Ötən gün Ağ Evdə ABŞ Prezidenti Trmapın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb.
Liderlər birgə bəyannamə imzalayıb zalı tərk edərkən salonda səslənən musiqi diqqət çəkib.
Burada Lui Armstronqun “What a Wonderful World” (Nə möhtəşəm dünyadır) mahnısı eşidilib. Mahnının tarixçəsinə nəzər yetirdikdə liderlərin görüşündən sonra bu musiqinin seçilməsinin təsadüf olmadığı duyulur.
Modern.az görüş sonrası Ağ Evdə səsləndirilən “Nə Möhtəşəm Dünyadır” mahnısının tarixçəsini araşdırıb.
1967-ci ilin yayında, ABŞ hələ də Vyetnam müharibəsi, irqçi qarşıdurmalar və gərgin siyasi atmosferin təsiri altında idi. Musiqi sənayesində isə rok dalğası yüksəlirdi, həmin dövrdə “The Beatles”, “The Doors” qrupları, Cimi Hendriks kimi ifaçılar bütün diqqəti üzərlərinə çəkirdi.
Bu dövrdə prodüser Bob Teil və bəstəkar Corc David Vess insanlara həyatında müharibələrdən əvvəlki gözəl günləri xatırladacaq, qaranlıq xəbərlər və zorakılıqlar arasında onlara işıq olacaq musiqi bəstələmək qərarına gəlirlər.
Mahnının müəllifi Bob Teil o dövrdə “ABC Records” şirkətinin prodüseri idi. Həmin dövrdə artıq məşhurluq qazanan caz ifaçısı Lui Armstronqun səsini və pozitiv imicini bu layihə üçün ən uyğun seçim hesab edir. Digər müəllif - Corc David Vess isə peşəkar bəstəkar və aranjor idi, o, “Can’t Help Falling in Love” kimi məşhur mahnıların müəllifi olub. Hər iki müəllif musiqinin ilk ifaçısı Armstronqu şəxsən tanıyırdı və əmin idilər ki, o çox yaxşı caz ifaçısı olmaqla yanaşı, həm də həyat sevgisini səhnəyə daşıya bilər.
Musiqi ilk dəfə 19 avqust 1967-ci ildə Nyu-Yorkda “ABC Records” studiyasında qeydə alınıb. Mahnının orkestr hissəsi yazıldıqdan sonra Armstronqun ifası ona əlavə edilib. Belə ki, müğənni musiqini gecə saat 2-də ifa edərək qeydə əlavə edib, bunun səbəbi isə həmin vaxt şəhərin səs-küydən uzaq, daha sakit olması olub. Beləliklə qeydə əlavə səslər düşməyib.
Armstronq qeyddən sonra 25 min dollar qonorar alır və bu məbləğin böyük hissəsini xeyriyyə məqsədlərinə sərf edir. Lakin mahnı ilk vaxtlar ondan gözlənilən nəticəni verimir. Belə ki, 60-cı illərdə o, ABŞ-də demək olar ki, uğur qazanmır, çünki həmin dövrdə dünyanı bürüyən rok dalğası var idi və şirkətlər əsasən bu tip musiqilərə pul ayırırdılar.
“ABC Records” rəhbəri də məhz bu səbəbdən musiqiyə reklam büdcəsi ayırmır. Böyük Britaniyada isə tam əksinə: Mahnı 1968-ci ildə birbaşa siyahıların zirvəsinə qalxır və 4 həftə ərzində hit-paradda 1-ci yerdə qərarlaşır.
“What a Wonderful World” sadə sözlərdən ibarət olsa da, məna cəhətdən onu çoxqatlı hesab etmək olar. Orada təbiət gözəlliyi, güllərin rəngləri, mavi göy, ağ buludlar, həyatın ən təməl, amma çox vaxt nəzərdən qaçan gözəllikləri kimi təqdim edilir. Həmçinin mahnıda insanların bir-birinə “Səni sevirəm” deməsi, uşaqların böyüməsi kimi məqamlar vurğulanır. 1960-cı illərin Amerika cəmiyyətində irqçilik və parçalanma hökm sürsə də, Armstronq bu mahnı ilə “Biz bir dünyanı paylaşırıq və bu dünya gözəldir” mesajı verir. Bir sözlə mahnı nə bir hadisəyə, nə də bir modaya bağlıdır, o, istənilən dövrdə dinləyiciyə eyni hissi ötürə biləcək şah əsər kimi dünya musiqi tarixində xüsusi yerə malikdir.
Mahnı ABŞ-də 1987-ci ildə “Good Morning, Vietnam” filmi sayəsində tanınır. Musiqinin Robin Vilyamsın baş rolda oynadığı filmdə səslənməsi ilə birlikdə ona yeni nəsil dinləyici qazandırdı. UNESCO və bir çox beynəlxalq humanitar təşkilat mahnını “Mədəniyyətlərarası harmoniya nümunəsi” kimi qəbul edib. Onu da qeyd edək ki, musiqi qeydə alınan zamanı Armstronq artıq səhhətində problemlər yaşayırdı, onun səsində həmin dövrdə müəyyən xırıltılar da müşahidə olunurdu, amma xırıltılı səsi ilə oxuduğu bu mahnı onun karyerasının ən emosional zirvələrindən biri sayıldı. Mahnı daha sonra bir çox məşhur ifaçılar, hətta rok qrupları tərəfindən fərqli üslublarda ifa olunub. Buraya Stivi Vander, Selin Dion, Maykıl Buble, Keti Meluanı əlavə etmək olar. Musiqi hətta kosmosda da səsləndirilib, belə ki, 2005-ci ildə NASA “What a Wonderful World”u Beynəlxalq Kosmik Stansiyadakı astronavtlara “sabah siqnalı” olaraq göndərdi.