Modern.az saytının şəxs adları ilə bağlı ilk yazısı (//modern.az/articles/60260/1/) böyük maraq doğurduğundan mövzuya yenidən qayıtmaq lazım gəldi. Bu dəfə mərhum yazıçı- publisist Osman Mirzəyevin “Adlarımız” kitabına istinad edərək, “valideynləri” ədiblər olan bəzi şəxs adları haqda müəllifin qeydlərini oxuculara çatdırırıq.
Almas - Ceyhun Mirzəyevin də qeyd etdiyi kimi, həyata səhnədən gəlmiş qız adıdır. Cəfər Cabbarlının qəhrəmanı olan, yunan dilində ən sərt, parlayan, bəzək daşı mənasını verən “adamas” daha sonra İranda “almas” formasına düşüb.
Anar- xalis Azərbaycan adıdır və “anlamaq” felindən əmələ gəlib. Yazıçımız Anardan əvvəl başqa birində bu ada rast gəlinmir. Görünür, ilk “müəllifləri” Nigar Rəfibəyli və Rəsul Rzadır.
Araz - Bu ad Abdulla Şaiqin “Araz” povesti ilə doğulub. “Araz” çayından götürülüb.
Aydın - Türkiyədə məşhur olan adı Azərbaycana Cəfər Cabbarlı “Aydın” əsəri ilə bəxş edib. Mənası aşkar, dəqiq, bəlli və .s. deməkdir.
Aygün - Yazıçı Səməd Vurğun “ay” və “gün”ü birləşdirərək Aygünü yaratdı. “Ay” deyəndə gözəlliklə yanaşı, utancaqlıq, “gün” deyəndə isə hərarət, qüvvə, zirəklik nəzərədə tutulur. Elə bütün bunları özündə birləşdirən “Aygün” obrazı kimi.
Aqşin - Bu ad dilimizə ötən əsrin 30-cu illərində Cəfər Cabbarlının “Od gəlini” əsəri ilə gəlib.
Elxan - Bu ad da Cəfər Cabbarlının “Od gəlini”ndən yaranıb.
Gülər - Məişətimizə Cəfər Cabbarlının “Gülər” adlı hekayəsindən daxil olub. Mənası “sevinər”, “nazlanar” mənasını verir.
Gültəkin- Ceyhun bəy bu adı “Aydının həmyaşıdı, əkizi” adlandırır. Cabbarlının təxəyyülünün məhsulu olan ilk kişi adı Aydın, ilk qadın adı Gültəkin idi. Mənası “gül təkin, gül kimi” deməkdir.
Qətibə - Məişətimizə Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsəri ilə daxil olub. Atabəy Cahan Pəhləvanın həyat yoldaşının adı olub. Əslində Ziya Bünyadovun araşdırmalarına görə, bu ad Quteybə olub, amma Ordubadi bu adı Qətibə kimi qeyd edib. Məcazi mənada “əlçatmaz” deməkdir.
Oqtay - Cabbarlı “Oqtay Eloğlu”nu yaratdı, xalq da bu adı yaşatdı. “oq” və “tay” sözlərinin birləşməsindən yaranıb və qədim türk dilindən “həmnəsil”, “eloğlu” mənasını verir.
Sevda - Ərəblərdə islamdan əvvəl məşhir olan Saudə adı, bizdə Hüseyn Cavidin 1935-ci ildə yazdığı “Xəyyam” dramı ilə Sevdaya çevrilib. Mənası “eşq, məhəbbət” deməkdir.
Sevil - 1928-ci ilin oktyabrında sonradan heykəli qoyulacaq Cabbarlının “Sevil”i ilk dəfə tamaşaya qoyuldu.
Sənan - Bu ad eşqi üçün hər şeyi gözə alan Şeyx Sənandan götürülüb. Bizdə isə Hüseyn Cavidin eyni adlı dramından və onun uğurlu tamaşasından sonra məşhurlaşıb. Hərfi mənası “işlək”, “çalışqan”, “zəhmətsevər” deməkdir.
Solmaz - Cabbarlının “od gəlini”dir və “solmaz gül” mənasını verir.
Tamilla - fransız yazıçısı Ferninand Duşenin “Tamilla” romanı 1928-ci ildə Azərbaycan dilinə tərcmə olunub. Bu ad da ondan sonra dilimizə daxil olub. Məcazi mənası “ismətli, gözəl”dir.
Yaşar - Cəfər Cabbarlının “Yaşar” dramı 1932-ci ildə tamaşaya qoyuldu və adın məşhurlaşmasına səbəb oldu.
Rüfanə GÜNƏŞ