Modern.az

Bulaq laylamı çalır…

Bulaq laylamı çalır…

17 Aprel 2014, 15:31

Arabir ovqat yazıları yazmaq keçir ürəyimdən. Dünyamız nə qədər qarışıq, beynimiz yarı təlatümlü, yarı təskinləşdirici xəbər bolluğu ilə yüklənsə də. Bəlkə də elə bu üzücü xəbərlərin mənfi təsirindən qurtulmaq üçün. Bəlkə də…

-   Bulaq laylamı çalır?
    yatanlara gecələr.

Bu mahnını ilk dəfə Flora xanım səsləndirib. Sonradan sözləri ölməz şairimiz Bəxtiyar Vahabzadəyə, bəstəsi daha bir ölməz sənətkarımız Elza İbrahimovaya məxsus bu şedevr sənət əsəri dünyadan cavan yaşlarında köçmüş, mərhum Hüseynağa Hadıyevin ifasında möhürləndi. Daha sonralar Teymur Əmrah və digərləri…

Bu gün bu mahnını Sahib İbrahimovun ifasında dinlədim. Təbii ki, tamamilə yeni çalarda, özünəməxsus diapazonda. Fərqi hiss elədim. Fərq oxu manerasındaydı. Məzmuna toxunulmamışdı. Məzmunun üstündə əsmişdi Sahib. Onu – o böyük sənətkarların çiynində yol gələn əvəzsiz sənət əsərini bütün incəlikləri ilə qorumuşdu Sahib. Hər sözün, hər sətrin üzərində əsə-əsə. Bir dogmasını qoruyurmuş kimi…

Bir vaxtlar adı heç bir titula sığmayan Flora xanım Kərimova sənəti haqqında kiçicik qeydlərimdə xüsusi vurğu ilə qeyd etmişdim ki, “gözəl mahnı gözəl, dəyərli, məzmunlu mətnin üzərində yaranır. Amma mətnin melodiya ilə vəhdətdə yaratdığı gözəllik sənətkarın öz övladını necə ürəklə sevməsini, necə təqdim etməsini, onun nazını necə çəkməsini – bütün bunlardan ötrü hansı duyğuları, hansı həyəcanları yaşamasını isbat edə bilən bir dəlildi”. Sahib İbrahimov bu ifası ilə mənə bir daha həmin duyğuları yaşatdı.


Bir andaca bu səsin sehrinə düşdüm. Yazıya “Səsin SAHİBİ” sərlövhəsini qoymaq istədim. Ancaq bu cavan sənətkarın xəyanət eləmədiyi mahnının ən duyğulu hissəsini başlığa çıxarmaqdan vaz keçə bilmədim. Sahibin səsinin ahəngində  gözlərim önündə canlanan peyzaj, peyzajla bərabər bitib-tükənməyən acılı-şirinli xatirələr, ömrün anları, daha nələr, nələr… Bütün bunlar məni Sahibin digər mahnılarına da təkrarən qulaq asmağa sövq etdi. Onun məşhur “Belə qəmli dayanma” mahnısını da eyni şövq, eyni həvəs, eyni hörmət-izzətlə tamaşağılara çatdırdığının şahidi oldum. Birdən-birə gözlərim önündə maqazin verilişlərində gözlərimizi yağır eləmiş şou təmsilçiləri canlandı. Yüngülcə müqayisə aparmaq istədim. Yüngülcə müqayisəyə də sığmadı Sahib belələri ilə. Amma nə yazıqlar olsun ki, bizim “maqazinçi-jurnalistlərimiz” bu böyük fərqi kiçik süjetlərində belə tamaşaçıya anlatmaqda həvəsli deyillər. Tərifsiz, bəzək-düzəksiz, eləcə hər verilişin süjetarası keçidindəcə Sahib kimi əsl sənətkarların səsi canlandırılsa, bu böyük bir ibrət dərsinə çevrilər, həmin verilişlərinsə sanbalı artar. Bununçün onun özünü yaxından tanımağa belə lüzum yoxdu. Necə mən uzaqdan-uzağa bunu dəyərləndirməyi xalqımız və ölkəmiz qarşısında özümə borc bilirəmsə, onlar da eyni addımı ata bilərlər. Qazancı düşünməsinlər. Bundan qazanan tək Sahib olmayacaq. Bundan bütün Azərbaycan xalqı qazanacaq. Həm əsl sənətin təbliği, həm də keçmişə, yüksək, dəyərli sənət əsərlərinə və onların yaradıcılarına hörmət nişanəsi prizmasından…

-  “O keçmişin naləsi,
   gələcəyin sirridir” .

Sahib öz bənzərsiz ifası ilə təkcə mətnlə musiqinin vəhdətini yaratmırdı. Özündən bixəbər bu sətirlərin yaratdığı mənalı, duyğulu ovqat altında xəyalımda tarixi keçmişimizlə gələcəyimizin bütövlükdə vəhdətini də canlandırırdı. O anlarda yaşantılarımın hamısını vərəqlər üzərinə köçürməkdə acizəm. Məndən bircə bu BÖYÜK SƏNƏT FƏDAİSİNƏ təşəkkürlər diləmək, ona sənət və həyat yolunda aydın, süd kimi işıqlı həyat arzulamaq qalır. Mahnının bu bölümünün ilk sətrində deyildiyi kimi:

-  Bəzən aydın süd kimi,
bəzən qara gecələr,
Bulaq laylamı çalır
yatanlara gecələr.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi