“Garant Media Holding”in rəhbəri Anar Məmmədov yeni layihəsi haqda məlumat verib. Modern.az-ın məlumatına görə, A.Məmmədov bu haqda bildirib:
“Dünyanın ən məşhur jurnalı “National Geographic”in Azərbaycana gətirilməsindən sonra “Garant Media Holding” növbəti böyük uğuruna imza atdı!
Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, dünyada uşaqlar üçün nəzərdə tutulmuş ən məşhur və dəyərli jurnal – “National Geographic Kids” dərgisinin doğma dilimizdə nəşrinə başlamaq barədə razılıq əldə etdik!
Beləlikdə, indi Azərbaycanın kiçik sakinləri, bizim doğma və əziz balalarımız dünyanın ən məşhur jurnalını oxumaq, öz biliklərini, dünyagörüşlərini daha da genişləndirmək imkanı əldə edəcəklər.
Bu jurnalın doğma dilimizdə nəşri daha çox azərbaycanlı balamızın savadlanması, Vətəni üçün layiqli övlad kimi böyüməsi işində mühüm rol oyanacaqdır.
“National Geographic” jurnalının uşaqlar üçün nəzərdə tutulmuş “National Geographic Kids” versiyasında balacalar bizi əhatə edən dünya, təbiət haqqında, müxtəlif coğrafi proseslər barədə geniş məlumat əldə etmiş olacaqlar.
Artıq fevral ayının 1-dən həmin jurnalın Azərbaycanda, doğma dilimizdə nəşri başlayacaq.
Mən ölkəmizin gələcəyi olan balalarımız üçün belə bir gözəl jurnalın doğma dilimizdə dərc olunacağı xəbərini sizə çatdırmaqdan çox məmnunam!”.
Modern.az