Modern.az

“Kinomuzun təsadüfi məşhurları” - Maqsud İbrahimbəyovun diplom işinə çəkilən yazıçı - LAYİHƏ

“Kinomuzun təsadüfi məşhurları” - Maqsud İbrahimbəyovun diplom işinə çəkilən yazıçı - LAYİHƏ

26 İyul 2014, 10:52

Modern.az saytı “Kinomuzun təsadüfi məşhurları” layihəsindən yeni yazını təqdim edir. Bu dəfə haqqında bəhs ediləcək təsadüfi “aktyor” Azərbaycan nəsrinin tanınmış rusdilli nümayəndəsi olan yazıçı Natiq Rəsulzadədir. O, xalq yazıçısı Maqsud İbrahimbəyovun 1977-ci ildə lentə aldığı “De ki, məni sevirsən” filmində yer alıb.

Film 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Maqsud İbrahimbəyovun həm kino aləmində debütü, həm də diplom işidir. Filmin ssenarisi də onun özünə aiddir. Filmdə gənclərlə yanaşı Məlik Dadaşov, Tələt Rəhmanov, Nodar Şaşıqoğlu, Larisa Xələfova kimi tanınmış aktyorlar da çəkilib. Baş rolun ifaçısı isə yazıçı Natiq Rəsulzadədir. O, filmdə müstəntiq Natiq obrazını canlandırıb.  

Kinopovestdə cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qanunsuz ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən söhbət gedir. Filmin  gənc qəhrəmanları - dəniz sahilindəki qəsəbəyə istirahətə gələn Samir  və Səbinə istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, gənclərdən söhbət açılır. Filmin baş qəhrəmanı olan müstəntiq Natiqi isə mərhum aktyor Şahmar Ələkbərov səsləndirir.

Natiq Rəsulzadə o illəri və o filmi xoş bir nostalgiya ilə xatırlasa da, əvvəlcə bu barədə heç nə danışmaq istəmədi: “Mən bu filmi həyatım boyu özümdən uzaqlaşdırmağa çalışmışam. Amma siz məni yenə ona tərəf çəkirsiniz (gülür). Fikrimcə, qeyri-peşəkar adamın filmə, özü də baş rola çəkilməsi peşəkar aktyor üçün təhqirdir”.

Buna baxmayaraq, Natiq Rəsulzadə çəkildiyi ilk və son film haqqında danışıb. Öncə onu diqqətə çatdırıb ki, filmdə iştirakı doğurdan da layihəmizin adına uyğun təsadüf olub. Bunu da rejissorluqda ilk addımını atan və Moskvaya diplom işi kimi film təqdim etməli olan Maqsud İbrahimbəyovun adı ilə bağlayır:

“Filmə çəkilməyim doğrudan da təsadüf oldu. O zaman Ədəbiyyat İnstitutunu bitirib Moskvadan təzə qayıtmışdım. Anar, Maqsud İbrahimbəyov, Ramiz Rövşənlə birgə bir ssenarist kimi mənim də adım çəkilirdi. Kinostudiyada işləyirdim. Maqsud İbrahimbəyov Moskvada rejissor kurslarını bitirmişdi. Bakıda qısametrajlı film çəkməli idi ki, onu diplom işi kimi təqdim etsin. Film təxminən 20-30 dəqiqədən ibarət olmalı idi. Mən orada redaktor işləyirdim. Maqsud mənə filmdə rol almağı təklif etdi. Dedi ki, çox kiçik bir roldur, cəmi 5-6 gün çəkiliş  olacaq. Filmdə hansı rolu oynayacağımı soruşdum. Dedi, müstəntiq rolunda. Həmin rola yaraşmadığımı bildirdim. O vaxt cavan idim, qıvrım saçlarım vardı, qızların çoxu mənə baxırdı. Zarafatca dedim ki, deyəsən, ona görə məni filmə çəkmək istəyirsən. Nəticə etibarilə, filmdə çəkilməyə razılıq verdim. İş prosesində film tammetrajli oldu. Yəni yarım saatdan bir saat beş dəqiqəyədək uzadıldı. Mən isə baş rolda oynadım”.

Bu yerdə Natiq müəllim indiki film və serialların bərbad vəziyyətinə toxunur. Bununla kifayətlənməyib özünü də tənqid edir, deyir ki, gərək bu filmdə çəkilməyəydi:

“Məndən soruşanda deyirəm ki, aktyorluq böyük bir sənətdir. Bizim seriallar dəhşət səviyyəsindədir. Kiminsə qohumu filmə çəkilir və həmin filmi batırırlar. Hollivud ulduzlarına elə-belə milyonlar vermirlər ki.  Onlar peşəkardırlar və işlərini də çox gözəl bacarırlar. Həmişə qeyri-peşəkarlığın əleyhinə olmuşam. O vaxt Maqsuda da dedim ki, aktyor deyiləm. İndiyəcən o işimdən narazıyam. Tərcümeyi-halımda bir nöqsan kimi qəbul edirəm. 25-26 yaşım var idi. Səhv etdim. Mənim kiçik bir rolum tam metrajlı filmdə baş rol oldu.  Ancaq bundan razı deyildim. Mən belə təsadüflərdən uzaq durmağa çalışıram. Əqidəm belədir, bir sənətin ardınca getməliyəm. Aktyorluq böyük bir okeandır. İndikilər  o okeana ayağını təzə vururlar, elə bilirlər  ki, onlardan yoxdur”.  

Ürəyini boşaldandan və azacıq özünütənqiddən sonra yazıçı yenidən filmə qayıdır. Filmin çəkiliş müddətindəki maraqlı hadisələrdən danışır. Yay səhnələri ilə dolu olan film qışda çəkilib. Bu faktın özü də maraqlıdır:

“Filmdə maraqlı hadisələr çox olub. Çünki Maqsudun ilk rejissorluq işi idi. Ona baxmayaraq, nəinki məni, hətta məndən əlavə iki nəfəri də qeyri-peşəkar aktyor kimi filmdə iştirak etmək üçün dəvət etdi. Filmdə bir milis var idi. 40 il bundan öncə “Azərnəşr”in yanında dayanıb maşınlara yol göstərirdi. O qədər gülməli əhvalatlarımız olub. Dedim ki, görürsənmi Maqsud, qeyri-peşəkarları filmə dəvət edəndə, nəticəsi belə acınacaqlı olur. Yay fəslində çəkilməli idi. Ancaq film dekabra qədər davam etdi. Mən eyni köynəkdə çəkilməyə davam etməli idim. Gün çıxan kimi tez yığışıb Nardarana gedirdik. Mən də tək bir köynəkdə rolumu ifa edirdim. Hava çox soyuq idi. Az qalırdı ki, sətəlcəm olam”.

Elmin Nuri
Ulduz İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi