“Bir kadra görə çəkdiyim siqareti qırx ildir tərgidə bilmirəm”
Modern.az saytının “Kadraraxası” layihəsi davam edir. Bu həftə uzun illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilən “Tütək səsi” filmindən bəhs edirik. Filmin ərsəyə gəlməsinə, çəkiliş prosesinə aktyor Ötkəm İsgəndərovla birgə nəzər salacağıq.
Arayış: Azərbaycanın əməkdar artisti Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975-1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Hazırda ADMİU-də "Aktyor sənəti"nin dekanıdır.
“Tütək səsi” filmi 1975-ci ildə çəkilib. Filmin ssenarisi mərhum yazıçı İsa Hüseynovun “Tütək səsi” və “Saz”povestləri əsasında yazılıb. Filmdə həyat da, məhəbbət də, sevinc də, kədər də var. Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi hiss olunur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Müharibə fonunda cərəyan edən hadisələr dövrün ağrı-acısını əks etdirir.
Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Teyyub Axundov, quruluşçu rəssam Elbəy Rzaquliyev, bəstəkar Aqşin Əlizadə idi. Baş rollarda Akif Məhərrəmov, Ötkəm İsgəndərov, Mixail Volontir, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Sadıq Hüseynov, Səfurə İbrahimova və başqaları çəkilib.
İlk olaraq Tapdıq roluna dəvət aldım
Ö.İsgəndərov 1972-ci ildə İncəsənət İnistitutuna qəbul imtahanından kəsildikdən sonra Cəfər Cabbarlı adına kinostudiyanın axşam şöbəsinə aktyor kurslarına yazılır.
Ötkəm İsgəndərov: “Gənc aktyor idim. Filmə çəkiləndə 20 yaşım vardı. Artıq məni kinostudiyada tanıyırdılar. “Tütək səsi”nin fotosınaqları olanda mən ora dəvət aldım. Baş rollardan biri olan Tapdıq rolunu oynamağa məsləhərt gördülər. Müəyən şeyləri başa saldıqdan sonra fotosınaq oldu. Bu sınaqdan keçənləri kinosınaqlara dəvət edirdilər. Birinci mərhələni keçdim, növbə kinosınağın idi.
Alnımdakı qırışa görə rolumu dəyişdilər
Ötkəm İsgəndərov: “Növbəti sınağa gələndə gördüm ki, rolumu dəyişiblər. Məni Tapdıq roluna deyil, Nuru roluna çəkmək istəyirlər. Söhbətlər Rasim Ocaqovun otağında gedirdi. Orada İ.Hüseynov, R.Ocaqov , Ə.Məmmədov, R.Məmmədov var idi. İsa Hüseynov təklif etdi ki, “bu oğlanı mütləq Nuru roluna çəkmək lazımdır. Həm əsas aparıcı rollardan biridir, həm də bu oğlan mənim uşaqlığıma oxşayır”. R.Ocaqov da onunla razılaşdı ki, “sənin fikrin düzdür, bu oğlanın alnında qırışlar da var, bu ağıllı uşaq təsiri bağışlayır”. Doğurdan da 20 yaşım olmasına baxmayaraqb alnım qırışlı idi, indi də qırışlar durur. Nə isə Nuru roluna sınaq çəkilişləri oldu, rejissor tapşırıqlarını verdi, çəkildik. Üstündən təxminən 20 gün keçdikdən sonra ( artıq İncəsənət inistitutunda oxuyurdum) tənəffüs vaxtı mənə dedilər ki, səni kinostudiyadan çağırırlar. Gəldim kinostudiyaya məni təbrik etdilər, bildirdilər ki, Nuru roluna təsdiq olunmuşam. Bundan sonra ssenarini oxudum və çox məmnun qaldım. Hər bir gənc aktyorun arzusudur ki, filmə çəkilsin. Rolun dəyişməsinin mənim üçün heç bir fərqi yox idi. Əsər belə idi ki, müəllifin dilindən yazıldı. Elə çəkiliş də belə aparıldı. Hadisələr mənim dilimdən səsləndirildi”.
Anladım ki, İsa Hüseynovun gəncliyini oynayıram
Ötkəm İsgəndərov: “İlk çəkilişlər mənimlə başladı, hansı ki, çarpayıda uzanıram. Uzanıb divara baxıram, yavaş-yavaş kadr divardan panorama edir şəkilə, şəkildə olan adamlara və kadrarxasında mən danışıram: “bu mənim atamdır, bu Qılınc Qurbandır, bu Tahir əmidir, bu Tapdığın atasıdır və s. “. O zaman mənə aydın oldu ki, İsaHsüeynovun gəncliyini oynayıram, ayrı-ayrı vaxtlarda olan hadisələr dilimdən səslənir. Lakin burda kiçik bir nüans var. Film efirə mənim səsimlə getmədi. Təbii ki, bu rejissorun seçimi idi ki, mənim rolumu Rasim Balayev səsləndirdi. R.Balayevin səsi mənim səsimdən çox-çox güclü inkişaf etmişdi və o, olduqca istedadlı bir aktyordu. Bundan sonra R.Balayev “Məlikməmməd”, “Cin mikrorayonda” filmlərində də mənim rolumu səsləndirdi. Səbəb səsimin zəif olması idi. Səhnə danışığından keçməyimə baxmayaraq səsim zəif idi, bu da Allah verigisi olan bir şeydi”.
Sayalının toy epizodu filmdən çıxarıldı
Filmin çəkilişləri əsasən Bakıda kinostudiyanın pavilyonunda və Qusarın Anıx, Hil kəndlərində baş tutub. Təbiət səhnələri hamısı Qusarda çəkilib.
Ötkəm İsgəndərov: “Filmdə çəkilən, lakin efirə getməyən kadrlar oldu. Bir səhnədə Cəbrayılla Sayalının görüşü səhnəsi var, hansı ki, Cəbrayıl Sayalının yanına girir və deyir ki, “mən səni sevirdim”, kadrarxasında güllə səsləri gəlir. Ssenaridə həmin səhnə var idi. Tapdığın atası Sayalı ilə evlənəndə Cəbrayıl onu sevirdi. Toy vaxtı bandit dəstəsi kəndə hücum edir, atışma olur, Cəbrayılın çənəsinə güllə dəyir, çapıq qalır. Orda Cəbrayıl Sayalıya kadarxasında deyir ki, dostum olmasaydı səni elə bu toydan qaçırardım. Filmə diqqətlə baxanda o sözlər gedir, lakin həmin səhnə yoxdur. Bu rejissorun seçimi idi ki, həmin toy epizodunu filmə salmadı”.
Ötkəm İsgəndərov: “Mən indiyə qədər fəxr edirəm ki, elə bir kollektivdə çalışmışam. Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Sadıq Hüseynov, Mixail Volontir, Safura İbrahimova kimi aktyorlarla bir filmdə çəkilmişəm. R.Ocaqov çox tələbkar idi. Belə olduğu üçün idi ki, film də uğurlu alındı. Keçmiş operator olduğundan kadra nə lazım olduğunu yaxşı bilirdi. Məşq zamanı istədiyini almayınca filmi çəkmirdi”.
Toplu səhnələrdə kənd camaatı da çəkildi
Ötkəm İsgəndərov: “İnsanlar toplu şəkildə işləməkdən gələn səhnə ki, var, orada həm aktyorlar, köməkçi heyyət, həm də kəndin camaatı da çəkilib. Sadıq Hüseynov, Məmmədsadıq Nuriyev o səhnədə epizodik rolda çəkildi. Belə idi ki, həmin gün çəkilişdə nə lazımdırsa hamısı hazır oldu. At, araba, ot hamısı təşkil olundu, aktyorlar geyinib, qrimləndi. Rejissor operatorla bərabər nizamı qurdu. Hamı yeriyə-yeriyə işləməkdən gəlirik, Cümrü tütək çalır. Tapdıq deyir ki, “bəsdir Cümrü, camaat yorulub”. Cümrü dərdini tütəyə danışırdı, dəliqanlı deyildi. Sonra Cəbrayıl Sayalıya yaxınlaşır. Bu səhnələr hamısı ayaq üstə dinamika davam edə-edə çəkildi. Toplu insanlar olan səhnələrdə kənd camaatı lap arxa fonda, aktyorlar isə daha öndə idi.
İnsanların, eləcə də Tapdığın Cəbrayıla hücumu səhnəsi ki, var orada Gənc tamaşaçılar, Musiqili komediya, Azdrama teatrının aktyorları var idi, eyni zamanda da kənd əhli”.
On doqquz dubla çəkilən epizod
Ötkəm İsgəndərov: “Filmin çəkilişləri başlayanda gənc aktyor olaraq, ilk dəfə olaraq kamera qarşısında olmaq mənə çətin idi, amma gün keçdikcə uyğunlaşa bildim.
Filmdə bir epizod var ki, damda siqaret çəkirəm. Tapdıq acıq edib evdən gedəndən sonra xarabalıqda yaşayırdı. Orda Tapdığn anası gəlir, ona yemək gətirirdi, lakin o imtina edir, yemirdi. Deməli anası çıxıb getdikən sonra mən Tapdığın yanına gedirəm həmin səhnə Bakıda pavilyonda çəkildi. Deyirəm: “Yaxşı eləmisən, amma, hər halda anandır axı...”O da deyir: “Başa düşmürsən, yuxumda sevirəm anamı, amma həyatda görəndə nifrət edirəm. Mənim üçün də çətindir, alışa bilmirəm ki. Atamı Cəbrayılla əvəz edib.” Bu dialoqda Tapdığın ocağının kənarında oturması, süd şüşəsini yerə qoyduğum səhnənin çəkilişi heç cür alınmırdı. Həmin epizod on doqquz dubla çəkildi. Mənim üçün çətin idi. Filmdə belədir ki, işıqdan bir santimetr kənara çıxdın, işıq düz düşmədisə, plyonkada təsvir pis alınır. Bir-iki dəfə mənim ucbatımdan, bir neçə dəfə ocağın sönməsi ucbatından, kameranın,işığın ucbatından epizod çətinliklə çəkildi”.
Bir kadra görə qırx ildir siqareti tərgidə bilmirəm
Ötkəm İsgəndərov: “Epizodların birində Nuru divara söykənib siqaret çəkə-çəkə, kararxasında danışır: “Anası hər gün Tapdığın yanına gəlir, Tapdıq ondan imtina edirdi, beləcə o, çıxıb gedirdi”. Ssenari görə mən siqaret çəkməli idim. O vaxtı mən də başladım siqaret çəkməyə ki, təbii alınsın. Düşünürdüm ki, tamaşaçı baxar, fikirləşər ki, aktyor yalançı siqaret çəkir. Qoy mən doğurdan çəkim, öyrəşim. 1975-ci ildən başladım siqaret çəkməyə, 40 ildir də tərk edə bilmirəm. Orda siqareti dodağıma yaxınlaşdırıb, tüstünü burnumdan buraxdığım an vardı. Çəkildi, amma filmə düşmədi. Məni yandıran da odur. 40 ildir ömrü korladım həmin epizoda görə, o da filmə düşmədi”.
İndiyə qədər öküzün buynuzunun şıramı kürəyimdə qalıb
Ötkəm İsgəndərov: “Ənzəli oynadığımız səhnədə kurs yoldaşlarım da oynayırdı. Gəray Əlibəyov, İlham Babayev və başqaları idi. Filmdə ənzəli oynamaq təklifini də Gəray dedi. Bildirdi ki, “kənd uşaqlarıyıq, gəlin ənzəli oynayaq”. Ənzəli oynamağımız filmdə improvizə idi . Aramızda kənd həyatının abu-havasını görən yeganə adam Gəray idi. Uşaqlıqda dana, öküz, qoyun otarmışdı deyə ona asan idi, kənd, əmək işlərinə alışıq idi. Mən isə yox. İndiyə qədər kürəyimdə öküzün buynuzunun, barmağımda isə taxıl biçəndə orağın şıramı qalıb. Öküzlər də xam, aktyorlar da. Bunları boyunduruğa salıb yer şumlamaq lazım idi. Məcbur olub kənddən bir mütəxəssis çağırdıq. Həmçinin Gəray özü də bizi başa salırdı ki, kəlləri boyunduruğa necə salmaq, yer şumunda kotanı necə tutmaq lazımdır”.
Ötkəm İsgəndərov: “Bundan sonra Cəbrayılın yer şumaldığı səhnə olur. Orada biz yox idik. Amma bilirəm ki, göy gurultusu süni olaraq yaradıldı. Yağış səhnəsi üçün yanğınsöndürənlər çağırıldı. Çünki, həqiqi yağışın altında çəkiliş qeyri-mümkündür. Mixail Volontirov da professional olduğundan ona o qədər də çətin olmadı. Cəbrayılın yer şumladığı səhnənin çəkilişi günü bizə istirahət verdilər. Çünki, ağır, vaxt aparan çəkiliş idi”.
Ötkəm İsgəndərov: “Film təxminən bir il müddətinə çəkildi. Elə səhnələr oldu ki, onun çəkilişi üçün yay fəsli olmalı idi. Məsələn, taxıl biçimi səhnəsi iyun ayında çəkildi. Bizi taxıl zəmisinə gətirdilər. Hərə bir paltar geyindi, başımızı ləçəklə bağladıq. Hərəyə də bir oraq verdilər. Kənd əhalisi də orada çəkildi. Hərə öz bacardığı kimi biçməyə başladı. Təbii ki, yenə də Gəray seçilirdi.O epizodun çəkilişində relsdən istifadı etdilər. Əvvəl İsfəndiyar kişi dua oxuyur, biz də başlayırıq taxılı biçməyə.”
Ötkəm İsgəndərov: “Şöşübalanın ayaqolunda olması səhnəsi rejissor tərəfindən düşünülmüşdü. Tamaşaçı nəfəs alsın deyə yeganə “işıq”səhnəsini biz oynadıq. Ağır müharibə həyatından bəhs edən faciələr fonunda insanları güldürən, filmdə gərginliyi aradan qaldımaq üçün çəkilən bir səhnə idi. Filmin enişi-yoxuşu olmalıdır. Bu da həmin epizodlardan idi. Uşaq tamamilə aktyor ailəsindən uzaq bir insan idi. İstər evdə çörək istədiyi, istərsə də həyətdə ayaqyolu səhnəsində onunla çəkilişimiz çox rahat oldu. Elxan adlı uşaq indi hardadır, nə işlə məşğuldur deyə bilmərəm”.
Sazı kadraraxasında İsa Hüseynov çalırdı
Ötkəm İsgəndərov: “Ağsaqqalın qulağına səs gəlir. Elə bilir ki, oğlu qayıdıb. Gözünə əsgər görünür. Evə gəlir, görür ki, saz divarda asılıb. Sazı götürüb həyətdə “ruhani” çalmağa başlayır. Bu dəmdə hər kəs onun ətrafına toplaşmağa başlayır. Saz ifa edərək oğlunun ölüm xəbərini çatdırır. Məmmədrza Şeyxzamanov saz çala bilmirdi. İsa Hüseynov Məmmədrza Şeyxzamanova saz çalmağı öyrətdi. Sazı necə tərpətmək lazımdır, hansı barmaqdan istifadə etmək lazımdır. Kadrarxasında səslənən “ruahani”ni İsa Hüseynov özü ifa edirdi. Həmin epizod doqquz dubla çəkilib”.
“Tütək səsi”filmi 1976-cı ildə Frunzedə (indiki Bişkək) IX Ümumittifaq kinofestivalında, ssenari müəllifi İsa Hüseynov Qırğızıstan Yazıçılar İttifaqının Diplom və Prizi verilib.
Gülşən RAUFQIZI