Modern.az

“Məşhur tələbə yoldaşım”: “Şəmistan Əlizamanlının sərt simasına aldanmayın...” - Hərbi diktorun keçmiş tələbə yoldaşı

“Məşhur tələbə yoldaşım”: “Şəmistan Əlizamanlının sərt simasına aldanmayın...” - Hərbi diktorun keçmiş tələbə yoldaşı

16 Avqust 2014, 12:04

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasında müsahibimiz Sumqayıt Dövlət Dram Teatrının aktyoru İlqar İbrahimovdur. O, tələbə yoldaşı, hərbi diktor, vətənpərvərlik mahnılarının (“And içirik”, “Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan”, “Sıravi Əhməd”, “Çırpınırdı qara dəniz”, “Can Azərbaycan”, “Qalx, Azərbaycan” və s.) mahir ifaçısı, mətn oxuyan və aparıcı Şəmistan Əlizamanlı haqqında danışır:

“Həmin kursdan bir-birini itirib-axtaran dörd-beş nəfər var”

“Şəmistanla ilk tanışlığımız tələbəlik illərində olub. 1981-ci ildə İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuşuq. Şəmistan Yerevan Dövlət Dram Teatrından, mən isə Sumqayıt Teatrından gəlmişdik. Şəmistanla bir qrupda oxumuşuq. Universitetdə tanış olduq və tədris prosesində, məşğələlərdə yavaş-yavaş bir-birimizə öyrəşdik. Kursun rəhbəri Əşrəf Quliyev idi. İndi həmin kursdan bir-birini itirib-axtaran dörd-beş nəfər var, çoxumuz uzaqlaşmışıq. Elə tələbələr var, 3 ildən, 5 ildən bir görüşürük. Amma Şəmistanla yox, Şəmistan o vaxtdan necə idi, elə də qalıb.

Şəmistan haqqında gərək dastan yazasan. Onun xasiyyəti bir dənədir. Şəmistan insan kimi gözəl insan, dost kimi həqiqi dostdur. Qəlbi təmiz, insana dayaq olan isti adamdır. Ona görə də indiyə qədər əlaqəmiz var.

84-cü illər idi, axırıncı kursda oxuyurduq. Müəllimimiz Tofiq İsmayılov radiotamaşa hazırlayırdı. O radiopyesdə Şəmistana rol vermişdi. Mən də o tamaşada diktor mətnini oxuyurdum. Şəmistanın səsi radioya çox qəşəng düşdü. Özünün də həvəsi var idi deyə, o vaxtdan diktorluğa getdi. Dedi ki, mən bu sahəni tuturam. Elə də oldu. Müdafiə Nazirliyində analitik xəbərlərin diktoru kimi işlədi. Həmin ildə də institutu qurtardı, heç bir təyinat almadı. O sahənin dalınca getdi, vəssəlam”.

“Biz universiteti qurtaran vaxt acınacaqlı vəziyyət əmələ gəldi”

“Şəmistan akyor kimi də yaxşı idi, xarakteri tuta bilirdi. Allah ona yaraşıq, yaxşı boy-buxun da verib. Özü də Yerevan Dövlət Dram Teatrından gəlmişdi. Bilirdi ki, aktyor neyləməli, nə yaratmalıdır. Aktyor kimi də işləyirdi. Tələbəlik dövründə bəzən olur ki, ürəyin istəyən obrazı sənə vermirlər. Şəmistan sənətinə maraqlı adam idi. Hətta biz söhbət edəndə görürdün ki, keçmiş aktyorlarımızın oynadığı rollardan elə şeylər danışırdı, elə məqamlar deyirdi ki, o məqam heç mənim yadıma düşmürdü. Çox gözəl mütaliəsi də var.

O niyə aktyorluğun arxasınca getmədi? İndiki zəmanədə istedadın super ola bilər, amma aktyor üçün lazım olan imkan yoxdur axı. Bu dəqiqə teatrın özü belə, normal deyil. Nə dramaturgiya, nə rejissorluq var. Tamaşaçı da teatra qarşı əvvəlki kimi həvəsli deyil. Amma 60, 70-ci illərin teatrı olsaydı, bəli, Şəmistan yaxşı aktyorlardan biri olardı. Radio pyesdə özünü tutuzdurandan sonra o sahəyə getdi. Özü belə seçim etdi.

Şəmistan tələbəlik vaxtı rejissorluq fikrinə də düşmüşdü. Bir əsər götürmüşdü, tələbə dostlarımızla onun üstündə çalışırdıq. İşlədi, işlədi, ancaq yarımçıq qaldı, axıra çıxarda bilmədik. Çünki o işlə məşğul olduqda məşğələlər, imtahanlar qalırdı”.

“Bir tikəmizi də yarı bölürdük”

“Şəmistan çox etibarlı idi, tam səmimi deyirəm. Onun çox xoşuma gələn bir cəhəti də gözəl intuisiyasının olması idi. Danışmasan da, səni çox gözəl başa düşürdü. Dərdin olanda ona deyə bilirdin. Şəmistanla tələbə yoldaşı yox, qardaş olmuşuq. İnanırsız, bir tikəmizi də yarı bölürdük. Onun cibi, mənim cibim söhbəti yox idi. Kimin cibində nə var, qoyurduq ortalığa, yeyirdik, sonra məşqlərə gedirdik. İndi də qardaş kimi varıq. Nömrələrimiz bir-birimizdə var, hərdən-bir əlaqə saxlayırıq. Amma elə tələbə yoldaşı var, lap telefon nömrəsi məndə olub, əlaqə saxlamışam, görmüşəm, o bir az başqa dünyanın adamıdır.

O, tələbə ikən evləndi, Tural adında bir oğlu doğulmuşdu. Onlara getmişdim, elə qəşəng uşaq idi, oynatdım, öpdüm, hətta xəbərləri olmadan dişlədim də. Sonra məni təyinatla Mingəçevirə göndərdirlər. Orada işlədikdə Şəmistanla əlaqəmiz kəsildi.

Xarakterinə bələd olduğuma görə deyirəm ki, Şəmistan çox gözəl ailə başçısıdır. Ailə qayğısı çəkən kişidir”.


“Hərbi vətənpərlik mahnıları oxuyacağı ağlıma gəlməzdi”

“Şəmistanla elə rahat dil tapmaq olur. Düzdür, vizual görünüşü sərt təsir bağışlayır, amma zarafatından geri qalan deyil, çox yumşaq, çox baməzə adamdır.

Müəllimlərlə elə kontakta gedib, söhbətləşirdi ki, elə bil bir qardaş, ağsaqqal kimi söhbət edir. O, ünsiyyətə girməyi bacaran adamdır. Mənfi tərəfi odur ki, ürəyi çox yumşaqdır, onu aldatmaq mümkündür.

Hərbi mahnıları gözəl oxuyur. Bunu tələbə yoldaşımdı, dostumdu deyə, demirəm.

Təhsil aldığımız zaman bizə vokal dərsi keçilirdi, elə-belə oxuyurduq. Amma hərbi vətənpərvərlik mahnıları oxuyub bu cür uğur qazanması heç ağlıma gəlməzdi. Biz Şəmistanı diktor kimi görürdük. Onun ən çox sevdiyi diktorlar Aydın Qaradağlı, Rafiq Hüseynov idi. Onlardan danışırdı. Diktorluğa meyli daha çox idi. Amma mahnı oxuyacağı ağlıma gəlməzdi”.














Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi