Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Azərbaycan ictimaiyyəti bu əlamətdar gündə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, onun zəngin həyat təcrübəsini, fədakarlığını və xalqımızın rifahına verdiyi misilsiz töhfələri yüksək qiymətləndirir.
Mehriban xanım Əliyeva təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malik şəxsiyyətdir. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar, sosial və mədəni layihələr həm ölkə daxilində, həm də dünyada Azərbaycanın humanist dəyərlərinin təbliğinə xidmət etmişdir. UNESCO-nun xoşməramlı səfiri kimi, dünya miqyasında mədəni irsin qorunmasına, xalqlar arasında dialoq və əməkdaşlığın güclənməsinə xüsusi töhfələr vermişdir.
Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində təhsil, səhiyyə, sosial təminat və mədəniyyət sahələrində yüzlərlə layihə reallaşdırılmış, minlərlə insanın həyatına sevinc və ümid bəxş edilmişdir. Fondun təşəbbüsləri ilə məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman və mədəniyyət mərkəzləri inşa olunmuş, gənclərin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu fəaliyyətlər Azərbaycan xalqının rifahına, ölkəmizin davamlı inkişafına mühüm töhfədir.
Mehriban xanım Əliyeva xalqa olan dərin sevgisi, sadəliyi, humanist dəyərlərə bağlılığı ilə insanların rəğbətini qazanmışdır. Azərbaycan xalqı onun xeyirxah missiyasını yüksək dəyərləndirir, ona hörmət və məhəbbətlə yanaşır. Onun fəaliyyəti nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə nüfuzunu daha da artırmışdır.
Bu önəmli gündə Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür və dövlətimiz naminə gördüyü işlərdə uğurlar arzulayırıq. Doğum gününüz mübarək, Mehriban xanım!
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı