Modern.az

Məmməd Arazın şeirinə qulp qoyulmağı: “Belə də şeir olar?” - Məzəli ƏHVALATLAR

Məmməd Arazın şeirinə qulp qoyulmağı: “Belə də şeir olar?” - Məzəli ƏHVALATLAR

16 Oktyabr 2014, 16:42

Jurnalist, Prezident təqaüdçüsü

İndi təqdim etdiyim məzəli xatirələr, yaddaqalan söhbətlər tanınmış şəxsiyyətlərlə bağlı olduğu üçün, düşünürəm ki, oxucuların da marağına səbəb ola bilər.

***

Vaxtılə böyük nüfuza malik “Bakı” və “Baku” axşam qəzetlərinin redaksiyası Çkalov küçəsində (indiki Niyazi küçəsi) yerləşirdi. Qəzetimiz “Azərbaycan” mətbəəsində (indiki Mətbuat prospektindəki) çap olunurdu. Redaktor müavini hər gün növbətçi ədəbi işçi ilə mətbəyə gedərdilər, qəzetin çapına qədər orada olardılar. Adətən hər gün səhər saat 9-dan işdə olan redaktor Nəsir İmanquliyev mənim mətbəə növbətçiliyim günü işə gec gəldi. Mən və redaktor müavini Əhməd Rəşidov redaksiyanın foyesində Nəsir müəllimi gözləyirdik. Redaktor:

-Əhməd, maşın küçədə sizi gözləyir, tez olun, gecikməyin. Maşında professor Mübariz Əlizadə oturub, yaxınlaşıb salam ver, onu yolüstü akademiyanın təzə binasının yanında düşürüb mətbəəyə gedin...

Hər ikimiz tələsik ayrıldıq. Əhməd müəllimi bilmirəm, amma redaktorun “yaxınlaşıb salam ver” deməsi məni yaman tutmuşdu. Necə yəni, tanınmış şəxsə rast gələsən, salamlaşmayasan?

Nə isə, maşına minəndə Əhməd müəllim dinməzcə qabaq oturacaqda oturdu, mənsə arxada, M.Əlizadənin yanında. Mən etikaya görə salamı başımı əyməklə çatdırdım və gözləyirdim ki, sükutu Əhməd müəllim pozacaq. Beləcə gedib akademiya binasının qarşısına çatdıq. Mübariz müəllim xudahafisləşib maşından düşdü. O, ayrılandan sonra “salam ver” sözlərini Əhməd müəllimə xatırlatdım.

-Hə, bu Nəsir məni elə çaşdırdı ki, salam verməyi unutdum, adama belə tapşırıq verərlər?

Görünür, Nəsir İmanquliyev yaxşı bilirmiş kimə nə tapşırıq verir.

***

Sovetlər dövründə (1986-1987-cı illərdə) Türkiyədə ezamiyyətə getmişdim. Türk oğlu olduğum üçün ora getmək imkanı əldə etməyimə çox sevinirdim. “Atan türk olub” deyə qohum-əqrabaların səfərimə qəti gümanı yox idi. Xoşbəxtlikdən bu səfər baş tutdu.

İstanbulla Ankara yolu üstündə Bolu vilayətinin Qerədə qəsəbəsində metallurgiya zavodu tikilirdi. Orada rus mütəxəssisləri ilə birgə işləyirdim. Tərcüməçiləri mən idim. Bizim günlərimizin xoş keçməsi üçün zavodun rəhbərliyi tədbirlər həyata keçirir, hər şənbə-bazar günləri səyahət və gəzintilər təşkil edirdilər. Belə tədbirlər yaz-yay aylarında Qerədə yaxınlığında “Əsən təpə” adlı yerdə baş tuturdu. “Piknik” xarakterli güşədə - dağların qoynunda çoxillik şam ağacları cərgələnirdi, göl vardı, iaşə ocaqları, idman qurğuları fəaliyyət göstərirdi.

Belə tədbirlərin birində çox isrardan sonra mərhum şair dostum Nüsrət Kəsəmənlinin “Açıl bənövşəm” şeirini oxudum. Bu şeirin sonuncu bəndini şair “açıl” sözünü “yumul” sözü ilə əvəzləmişdi. Bunu da dünyada atom silahı təhlükəsi artdığına görə “qara buludların” gəlişi ilə bağlı dəyişmişdi.  Mən “yumul bənövşəm, yumul, açılmaq zamanı deyil”, deyər-deməz türk mütəxəssislərdən biri ayağa qalxdı:

Açıl mənəqşəm (yəni “bənövşəm”), açıl, bu yerlərə Zeynəb Xanlarova gələcək! – dedi. Sürəkli alqışlar qopdu.

Təsəvvür edin ki, qərib yerdə (o zaman bu yerlər bizə çox uzaq idi, ancaq Moskvadan gedib-gəlirdik, məktublarıma cavabı 40 gündən sonra alırdım) SSRİ xalq artisti Zeynəb Xanlarovanın adının çəkilməsi necə də xoş idi.

***

Gənclik və yeniyetməlik dövründə xəyal adamı göylərə qaldırır. Tükənməz arzuların qoynunda tanınmaq, şöhrətlənmək istəyirsən. Mənim uşaqlıq çağımın keçdiyi günlər Qərbi Azərbaycanın Vedibasar mahalı ilə bağlı olub. O vaxt şair və yazıçıların, musiqiçilərin əhatəsində böyüyürdüm. Ən çox pərəstiş etdiyim vedili Fərman Kərimzadə idi. Qardaş-bacılarımla bir sinifdə oxuyan Fərman bizə tez-tez gələrdi. Hər dəfə də söhbət şeriyyatdan düşərdi. 4-cü sinifdə oxuyurdum. Şeir yazmaq , tarda mahnı çalmaq istəyirdim.

-Şeir yazmaq üçün gərək ilhama gələsən... Hər gözəlliyi görə biləsən... Təbiəti, insanları sevəsən ...

-İlhama gəlmək üçün neyləməliyəm? - deyə cəsarətə gəlib soruşdum. Fərman Kərimzadə gülümsünüb başımı sığalladı.

-Biz Lətiflə (böyük qardaşım) gedirik “Qotur bulağına”, gəl sən də bizə qoşul, orada başa salaram.

Qanadım olsaydı, uçardım. Zarafat deyil, axı şair olacaqdım.  Tez “oppa” paltarımı qeyindim – gəzintiyə gedəndə geyindiyimiz əyin-baş paltarlarımız belə adlanırdı.

Yola çıxdıq. “Qotur bulaq” rayon mərkəzi Böyük Vedidən çox da uzaq deyildi. Dağların arasında müalicəvi su bulağı vardı, oradan çıxan yeraltı mədən suyunun qarşısında kiçik göl düzəltmişdilər. Camaat hər cür xəstəliyə dərman sayılan bu göldə çimər, bütün günü dincələrdi. Kəklikotulu samovar çayı, yeyib-içmək də öz yerində.

-Biz bura kefə gəlməmişik, - deyə Fərman Kərimzadə dilləndi. – Bax, bu dağları görürsünüz, hərəmiz bir dağın başına çıxmalıyıq, ətraf gözəlliyini seyr etməliyik və bundan aldığımız ilhamı sətirlərə köçürməliyik.

Bu minvalla hərəmiz bir dağın başına qalxdıq. Elə dağın başında təzəcə çöməlib oturmuşdum ki, qartallar ətrafımda dövrə vururdu, qorxu hissi məni titrətdi. Tez Fərman Kərimzadənin yanına qaçdım. Qorxduğumu bildirmədim, dedim acmışam, evə gedirəm. Fərman tədarüklü idi, heybəsindən lavaş-pendir çıxarıb mənə verdi.  Ye, get yerinə.

-Yox , - dedim, - mən nə qədər baxdımsa cuşə gələ bilmədim. İlhamım gəlmədi.

Beləcə evə qayıdanda qardaşım Lətif də dedi ki, “ilhama gələ bilmədin”. Amma Fərman Kərimzadə ilhama gəlmişdi. Sonradan bildim ki, “Vedinin yanı dağlar” məşhur şeirinin bəzi sətirləri bu yerlərin əks-sədası imiş...

***


AzTV-dəki “Dalğa” verilişində redaktor işləyirdim. Burada dörd yaradıcı qrup fəaliyyət göstərirdi. Redaktor, rejissor, operator və aparıcıdan ibarət qrup ayda bir veriliş hazırlayırdı. Qruplar arasında yaxşı veriliş uğrunda sanki yarış gedirdi.

Bir gün rejissor Məhərrəm Bədirzadə (indi o əməkdar incəsənət xadimidir, çoxlu tamaşanın rejissorudur, samballı mükafatlara layiq görülüb) gəldi ki, Niyam gəlib (o vaxt biz Niyaməddin Musayevi belə çağırırdıq), təzə mahnı yazdırıb, istəyir ki, ilk dəfə “Dalğa”da səslənsin.

-Yaxşı olar, dedim, gedək mahnıya qulaq asaq. Qonşu otağa keçdik, lenti səsləndirdik. Həqiqətən, gözəl musiqi parçası idi. Otağa qayıtdıq. Hamı mənim fikrimi bilmək istəyirdi. Sükutu pozdum:

-Niyam, yaxşı mahnıdır, amma sözləri xoşuma gəlmədi.

-Nə danışırsınız, şeirin müəllifi Məmməd Arazdır.

-Nə olsun Məmməd Arazındır? Belə şeir olar? “Dünya sənin, dünya mənim, dünya heç kimin...”. Bu nə deməkdir?

Niyaməddin Musayev tərs-tərs üzümə baxıb lenti götürdü və otaqdan çıxdı. O gedən kimi otaqda qəhqəhə qopdu. Məmməd Arazın qızı İradə İbrahimova (indi tanınmış publisist-jurnalist İradə Tuncay) da bizimlə birgə işləyirdi, özünü gülməkdən zorla saxlamışdı.

Ara sakitləşdi. Tez bir adam göndərdim ki, “get müğənnini qaytar gətir”. Gedib ona deyəndə, Niyaməddin Musayev qayıdıb cavab verib ki, “dünya şöhrətli, yaradıcılığının parlaq çağında Məmməd Araz yaradıcılığına qulp qoyurlar...”.

Aradan illər keçdi. İmişli rayonunda tamaşaçılarla görüşdə idik. Məni İmişlinin fəxri vətəndaşı seçmişdilər. Bu mərasimdə çıxış edən xalq artisti həmin hadisəni xoş an kimi xatırlatdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi