Modern.az

Oqtay Eloğlu kimi yaşanan ömür...

Oqtay Eloğlu kimi yaşanan ömür...

Mədəniyyət

1 Sentyabr 2025, 16:26

Otağa daxil olanda masanın üzərində bir ssenari gözümə sataşdı. Baxdım ki, Qarabağ müharibəsi ilə bağlı yeni filmin ssenarisidir. Filmdə qoca kişi obrazını məhz həmsöhbətim Vidadi bəy canlandıracaq. Bu obrazı ona heç də yaşına görə həvalə etməyiblər. Doğrudan da üzündəki qırışlarında illərin zəhməti, taleyin ağır sınaqları açıq-aydın görünür. Zəhmətdən yoğurulmuş qırışların öz hekayəsi var. Bu hekayədə teatr tariximizin ən şərəfli və unudulmaz səhifələri yaşayır. Hekayənin baş qəhrəmanı isə uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışan, Xalq artisti Vidadi Əliyevdir.

Modern.az xəbər verir ki, o, yaradıcılığının ən yaddaqalan xatirələrini AZƏRTAC-la bölüşüb.

Yarım il tələbə kimi universitetdə qeydiyyatsız oxudum

İncəsənətə sevgisindən söhbət açan Xalq artisti vurğulayıb ki, teatra ilk marağı ona məhz müəllimləri yaradıb. “Əsərlərdən parçalar seçib dostlarımla tamaşalar qururduq. Rekvizit tapmaq çətin idi, bəzən heç olmurdu. Heç onda teatrın nə olduğunu görməmişdim, bilmirdim. Mən onu bilmədən sevir, bilmədən bağlanırdım. Zaman keçdi, yollar məni Bakıya gətirdi. Universitetə sənədlərimi vermək istəyirdim. Amma məlum oldu ki, imtahanların vaxtını səhv salmışam, artıq hər şey yekunlaşıb. Bir il Bakıda qalmalı oldum, bənna kimi işlədim. Humanitar fənlərdən güclü idim, yazılı imtahanı keçəcəyimə inanırdım. Nəhayət, imtahan günü gəlib çatdı. Ədəbiyyatdan yüksək bal toplasam da, ixtisas fənlərindən xəbərim yox idi. Mənim qəbulumu sual altına saldılar. Balımı aşağı yazmaq istədilər. Yarım il tələbə kimi universitetdə qeydiyyatsız oxudum. Tələbə biletimi belə yanvardan verdilər. Amma bütün çətinliklərə baxmayaraq, mən universitetə qəbul oldum”.

“Sevil”lə başlayan sənət yolu

Universitetin sonuncu kursunda yaxşı tələbə kimi məni Akademik Milli Dram Teatrına göndərmək istəsələr də, sonradan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yolladılar. Son kurs tamaşam “Sevil” əsəri idi. Mən Balaş obrazını oynayırdım. İrəvanda səhnə əsərini mən və aktyor yoldaşlarım elə peşəkarlıqla ifa etdik ki, günlərlə bu haqda danışıldı. Sonra “Əliqulu evlənir” əsərini oynadıq. Bu artıq diplom işimiz idi.

Teatr bağlanmasın deyə gecə-gündüz çalışdıq

Teatrla bağlı xatirələrim deyəndə, ağlıma ilk əziyyət və zülm gəlir. Həmin dönəm istedad kifayət etmirdi. Elə çalışmaq lazım idi ki, teatr bağlanmasın. Çünki hər tamaşa ermənilər tərəfindən izlənirdi, nə qədər tamaşaçı gəldiyi sayılırdı. Bizim isə məqsədimiz sadəcə səhnəni qorumaq idi. Təəssüfləndiyim tək şey bu qədər illər ərzində heç vaxt qrim otağımın olmamasıdır. Geyim otağımız Mədəniyyət Evində kirayə qaldığımız kiçik bir yer idi. 1990-cı illərin münaqişə dönəmində biz 4–5 il heç bir maddi dəstək olmadan, sırf könüllü şəkildə teatrı ayaqda saxladıq. Yeri gəlirdi, mən həm aktyor idim, həm rejissor, həm dekorasiyalara nəzarətçi, həm də sürücü. Bütün teatrın yükü çiyinlərimdə idi. Mənə direktor vəzifəsi təklif olunanda, əvvəlcə qəbul etmək istəmədim. Çünki xasiyyətimi bilirdim ki, məsuliyyəti ağır hiss edirəm. Amma sonradan məcbur qaldım. 4 il İrəvan Teatrının direktoru kimi fəaliyyət göstərdim. Bu qədər çətinliyə baxmayaraq, mən heç vaxt sənətimi tərk etmək barədə düşünməmişəm. İrəvan Teatrını buraxmağa ürəyim dözməzdi.

Obrazların doğmalığı

Həyat verdiyi 180-ə yaxın obrazdan hansının daha doğma olduğunu soruşduqda isə, onlar arasında seçim etməyin çətin olduğunu söyləyib. O, “Solğun Çiçəklər” əsərindəki Bəhramın adını nümunə kimi çəkib. “Obraz üzərində uzun müddət çalışanda artıq o sənə doğmalaşır. Onu yalnız oynamaq yox, yaşamaq lazım gəlir. Ancaq onda təbii alınır. Hazırladığım tamaşalar arasında fransız əsəri “Oğru” xüsusi yer tutur. Yarım saatlıq birpərdəli əsər tamaşaçılar üçün maraqlı olub. Təəssüf ki, elə əsərlər də olub ki, şərait zəif olduğundan cəmi 1–2 dəfə səhnəyə qoyula bilib.

Yenidən gənc olsaydım…

Yenidən bu sənətdə olmaq istəyərdim. Amma yalnız bir şərtlə ki, bütün imkanlarımı sırf öz sahəmə sərf edim. Çünki insan bu sənətdə yalnız peşəkarlıqla ayaqda qala bilər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular