Bu gün Azərbaycanın musiqi tarixində öz dəsti-xətti ilə ad qoymuş, mahir sənətkar, ilk duet ifaçısı, Azərbaycanın xalq artisti Xan Şuşinskinin doğum günüdür.
Əslində onun adı İsfəndiyardır. İsfəndiyar Aslan oğlu Cavanşir. Xan adı isə ona ustadı İslam Abdullayevdən yadigardır. Təbii ki, Xan Şuşinskinin hələ yeniyetməlik yaşında ustad tərəfindən belə bir ada layiq görülməsi təsadüfi olmayıb.
Azərbaycan müsiqisinin tanınmasında və təbliğində Xan Şuşinskinin əvəzsiz xidmətləri olub. O, qeyri-adi ifaları ilə muğamlarımızın zənginliyini dinləyiciyə qədərindən də artıq çatdırmağı bacarıb. Məhz bu peşəkarlığın nəticəsi idi ki, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə uğurlu çıxışına görə Xan Şuşinski “Şərəf nişanı” ordeni ilə təltif olunub.
Sovetlər dönəmində ilk dəfə olaraq müstəsna hal kimi Xan Şuşinskiyə birbaşa Xalq artisti fəxri adı verilib.
Xan Şuşinski sənətinin məhtəşəmliyi həmişə təəcüb doğurub. Hətta bir dəfə Moskvadan Bakıya gələn folklorşünas alimlər Bülbülün təklifi ilə Xan Şuşinskiyə qulaq asdıqdan sonra onun ağzına və boqazına baxmağa icazə istəyiblər. Onlar bunu Xan Şuşinskinin boğazında və ağzında səsgücləndiricinin yerləşdirilməməsinə əmin olmaqları üçün ediblər.
Xan əmiyə olan sevgi, hörmət nə qədər səsinə və sənətinə görə olubsa, bir o qədər də onun insanlığına, sözün əsl mənasında kişiliyinə görə olub. O çox sadə, təvazökar, maraqlı və həm də hazırcavablığı ilə xalq arasında rəğbət qazanıb. Haqqında yazılan xatirələrin birində deyilir ki, bir gün ad çıxarmış bir oğru Xan əminin evini hədəfə alır. Günlərin birində Xan əmi evdə tək olanda oğru onlara təşrif buyurur. Xan əmi qapını açıb tanımadığı “qonağı” evə dəvət edir, əvvəlcə bir-iki tas nərd oynamağı təklif edir. Təklifdən imtina edə bilməyən “qonaq” bir tas uduzur. Oğrunun məğlubiyyətdən məyus olduğunu görən Xan əmi onu yeyib-içməyə dəvət edir. Bütün bu münasibətdən çaş-baş qalan oğru dözməyib məqsədini açıqlayır:
- Mən sənin evini oğurlamağa gəlmişdim. Görürəm yaxşı adama oxşayırsan. Buna görə fikrimdən daşındım. Gedim qonşulara baş çəkim.
Xan əmi heç nə olmamış kimi təmkinlə cavab verir:
- Nə işin varsa elə burda gör. Qonşularla işin yoxdur.
Oğru bu sözdən sonra sakitcə çıxıb gedir.
Xan Şuşinski sözünü yerində demək, fikrini dəqiq, səlist və aydın çatdırmaqdan heç vaxt çəkinməyib. Onun opera teatrının səhnəsinə çıxmaması o dövrdə çox müzakirələrə səbəb olub, elə öz həmkarları tərəfindən müəmma ilə qarşılanıb. Nəhayət, günlərin birində Üzeyir bəy ona opera teatrının səhnəsinə çıxmağı təklif edib. Xan Şuşinski xətrini dünyalar qədər istədiyi Üzeyir bəyin təklifinə özünəməxsusluqla cavab verib:
- Üzeyir bəy, mən üzümə ənnik-kirşan yaxıb, səhnəyə çıxa bilmərəm. Həm də səhnədə xalqın qızına, gəlininə eşqnamə oxumaq mənlik deyil.
Xan Şuşinskinin səsi Şuşanın əsrarəngiz gözəlliyindən yoğrulmuşdu. “Şahnaz”, “Qarabağ şikəstəsi”, “Kürd-şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur”, “Heyratı”, “Şur”, “Mirzə Hüseyn segahı” kimi muğamlar Xan Şuşinski ifasının şah əsərləri olub.
Xan əmi ürəklərə, yaddaşlara şəxsiyyət, böyük ustad kimi həkk olunan sənətkarlardandır. Zaman keçdikcə onun səsi, sənəti bizə daha da yaxınlaşır, daha da doğmalaşır.
Doğum günün mübarək, Xan əmi.
Bağışla, bizlərə əmanət qoyub getdiyin Şuşanın dağlarını qoruya bilmədik.
Bağışla ki, neçə illərdir sənin doğum günündə Cıdır düzündə şərəfinə çal-çağır məclisi qurmaqdan məhrumuq.
Şuşada dolaşan, ağrıyan, inciyən ruhuna məlhəm ola bilmədiyimizə görə bizi bağışla.
Utanc hissləri ilə Şuşasız yaşadığımız bu illərə, qədərimizə və qismətimizə sahib çıxa bilmədiyimizə görə bağışla bizi.
Bax elə bu etirafların içində boğularaq ruhun qarşısında baş əyib bir daha deyirəm: “Doğum günün mübarək, Xan əmi...”
İlham Cəmiloğlu