Modern.az

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” - Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” - Mələkxanım Əyyubova

Mədəniyyət

28 Avqust 2025, 14:16

25 avqustda Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.

16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilib.

Lakin nəticələr digər iştirakçılar tərəfindən birmənalı qarşılanmayıb. Aycan Şükürlü və Kənan Novruzov müsabiqədən sonra sosial şəbəkələrdə narazılıq bildirərək nəticələrin ədalətsiz olduğunu iddia ediblər.

Münsiflərdən biri Xalq artisti Mələkxanım Əyyubova Modern.az-a açıqlamasında müsabiqə ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
 
Kənanı da, Aycanı da güzəştlə finala qədər çıxardıq

“Verilişə baxan, müsabiqədə iştirak edən, insafları varsa özləri də təsdiqləyər ki, indi etiraz edənlər əvvəl çox zəif idi, hətta oxuyan zaman qışqırdıqları üçün bunu onlara irad bildirmişəm. Kənan Ağdamda oxuyanda səsi qırıldı, oxuya bilmədi. Gərək biz onu həmin vaxt çıxarardıq, amma biz insaflı yanaşdıq, ona güzəşt etdik. İndi onların etdiyi ayıbdır. Bütün müsabiqə boyu onlara güzəşt etmişik, indi güzəştlərimizi də bizə irad bildirirdilər. Hansı ki, güzəşt etməsəydik onda da irad bildirəcəkdilər ki, niyə 2 həftəyə bu adamı çıxartdın. Biz görürdük ki, indi oxuya bilməsələr də ustad kimi onlara yol göstərək, istedadları üzə çıxsın. Onlara iradlarımızı deyəndən sonra yenə də qiymətlərini yüksək verirdik, açıqlayırdıq ki, bu səhvlər düzələndir”. 

Biz bu sahədə mütəxəssisik, uşaq deyilik, 50-60 ilin sənətkarları orada oturub:

“Biz onlara humanist yanaşırdıq, hər səhvini bildirib, gələn dəfə onu düzəltdiyinə fikir verirdik. Mən Aycana qışqıra-qışqıra oxumağını irad bildirmişəm, dəfələrlə demişəm, hətta elə oxuyurdu ki, yerimdə diksinirdim. Amma Aycan yavaş-yavaş səsini düzəltdi. Bu da o deməkdir ki, onun əvvəlki həftələrdə balları aşağı olub. Biz Əlini Ağdamda keçirilən müsabiqə yarışında çıxartmalı idik, Əli oxuya bilmirdi. Amma güzəştə getdik, o qədər müharibə filan görüb, dedik, burada da udar vurmayaq. Bu bizim daxili söhbətlərimiz idi, amma insanı məcbur edirlər deməyə. Əlini çıxatmamağımız insanlığımızdan irəli gəlirdi, amma indi onu bizə səhv kimi görürlər. Əlinin müəllimlərinə tapşırdıq ki, onun üzərində yaxşı işləyin, Əlinin səsi ümumiyyətlə işləmirdi, sona yaxın yaxşı oxumağa başladı. Onun 6 həftəyə qədər balları aşağı olub. 6 nəfəri iradlarımızla, tövsiyələrimizlə qoruyub saxladıq. Əmin idik ki, 6 nəfər qalib gələcək. Hətta 7 nəfər idi, biz çox dedik ki, 7-si də finalçı qalsınlar. 4 nədir ki, heç 1 nəfəri çıxarmaq istəmirdik”. 

O qeyd edib ki, qaliblər topladıqları ballara görə seçilib

"Göydə Allah, yerdə bizim insafımız var. Bu qədər şey olduqdan sonra indi həmin iştirakçılar bizə qarğışlar yağdırırlar, ayıbdır (kövrəlir). Amma bizə bir həftə sonra bildirdilər ki, finala 3 nəfər qalmalıdır. Biz hamımız şoka düşdük, 7 nəfərdən 3-nü seçəli idik, necə seçək, nə edək çox fikirləşdik. Aytac təbii ki, birinci idi, onun səsinin gözəlliyi birmənalıdır. Amma ikinci, üçüncü yerlər artıq toplanan ballara əsasən seçilib. 

“Biz heç nəyi gizlin etməmişək, ballar da, hər şey də ortadadır. O boyda televizyanı qarşımıza aldıq ki, 7 nəfəri seçək, amma alınmadı, nə edə bilərik? Bəlkə burada 20 çox istedadlı iştirakçı olacaq, hamısını necə saxlaya bilərdik? Bu müsabiqədir, şərtlər də ortadadır. Biz uşaq deyilik, ələkdən keçib gəlmişik, hamı bizi səhnədə görüb böyüyb, biz də xalqın gözünün qarşısında böyümüşük, heç vaxt mənfi bir iş görmərik”- deyə Xalq artisti sonda bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj