Modern.az

Koroğlunun heykəli plagiatdırmı?

Koroğlunun heykəli plagiatdırmı?

Mədəniyyət

9 Oktyabr 2014, 15:43

Mahir Qabiloğlu


Heykəltaraş Tokay Məmmədova, onun yaratdığı eks Əzizbəyov, eks 11-ci Qızıl Ordu heykəllərinə böyük, Nəsimi heykəlinə cüzi rəğbətimə rəğmən bildirməliyəm ki, Koroğlu heykəli plagiatdır. Düzdür, məndə belə bir şübhə də var ki, Koroğlu heykəlini  ümumiyyətlə Tokay Məmmədov yaratmayıb. Çünki bu onun sənətkarlıq səviyyəsindən, imkanlarından qat-qat aşağı bir sənət nümunəsidir. Azərbaycan heykəltaraşlığına ləkədir. Bu sənətin şikəst əsəridir.


İndi sual verə bilərsiniz ki, axı, Mahir, sən sənətşünas deyilsən? Düzdür. Sadəcə mənim bədbəxtşiliyim ondadır ki,  10 yaşında Leninqraddakı heykəlləri, Bakıda Sabsayın, Fuad Əbdürrəhmanovun, Cəlal Qaryağdının monumental heykəltaraşlıq incilərini görüb seyr etmişəm. Zövqüm bu fonda formalaşıb. Nə olsun ki, sənətşünas deyiləm. Amma xalqın gözü mizan-tərəzidir.


Gəlin bir az konkret olum. İki mülahizəm var. Birincisi – Koroğlunun heykəli plagiatdır. İkincisi – bu heykəli yaşı səksəni ötən Tokay Məmmədov yarada bilməzdi. Daha doğrusu Tokay Məmmədov bunu özünə yaraşdırmazdı. Nəsə uşaq-muşaq  barmağı var bu işdə. Necə? İzah edim də.


Dissertant gəlir akademikin yanına ki, bəs elmi rəhbərim ol, himayə et məni. O da deyir ki, “baş üstə”.  Sonra dissertant elmi kitab çap etdirmək istəyir. Akademikə verir ki, o da bir dərkənar qoysun. Akademik də guya oxuyur.  Sonra da deyir ki, kitabda bəzi boşluqlar vardı, onları doldurdum. Bəzi əlavələr etdim. Nəticədə akademikin adı müəllif sırasında birinci yazılır,  naşı dissertantın adı isə ikinci. Oxuyanlar da baxır ki, bəs kitabın ön sözüylə, finalı heç uyuşmur elmi əsərə. Nəsə akademikin barmağı var burda. Kitab isə ümumilikdə zəifdir.  İndi lətifəsi Koroğlunun heykəlindən uzaq.


Birinci mülahizəmi mən sübut etməyə çalışacağam. İkincisini isə...  əgər belə olubsa, heykəltaraş Tokay Məmmədov  özü etiraf etməlidir. Əgər desə ki, belə olmayıb, bu heykəldə “dissertant əli” yoxdur... Onda bir misalı çəkmək məcburiyyətində qalacağam...  İndi isə mərhələylə fikirlərimi açıqlayım.



HƏKİM VƏ DONUZ


Son günlərin bir lətifəsi var. Yəqin eşitmisiniz. Bir azərbaycanlı təcrübəçi həkimi göndərirlər xaricə təcrübə keçməyə, yeni cərrahi əməliyyatlara yiyələnməyə. Klinikada ona izah edirlər ki, bu əməliyyat çox təhlükəlidir. Ona görə də birinci heyvanların üzərində təcrübə aparmalısan. Bütün xərclər nəzərə alınıb, amma donuzun pulunu özün ödəməlisən. Nə az, nə çox, düz 80 avro. Azərbaycanlı təcrübəçi də onlar deyən kimi  edir. 80  avro verib donuz alır. Elə birinci təcrübədə donuz ölür. İkincisini alır, o da ölür. Daha doğrusu, onu da öldürür. Beləcə beş gündə beş donuz - bizim jurnalistika dilində desək - həkim səhlənkarlığının qurbanı olur. Axırda təcrübəçi bezir. Oxumaqdan, öyrənməkdən yox, donuza pul verməkdən. Cərrahiyyə əməliyyatının texnologiyasını, dərmanları öyrənir, deyir ki, mən getdim, sağ olun. Soruşurlar ki, hara? Deyir ki, Azərbaycana. Orda adamların üzərində öyrənəcəyəm, özü də havayı. Öləndə də deyəcəklər ki, alın yazısını pozmaq olmaz, əcəli elə buracan imiş.


İndi lətifəsi bizim rəssamlardan uzaq. Bu sənətdə natura deyilən bir qayda var. Hətta böyük imperatorlar belə, rəssamların qarşısında saatlarla otururlarmış ki, şəklimi çək, yaxud da heykəlimi yap. Bəziləri isə at belində. Lüt qadın şəkli çəkənlər isə saatına filan qədər verib naturaçılar dəvət edirlər ki, rəsmləri daha gözəl və qüvvətli alınsın. Görəsən niyə belə edirlər? Lüt qadınmı görməyiblər, yaxud da təbiətmi seyr etməyiblər? Yaddaşlarında qalanları köçürsünlər, vəssalam-şüttəmam. Daha niyə əlavə xərc çəkirlər ki? Çünki sənətkar ustalığı  təkcə insanın xaricini, təbiətin gözəlliyini tabloya köçürməkdən ibarət deyil. Ordan gələn ruhu, enerjini, hissləri də qələmə almaq bacarığıdır.


Atam Qabilin dediyi bir sözü yenə də xatırlatmaq istəyirəm: Ona sual verəndə ki,  qadını sevərək yazılan sevgi şeiriylə,  qadını sevməyib yazılan sevgi şeiri arasında fərq nədir? Cavab vermişdi ki, bir var bulaq suyu, bir də var labaratoriyada distilə edilmiş su. İkisinin də kimyəvi formulu H2.0-dur. Amma biri dadlıdır, o biri dadsız.


Qayıdım yavaş-yavaş mövzuya. Üzeyir Hacıbəyovun “Koroğlu”operasında baş rolu oynayan Bülbül səhnəyə bilirsinizmi necə daxil olurmuş? Atın belində. Bəli, bəli, Opera və Balet teatrının kiçik səhnəsində bütün təhlükələrə baxmayaraq rejissorun təxəyyülü bu cür həllini tapırmış. Bu tapıntı deyildimi? Bəlkə də rejissor Üzeyir Hacıbəyov dühasının məhsulu olan operanın quruluşunu  ikiqat gücləndirmişdi bu addımıyla. Koroğlu varsa, Qırat da səhnədə olmalı, görünməliydi. Təsəvvürdə yox, canlı.


İndi sual olunur. Görəsən Tokay Məmmədov öz geniş emalatxanasına neçə dəfə at gətizdirib? Yaxud da ki, Koroğluya prototip kimi hansı enlikürək, hündürboy oğlana paltar geyindirib atın belində saatlarla otuzdurub eskizlərini edib?  Axı, bu heykəl üçün kifayət qədər pul buraxılmışdı ki, nəinki at kirayələmək, hətta ilxı almaq olardı. At, naturşik, qədimi paltar, qılınc, qalxan tapmaq belə çətin idimi? Əsla. Tokay Məmmədov bunu etmişdimi? İnanmıram. Etsəydi bu cür səviyyəsiz heykəl şəhərimizin ən gözəl yerini “bəzəməzdi”.



BU HEYKƏL TOKAY MƏMMƏDOVA NİYƏ TAPŞIRILDI?


Bilmirəm təsadüfdür, yoxsa? Amma belə məlum olur ki, Koroğluyla bolşevik Əzizbəyov arasında nəsə bir paralel var. “Əzizbəyov” metrostansiyasının adını dəyişib Koroğlu qoydular. Tokay Məmmədovun yaratdığı Əzizbəyov heykəlini yerlə yeksan edib, əvəzində Koroğlunun heykəlini ona həvalə etdilər. Belə çıxır ki, Koroğlu heykəli Əzizbəyov heykəlinin qanbahası imiş. Məhkəmə proseslərində qanbahası görmüşdük. Ölmədik heykəltaraşlıqda da bunu gördük. 


