Təəssüf ki, bu gün Azərbaycan Respublikası həmin geniş coğrafiyanın cəmi təxminən yüzdə iyirmi faizini əhatə edir",
O qeyd edib ki, belə olan halda min illər boyunca mədəniyyət və dövlətçilik yaratdığımız ərazilərdə dəfn olunmuş böyük şəxsiyyətlərin məzarlarını gətirib bugünkü inzibati-siyasi sərhədlərimiz daxilində yerləşdirməyin nə qədər məntiqli olduğu sual yaradır:
“Məhz bu səbəbdən məsələ cəmiyyətin müzakirəsinə çıxarılmalı mövzulardandır. Çünki belə bir addım atılacağı təqdirdə biz öz əlimizlə Azərbaycan mədəniyyətinin daha geniş bir coğrafiyada mövcud olduğunu sübut edən tarixi faktları və dəlilləri itirmiş olarıq”.
H.Babaoğlu əlavə edib ki, belə yanaşma ilə gərək biz Füzulinin məzarını İraqdan, Nəsiminin məzarını Hələbdən, Nəsrəddin Tusinin məzarını Tusdan, Xaqaninin məzarını Təbrizdən, Mirzə Fətəlinin məzarını Tiflisdən, Dədə Qorqudun məzarını isə Dərbənddən gətirək və bunları cəmisi 20 faiz ərazimizə həbs edək:
“Düşünürəm ki, bu doğru yanaşma olmazdı. Əksinə, Azərbaycan öz tarixi-mədəni coğrafiyasına yenidən qayıtmalı, zamanında bu torpaqlarda qoyduğu izləri bərpa etməli və böyük millət olduğunu dünyaya göstərməlidir”.
Deputat sonda qeyd edib ki, hər bir məzar, eləcə də Nəsiminin məzarı Hələbdə olduğu yerdə qorunmalı, mədəni irsimizin daşıyıcısı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə yerləşən məzarlarımız da elə yerindəcə mühafizə olunub saxlanılmalıdır.
Aytac Bəhruzqızı