Xalq şairi Fikrət Qoca bu gün cəbhədə həlak olan şəhidlərə görə onların ailəsinə və Azərbaycan xalqına başsağlığını çatdırıb.
Modern.az saytının məlumatına görə, Yazıçılar Birliyinin katibi qurumun mətbuat xidmətinin rəsmi ayb.az saytına verdiyi açıqlamada deyib: “Bu gün Azərbaycan dili günüdür… Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü… VƏTƏN təkcə torpaq deyil... DİL də vətən deməkdir. Bu dilin uğrunda min dəfələrlə ölmüşük. Müharibə bu gün də davam edir. Bu, atəşkəs deyil. Balalarımız şəhid olurlar... Torpağımız, dilimiz uğrunda. Döyüşürlər və şəhid olurlar. VƏTƏN şəhidsiz olmaz, neyləyəsən...
Belə atəşkəs olmur... Bu, müharibədir. Biz təkcə erməniylə vuruşmuruq. Müharibə gedir. Hamımız - qocası da, cavanı da hazır olmalıyıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Ölməyə yox, qələbə qazanmağa hazır olmalıyıq. Və qalib də gələcəyik. O şəhidlərin əsgər paltarı geyinmiş qardaşları onların qanını alacaq.
Yağış da şəhid üçündür... yay gününün ortasında birdən birə göy də kövrəlib. Ağı deyir. Deyir, VƏTƏN sağ olsun.
Torpaq da bizim tərəfimizdədir, göy də. Səma bizim torpağımızın üstündədir. Neyləyəsən ki, düşmən gəlib oturub içimizdə.
Televiziya kanllarımıza gəlincə... Görünür bunlar oynamağa başlayanda dayana bilmirlər. Baxmayaraq ki, 12 şəhid vermişik, bunu bilə-bilə çalıb oynayırlar. Mən başqa yerə yoza bilmirəm telekanalların bu hərəkətini”.
Elmin Nuri