TƏSƏVVÜR EDİN


Bir anlıq təsəvvür edin. Koroğlu heykəlini yapmaq Tokay Məmmədova yox, sizə həvalə olunub. Nə edərdiniz? İlk ağlınıza o gələrdi ki,  bu heykəl hansı formada olmalıdır? Koroğlu Qıratsız təsəvvür edilmədiyinə görə, heykəlin də iki elementdən – Koroğlu və Qıratdan ibarət olması vacibdir. Bu bir. İkincisi, Koroğlu hökmən atın belində, əlində də qılınc olmalıdır. Üçüncüsü... Bax üçünçü elementdə hər şey dalana dirənir. Əgər at şahə qalxmış vəziyyətdə olsa, ilk növbədə Pyotrun Peterburqdakı heykəli gəlib duracaq göz önündə. İkincisi də ki, bu cür formalı Koroğlu heykəli artıq Naxçıvanda ucaldılıb. Əgər at sakit durmuş vəziyyətdə olsa... Burda da qeyri-adi bir şey yoxdur. Bu forma fatehlərə xas bir quruluşdur. Kralların, Çingiz xanın Monqolustandakı heykəlinə bənzəyəcək. Bu həm də Koroğlunun xarakterini açmağa imkan verməyəcək. Onda neyləməli? Gəl elə atın dörd ayağı da göydə qalsın. Bax bu, yenilikdir. Bəs bu cür vəziyyətdə neçə ton ağırlığında heykəli hündür pedestala necə otuzdurmalı? Hə, bu vaxt Çənlibel qayalığının şiş ucu köməyə gəlir. Dayağı Qıratın qarnının ortasından yerləşdirmək olar. (Tokay Məmmədov əvvəl belə etmişdi. Sonra gördülər ki, başqa bir mənzərə alınır. Guya ki, Qırat qayalıqdan hoppanır. Qarnı qayalığın şiş ucuna ilişir və cırılır. Yazıq at. Və o saat başqa əlac tapıldı. Pedestaldan boz qranitdən ucalan həmin şiş ucu biədəb şəkildə kəsib götürdülər. Heykəli Koroğlunun sol ayağına bərkitdilər. Belə təsəvvür yaranır ki, Koroğlunun ayağı nəyəsə ilişib qabağa gedə bilmir. Amma demə bu əlavə olunmuş element, daha doğrusu dayaq heykəltaraş təxəyyülündə bulud imiş. Şəkililər burda deyib e... “heykəltaraş, sənin təxəyyülünə dana kəsim”).


PEDESTAL


Heykəlin pedestalı normal ölçü və hündürlükdədir. Yəqin ki, bunu yaradıcı heyət dəfələrlə ölçüb-biçib. Bir də ki, pedestal alçaq olsaydı, heykəlin bütün eyibləri aydın görünəcəkdi. İkinci tərəfdən isə atın damarları, və digər ayıb bədən üzvləri aydın-aşkar verilməliydi. Bu isə mentalitetimizə yad bir elementdir. Yaxşısı budur ki, yuxarıda olsun. Bilinməsin ki, Qırat dişidir, ya erkək. 


Həm də pedestal məsələsi Azərbaycan heykəltaraşlığında ən yaralı yerdir. Məhz bu elementə görə Nəriman Nərimanovun Sovetskidəki əzəmətli heykəli şikəst heykəllər sırasına daxildir. O vaxt Moskvanın “Nərimanovun heykəlinin pedestalı Kirovun heykəlinin pedestalından hündür olmamalıdır” siyasi qərarı, heykəltaraş Cəlal Qaryağdını da pis vəziyyətdə qoymuşdu.


SON QƏRAR


Və belə qərara alınır ki, at çaparaq vəziyyətdə olsun. Burdan başqa xırdalıqlara varmaq istəmirəm. Deməyəcəyəm ki, Koroğlu atdan böyükdür. Yazığın ayaqları yerə dəyib əzilir. Altındakı Qırat yox, Ponidir. Sadəcə iki şeyi qeyd etmək istəyirəm.


İnşaatda taraz deyilən bir alət var. Amma ustalar çox da bu alətə inanmırlar. Əlavə olaraq qırağa çəkilib tikdikləri divara bir də baxırlar. Sonra da əlavə edirlər ki, ən düzgün taraz, mizan -  insan gözüdür.


Koroğlu heykəlinin qabağında dostumu gözləyirdim. “Göyçə” xəngəlxanası o həndəvərdə yerləşir. Gedirdik xəngəlləməyə. Bir süpürgəçi də bağda təmizlik işləriylə məşğul idi. Birdən dayandı. Başını yuxarı qaldırıb Koroğlunun heykəlinə baxdı və: “Bu heykəli yapanın..!”.

ŞƏXSİ MÜLAHİZƏLƏRİM


Koroğlunun dövründən bizə yalnız dastan qalıb. O da aşıqlarımızın dilində gəlib bu günə çıxıb. Amma indiki dövr internet dövrüdür. İnternetdə nə desən tapmaq olar. İnanmıram ki, yaşlı, qoca insanlar interneti sevir. O cümlədən Tokay Məmmədov da. Yəqin “dissertant”ı cəld tərpənib və istədiyini tapıb. Axtarışa Koroğlu adını verib. Görüb ki, bir şey hasil olmur. Ya kinodan fraqmentdir, ya da ki, operadan. Rus əlifbasıyla yazıb. Yenə də heç nə hasil olmayıb. Bu dəfə “Koroğlu dəli” yazıb. Alınmayıb. Rus dilinə tərcümə edib. “Koroqlu psix”, “Koroqlu sumaşedşiy” yazıb. Yenə də nəticə olmayıb. Deyib ki, qoy onda “Koroqlu durak” yazım. Bu zaman ekrana nə gəlsə yaxşıdır? Rus xalq nağılı “İvan-durak”, Yaxud da “İvanuşka duraçok”. Özü də sevimli atı Qorbunokun belində.  İki əlləri yanda. Sol əlində də “Jar-ptitsa”, tərcümə etsək Simurq quşu. Atın da bütün ayaqları göydə. “Ura” deyib yerindən  hoppanır. Şəkli flyaşkaya köçürüb gəlir kompüter sexinə. Dizaynerə beş-on manat verir. Birinci atın qulaqlarını qısaldır. İvan-durakın papağını milliləşdirir. Bığ qoyur. Priçoska verir.  Əlindəki quşu sildirir. Yerinə qalxan taxır. O biri əlinə isə qılınc verir. Hər şeyi düzgün edir. İvan-durakı miqyasa uyğunlaşdırır. Amma Konyok-qorbunok yaddan çıxır.  Atı da böyütsəydi, bu “dissertant”ın heç misli-bərabəri olmazdı. Beləliklə çox da tanınmayan sovet rəssamı və multiplikatoru, 1996-cı ildə 71 yaşında rəhmətə gedən Vladimir İvanoviç Zarubinin Yeni il münasibətilə buraxdığı açıqça yaman karına gəlir. “İvan-durak” Koroğlu olur, “Konyok Qorbunok” isə Qırat.


Beləcə Azərbaycan heykəltaraşlığında yeni, möhtəşəm sənət əsəri dünyaya gəlir.


Burda pis bir şey yoxdur. Azərbaycan mədəniyyətlərin qovuşuğunda yerləşir. Bu cür heykəlin dünyaya gəlməsini pisləməyin, əksinə təqdir edin. Təqdir edin ki, yaşı səksəni ötmüş heykəltaraş bu cür müasir bir əsər ortaya qoya bilib. Əgər yaxşı dəyərləndirsək, lap Nobel də ala bilər. Sadəcə iki düzəliş lazımdır. Birinci, heykəlin pedestalında Koroğlu sözünün altında, mötərizə də (İvan-Durak) sözləri də cızılsın. İkincisi də Tokay Məmmədov aldığı qan bahası pulundan Vladimir İvanoviç Zarubinin ailəsinə bir halallıq göndərsin. Çox yox, 100 min dollar olsa bəsdir.


İKİNCİ MÜLAHİZƏ


Birinci mülahizəmi şəkillərlə hardasa isbat etməyə çalışdım. Razılaşacaqsınız, ya yox? Bilmirəm. Bircə bunu bilirəm ki, kor-kor, gör-gör.


İkinci mülahizəm isə Tokay Məmmədovun bu heykələ aidiyyatının olmamasıdır. Düzdür “elmi rəhbər” odur, ad da onundur. Amma Koroğlunu yapanlar, yapdıməli edənlər “dissertant”lardır. Düzdür buna saxtakarlıq derlər. Amma ki, Tokay Məmmədovun 70 il qazandığı hörmətin bir heykələ qurban getməsinin fonunda bu saxtakarlıq heç nədir. Əgər bu mülahizəmi sənətkar və heykəltaraşlıq sənətinin müasir üzvləri qəbul etmirlərsə, son əhvalatımı oxusunlar. Görsünlər ki, hansı yaxşıdır? Saxtakarlığı qəbul etmək, yoxsa Tokay Məmmədovun bu yaşında “şalvarının düşməyi?”


SON


Bir böyük Azərbaycan aktyoru olur. Adını yazmayacağam. 20-ci əsr Azərbaycan teatrının təşəkkülündə böyük xidmətləri vardı. Böyük dramatik rollar yaratmışdı. Titullarını saymaq da istəmirəm. Sadəcə bir məqamı qeyd edim.


Bu aktyor qocalır. Eşitdirirlər ki, daha səhnəyə çıxma. Rolu unudarsan, ya səndələyib yıxılarsan, hörmətdən düşərsən. Qulaq asmır. Günlərin bir günü tarixi dramda oynamaq üçün yenə  səhnəyə çıxır. Taxtından ayağa duranda şalvarı düşür. Alt paltarı görünür. Demə şalvarın düyməsini yaxşı  bağlamayıbmış. Bilmirəm doğrudur bu hadisə, ya yox. Atamdan eşitmişəm. Sadəcə bu əhvalatda bir məntiq var. Hər bir sənətkar özünə hörmət qoyub vaxtında sənətini tərk etməlidir. Xanəndələr xoruz buraxmamış, aktyorlar şalvarı əynindən düşməmiş, heykəltaraşlar isə Koroğlunu İvan-durak, Qıratı isə Konyok-qorbunok cildində görməmiş.


P.S.
Bir təklifim var. Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev! Xahiş edirəm Koroğlunun, Qara Qarayevin  heykəlləri yenidən işlənsin.
Hörmətlə: vətəndaş Mahir İmamverdiyev.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi