Araşdırmaçı Aslan Kənan: “Andraniki tayqulaq adlandırdığına görə Firudin Şuşinskini tarixçilərimiz tənqid edirdilər”
- Üzeyir bəy Hacıbəylinin fəaliyyətinin gizli qalan tərəfləri hansılardır?
- Üzeyir bəyin Azərbaycan Demokratik Cümhuriyyəti dövründəki fəaliyyəti indi də insanların çoxuna sirr olaraq qalır. Dahi bəstəkar, publisist 1918-20-ci illərdə müəyyən fasilələrlə “Azərbaycan” qəzetinin baş redaktoru olub. Çünki əvvəlcə qardaşı Ceyhun bəy o qəzetdə baş redaktor işləyib. O, sonra Fransaya gedərkən qəzeti Üzeyirə həvalə edib. Sovet vaxtında isə qəzetin adını çəkmək mümkün deyildi. Ona görə də Üzeyir bəyin “Azərbaycan” qəzetindəki fəaliyyəti gizli qalıb.
- Üzeyir bəyin 1918-20-ci illərdəki fəaliyyəti nə səbəbə indiyə qədər açılmayıb?
- Müsavat üzvləri bolşevik ideologiyasını təbliğ edən “Hümmət”in yaradıcıları və üzvləri ilə təbii ki, yola getmirdilər. Baxmayaraq ki, bəziləri 1918-ci ilə qədər birlikdə olub. Amma Müsavat Partiyası 1918-ci ildə qalib gəlib AXC-ni yaradandan sonra bolşeviklər nə yolla olur-olsun gənc dövləti çökdürməkdən, dövləti ələ keçirməkdən ötrü gizli işlər aparırdılar. Bu işlərdən biri də bolşeviklərin Azərbaycanda təmsil olunan nümayəndələri idi ki, onların da yuxarılarda möhkəm dayaqları vardı. Onların da “xidmət”i sayəsində cəmi 23 ay yaşayan AXC hökuməti dağıldı. Sonrakı illərdə sözsüz ki, hakim bolşeviklər müsavatçılarla heç vaxt yola getmədilər. Bolşeviklər hakimiyyətə gələndən sonra köhnə müsavatçıların heç birinə fəaliyyət göstərmələrinə imkan vermədilər. Bolşevizmi, kommunizmi adi “Azərbaycan” sözü də qıcıqlandırırdı. Çünki o adda qəzetin adını çəkmək avtomatik olaraq həmin dövlətin mövcudluğu kimi qəbul edildi.
- Onların üzə çıxarılması Azərbaycan düşüncə və maarifçilik ənənələrinə nə kimi töhfələr verə bilər?
- Olduqca böyük töhfələr verə bilər. Təsəvvür edin, həmin məqalələri nəzərdən keçirdikdə Qarabağ, 31 mart soyqırımı kimi vacib məsələlər haqqında yeni, lazımı tarixi faktlar əldə edə bilərik. Oradakı felyeton, məqalələr Azərbaycan düşüncə tarixinə çox böyük töhfələr verə bilər. Üzeyir bəyin 1918-20-ci illərdə yazdığı məqalələrə baxsaq görərik ki, 1988-ci ildən başlanan tarixi siyasi məsələlər öz mənbəyini məhz ordan götürüb. Kitabda bu faktlar tam çılpaqlığı ilə qabardılıb.
- Uğurlu işlərinizdən biri də Üzeyir bəyin ömrünün sonuna qədər qürbətdə qalmağa məhkum olan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubları üzə çıxarmanızdır. Belə bir fərziyə var ki, Üzeyir bəy ölüm ayağında qardaşının onun yanında dəfn olunmasını vəsiyyət edib. Bu fakta aydınlıq gətirmənizi xahiş edərdik...
- Bu haqda məndə dəqiq tarixi fakt yoxdur. Amma yenə də mənə inandırıcı görünmür. Çünki o dövrdə - 1930-cı illərdə köhnə cümhuriyyətçilərə qarşı böyük kampaniya gedirdi. Onların hamısını qaçılmaz təhlükə gözləyirdi. Üzeyir bəyin özü yalnız sadə bir təsadüf nəticəsində vəziyyəti öz xeyrinə dəyişə bilir. Həmin təsadüfün də nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Guya Stalin Gürcüstanda olarkən anası ilə “Arşın mal alan” əsərinə baxanda soruşub: “Bağırov sizdə bir cavan bəstəkar var, “Arşın mal alan” əsərini yazmışdı.
Mən Gürcüstanda anamla həmişə gedib ona baxardıq. Həmin bəstəkar haqqında məlumatın var?” Bağırov deyir: “Siz nə danışırsınız?! Həmin cavan oğlan indi böyük adam olub, yaxşı əsərləri var”. Onda Stalin deyir ki, “Azərbaycan ongünlüyünə” onu da dəvət edin. Ongünlük üçün Üzeyir bəyə “Koroğlu” operasını hazırlamağı tapşırırlar. Deyilənə görə, həmin opera ilk dəfə Müslüm Maqomayevə tapşırılır. Amma yaxın dost olmalarına baxmayaraq, bu səbəbdən araları dəyir. 1937-ci ildə əsəri tamaşaya qoyurlar. Bu tarixdən etibarən Üzeyir bəy özünü təhlükədən qurtara bilib. Üzeyir bəyi caynaqdan Mircəfər qurtara bilməzdi. Çünki bolşeviklərin nəzərində Üzeyir bəyin keçmisi çox “təlatüm”lü olub. Onun bolşevizmə qarşı nifrətini bayaq dediyimiz 1918-20-ci illərdə yazdığı məqalələrdə görmək olar. Bundan əlavə, qardaşı da AXC-in vəzifəli şəxslərindən olub və Fransada mühacir kimi mübarizə aparıb. Təsəvvür edin, belə bir adamı necə xilas etmək olardı? Deməli, onu ancaq “ellər atası” Stalin xilas edə bilərdi. Başqa heç kəsin buna gücü çatmazdı...
- Bəs vəsiyyət olunmayıb?
- Buna elə bir vaxtda kim ürək edə bilərdi?! O zaman, yəni Üzeyir bəyin öldüyü 1948-ci ildə belə bir vəsiyyət etsinlər, söz desinlər, mən buna inanmıram! Təsadüfi boş yer ola bilərdi. Ya da ola bilsin ki, o yeri başqa adamlar üçün saxlaya bilərdilər. İnanmıram ki, Üzeyir bəy bu ifadəni ağzından qaçırsın. Çünki onun Ceyhun bəyə məktubunda yazır: “Sənin üçün icazə almışam, çıx gəl vətənə!” Qardaşı da arif adam idi, hər şeyi yaxşı dərk edirdi. Bilirdi ki, gələn kimi onu ya həbs edəcəklər, ya da sürgün olunacaq. Çünki o vaxt SSRİ-ni kənardan daha dəqiq müşahidə etmək olurdu. Ceyhun bəy vətənə qayıtmadı. O zaman Üzeyirin özü də pis vəziyyətdə idi. 1937-ci ildə “Koroğlu” operasının Moskvada uğurlu nümayişindən sonra vəziyyət bir qədər yaxşılaşdı. Çünki Koroğlunun uvertürasından sonra Stalin ayağa qalxaraq əl çalır, yanındakılar Voroşilov, Kalinin, Mir Cəfər də istər-istəməz ayağa qalxırlar. Bu hadisədən sonra Üzeyir bəy təhlükədən sovuşur və ona SSRİ xalq artisti, “Lenin” ordeni, “Stalin” dövlət mükafatı verirlər. Çox keçmədən akademik seçilir. O vaxta qədər Üzeyir bəyin SSRİ miqyasında heç nəyi yox idi. Bu qədər təltiflərdən sonra Kommunist Partiyasına da qəbul edilir, özü də birbaşa. Ondan sonra Üzeyir bəyin ulduzu parlayır. Amma bütün bunlarla belə, yenə də ona qardaşını xatırladırdılar. Onu “satqın” kimi Üzeyir bəyin üzünə vururdular...
