Modern.az saytının “Qarabağ fotolarda” rubrikasında bu dəfə uzaq 1985-ci ilin yazına səyahət edəcəyik. O zaman Azərbaycan ədəbiyyatının tanınmış yazıçılarından biri Sabir Əhmədli hər il olduğu kimi, yenə də Cəbrayıla yollanır. 1985-ci ilin 9 may tarixində Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədlinin abidəsini ziyarət edəndən sonra Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir. O zaman üçün təbii ki, bu çox müşkül məsələ idi. Amma Araza və o tay türk ellərinə bağlı olan yazıçı üçün bu əsl ilham mənbəyi olacağından rayon rəhbərliyi buna etiraz etmir.
Beləliklə, 1985-ci il mayın 10-da yazıçı Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxın olur. Bu o zaman üçün həm də siyasi risk demək idi. Lakin yazıçı əsərlərində həqiqəti car etməkdən qorxmadığı kimi, burada da öz həyat prinsipinə sadiq qalır.
S.Əhmədlinin oğlu Etibar Əhmədli o səfərin xatirələrini Modern.az-a bu cür nəql edir:
“Sabir müəllim hər il o yerlərə gedirdi. Heç dövlətin xəttiylə, yaxud çalışdığı “Ədəbiyyat qəzeti”nin ezamiyyələrindən istifadə edərək deyil, ancaq öz hesabına və öz istəyinə görə oralara gedirdi. Onu rayonda çox yaxşı tanıyırdılar. Xudafərin körpüsünə həddən artıq yaxınlaşmışdı. O zaman heç buna imkan vermirdilər. Amma görünür, Sabir müəllim bunu bacarmışdı. Şəkildəki qadın rayon Partiya Komitəsinin o vaxtkı ikinci katibi idi – Heyran Kalbalıyevadır. Qalanları da rayonun başqa məsul işçiləri. Çox təəssüf ki, Sabir müəllimin o səfərdən qayıdandan sonrakı təəssüratları indi yadımda deyil. Amma bilirəm ki, Xudafərinin yaxınlığında olmaq, doğma ellərə baş çəkmək ona hər zaman mənəvi zövq verib”.
Elmin Nuri