Belə bir misal var: “Nəvə toyu görəsən”. Atama qismət olmasa da anam gördü. İndi də mənə bu cür arzu edirlər. Bilmirəm görəcəm, ya yox. Düzü heç həvəsində də deyiləm. Hər şey qismətdən asılıdır. Amma toylarda iki yaşlı adamın səsi güclə çıxa-çıxa xeyir-dua verməsi, sonra da səndələyə-səndələyə oynaması mənə ləzzət verir.
Bəzən də elə olur ki, nənə, ya baba ağır xəstələnir. Toyu da tezləşdirirlər ki, heç olmasa nəvə toyu görsün. Mən, siz bu cür toylar çox görmüsünüz. Bununla sizi heyrətləndirməyəcəyəm ki. Amma.
Bu günlərdə atamın qədim dostu, 89 yaşlı qocaman jurnalist Hidayət Zeynalov evə zəng etdi. Məni nəvəsinin toyuna dəvət etdi. “Xoşbəxt adamdır. Allah hamıya bu qədər yaş versin ki, nəvə toyu görsün” dedim. Amma birdən duruxdum. Axı Hidayət əminin gözləri üç ildir ki, tutulub. Toy olmağına toydur. Özü də nəvə toyu. O da sağ-salamat. Dünyanın işinə bax. Sağ qalsan belə hər adama nəvə toyu görmək qismət olmur.
Toyda söz Hidayət əmiyə verildi. O da xeyir dua verdi. “Məryəmə (həyat yoldaşına) qismət olmadı nəvə toyu görmək, mənə isə...” Tutulur. Heç ona da qismət olmadı görmək. Sadəcə toy ruhunu oxşadı. Eyniylə həyat yoldaşı kimi. İkisinin də ruhu şad oldu.
Dilimizə isə yeni söz gəldi: “Səni görüm heç olmasa nəvə toyu eşidəsən”