Modern.az

“Sənə sonuncu məktubu yazıram...” - Tanınmışlar son dəfə nə vaxt məktub yazıb?

“Sənə sonuncu məktubu yazıram...” - Tanınmışlar son dəfə nə vaxt məktub yazıb?

15 Oktyabr 2014, 13:41


İnformasiya texnologiyalarının inkişafı əl yazısı anlayışını demək olar ki, yoxa çıxarıb. İnsanlar çox nadir hallarda qələmi ələ alıb yazı yazırlar. Üstəlik, internetin inkişafı ilə məsafə anlayışı da itdiyindən artıq zərflə məktub yollamaq vərdişi də gerçəklikdən yox olub. Maraqlıdır, tanınmışlar sonuncu dəfə nə zaman məktub yazıb və onu köhnə poçt sistemi ilə yollayıblar?

Modern.az bu mövzuda sorğu keçirib. 

Deputat Fazil Mustafa qələmlə məktub yazdığını artıq xatırlamır. O, qeyd edib ki,  kompüter çıxandan qələm vərdişini unudub. “Ancaq hansısa material üzərində, kitab oxuyanda qeydləri qələmlə edirəm. Bəlkə də 10 il və daha çox olar ki, məktub yazmıram”.

Onun həmkarı Jalə Əliyeva yazılı məktubu uzun illər öncə göndərdiyini deyib. “Nə vaxt göndərdiyimi xatırlamıram, indi rəsmi məktubları ancaq kompüterlə göndərdirəm. Şəxsi məktubları isə SMS və mail vasitəsi ilə edirəm”.

Deputat Aqil Abbas isə sonuncu dəfə 1970-ci illərdə məktub yazdığını bildirib. “Həmin vaxtlar universitetdə oxuyurdum, dostlarım hərbi xidmətdə idi. Onlara məktub yazırdım”. 

Deputat Kamilə Əliyeva ilk və sonuncu məktubu sovet dövründə pioner düşərgəsində qaldığı vaxt valideynlərinə göndərib.

Yazıçı Seyran Səxavət sonuncu dəfə nə vaxt məktub yazdığını heç cür xatırlaya bilmir.

“Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Pasayev sonuncu dəfə Türkiyədə təhsil aldığı vaxtlarda məktub yazdığını deyib.
“Dəqiq tarix yadıma gəlmir, amma 90-cı illərin əvvəlləri idi. O vaxt Türkiyədən kəndimizə zəng etmək olmurdu. Hərdən ailəm şəhərə gəlirdi, onlarla elə əlaqə yaradırdım. Ancaq ilk illər müntəzəm məktub yazırdım. Daha sonra texnologiya inkişaf etdi və məktub tarixə qovuşdu”.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, təqribən 1 həftə əvvəl təhsil aldığı müddətdə İngiltərədə yaşayan qonşuları, çox sevdiyi Barbara və Ronniyə məktub yazaraq poçtla göndərib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, son zamanlara kimi rəsmi yazışmalarda poçt xidmətindən yetərincə istifadə edib. Qələmlə sonuncu dəfə təxminən 3 il öncə məktub yazdığını bildirib.

Xəzər TV-nin “Ənənə boxçası” verilişinin aparıcısı Leyla Mustafayeva isə ona çox məktub yazıldığını, lakin onları cavablandırmadığını deyib. “Yazılan məktublar mənə maraqlı olmayıb. Əgər sevdiyim olsa idi, məktub yazardım”.

“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu sonuncu dəfə qələmlə məktubu 2004-cü  ildə yazdığını deyib.

“ Hərbi xidmətdə olduğum zaman başqa bir hərbi hissədə dostum əsgər idi. Onunla həmin vaxt məktublaşırdıq. Ondan sonra yadıma gəlmir ki, qələmlə kağıza məktub yazım”

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB