Türkiyədə nəşr olunan “Agos” qəzeti azərbaycanlı müxbiri Arzu Qeybullayevanın “müdafiəsi kampaniyası”na başlayıb. Modern.az-ın məlumatına görə, adıçəkilən erməni mətbu nəşrinin bugünkü sayında “Redaktor qeydləri” dərc edilib. A. Qeybullayeva haqında Azərbaycan mediasında səslənmiş tənqidi fikirlərə münasibət bildirən “Agos” Modern.az-ı əsas hədəf seçib.
Sözügedən nəşr Arzu Qeybullayevanın məhz saytımıza vediyi müsahibədən sonra ona qarşı qarşı qərəzli kampaniyanın başladığını vurğulayıb.
Qeyd edək ki, bu il martın 27-də Modern.az saytına verdiyi müsahibəsində “Agos” müxbiri Arzu Qeybullayeva “Agos”un “mehriban komandası ilə birlikdə işləməkdən məmnunluğunu” ifadə etmişdi. Bu ifadəsi və digər açıqlamaları Azərbaycan cəmiyyətində ciddi tənqidə tuş gəlib.
Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbu orqan Arzu Qeybullayevanı ermənipərəst olmaqda ittiham edib. “Agos”un bugünkü sayında Azərbaycan jurnalistlərinin Arzu Qeybullayeva ilə bağlı mövqeyi barədə dərc etdiyi yazıda bəyan edilib ki, əməkdaşlarına qarşı aparılan təbliğata səssiz qala bilməzlər. Arzu Qeybullayeva isə bildirib ki, Azərbaycandan olan şəxslərin onun ünvanına işlətdiyi “erməni iti”, “xain” kimi ittihamlardan çox pis olub.
Xatırladaq ki, Modern.az-a müsahibə verərkən A. Qeybullayevaya ona ünvanlanan suallarda heç bir qərəz hiss etmədiyini vurğulamışdı. “Agos”un azərbaycanlı əməkdaşı ona verilən bütün sualları normal qarşılamışdı. Lakin “Agos” sonradan sualların təxribatçı xarakterli olduğunu bəhanə edərək Arzu Qeybullayevanın bir neçə dəfə “müdafiə”sinə qalxıb.
Sonda Modern.az saytı olaraq bir daha qeyd edək ki, A. Qeybullayeva sadəcə “Agos” əməkdaşı deyil, həm də bir zamanlar Memarlıq və İnşaat Universitetinin rektoru, habelə Türkiyəyə mühacirət etdikdən sonra keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri olmuş Qeybulla Qeybullayevin qızı olduğu üçün maraqlı idi. Müsahibədən sonra digər saytların A. Qeybullayeva haqqında yazdığı yazılar və oxucu rəylərinə görə məsuliyyət daşımırıq.
Aqşin Kərimov
P.S. Bu gün Türkiyədə nəşr olunan “Radikal” qəzeti də eyni mövzuda – A. Qeybullayeva ilə bağlı məqalə dərc edib