Modern.az

Xaricdə yaşayan azərbaycanlı jurnalist: “Bakıdan ayrılanda evimizdən İstanbula kimi ağladım” - MÜSAHİBƏ

Xaricdə yaşayan azərbaycanlı jurnalist: “Bakıdan ayrılanda evimizdən İstanbula kimi ağladım” - MÜSAHİBƏ

11 Dekabr 2014, 12:30

“İstanbuldakı televiziyaların birində işə başlaya bilərəm”

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Məhsəti Şərif Özyürək Modern.az saytına müsahibə verib.

- Məhsəti xanım, artıq bir neçə ildir Türkiyədə yaşayırsınız. Sizin üçün doğma vətəndən, yaxınlarınızdan, dostlarınızdan məsafəcə uzaq olmaq çətin deyil ki?

- Artıq 3 ildir Türkiyədə yaşayıram. Türkiyə vətəndaşı ilə ailə qurmaga qərar verəndə tək tərəddüdüm ailəmdən, dostlarımdan uzaqda yaşamaq idi. Amma toyumuzdan sonra Bakıdan ayrıldığım gün vətəndən uzaqda yaşamağın çətin olacagını anladım. Evimizdən hava limanına, hətta İstanbula qədər ağladım. Yollara elə diqqətlə baxırdım ki, sanki bir də geri dönməyəcəm. Bəzən hirslənib deyirik: “Azərbaycandan gedəcəm”, “yoruldum” və sairə. Hər kəsdə belə məqam olur. Mən də dəfələrlə “çıxıb gedəcəyəm” demişdim. Amma o gün anladım ki, sadəcə, hirslə söylənən boş bir söz olub. Doğrudan da vətən çox fərqlidir. İnsan uzaqda ailəsi, dostları üçün darıxır. Bura ailəm, dostlarım qonaq gəlirlər, onlarla görüşürəm. Amma Bakının yağışda su basan küçələri üçün də darıxıram. Uzaqda yaşamaq çox çətindir. İçində hər zaman bir həsrət var. Yaxın dostunun toyu olur, gedə bilmirsən, doğma bir insanın dünyadan köçür, uzaqda ağlayırsan. Bəzən oturub düşünürəm, görəsən indi anam, qardasım, bacım nə edir. Evdədilərmi, yatıblarmı…Uşaq kimi düşüncələr. Vətənindən uzaqda yaşayanlar məni daha yaxşı anlayarlar. Düzdür, indi burada bir ailəm var. Həyat yoldaşım, övladlarım,  həyat yoldaşımın burdakı ailəsi mənim ailəmdi artıq. Burda bir yuva qurmuşam və bunu istəyərək etmişəm. Sevdiyim insanla ailə qurmusam və xoşbəxtəm. Mən əvvəldən də duyğusaldım. Amma indi daha da duyğusal olmuşam. Bunu da vətənimdən, ailəmdən, dostlarımdan uzaq olmağıma bağlayıram.

Bəzən nələr üçün darıxdığımı desəm, bəlkə gülərsiniz. Ailə, dostlar üçün darıxmaq başqadır. Bəzən Bakının zavod çörəyi üçün, şəkərburası, qoğalı üçün darıxıram. Hətta bir dəfə bununla bağlı Facebook-da status yazmışdım. “Xəzər” televiziyasından Leyla mənə bağlama göndərmişdi. Sonra həmkarımız Pərvanə Sabirqızı  paxlava gətirmişdi. Bəzən özüm özümə gülürəm. Bakıda olanda bunlar heç yadıma da düşmürdü. Uzaqda yaşamaq insanı yaman kövrək edirmiş…

- Jurnalistikadan, mətbuatda çalışmaqdan uzaq düşmüsünüz. Nə vaxtsa yenidən jurnalistikaya, televiziyaya qayıtmaq haqqında düşünürsünüz?

- 17 il 5 ay mətbuatda çalışmışam. Uzun zaman sayıla bilər. Mətbuat mənim üçün tam başqadır. Jurnalistikaya olan sevgim çox fərqlidir. Ondan uzaqda qalmaq, yazı yazmamaq, reportaja getməmək, ölkəndə baş verən hadisələri kənardan seyr etmək çətindir. Heç vaxt ağlıma gəlməzdi ki, işimdən bu qədər uzaqda qala bilərəm. Düzdür, arada elə sizin saytın bir köşəsində yazıram. Başqa bir saytla əməkdaşlıq edirdim. Amma son 3 aydı oğlumun səhhətində yaranan problemlə bağlı heç nə yazmıram. Buna vaxtım da yoxdur. Mənim üçün önəmli onun səhhətidir. Hər şey yoluna düşsün, yenə əməkdaşlığa davam edəcəm. Bakıdakı saytlardakı redaktor dostlarım sağ olsunlar. Hər zaman mənə hörmətlə yanaşıblar və yazdıqlarımda dərc olunub. Televiziyaya geri dönmək məsələsinə gəldikdə, hər şey ola bilər. Bakıdakı kanalların burda müxbirləri var. Onları işdən çıxarıb məni götürməyəcəklər. Bu etika cəhətdən də düzgün olmaz. Amma  bir neçə ay sonra vətəndaşlıq alacam. Ondan sonra İstanbuldakı televiziyaların birində işə başlaya bilərəm. Çünkü Türkiyə vətəndaşı olaraq buna haqqım var. İstanbulda Azərbaycanla bağlı televiziya da açılıb. Hazırda test yayımları gedir. O televiziyadan veriliş aparmaq təklifi var. Bir ay əvvəl oranın rəhbərliyi ilə danışmışıq. Gedib görüşüb ətraflı müzakirə apara bilmədim. Bir az əvvəldə dedim, oğlumun səhhətində yaranan problem planları dəyişdi. İndi düşünürəm ki, bir az zaman lazımdı



- Sosial şəbəkələrdə də aktivsiniz. Uzaq məmləkətdə sosial şəbəkələrdən istifadə sizin vətən sevginizi ovundura bilirmi?

- Sosial şəbəkələrdə əvvəllər daha aktiv idim. Baş verən hadisələrlə bağlı fikir bildirirdim. Nəyisə müzakirə edirdim və müzakirələrə qatılırdım. Amma sonra gördüm ki, sosial şəbəkələrdə insaların çoxu, xüsusilə həmkarlarım bir-birinə söz atmaqla məşğuldur. Heç kim bir-birini bəyənmir. Sanki birinin bir mənfi hərəkəti olanda sevinirlər. Həmkarlar arasında birlik yoxdur. Ona görə bir az uzaq durmuşam. İndi internetdə daha çox kitab oxuyuram. İnternet kitabxanasından istifadə edirəm, gedib kitab almağa çox vaxtım olmur. Arada da internetdə gəzinəndə maraqlı şəkilli sözlər görürəm, onu paylaşıram. 

Amma onu da etiraf edim ki, sosial şəbəkədə müzakirələrə çox qatılmasam da, hansısa məsələ ilə bağlı yazmasam belə hər şeyi yaxından izləyirəm. Bakıda, mətbuatda baş verənlərdən xəbər tuturam. Hərdən özümü lap Bakıda hiss edirəm. Ən önəmlisi isə sosial şəbəkə dostlarımla yaxınlaşdırır. Onlardan uzaq qalmıram. Xeyirlərini də, şərlərini də bilirəm. Sevinclərinə, kədərlərinə şərik çıxıram. Siz  deyən kimi, özümə təsəlli verirəm.

- Ailəniz və övladlarınızla bir yerdə yaşayırsınız. Onlarla bir yerdə Azərbaycana tez-tez gəlib-gedə bilirsiniz?

- 1 il 4 ay əvvəl Bakıda olmuşam. Həyat yoldaşım və oğlumla gəlmişdim. 3 ay qaldım. Bu il gelə bilmədik. Qızım hələ ki ikinci vətəni ilə tanış olmayıb. Əlbəttə, könül istər ki, hər ay gedib-gələsən. Amma ailə qurduqdan sonra, uşaqlarla bu mümkün deyil. Ailə qurduğum ilk ili çox gəlib-getdim. Sağ olsun, həyat yoldaşım da adaptasiya dövründə yardımçı oldu. O zamanlar çox darıxırdım. O da bunu bildiyi üçün gedib-gəlməyimə problem yaratmadı. Amma  o qədər tez-tez gedib- gələ bilmirik. Artıq sayımız çoxalıb. Bakıdakı ailəm, dostlarım sağ olsunlar, onlar tez-tez bura gəlirlər. Bizim artıq iki vətənimiz var. Övladlarım doğulduqları ata vətəni Türkiyə qədər ana vətənləri Azərbaycanı da sevəcək.

- Siz həm də erməni dəhşətlərinin şahidi olmusunuz. Uşaq yaşlarınızda məcburi köçkün həyatı yaşamalı oldunuz. İndi bir başqa məmləkətdə yaşayırsınız. O çətin illəri necə necə xatırlayırsınız? 

- Bu, mənim yaralı yerimdi. 16 yaşımda yurdumuzu tərk etdik. Ağdamdan Bakıya gəldik. Məcburi köçkün həyatının çox çətinliklərini yaşamışam. Hər halda, bundan sonra ondan çətin həyat yaşamaram. İnsan doğulub böyüdüyü elini qoyub gəlir və sənə öz vətənində qaçqın deyirlər. Bundan ağır nə ola bilər? Xocalı faciəsi baş verəndə 15 yaşındaydım. Ağdam məscidindəki haray evimizə qədər gəlirdi və qulağımdan o ugultu ölənə qədər getməz. Atamın həyəcandan ağarmış üzü, “Xocalını məhv etdilər” deyib fəryad etdiyi o səsi necə unuda bilərəm? 15 yaşım vardı, sinif yoldaşım şəhid olmuşdu. Məktəbimizə “qrad” düşmüşdü. Məktəbimizi bağladılar… Bir köşə yazımda da yazmışdım. Ağdam işğal olunanda qardaşım 13 yaşındaydı. Biz atışmada evdən çıxanda o, evin divarını, divardan asılan xalçamızı  öpüb çıxdı. Dedi birdən qayıtmarıq… O səhnəni ölənə qədər unutmaram. Bunun kimi çox xatirələrim var. İstər Türkiyədə yaşayım, istər Bakıda, istər dünyanın o biri ucunda, insan bunu unuda bilməz. Sadəcə, başqa ölkədə yaşayanda üzərinə başqa bir məsuliyyət də düşür. Jurnalist kimi bu məsuliyyət daha da artır. Erməni işğalını bilənə də, bilməyənə də təkrar-təkrar anlatmaq. Mən bu acını yaşayan insan kimi, zəkası və dinləmə mədəniyyəti olan, bizim yaşadığımız acını öyrənmək istəyən hər kəsə danışıram. Mən məcburi köçkünəm. Hətta Türkiyədə vətəndaşlıq alsam belə, mənim doğulub-böyüdüyüm torpaq işğaldan azad olunmayana qədər  o status üzərimdədir.

- Sizin yazılarınızda da vətən həsrəti, darıxdığınız hiss olunur. Doğrusu, Azərbaycanda olanda bunu hiss etməmişik... 

- Azərbaycanda olanda televiziyada işləyirdim. Yazılı mətbuatda olmadığım üçün bəlkə bunu hiss etməmisiniz. Amma televiziyada işğal tarixləri, erməni vəhşilikləri ilə bağlı çox reportaj hazırlayırdım. ANS-də işlədiyim zaman da belə reportajlarım çox olub. İctimai TV-də işləyəndə isə 3 ay cəbhə bölgəsində qalmışdıq. Rəhmətlik operator Tural Bağırovla getmişdik. Hətta gülürdük, deyirdik ki, sanki əsgərlikdəyik. Çünki cəbhə xəttində neçə gün kazarmada qalmışdıq. Amma haqlısınız, son zamanlar Modern.az saytında yazdığım bütün yazılar vətən həsrəti ilə bağlı olub. Erməni işğalının açdığı acıları yaşanan real hadisələrlə dilə gətirmişəm. Bakıda olanda tək Ağdamı, oradakı evimizi, həyətimizi, qonşularımızı düşünürdüm. Türkiyədə isə həm Bakını, orda yaşadığımız bir həyatı, həm də Ağdamı düşünürəm. Həsrət və özləm iki yerə bölünüb.

- Siz Türkiyədə  artıq neçə ildir yaşayırsınız. Ona görə də türklərin azərbaycanlılara olan münasibətini daha yaxşı bilərsiniz. Türkiyədə Azərbaycan haqqında təəssüratlar nə yerdədir?

- Türkiyədə Azərbaycanı sevirlər. Bu birmənalı belədir. “Azərbaycanlıyam” deyəndə hər kəs sevgi ilə yanaşır və xoş sözlər eşidirsən. Əslində, indi Türkiyədə çox azərbaycanlı var. Burada iş quran insanlarımız da var. İşçi kimi çalışanlar da çoxdur. O üzdən 10-15 il əvvəlki kimi deyil. Hər kəs Azərbaycanı gəlib görmək istəyir. Məsələn, deyirlər ki yaxın bir dostum getmişdi Bakıya, Bakı çox gözəldir, biz də gedib görmək istəyirik. “Eurovision” musiqi yarışmasından sonra maraq daha da artıb. Məsələn, bu yaxınlarda “Eurovision” iştirakçımız olan Elnur Hüseynov  “O səs Türkiyə”də oxudu. Gözəl ifa idi. Mən dinləməmişdim, sonra internetdə baxdım. Amma onun oxuduğu gecənin səhərisi mən xəstəxanaya getmişdim, öncə taksi sürücüsündən duydum, sonra azərbaycanlı olduğumu bilən həkim ondan danışmağa başladı. Azərbaycana müxtəlif yanaşma oldu. Hər kəsin də yanaşmasında haqlı və ya haqsız tərəf var idi. Amma mən Türkiyədə yaşayan azərbaycanlı kimi bu kiçik hadisəyə sevindim. Çünki o gün çölə çıxanda bir neçə insandan Azərbaycan adını duydum və buna sevinirdim. Amma başqa bir məsələyə baxaq. Azərbaycanda Türkiyənin az qala ən kiçik bir şəhərinin bələdiyyə sədrini də təkcə jurnalistlər yox, adi insanlar da tanıyırlar. Amma Türkiyədə sıravi insanın neçəsi bizim ölkə haqqında nə bilir? Bizim yaralı yerimiz olan Qarabağ haqqında neçə faiz xəbərdardır? Bu bir az mübahisəli məsələdir. Məsələnin bu hissəsində təbliğatımız bir az zəif qalb. İstanbulda keçirilən Xocalı həftəsi və bununla bağlı tədbirlərin sayının artmasına baxmayaraq, görüləcək çox iş var.









Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi