Modern.az saytının “Kadrarxası” rubrikasında “Şirbalanın məhəbbəti” barədə filmin rejissoru, Əməkdar incəsənt xadimi, İctimai Televiziyanın baş direktoru Cəmil Quliyevlə danışırıq.
Arayış: Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunda kinorejissorluq ixtisası üzrə təhsil alıb. Riqa şəhərində teatr kurslarında oxuyub. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, mozalan satirik jurnalının bədii süjetlərin müəllifidir. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir, kafedra müdiri olub. Sonralar Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru vəzifəsində çalışıb. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilib. Hazırda Beynəlxalq Televiziya-Radio Akademiyasının akademiki, İctimai Televiziyanın baş direktorudur.
“Şirbalanın məhəbbəti” filmin baş qəhrəmanın həyatında baş verənləri məzəli və komik bir dildə tamaşaçılara çatdırır. 1990-cı ildə şair və dramaturq Rüfət Əhmədzadənin "Sonuncu məhəbbət" komediyasının motivləri əsasında ekranlaşdırılan film elə həmin ilin oktyabr ayında hazır olur. 1991-ci ildə isə geniş təqdimatı keçirilir. Sadə məişət problemlərindən bəhs etməsinə baxmayaraq film tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Əsərin müəllifi Rüfət Əhmədzadə, quruluşçu rejissor Cəmil Quliyev, ssenari müəllifləri Zülfüqar Rüfətoğlu, Hacıbaba Bağırov, quruluşçu operator Yuri Varnovski, quruluşçu rəssam Mayıs Ağabəyov, bəstəkar Cavanşir Quliyev, filmin direktoru Ədalət Yunusovdur. Filmdə Səyavuş Kəriminin rəhbərliyilə instrumental ansambl çalır.
Rollarda Hacıbaba Bağırov, Kübra Əliyeva, Həmidə Ömərova, Novruz Qartal, Xanım Qafarova və başqaları çəkilib.
Hacıbaba Bağırovun istəyi üzərinə 40 günə çəkilən film
1990-cı ildə mərhum xalq artisti Hacıbaba Bağırov yazıçı-dramaturq Rüfət Əhmədzadənin uzun müddətdir səhnədə oynanılan pyesinin ekranlaşdırılması istəyilə Cəmil Quliyevə müraciət edir. İstəyi hörmətlə qarşılayan rejissor aktyorun arzusunu reallaşdırmaq qərarına gəlir.
Filmin başladığı ilk kadrlar Dağüstü parkdan aşağıda quraşdırılan süni şəlalənin qarşısında çəkilir. Yer məhz rəqs səhnəsinə uyğun olaraq seçilir. Rəqslərə baletmeyster İlona Tağıyeva təmənnasız olaraq quruluş verir və öz qrupu ilə filmdəki rəqs səhnələrini ifa edirlər.
Cəmil Quliyev: “Tamaşa uzun müddət Tənqid-Təbliğ Teatrının, Musiqili Komediya Teatrının səhnəsində oynanılmışdı, anşlaq yaranmışdı. Baş rollarda Hacıbaba Bağırov, Lütfiyyə Səfərova, Kübra Əliyev oynayırdı. Bağırov arzu edirdi ki, səhnədə uzun müddət oynanılan tamaşa ekranlarda qalsın. Bu arzudan irəli gələrək tamaşa Dövlət Televiziya və Radio Komitəsində çəkildi. Uzun zaman keçməsinə baxmayaraq, hələ də tamaşaçılar maraqla izləyirlər.
Çətin bir dövrdə belə bir filmin çəkilməsi kino işçiləri üçün sevindirici hadisə idi. Beləcə filmin hazırlıqları başladı. O zaman filmin ssenarisinin hazırlanmasına Rüfət Əhmədzadənin oğlu Zülfüqar cəlb olundu. Hacıbaba müəllimin iştirakı ilə filmin ssenarisi tez bir zamanda hazırlandı. Film “Dəmiryolbank”ın dəstəyilə “Azərbaycanfilm “kinostudiyasında çəkilməyə başladı. Təxminən 40 gün ərzində çəkilişlər bitdi, film montaj edildi. 1990-cı ilin sonunda proses yekunlaşdı. 1991-cı ilin yayında Heydər Əliyev Sarayında filmin geniş premyerası keçirildi, hətta bir neçə xarici ölkəyə satıldı. İstər ölkəmizdə, istərsə də xaricdə tamaşaçılar filmi böyük maraqla qarşıladı”.
Müsahibim bildirir ki, aktyor seçimi üçün çox da düşünülməyib. Əsas üstünlük Tənqid-Təbliğ Teatrının aktyor heyətinə verilib. “Filmə çəkilən aktyorların seçilməsi bilavasitə Tənqid-Təbliğ Teatrının truppası ilə bağlı idi. Bu teatrı Hacıbaba Bağırov yaratmışdı. Təbii ki, dəvət olunan aktyorlar da var idi. Baş rola - Nazlı roluna xalq artisti Həmidə Ömərova dəvət olundu. Ümbilnisə roluna əməkdar artist Kübra Əliyeva seçildi. Bundan başqa əməkdar artist Xanım Qafarova, Novruz Qartal və başqaları filmdə rol aldı”.
Filmdəki universam indiki “Laçın” univermağıdır
Cəmil Quliyev: “Filmin çəkilişləri əsas etibarilə Bakı şəhərində - bulvarda, müxtəlif parklarada , “Laçın “ universamında lentə alındı. O vaxt universamın rəhbərliyi bizə dəstək oldu, ticarət obyektini təmənnasız olaraq çəkiliş üçün bizim ixtiyarımıza verdi. Vaxt ötməsinə baxmayaraq, bir daha onlara təşəkkür edirəm. Eyni zamanda filmdə gəmi çəkilişləri də həyata keçirildi. Buna görə isə Xəzər Dəniz Neft-Qaz Donanmasına minnətdarıq. Çünki 2 gün müddətində onların gəmisində “Şirbala”nın yuxu səhnəsini ekranlaşdırdıq. Tamaşadan fərqli olaraq filmə kinematoqrafik çalarlar əlavə etdik. Məhz yuxu səhnəsi bu epizodlardan biri idi. Şirbala yuxusunda toyundan sonra nişanlısı Nazlı ilə birgə bal ayına çıxdığını görür. Orda Şirbalanın mahnılarını Hacıbaba Bağırov özü oxuyurdu. Nazlının mahnılarını isə Tənqid-Təbliğ Teatrının aktrisası Sevil Kişiyeva ifa edirdi. Filmdən sonra mahnılar çox populyar oldu.
Şirbalanın evdən qaçışı, maşının qarajdan qaçırılması keçmiş “Solntsev”(dəmiryolu vağzalından yuxarı) küçəsində lentə alındı. Bizə qaraj lazım idi. Qaraj çəkilişi, eyvandan su atılması da orada baş tutdu. Orada yaşayan yoldaşlardan biri bizə öz qarajını, evinin qapısını açdı, biz də çəkilişlərimizi etdik. Bütün bunların hamısı Hacıbaba Bağırova olan sevgisinin nəticəsi idi.
Onun Nazlının evinin önündə rəqs etməsi İçərişəhərdə lentə alındı. İndi o boş ərazidə ev tikilib. Evin özü isə 3-cü mikrorayonda çəkiliş qrupu üzvlərindən birinin evində çəkildi”.
Uşaqlar Kübra Əliyeva və Hacıbaba Bağırovun öz övladları idi
“Portret nöqteyi-nəzərdən uşaqların Ümbülnisə və Şirbalaya oxşaması lazım idi. Buna görə də məhz baş qəhrəmanların övladlarını filmə çəkmək qərarına gəldik. Oradakı uşaqlar həmin aktyorun uşaqları idi”.
Rejissor bildirir ki, Hacıbaba Bağırovun o qədər gözəl aurası vardı ki, yaxşı mənada uşaqlı-böyüklü hamı onun təsirinə düşürdü. Elə bu səbəbdən də çəkiliş zamanı uşaqlarla bağlı hər hansı çətinlik olmayıb.
Cəmil Quliyevin sözlərinə görə, filmin çəkilişləri həmçinin Tənqid-Təbliğ Teatrının binasında həyata keçirilib.
“O zaman teatrın binası Fəhlə prospektindəki Neft Sənayesi İşçilərinin Mədəniyyət evində idi. Şirbalanın filmdəki kabineti məhz xalq artistinin teatrdakı direktor kabinetində lentə alınmışdı. Kino sahəsinin tənəzzülə uğradığı bir dövrdə maliyyə problemləri baş alıb gedirdi. Bu səbəbdən də film üçün məkanlar olaraq real interyer, eksteryerlər nəzərdə tutuldu. pavilyon çəkilişlərindən istifadə edilmədi”.
Çəkiliş müddətində Hacıbaba Bağırov, Kübra Əliyeva, Həmidə Ömərova bir-biriylə çox səmimi ünsiyyətdə olub. Həmidə Ömərovanın filmə dəvət olunmasını isə xalq artisti özü istəyib. Kübra xanımla da uzun illər tərəf müqabili olduğundan, uzun illər bu filmin tamaşasını oynayan aktyorlar olaraq heç bir çətinlik çəkməyiblər.
Musiqilərin fonoqramla səslənməsi müəyyən mənada çətinlik yaradırdı
“Film ekranlaşdırılarkən qarşıya çıxan çətinlik musiqilərin səsləndirilməsi zamanı meydana çıxdı. Musiqili film olduğundan burada mahnılara geniş yer verilmişdi və fonoqramdan istifadə olunurdu. O vaxt texnika indiki kimi professional deyildi deyə məhz fonoqramla oxunması məsələsində müəyyən problemlər olurdu. Hazırda bir çox işi kompüter həyata keçirir. Biz isə ağır səsyazma avadanlığından istifadə edirdik. Bu gün filmə baxanlar müəyyən irad tuta bilər. Amma deyim ki, o vaxt montaj da çox primitiv idi. Ona görə də bəzi tənqidçilər filmi tənqid edir. Düşünürəm ki, dövrü nəzərə almaq lazımdı. Film çəkilərkən əsas məqsəd Hacıbaba Bağırovun arzusunun reallaşması idi. Bütün çətinliklərə baxmayaraq onu film tarixinə salmağı bacardıq. Film sevilir, sevilir ki, əlamətdar günlərdə müxtəlif kanallarda nümayiş olunur. Bu sevindirici haldır”.
İddiası böyük olmasa da tamaşaçı sevgisi böyük olan film
Cəmil Quliyev: “Teatr səhnəsində hər hansı kiçik detal görünməyə bilər. Filmdə bunu iri plan, montaj vasitəsilə tamaşaçıların nəzərinə çatdırmaq olur. Ümbülnisənin Şirbalanı ayağına bağlaması, Şibalanın “xoruldaması” məhz həmin epizodlardan idi. Hər gün “gedəcəm” deyən Şirbalanın bu sözlərindən qorxan həyat yoldaşı onu ayağına bağlayır. Amma Şirbala arvadının “caynağı”ndan canını qurtara bilir və qaçır. Filmdə komik situasiya yaranır”.
Müsahibim bildirir ki, filmdən çıxarılan hər hansı kadr olmayıb. Əvvəlcədən nə nəzərdə tutulubsa, o da çəkilib:
“Maddi vəsait az olduğundan əlavə nələrsə etmək imkanımız yox idi. İmprovizasiyalar isə məşq zamanına bağlı idi. Yaxşı alınırdısa, həmin epizod filmə salınırdı. Məsələn, filmin finalında rəssam portretin pulunu istəyir. Şirbala da şəkli onun başına vurur. Şəkil cırılır və məlum olur ki, uzun müddətdir onun arxasınca qaçan rəssam yalan danışırmış-şəkil kətan üzərində deyil, kağız üzərində çəkilibmiş. Maraqlı alındığından həmin epizodu saxladım. Yaxud da universam səhnəsində Şirbalanın əmisi ilə dialoq zamanı Ümbülnisə gələrək yenidən pul istəyir. Bu zaman pulu əmisi vermək istəsə də, Ümbülnisə etiraz edir. Şirbala isə deyir: “əmisidir də, qoy versin” bu da pyesdə olmayan bir şey idi. Ümumiyyətlə, Hacıbaba Bağırov, Siyavuş Aslan, Nəsibə Zeynalova o qədər güclü aktyor idilər ki, improvizasiya zamanı onu hiss etdirmirdilər. Çox olub ki, hətta dramaturq özü də həmin improvizasiya nüansına gülüb. Bu aktyorların stili, manevri onları yaşadır, yaşadacaq da. Şirbalanın məhəbbəti sadə məişət üslubunda çəkilib. Onun böyük iddiası yoxdur, sadəcə tamaşaçıları güldürmək, düşündürmək üçün lentə alınıb. Hesab edirəm ki, buna da nail olduq”.
Rejissorun sözlərinə görə, o zaman tamaşaçılar eşidəndə ki, belə bir film çəkilir, onlar da kömək etməyə çalışıblar.
“Həmin illərdə şəhərdə xarici maşın çox az idi. Çəkiliş qrupunun üzvlərindən biri şəhərdə xarici maşın görən zaman onun sahibindən xahiş etdi və o da maşınını çəkiliş üçün bizə verdi. Təmənnasız olaraq. Fayton səhnəsi, Abşeron mehmanxanasındakı, Gülüstan sarayındakı çəkilişlər hamısı rəhbərlik tərəfindən bizə edilən təmənnasız xidmətin məhsulu idi. Xalqın filmi olduğu üçün burada onlar da iştirak edirdi.
Filmin son səhnəsi Montin qəsəbəsindəki 9 mərtəbəli binanın blokunda çəkildi. İyun ayı idi. Filmin çəkildiyini eşidənlərin hamısı ora axışırdı. Elə ekrana düşən insanların əksəriyyəti də məhz o yerin sakinləri idi. Şirbalanın qonaqları üçün bir neçə maşın təşkil olundu. Camaatın yığılması nəticəsində təmtəraqlı toy alındı. Filmin sonunda Şirbala hamıdan – Ümbülnisə, Nazlı, onun qardaşları, rəssamdan qaçır. O epizodu da “Dağüstü park”ın yanında çəkdik. Haradakı maşınlar bizə mane olmurdu. Belə bir simvolik qaçışla film tamamlanır”.
Gülşən RAUFQIZI