Modern.az saytının “Məşhur tələbə yoldaşım” layihəsinin budəfəki qonağı Əfqan Əliyevdir. O, tələbə yoldaşı, milli-azadlıq hərəkatının gənc fəallarından biri, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa haqqında xatirələrini bölüşür:
“Fazil müəllim hərdən şeir də deyərdi”
“1986-cı ildə qəbul olduğumuz Bakı Dövlət Universitetinin hüquq fakültəsini 1991-cı ildə bitirmişik. Tələbəliyimiz çətin dövrə düşüb. Ancaq özümüzü xoşbəxt hiss edirdik ki, tarixi dəyişiklik dövründə yaşamışıq, tələbə olmuşuq. Mən indi də sevinir, fəxr edirəm ki, siyasi dəyişikliyə nail olan tələbələrlə bir oxumuşam. Bu gün də qrup yoldaşlarımla dostluğumuzu davam etdirir, tez-tez görüşürük. Bu da bizim qrupun yaxşı olmasından irəli gəlir. Müəllimlərimiz də yaxşı idi. Yaxşı müəllimlərin olmasının nəticəsidir ki, Fazil müəllim o savada yiyələnib, gözəl bir siyasətçi kimi yetişib. Parlamentdə də ən fəal deputatlardan biridir. Dövlətimizə, xalqımıza yaxşı xidmət edir. Mən bilirəm ki, bu işi axıra qədər davam etdirəcək.
Fazil müəllim bütün fənləri yüksək səviyyədə oxuyurdu. Ən ağır fənn məntiq elmi idi. Orada Fazıl bəy kimi məntiq elminə yiyələnən bir neçə tələbə var idi. Hansısa tələbənin oxumaq cəhətdən zəifliyi vardısa, Fazil müəllim ona yardımçı da olurdu, yəni çalışırdı ki, həmin tələbə oxusun. Fazil müəllim Azərbaycan tarixini də araşdırardı. Hərdən şeir də deyərdi. Bəlkə heç onun öz yadına gəlmir, amma onun şeir deməsi də var idi. Səməd Vurğunun “Şair, nə tez qocaldın sən!”şeirini deməsi yadımdadır”.
“Müəllimlərin bəziləri Fazilə kəm baxırdılar”
“Fazillə bağlı bir xatirəm var. 20 Yanvar faciəsi gününün səhərisi bizdə imtahan keçirilməli idi. Fazil imtahan vaxtı içəri girib müəllim və tələbələrə dedi: “Orada qan axıdılır, amma siz burada imtahan götürürsünüz. Bu heç bir əqidəyə, heç bir əxlaqa sığışmır”. Fazil müəllim həmin gün o imtahanı ləğv etdirdi. Bu onun müstəqil addımı idi.
Fazil müəllimin siyasi fəallığı tələbəlikdə də hiss olunurdu.Tələbə hərakatının qabaqcıllarından biri idi. Kommunist Partiyasının biletini birinci universitetə təhvil verənlərdən olub. Onun müəllimlərə verdiyi suallar sırf siyasi xarakter daşıyırdı. Müəllimlərin bəziləri isə həmin dövrün siyasi dəyişikliklərindən narazı idilər, Fazillə əqidələri düz gəlmirdi. Buna görə də Fazilə bir az kəm, əyri baxırdılar”.
“Oğlu dünyasını dəyişəndən sonra saçları ağarmağa başladı”
“O natiqdi, filosofdu, bütün elmlərdən xəbəri olan bir şəxs kimi danışır. Tələbə yoldaşları həmişə onunla fəxr edir.
Fazil öz istəyilə ailə qurub, sevincli günləri də, kədərli günləri də olub. O heç vaxt başını aşağı salmayıb. Fazilin bir oğlu dəm qazından dünyasını dəyişdi. O, ağır günündə də təmkinli görünürdü. Başını dik tuturdu ki, ailəsi, uşaqları bundan kədərlənməsinlər. Dostları da onun yanında idi. Mən Fazili kədərlənən görmədim. Kədərlənirdisə belə, içində gizlədirdi. Amma hiss edirdim ki, oğlu dünyasını dəyişəndən sonra saçları ağarır. Bütün kədər onun qəlbində idi, kənardan hiss olunmurdu. Ancaq yaxınlığında olanlar görə bilərdi ki, Fazilin saçlarına dən düşür.
Fazillə dost olmuşuq. İndi də hərdən mənə zəng edir, həyatımla maraqlanır. Bu o deməkdir ki, o dostluğu hələ də davam etdirir. İnanıram ki, hansı vəzifədə işləməyindən asılı olmayaraq, həmişə də maraqlanacaq. Təkcə tələbə yoldaşları ilə yox, hamı ilə maraqlanır. Demək olar ki, hamısının harada nə işlə məşğul olduğunu soruşur. Düzdür, istəsək də, istəməsək də tələbəlikdəki kimi bir yerdə vaxt keçirmirik. Çünki mənim də öz işlərim var, onun da. Amma çalışırıq ki, heç olmasa ayda, iki ayda bir görüşək. Toy şənliyində, iraq olsun, müəyyən bir hadisə baş verəndə görüşürük.
Misranə Həsənzadə