Modern.az

Çəkilən filmlər niyə zəifdir?..

Çəkilən filmlər niyə zəifdir?..

25 Oktyabr 2014, 11:33

Kimin necə düşünməsindən asılı olmayaraq Azərbaycanda zamanında bədii film istehsalı sahəsində uğurlu təcrübə  olub. Hələ sovet dövründə çəkilən kinofilmlərə nəzər salanda baxırsan kino üçün lazım olan bütün parametrlərə diqqət yetirilib. Peşəkar  aktyor  seçimi, ürəyə yol tapan musiqilər hamısı öz yerində əks olunaraq tamaşaçının rəğbətini qazanıb. Təbii ki, o dövrün  sərt qadağaları və digər məqamlar filmlərin ssenarisinin çərçivəyə uyğun yazılmasında öz işini görürdü.

Bəs, bu gün Azərbaycanın müstəqillik şəraitində yaşadığı  dövrdə   rəğbət doğuracaq, dünyaya səs salacaq filmlərimiz niyə yoxdur?   90-cı illərdən sonra bir sıra şəxslər qeyd edirdilər ki,  maliyyə olmadığına görə, kino sənayemiz çöküb. Həqiqətən  kinonun inkişafı üçün pul vacibdir. Nəinki kinonun həmçinin elmində, təhsilində, medianında və digər sahələrin inkişafında maliyyə zəruridir

Ancaq etiraf etmək lazımdır ki,  bu gün  filmlərin çəkilməsi üçün vəsaitlər az  deyil. Azərbaycan prezidenti İlham  Əliyevin  sərəncamı ilə  film çəkilişinə vəsait ayrılır. Bundan əlavə  serialların nümayişi zamanı  kifayət qədər reklam roliklərinə rast gəlmək olar. Bəs,  vəsaitlərin  ayrılmasından sonrakı dövrdə   niyə uğurlu seriallara rast gəlmirik?


Mən maraq üçün son dovlər  çəkilən  seriallara bir qədər nəzər saldım. Demək olar ki, aktyorlar, rejissorlar filmin yaxşı alınması üçün  dərindən -qabıqdan  çıxırlar.  Ədalət naminə qeyd etməliyik  aktyordan  tələb olunan nə varsa onu edirlər. Ancaq  serial çəkilişində  heç bir irəliləyiş yoxdur. Bəs,  bunun  səbəbi nədir?  Məncə burada ən ciddi problem ssenarilərdədir.

Zəif, cəsarətsiz,  bayağı ssenari əsasında çəkilən bu seriallara  yalnız bir dəfə,  çətinliklə baxmaq olur. Tamaşaçının başını belə zəif məhsullarla  müəyyən bir dövr qatmaq mümkündür.. Lakin tamaşaçını heyrətləndirmək, sözün yaxşı mənasında auditoriyanı  əyləndirərək maarifləndirmək üçün ortaya  sanballı film qoymaq lazımdır.    

TV rəhbərləri, filmi çəkən rejissorlar nəhayət dərk etməlidirlər ki,  zəif, cəsarətsiz ssenarilərlə  uğurlu ekran əsəri ortalığa qoya bilməyəcəklər. Bu sahəyə ayrılan pullarda  hədər yerə gedəcək. Bu gün bəzi insanlar deyirlər ki,  biz də yavaş-yavaş serial çəkməyi öyrənirik. Hətta Türkiyə təcrübəsini, indi çəkdiyi filmləri örnək gətirirlər.

Məncə bu müqayisə uğursuz cəhddir. Vaxtıllə Azərbaycanda  “Arşın mal alan”,  tarixi mövzuda “Babək” və digər möhtəşəm kino nümunələrimiz ortalığa çıxanda Türkiyənin kino sənayesi  çox zəif  səviyyədə olub. Həqiqətən bu sahə hazırda qardaş ölkədə inkişaf etməkdədir. Bizdə isə bu inkişaf tendensiyası  görsənmir.

  Əlqərəz, kino sənayesində və xüsulə, serial çəkilişində problemin kökü, mahiyyəti, törədəcəyi fəsadlar çoxlarımıza aydındır. Qaranlıq isə yazılmamış qanunlarla tənzimlənən dəyərlərin itməsi təhlükəsidir. “Babək” filminə baxan gənc  Babək kimi mübariz olmaq istəyir. Bu gün çəkilən bəzi seriallara, orada olan obrazlara baxan gənc  kim olmaq istəyəcək? Bu  suala oxucular özləri cavab versin.

Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri-peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün şəffaf müsabiqələr elan olunmalıdır. Bəlkə papaq altında elə oğlanlar var ki,  sanballı  ssenarilər ortalığa qoyacaq. Burada dostbazlıq, qohumbazlıq daha hansısa bazlığa deyil, yalnız peşəkarlığa önəm verilməlidir. Əks təqdirdə telekanalları zəbt edən  bayağı ssenarilərdən qurtula bilməyəcəyik.

 Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər.  Bu sahənin rentabelli işləməsi üçün kinonun da iqtisadiyyatı formalaşmalıdır. Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür.

Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib ən azından Türkiyə və digər ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.

Son onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı  ssenari yaza bilməz.  Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz  yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri  peşəkar yanaşma  ssenarinin zəifliyini bir daha artırır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi