Modern.az

Rənglərin və ilmələrin diliylə danışan sənətkar - FOTOLAR

Rənglərin və ilmələrin diliylə danışan sənətkar - FOTOLAR

Mədəniyyət

30 İyul 2025, 19:56

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və beynəlxalq miqyaslı konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümələrin, bədii-publisistik əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb. Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən bu layihələrin hər biri elmi-mədəni müstəvidə maraqla qarşılanır və təqdir olunur.

 

Kaşqari Fondunun yeni layihəsi bu dəfə sözün yox, ilmələrin və rənglərin dilinə sığınan bir sənətkarı — Rəhman Kamiloğlunu gündəmə gətirir.

 

Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs, elmi və ədəbi müstəvidə uğurla gerçəkləşdirilən layihələrin sənət sahəsinə uzanan ilk körpüsüdür. Sənətkarın qeyri-adi istedadını yüksək qiymətləndirən Fond rəhbəri Cavanşir Feyziyevin göstərişi ilə Rəhmanın əsərlərindən ibarət dərgi çapa hazırlanır.

 

Sənətin susqun dilini duyğularla danışdıran, ruhunun səsini sap və kətanla toxuyan Rəhman Kamiloğlu bu dəfə fondun dəstəyi ilə nəşr ediləcək xüsusi dərgidə yer alır. Onun əsərləri yalnız sənət yox, həm də həyat fəlsəfəsidir.

 

Modern.az xəbər verir ki, Moderator.az-ın müsahibi dərginin tərtibatçısı, orada yer alan "Seçilmiş adam" oçerkinin müəllifi, Fondun əməkdaşı Xəyalə Zərrabqızıdır.

 

"Hamının gördüyünü - dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görə bilmədiyini görməkdi sənətkar olmaq!...

 

İstifadə etdiyi hər rəng çalarında büsbütün ruhunu duyduğum, fövqəl istedadının və əsərlərinin irfani dərinliyinə heyran qaldığım Rəhman, mənə elə gəlir ki, sadəcə ilmələrin həndəsi düzümünü sehrkar bir nizamla işləyən sənətkar deyil, həyatın 4 ünsürünü, təbiətin 4 fəslini kətanın yaddaşına köçürən, düşüncə ilə duyğunun mistik ahəngini yaradan filosofdur" , - deyir Xəyalə Zərrabqızı.

 

O bildirir ki, Fondun bugünə qədər ədəbi-elmi aktuallığı ilə seçilən çoxsaylı layihələri olsa da, bu, incəsənət sahəsində həyata keçirilən ilk işdir.

 

“Layihənin qəhrəmanı Rəhman Kamiloğlu bu gün Azərbaycanda xovlu tikmə sənəti ilə məşğul olan yeganə kişi sənətkardır. Şəkidə “Sənətkar evi”ndəki emalatxanasında rənglərin ecazkar harmoniyasını yaradan sənətkar Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

Erkən yaşlarında həm atasını, həm də anasını itirən Rəhmanın çətin və keşməkeşli uşaqlığı olub. Gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyan Rəhman uşaqlıqdan zəhmətsevərliyə alışıb, qarşısına qoyduğu hər işdə öz əməyi ilə uğur qazanmağa çalışıb. Elə bu həvəslə də 2001-ci ildə “Böyüklər və uşaqlar üçün xalq yaradıcılığı, biçmə-tikmə kursları” adlı layihə çərçivəsində Əlillərin Dizayn Assosiasiyası tərəfindən Şəki şəhərində təşkil edilən xalçaçılıq kursuna yazılıb, bədii tikmə sənətinin incəlikləri barədə ilkin vərdişlərə yiyələnib.

 

Assosiasiyanın Şəkidəki mərkəzinin üzvü olan Rəhman Kamiloğlu burada Əməkdar rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış təkəlduz ustası

Güləndam Alxasovadan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində işləyən, öz bacarıqlarını kamilləşdirməyə can atan Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustası kimi tanınmağa başlayıb. O, artıq 20 ildir ki, bu sənətlə məşğuldur.

 

Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini təşkil edir.

 

Zəfərlə başa çatan 44 günlük Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman Qarabağda ucalan azadlıq bayrağını, əsrarəngiz təbiət gözəlliklərini, tarixi abidələri rəngarəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Xudafərin körpüsü, Şuşa Qalası, Vaqif məqbərəsi daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdəki məşhur tarixi-memarlıq abidələrini qrafika üslubunda toxuyan sənətkarın Qarabağa həsr etdiyi əsərlər Rəssamlar İttifaqı tərəfindən təşkil olunan “Zəfər yürüşü” adlı respublika sərgisində də nümayiş olunub.

 

Rəhman Kamiloğlunun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. O, 2021-ci il dekabrın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Əlilliyi olan şəxslərin XI Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində bədii tikmə nominasiyası üzrə 1-ci yerə layiq görülüb, diplomla mükafatlandırılıb.

 

Sənətkarın xovlu tikmə nümunələri Fransanın Kolmar şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Fondumuzun layihəsi əsasında Rəhman Kamiloğlunun əsərlərindən ibarət dərgi nəşr etməklə, onun fərdi yaradıcılıq sərgisini keçirməklə qeyri-adi mistikası olan bu bənzərsiz sənət nümunələrini geniş izləyici auditoriyasına tanıtmaq, Rəhmanın dilə gətirə bilmədiyi duyğularının tərcümanı olmaq arzusundayıq” , - deyə X.Zərrabqızı əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!