Modern.az

2 qəpiklik telefon, 3 qəpiklik su, 80 qəpiklik “BT” - SSRİ-yə SƏYAHƏT

2 qəpiklik telefon, 3 qəpiklik su, 80 qəpiklik “BT” - SSRİ-yə SƏYAHƏT

18 Sentyabr 2014, 20:48

Keçmiş SSRİ haqqında fikirlər, düşüncələr müxtəlif olsa da, fakt budur ki, vaxtilə biz də vətəndaşı olduğumuz bu nəhəng ölkə mövcud olub. Bir çox siyasi hadisələrlə yanaşı, SSRİ həm də öz sadə və hazırki dövr üçün çox maraqlı görünən sosial həyatı, məişəti ilə də yaddaşımızda qalıb. Yaşı 35-i ötənlər yəqin ki, həmin dövrləri nostalji hisslərlə xatırlayırlar.

Modern.az saytı bu yazı ilə sizləri ötən günlərə qaytarır.


O dövrdə yaşayanlar küçələrdə sıralanan telefon köşklərini yəqin ki, unutmayıblar. Cəmisi 2 qəpiyə bu köşklərdəki telefonlarla insanlar bütün ürəklərini boşalda bilirdilər. Nə kontur dalınca qaçmaq lazım idi, nə də bir ətək pul verib smartfon almaq. Onu da qeyd edim ki, bu telefonlarla yaranan münasibətlər, ünsiyyət bu günkü bahalı telefonlarla qurulan əlaqələrdən daha səmimi və daha uzunömürlü idi.


3 qəpiyi aparatın gözünə atıb bir stəkan qazlı, siroplu suyun dadı, ləzzəti də onu içənlərin damağından cətin ki, gedər. Məsələ burasındadır ki, bir gündə eyni stəkandan yüzlərlə insan istifadə etməsinə baxmayaraq bu gündən fərqli olaraq maxtəlif xəstəliklərə yoluxmaq qorxusu yox idi.


20 qəpiklik plombir dondurmalarının ləzzəti heç də bu günkü çoxçeşidli dondurmalardan əskik deyildi.


“Drujba” pendirini o dövrün tələbələri daha yaxşı xatırlayar. 26 qəpiklik bu pendirlə iki dəfə səhər yeməyini yola vermək mümkün olurdu.


33 qəpiklik tomatda olan kilkə konservlərinin də öz ləzzəti var idi. 35 qəpik ödəyəndə kassada qalıq əvəzinə iki qutu kibrit verərdilər.


Sovet uşaqlarının yəqin ki, çoxusu bu oyunu oynayıb. Bu oyunda üstünə rəqəmlər yazılmış daşları sürüşdürərək 1-dən 15-ə qədər sıralamaq lazım idi. Valideynlər uşaqlarının bu tələbatını ödəmək üçün 46 qəpik xərcləməli olurdular.


Pivə həvəskarları bu günə qədər də bakalı 35 qəpiyə olan köpüklü pivədən bəh-bəhlə danışırlar.


Danılmaz faktdır ki, sovet dövrünün kinoları çox maraqlı idi. Ən başlıcası müasir dövrümüzdən fərqli olaraq seks-filan yox idi. 30-50 qəpik arasında dəyişən qiymətlərlə bilet alıb kinoya baxan adamlar kinodan zövq almağı bacarırdılar.


Mağazalarda tez-tez qəhətə çıxan Hindistan çayına söz ola bilməzdi. 90 qəpik qiyməti olan bu çayın ətri əvəzsiz idi.


1 litr südün qiyməti 24 qəpik idi. Belə qablaşdırılmış paketlərdəki süd isə 16 qəpiyə satılırdı.


Bu sayğacı da xatırlamaq çətin deyil. Hər kilometrinə 20 qəpik ödəyib taksi ilə istədiyin yerə gedə bilərdin.


Sovetlər birliyinin həyat tərzindən danışanda “Bıt mojet” ətrini xatırlamamaq mümkün deyil. Bu ətir qadınlar üçün olsa da onu əldə etmək kimi müşkül məsələ kişilərin boynuna düşüb.


1 rubl 20 qəpik xərcləməklə bu ətiri xanımlara hədiyyə eib könüllərini xoş etmək mümkün idi.


Kişilərin parfymu isə “Şipr” odekalonu ilə yadda qalıb. 90 qəpiyə bütün varlığının iyini dəyişən bu odekalon kifayət qədər populyar olub.


SSRİ dövründə yerli siqaretlərdən daha çox bolqar siqaretlərinə olan maraq da yaddan çıxmayıb. Opal, Veqa, Rodopi, Feniks, Tu və digərləri daha çox istifadə olunan siqaretlər olsa da BT bərk gedənlərin çəkdiyi siqaret idi. 80-ci illərdən bu siqaretin qiyməti 80 qəpik olmuşdu. “Ələsgər BT-dü” söhbəti elə-belə yaranmayıb.


Rus arağını bu gün də arzulayan həvəskarlar çoxdur. Nə baş ağrısı verən, nə də içən kimi yuxu gətirməyən bu içkinin qiyməti əvvəllər 3 rubl 62 qəpik, sonralar isə 4 rubl 42 qəpik olub.

Biz SSRİ-yə kiçik bir ekskurs etdik. Bəlkə də bir az maraqlı idi. Amma insan həyatında ən böyük maraq və ən böyük şərəf onun müstəqil olması, başının üstündən öz bayrağının dalğalanmasıdır. Bu gün müstəqil Azərbaycanın başının üstündə dalğalanan üçrəngli bayraq kimi.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!