Modern.az

Stalinin sonuncu sevgisi...

Stalinin sonuncu sevgisi...

Mədəniyyət

25 Avqust 2014, 22:24

Onun haqqında heç kim, hətta Kreml məmurları belə “Stalinin məşuqəsi” ifadəsini işlətməyə cəsarət edə bilməzdi. O, Stalinin həyatında olan bütün qadınların arasında rəhbər tərəfindən ən çox etibar edilən və ən cox etimad göstərilən şəxslərdən birinə çevrilmişdi.

Modern.az saytı Stalinin sonuncu sevgisindən bəhs edir...

Valentina İstominaya qarşı ən adi kobud bir rəftar, yaxud xoşagəlməz baxışlarla ona nəzər yetirmək Stalin tərəfindən ciddi cəzalarla nəticələnirdu. Stalin onu qoruyurdu, qısqanırdı. Valentina İstomina rəhbər üçün sıradan gələn məşuqələrdən biri deyildi. Sözün əsl mənasında Stalin kimi sərt xarakterli bir adam bu sibirli xanımı görməyəndə darıxırdı. Hər şey isə adi bir hadisədən başlamışdı...

Stalinin səhhətində həmişə problemlər olub. O tez-tez infeksion xəstəliklərdən, mədə problemlərindən, həzm sisteminindən əziyyət çəkib. Bütün bunlara baxmayaraq rəhbər həkimlərin qadağalarına fikir verməyib. İçib, çəkib, yağlı və qızardılmış yeməklərdən imtina etməyib. Mütəmadi olaraq məclislər təşkil edən Stalin gecədən keçənə qədər silahdaşları ilə süfrə arxasında əyləşərək sağlamlığı haqqında düşünməyib. Həkimlərlə ünsiyyətdən qaçan Stalin bir çox hallarda ona təyin olunmuş dərmanların qəbulundan da imtina edib.

Növbəti dəfə Stalin güclü soyuqdəymədən özünü çox narahat hiss edəndə həmin vaxt Stalinin Kremldəki mənzilində adi xidmətçi kimi çalışan Valentina onu müalicə etmək qərarına gəlib. Növbədə olduğu gün adəti üzrə Stalinə çay aparan Valentina bu dəfə sahibinə müxtəlif müalicəvi bitkilərdən dəmlənmiş çay aparıb və həmin çayın xəstəliyin aradan qaldırılmasında faydalı olacağını Stalinə əmin edə bilib. Stalin çayı içdikdən sonra Valentina öz yun şalı ilə sahibini bürüyüb. Az bir müddətdən sonra özünü rahat hiss edən Stalin xidmətçini çağırtdırıb minnətdarlığını bildirib.

Bu hadisədən sonra Valentina İstominanın xidməti iş yeri dəyişdirilib. Vaxtının əsas hissəsini Kuntsovadakı “Yaxın bağ” adlandırılan yerdə keçirən Stalin Valentinanın orda işləməsinə göstəriş verib.

Adi bir əyalət qızına rəhbər tərəfindən xüsusi etimad göstərilməsi Stalinin yaxın ətrafında olan insanlarda müxtəlif fikir və müəmmalar yaratsa da bu münasibətlər haqqında fikir söyləməyə heç kim cürət etməyib. Münasibətlər isə günü-gündən daha sıx və daha yaxın olub.

Stalinin Valentinaya olan etibarı mühafizə, xidmət və tibb personalında, o cümlədən Kreml məmurlarında təəcüb doğurub. İstominanın Kuntsovada işə

başlaması Stalinin bütün xidmət personalında səlahiyyətlərin yenidən müəyyənləşməsinə səbəb olub. Stalinin qidalanması, həkimlərin təyin etdiyi dərmanların saxlanılması və Stalinə verilməsi, hətta rəhbərin yataq otağının hazırlanması yalnız Valentinaya həvalə olunub və etibar edilib.

Bu münasibətlər müəyyən qısqanclıqlar yaratsa da heç kim Stalinin istəyinə qarşı çıxa bilməyib.

Valentina xoş münasibəti, gözəlliyi ilə hamının diqqətini cəlb edib. Lavrenti Beriya və Stalinin şəxsi mühafizəsinin rəhbəri general Vlasik bu gözəllikdən yan keçə bilməyiblər. Müxtəlif yollara əl atıb Valentinanı ələ keçirmək istəyənlər, onunla bir yataqda olmaq arzusuna düşənlər Stalinin sədaqətli sevgilisini yoldan çıxara bilməyib. Bütün bu təkliflər haqqında Valentina Stalini heç vaxt məlumatlandırmayıb. Hətta Lavrenti Beriyanın hədə-qorxusu haqqında da sahibinə danışmayıb.

Belə məsələlərdə Valentina daha hiyləgər vasitələrə əl atıb. Beriya istədiyinə nail olmaq üçün Valentinanı kinoya baxmağa dəvət edəndə kəskin şəkildə rədd cavabı alıb. Elə bu təklifdən dərhal sonra Valentina Stalinə kinoya baxmaq istəyini bildirib. Bu istəyi böyük məmnunluqla qəbul edən Stalin Valentinanı filmlərə baxmaq üçün ayrılmış xüsusi otağa dəvət edib. Hadisədən xəbər tutan Beriya az sonra özünü həmin otağa yetirib. Bu icazəsiz gəliş Stalinin heç də ürəyindən olmayıb və təxminən əmr formasında Beriyanı otağı tərk etməsini sərt şəkildə ifadə edib:

- Lavrenti, artıq filmin yarısı keçib, gecikmisən, sonra baxmağa vaxt taparsan.

- Yoldaş Stalin, elə bu hissədən baxmaq da maraqlıdır.

- Lavrenti get, otağı tərk elə.

Sözsüz ki, istər Beriyanın, istərsə də general Vlasikin Valentinanı ələ keçirmək cəhdləri haqqında Stalinin məlumatı olub. Bu cəhdlər Stalini çox narahat edib. Çünki rəhbər hədsiz dərəcədə qısqanc olub. Bu qısqanclıqdan Valentina zövq alsa da sonda ona baha başa gəlib. Stalin ona rahatlıq verməyən qısqanclığından heç bir günahı olmayan Valentinanı Maqadana sürgün edib.

Valentina İstominanın sürgün həyatı çox da uzun çəkməyib. Qısa bir müddətdən sonra, 1952-ci ildə Stalinin səhhətində ciddi problemlər yarananda o İstominanın təcili olaraq Kuntsovaya qayıtması haqqında göstəriş verib.

Uzun illər Stalinin şəxsi mühafizəsində çalışan zabitlərdən biri həmin ərəfəni belə xatırlayıb: “Valentina İstominanın yoxluğu Stalinə pis təsir etmişdi. Bəlkə də öz daxilində onu sürgünüə göndərdiyi üçün peşimançılıq hissləri keçirirdi. Ancaq o belə hissləri heç vaxt biruzə verməzdi. Səhhəti ağırlaşanda Stalin özünü çox yalqız hiss edirdi. Həkimlərin yazdığı müalicədən və dərmanlardan da imtina etmişdi. Valentinanın qayıdışından sonra isə hər şey dəyişdi. Stalinin göstərişi ilə onu geri qaytardılar. O hərbi təyyarə ilə Moskvaya qayıtdı. Birbaşa bağa gəldi. Otağa girən kimi özünü Stalinin üstünə atdı. Hər ikisi susurdu və hər ikisi ağlayırdı. Mən bu illər ərzində Stalinin ağlamağının ikinci dəfə şahidi olurdum”.



Stalinin şəxsi mühafizəsində çalışan Qriqori Puşkaryov öz xatirələrində Stalin-İstomina münasibətləri haqqında yazıb: “Valentina olduqca cəlbedici xanım idi. İri gözləri, uzun kiprikləri, yaraşıqlı bədən quruluşu ilə hamını valeh edirdi. Bütün mühafizəçilər onu sevirdi və xətrini çox istəyirdilər. Bu Stalinin də diqqətindən yayınmamışdı. Aralarında çox isti və mehriban münasibət var idi. Onlar birlikdə olanda Stalin kənardan çox sevincli və xoşbəxt görünürdü. Stalin Valentinanın ona göstərdiyi qayğıdan xüsusi zövq alırdı. Hətta yatağının hazırlanmasını da ona tapşırırdı. Stalin adətən gecə yarıyadək işləyirdi. Bu müddətdə Valentina da yatmırdı, onun yataq otağına keçməsini gözləyirdi. Əgər gecənin yarısında belə Stalinə nə isə lazım olurdusa onun yataq otağına keçmək səlahiyyəti yalnız Valentinaya verilmişdi. Dəfələrlə şahidi olmuşduq ki, Valentina gecədən xeyli keçmiş, bəzi hallarda isə səhərə yaxın Stalinin yataq otağından çıxır. Bu münasibətlərdə yəqin ki, böyük bir sevgi var idi”.

Bu sevgi Stalinin sonuncu sevgisi olub. Stalin ömrünün son günlərinə qədər bu sevgi ilə yaşayıb. Onun ölümündən sonra da Valentina öz sədaqətini, sahibinə olan istəyini çəkinmədən nümayiş etdirib. Stalinin qızı Svetlana öz kitabında həmin anları olduğu kimi əks etdirib: “Valentinanın atamla vidalaşması dəhşətli bir səhnə idi. O, atamın meyiti uzadılmış divanın qarşısında diz çöküb başını onun sinəsinə qoymuşdu. Kəndlərdə olan yaşlı qadınlar kimi ağı deyərək hönkür-hönkür ağlayırdı. Otağa yığışanlar isə onu sakitcə seyr edirdilər. Heç kim Valentinanı atamın meyitindən ayırmağa cəhd göstərmirdi. Atamın meyitini də Valentina yudu, onu geyindirdi. Mənə elə gəlirdi ki, heç bir kişinin qanuni həyat yoldaşı öz ərini belə hörmətlə son mənzilə yola sala bilməz. Valentina isə bunu bacardı”.

Stalinin ölümündən sonra Valentina İstominaya qalıb işləmək təklifi olunsa da o təqaüdə çıxıb. Jurnalistlərdən, müsahibələrdən yayınan Valentina 1995-ci ildə Moskvada dünyasını dəyişib. Öz ölümü ilə Valentina İstomina Stalinlə bağlı bir çox sirrləri də aparıb. Deyilənlərə görə Stalinin sonuncu sevgisinin qəhrəmanı olan Valentinadan bir qız övladı da olub.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi