Modern.az

Tofiq Məlikli AYB-nin Moskva bölməsindəki narazılıqdan DANIŞDI

Tofiq Məlikli AYB-nin Moskva bölməsindəki narazılıqdan DANIŞDI

3 Fevral 2015, 16:40

Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin növbəti yığıncağı keçirilib. Həmin yığıncaqda qurum üzvləri arasında bəzi narazılıqlar yaşanıb. Belə ki, AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli haqqında çıxış edən şair Nəsib Nəbioğlu onun fəaliyyətini tənqid edib. N.Nəbioğlu Tofiq Məliklini AYB-nin Moskva bölməsinin sədrliyindən yalnız özünə karyera qurmaq üçün istifadə etməkdə, başqaları üçün bir iş görməməkdə günahlandırıb.

AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli Modern.az-a açıqlamasında ittihamlara belə cavab verib.

“Yanvarın 27-də keçirilən yığıncağın gündəliyində  əsas məsələ olaraq 2 problem vardı. Birincisi, AYB-nin qurultayında qəbul olunmuş qərarlar, ordakı çıxışların mahiyyəti, onlardan aldığımız tövsiyələr və irəlidə görüləcək işlər. Biz AYB-də gedən proseslər haqqında da üzvlərimizə ətraflı məlumat verdik. O cümlədən dərgilərdə, qəzetlərdə, jurnallarda olan dəyişikliklər haqda danışdıq, gənclərlə iş və təşkilati məsələlər, yeni katibin təyin olunması və başqa problemləri ətraflı müzakirə etdik və bu prosesi məmnuniyyətlə qarşıladıq.
Bu mövzu ətrafında da iştirakçıların geniş fikir mübadiləsi oldu.
İkincisi, hörmətli yazıçımız olan Əbdül Hüseynovun 90 yaşı tamam olur. 20-yə yaxın romanın müəllifi olan, Xaqani haqqında gözəl əsər yazan Əbdül Hüseynovun 90 illik yubileyinin necə keçirilməsi müzakirə olundu. Müzakirələr bitdikdən sonra bəzi problemlər vardı ki, onlar ətrafında da söhbətlər oldu.
Bu müzakirələrdə heç bir zaman çıxış etməyən Nəsib Nəbioğlu iclasın sonunda danışaraq AYB-nin Moskva bölməsinə sədri olaraq mənə - Tofiq Məlikliyə qarşı öz etirazlarını bildirdi. Etirazın mahiyyəti bundan ibarətdir ki, onun 60 illik yubileyi keçirildiyi zaman AYB-nin Moskva bölməsinin nümayəndələrinin bir çoxu niyə həmin tədbirdə iştirak edə bilməyib. Bu isə müxtəlif obyektiv və subyektiv səbəbdən olub.
Digər əsas narazılığı da ondan ibarət oldu ki, 60 illiyi ilə əlaqədar olaraq ona dövlət tərəfindən heç bir mükafat və ad verilməyib.
Üçüncü etirazı ondan ibarət idi ki, ona prezident təqaüdü ayrılmayıb. Məsələ bundadır ki, AYB-nin Moskva bölməsinin belə bir səlahiyyəti yoxdur. Yazıçılar Birliyi heç kimə heç bir səlahiyyət vermir. Biz ictimai bir qurumuq. İctimai qurum olaraq imkanlarımız çərçivəsində müəyyən işlər görməyə çalışırıq.
Onu demək istəyirəm ki, Moskva bölməsi son 10-15 il ərzində heç bir dəstək görmədən öz daxili imkanları ilə onlarla çox böyük tədbir həyata keçirib. Azərbaycan ədəbiyyatının təliği, yazıçılarımızın yubileylərinin keçirilməsi, Azərbaycan şairlərinin ortaq görüşləri, şeir gecələri və s. Belə tədbirlərin hamısı ictimai qurum olaraq Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən həyata keçirilir. Amma kimisə mükafatlandırmaq, kiməsə dövlət nişanları vermək bizim səlahiyyətlərimizə daxil deyil. Təəssüflər olsun ki, yazıçı və mənəviyyat problemi də bu zaman  ortaya çıxır. Bunu hörmətli yazıçımız, 70 yaşı yeni tamam olmuş İlham Bədəlbəyli də açıq şəkildə Nəsib Nəbioğlunun çıxışından sonra qeyd etdi. Yazıçının əsas məqsədi əsərlərini yazmaqdır. Yazıçının əsas məqsədi kimdənsə nəsə gözləmək deyil. Mükafatlar, ordenlər, adlar artıq təbii olaraq müəyyən səbəblərlə ya veriləcək, ya da verilməyəcək. Əsas ədəbi əsərlərini yazmaq, şeirlərini, povestlərini dilə gətirmək və mənəvi acıdan örnək olmalıdır. Demək ki, bəzən şəxsi duyğularımız bizim ictimai və mənəvi problemlərimizdən daha üstün olub”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI