Təhsil nazirinin “Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” fərmanı əsnasında orta məktəblərdə Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə “Sağlam Təhsil – Sağlam Millət” layihəsi həyata keçirilir. Layihə bu il sentyabrın 15-dən başlayaraq Bakı və Sumqayıt şəhərlərinin altı pilot məktəbində tətbiq edilir.
Modern.az gənc layihə ilə bağlı işçi qrupunun üzvü Afət Süleymanova ilə söhbət edib.
- Bu layihə Azərbaycanda ilkdir. Belə bir layihənin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsində məqsəd nədən ibarətdir?
- Layihə uşaqların sağlamlıq vəziyyətindən qaynaqlandı. Problem baxımından əvvəlcə dünya təcrübəsi araşdırıldı. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı dünyada həyəcan təbili çalınır. Mövcud vəziyyət geniş müzakirə edilir və həlli yolları üzərində düşünülür. Araşdırmalar göstərir ki, Ukraynada 11-ci sinfi bitirən uşaqların yalnız 15 faizi sağlamdır. Bu gün dünyada uşaqların həm fiziki-fizioloji, həm də psixi inkişafında ciddi fəsadlar müşahidə edilir.
Bunun üçün Nazirlik işçi qrupu yaratdı. Layihə çərçivəsində Azərbaycan məktəblilərinin sağlamlıq vəziyyətini tədqiq etmək üçün monitorinqlər keçirilməyə başlandı. Aparılan işin elmi-nəzəri və praktik keyfiyyətini təmin etmək məqsədi ilə işə tibb, pedaqoqika və gender sahələri üzrə ekspertlər cəlb olundu. Əldə edilən ilkin nəticələrə əsasən “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin pilot layihə olaraq tətbiqinə qərar verildi.
- Hazırda layihə harada həyata keçirilir?
- Bakı şəhərinin 23, 114, 214, 83 və 26 və Sumqayıtdakı 31 nömrəli məktəbdə 15 birinci sinifdə layihə həyata keçirilir. Həmin məktəblərin pilot sinifləri tibbi-gigienik tələblər baxımından tərtib və təchiz edilib, avadanlıqlar quraşdırılıb. Bu, sınaq müddətidir. Nəticələrdən çıxış eədərək layihənin miqyasının genişləndirilməsi üzərində düşünüləcək. Hazırda sağlam təhsil texnologiyaları baxımından müvafiq metodik vəsaitlər üzərində iş gedir. Həmçinin müəllim, həkim və tibb bacıları, habelə fiziki tərbiyə müəllimləri ilə iş aparılır.
- Şagirdlər və valideynlər məsələyə necə yanaşır? Ümumiyyətlə, bu neçə ay ərzində layihə hansı töhfələri verib?
- Adı çəkilən məktəblərin sinif otaqlarında həm oturacaqlı, həm də hündür masalar yerləşdirilib.
Hər 15 dəqiqədən bir şagirdlər yerlərini dəyişir və müvafiq tapşırıqlar yerinə yetirirlər. Qeyd etmək lazımdır ki, layihənin tətbiqinə başlamazdan əvvəl müəllim və valideynlərlə maarifləndirmə işi aparılmışdı. Rusiya “Uşaqların sağlamlığı Naminə” təşkilatı tərəfindən çəkilmiş “Oturaq həyat tərzi sivilizasiyanın xəstəliyidir” elmi-kütləvi filmi Azərbaycan dilinə tərcümə edilmiş, dublyaj edilmiş və 8 min nüsxə DVD respublikanın bütün ümumtəhsil, peşə, orta-ixtisas və ali təhsil müəssisələrinə valideyn və müəllimlərin birgə tamaşa etməsi və müzakirələr aparması üçün göndərilmişdir. Buna baxmayaraq layihənin tətbiqinin ilk günlərində pilot siniflərə təhsil alan uşaqların valideynləri ilə görüşür, layihənin məqsəd və vəzifələri haqqında məlumat verir, onların uşaqlarına faydasından danışılırdı. Valideynlər bu layihəni çox dəstəkləyirlər. Bu sevindirici haldır. İlk dərs günlərində elə olurdu ki, uşaqlar ayaq üstə durmaqdan yorulduqlarını bildirirdilər. Bunun da səbəbi odur ki, biz erkən yaşlarından uşaqlarımıza artıq oturaqlığa meyillilik tərbiyə edirik. Onlar körpə yaşlarından daha çox otururlar, nəinki hərəkət edirlər. Dərs ilinin üçüncü ayıdır. Mübaliğısiz deyirəm ki, uşaqlar sinifdə oturmaq növbəsi çatan zaman belə ayaq üstdə qalmaq üçün icazə alırlar. Əlbəttə ki belə siniflərdə məcburiyyət yoxdur. Yazı yazılmırsa, uşaq sərbəstdir. O oturmaq istərmirsə, kimsə onu oturmağa məcbur etmir. Bundan əlavə siniflərdə turniklər quraşdırılıb. Tənəffüs vaxtı oğlanlar turnikdə dartınırlar. Hətta sinifdə “Ən çox dartınan oğlan” müsabiqələri keçirilir. Bu, oğlan uşaqlarının sağlamlığında müstəsna əhəmiyyət kəsb edir. Araşdırmalara göstərir ki, sağlam olmaq üçün oğlanlar qızlara nisbətən 2-3 dəfə daha artıq fiziki fəal olmalıdırlar. Sağlam təhsil texnologiyalarında bu məqamlar nəzərə alınmışdır. Layihə mütəxəssislərin ciddi nəzarəti altında həyata keçirilir. Pilot siniflərdə quraşdırılmış kameralar müəllimlərin çətinliklərini görmək və vaxtında kömək göstərmək baxımından çox əhəmiyyətlidir. Ötən müddətdəki müşahidələr göstərir həm uşaqlar, həm də valideynlər layihədən razıdırlar. Hətta bəzi valideynlər şagirdlərin evdəki yazı masalarının oturacaqlı və hündür maslarla əvəz etmək istəyi ilə müraciət edirlər.
Afət Süleymanova pilot siniflərdə tətbiq edilən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərini yüksəldilməsi sahəsində tətbiq edilən təhsil texnologiyaları barədə də məlumat verib:
- Bu sahədə tədqiqatlar davam edir. Mütəxəssislər göstərir ki, ibtidai siniflərdə uşaqların ətraf aləmi tam olaraq dərk etməsi üçün dərslərin inteqrativ şəkildə keçilməsi xüsusi əhəmiyyət daşıyır. Ayrı-ayrı fənlər üzrə əldə edilən biliklərin fraqmental xarakter daşıması hallarının aradan qalırılması üçün texnologiyalar üzərində düşünülür. Hazırda belə inteqrativ dərs nümunələri hazırlanmaqdadır. Dərs-nağıl, dərs-səyahət, dərs-hekayə və s. dərs nümunələri hazırlanır. Hər həftə metodik günlərdə pilot siniflərin müəllimləri, metodistlər, respublikada illər əvvəl və indi tətbiq edilən ayrı-ayrı layihələrdə işrurak etmiş müəllimlər iştirak edir, təcrübə mübadiləsi aparır, dərs nümunələri hazırlayır və onları müzakirə edirlər. Uğurlu dərs nümunələrinin toplanıb metodik vəsait olaraq çap edilməsi nəzərdə tutulur.
A. Süleymanova vurğulayıb ki, bu, bu layihə çərçivəsində tətbiq edilən texnologiyalar yalnız uşaqların sağlamlığının qorunmasına deyil, həm də kurikulumları tətbiqinin səmərəliliyinin yüksəldilməsinə, təlim nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.
Məltəm Talıbzadə