Üzeyir bəy haqqında söhbəti bitirib Aslan müəllimin qədri bilinməyən digər qəhrəmanına – musiqişünas Firudin Şuşinskiyə yer ayırırıq:
- Son vaxtlar əsas tədqiqat obyektiniz musiqişünas və tənqidçi Firudin bəy Şuşinskidir. Bu gün Şuşinskidən xəbərsiz olmaq Azərbaycan düşüncə tarixinə nə dərəcədə ziyan vurur?
- Əlbəttə, böyük ziyan vurur. Çünki Şuşinksi Azərbaycan muğam tarixini yazan, onu tədqiq edən yeganə mütəxəssis olub. Ona sonradan müəyyən adlar qoşdular. Mən bu haqda danışmaq istəmirəm. Əvvəlcə onu deyim ki, Firudin bəy çox mərd adam olub. Təsəvvür edin ki, müharibə vaxtı onun cəmi 16 yaşı olub. Hərbi komissarlığa şəxsən özü müraciət etsə də, yaşı az olduğuna görə götürməyiblər. Cəsarəti ilə bağlı bir epizodu qeyd edim: o, bir erməni prokuroru ilə yaşının az olmasına baxmayaraq, sözləşir. Özü imkanlı ailədən, Qızıllı Məhəmmədin oğlu olub. Başında buxara papaq prokurorla söhbət edəndə erməni ona deyib ki, sən uşaqsan, papağı ver mənə. Qayıdıb cavab verib ki, papaq kişinin başında olar. Nə isə, erməni prokuror bu mübahisədən istifadə edib onu müharibəyə göndərib.
Müharibədən qayıdandan sonra Azərbaycan Dövlət Universitetində oxuyub. O vaxtkı rektor Abdulla müəllim professor və müəllim heyətinə tapşırıb ki, buna toxunmayın, qoy öz tədqiqatlarını aparsın. O qədər fitri istedad sahibi idi ki, onu sərbəst buraxmışdılar və arxivlərdə, muzeylərdə, kitabxanalarda tədqiqat işlərini aparırdı. İlk elmi tədqiqat işi də Vaqif və Qarabağ haqqında olur. Bu elmi iş diqqəti cəlb edir. Səməd Vurğun onun elmi işini oxuyandan sonra deyir ki, adını “Vaqif və dövlət xadimi” qoysan pis olmaz. Elə də olur. Sonra Səməd Vurğunun təşəbbüsü ilə nəşr olunur.
- Deyəsən, bu illərdə Mircəfər Bağırovla da görüşür?..
- O, həm də Nərimanovun həyatı və fəaliyyəti ilə maraqlanırdı. Əsasən də Nərimanovun buraxdığı səhvlər haqqında soruşurdu. Amma heç kim ona cavab vermirdi. Çünki bu risk idi. Müəllimlər də cavab verməyə qorxurdular. Axırda görür ki, ona cavab verən olmur, Mircəfər Bağırova yazır. Məktubda Nərimanov şəxsiyyəti və onun fəaliyyəti dövründə buraxdığı səhvlər haqqında soruşur. Məktub Mircəfər Bağırova çatandan sonra Firudini qəbul edir. Qapının ağzında Bağırovun rus qadın katibəsi deyir ki, sənə cəmi 6 dəqiqə vaxt ayrılıb, çalış uzatma. O da razılaşıb. Amma Bağırovun kabinetinə keçəndə aralarında nə az, nə çox, 1 saat 4 dəqiqə söhbət olur. Bağırov özü onu saxlayır. Bişmiş adam olduğunu görüb çox şeyləri danışır. Tələbənin Bağırovla görüşməsi həm təhlükəsizlik xidməti orqanlarını, həm də universitet rəhbərliyini qorxuya salır. Dərhal onu universitetdən qovurlar.
Pleniumların birində Bağırov deyir, görün universitetdə iş nə yerə gəlib çatıb ki, tələbə mənə müraciət niyə Nərimanovun unudulduğunu soruşur. O, Nərimanovçuluq xəstəliyinə tutulub.
Universitetdə bir müəllim tapılmadı ki, Nərimanovu ona izah etsin?! Tələbənin harada olması ilə maraqlanır. Qovulduğunu bilən kimi onu universitetə bərpa etdirir. Universiteti bitirəndən sonra Bakının iki məktəbində dərs deyir. Sonra görür ki, müəllimlik onu özünə çəkmir. O, musiqini, onun tarixini araşdırmaq üçün daha çox can atır. Bütün ömrünü arxivlərdə, muzeylərdə keçirir. Bu gün belə bir adam haqqında xəbərsiz olmaq təbii ki, bizim xeyrimizə deyil. Gəlin çıxaq küçəyə Firudin bəy Şuşinkskinin kim olduğunu soruşaq. Cavanlardan heç kəs onu tanımayacaq. Amma çox dəyərli bir adamdır. Təsəvvür edin ki, öləndən sonra bir nəfər də olsun Azərbaycan musiqi tarixini, muğam tarixini onun kimi əsaslı şəkildə araşdıra bilməyib.
- Şuşinski Azərbaycan musiqi mədəniyyətinə nə kimi töhfələr verib?
- O, Azərbaycan ictimaiyyətinə tanınmayan 60-a yaxın klassik musiqi xadimini araşdırıb üzə çıxarıb. Öz şəxsi vəsaiti hesabına həmin musiqiçilərin 500-ə qədər vallarını gətirib. Bir-birindən dəyərli tədqiqat işləri yazıb. Firudinin vaxtında heç kəs cürət edib muğam tarixi haqqında yanlış nəsə yaza bilməzdi. Çünki hamısının səhvini o saat tapırdı. Tapanda da çox sərt şəkildə tənqid edirdi. Elə ona görə də qəbul olunmadı.
- Onu kimlər və nə üçün qəbul etmirdi?
- Deyəcəyəm, amma mümkünsə, bir az geriyə qayıdım. Çünki bir məsələ var, mənim çox yaralı yerimdir.
- Buyurun...
- 1960-cı ildə “Şuşa” kitabını yazır. Kitab çox gözəl qarşılanır. Kitabda həm musiqi, həm də Şuşanın tarixinə aid dəyərli faktlar olub. Kitab o qədər maraqlı idi ki, təsəvvür edin, hətta ermənilər də məktub yazıb kitaba görə ona təşəkkür edirdilər. Məndə o ermənilərin məktublarının surətləri var. Erməni tədqiqatçı yazır: “Mən özüm tarixçiyəm, istərdim ki, siz öz “Şuşa” kitabınızdan bizə də göndərərsiniz”. Başqa bir erməni də yazıb ona dərin minnətdarlığını bildirir, soruşur ki, sən bu qədər faktları haradan bilirsən?! Amma o ermənilər başa düşmürdülər ki, Şuşinski bu kitabında erməniləri vurub. Sonra 1968-ci ildə kitab rus dilinə tərcümə olundu. Bundan sonra kitab gedib Mikoyanın əlinə keçir. Mikoyan da o vaxtı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olur. Kitabı görəndən sonra təcili qərar verir ki, Şuşinski cəzalandırılsın. Çünki o vaxtı ermənilər “qəhrəman” saydıqları Andranik üçün heykəl qoymaq istəyirdilər. Amma Firudin bəy “Şuşa” əsərində Andraniki həm tayqulaq adlandırıb, həm də onu möhkəm tənqid edib.
Təkcə Andraniki yox, onunla bərabər Dro və başqa quldurları da sərt tənqid edib. Ona görə də Mikoyan bu qərarı verir. Təsəvvür edin, hamı qalıb qıraqda bizim bir neçə tarixçimiz - Oqtay Əfəndiyev, Fuad Əliyev, Məmmədəli Şərifli qəzetdə Firudin bəyin özünü tənqid edirdirlər ki, sən iki xalqı niyə bir-bir ilə düşmən edirsən. Onu qəzetdə biabır edirlər. Sonra bu məsələni pleniuma çıxarırlar. Yaxşı ki, Mərkəzi Komitəsinin Siyasi Bürosunda Ənvər Şükürzadə, Mahmud İsmayılov, İsmayıl Hüseynov, Əlövsət Quliyev, Cəmil Quliyev var idi. Onlar kitabın və müəllifin tərəfini saxlayırlar. Bundan əlavə Heydər Əliyev də birinci katib gələndə həmin kitabı oxuyur və çox xoşuna gəlir. Firudini hücumlardan qoruyur. Daha sonra onun Cabbar Qaryağdı, Seyid Şuşinksi, Xan Şuşinski haqqında kitabları çıxır. İlk tədqiqatçı idi ki, konkret bir musiqi adamına ayrıca kitab həsr edirdi. Ən səs-küylü əsəri isə “Azərbaycan xalq musiqisindən” adlanır. Çox böyük rəğbətlə qarşılanır. Hətta SSRİ mədəniyyət naziri deyir ki, kaş bizdə də bunun kimi bir kitab olardı. Elə o kitabdan sonra ona olan təzyiqlər bir az səngiyir. Onun “mənfi” cəhətlərindən biri də çox sərt danışması idi.
- Elə bu səbəbdən kimlər onu qəbul etmirdi?
- Ümumiyyətlə, xanəndələr onu qəbul etmirdi. Amma sonradan onun “Musiqişünasın düşüncələri” adlı tənqidi kitabı çıxdı, böyük əks-sadə doğurdu. Orada ayrı-ayrı adamlara həsr olunan məqalələr var. Fikrini o qədər sərt deyirdi ki, onu heç kəs qəbul etmirdi. O vaxt Habil Əliyev başda olmaqla, xalq artisti Arif Babayev, Niyaməddin Musayev, tarzən Ramiz Quliyev, bir beş-altı nəfər kitab heç satışa çıxmamış ona etiraz ediblər. Ola bilsin içəridən bunları qızışdırıblar. Onlar da əvvəlcə o vaxtkı mətbuat və informasiya naziri Sabir Rüstəmxanlıya müraciət edirlər. Sabir bəy bunları sakitləşdirir. Habilə deyir ki, niyə belə əsəbiləşirsən. Bu, sadəcə tənqiddir, olan işdir, sən də get öz tənqidi fikrini yaz. Deyir ki, özünüzü ələ alın. Amma yəqin ki, onları yenə qızışdırırlar, bu dəfə yuxarılara müraciət edirlər. axırda iş o yerə çatır ki, onu məhkəməyə verirlər, başına oyun açırlar. Məhkəmədə əvvəlcə kitabın yandırılması haqqında qərar çıxarılır, sonra dəyişiklik edib qərara gəlirlər ki, düzəlişlər aparılsın, ondan sonra yenidən çap olunsun.
Amma bu o vaxt idi ki, artıq Firudin bəy ölüm ayağındaydı. Nə onlara cavab verməyə, nə də bu işi görməyə gücü qalmamışdı. Nə qədər ki, onlar sağ idilər, onların heç biri bu haqda danışa bilmirdi. Amma Firudin bəyin xəstə olmasından istifadə edib işə başladılar. Sağlam vaxtı olsaydı, onunla bacara bilməzdilər.
Mən hazırda Firudin Şuşinksi haqqında kitab hazırlayıram. O kitabda Fikrət Əmirov, İlyas Əfəndiyev, Xəlil Rza Ulutürk, Rəşid Behbudov, Elçin, Kamal Abdulla kimi tanınmış adamların onun haqqında dediyi fikirləri də çap edəcəyəm. Bir şeyi də deməsəm olmaz: Firudin Şuşinskinin ən böyük arzusu “Muğam ocağı”nın yaradılması, bir də Cabbar Qaryağdıoğlunun yubileyinin keçirilməsi idi. Bunun üçün sovet vaxtında Mərkəzi Komitə katibləri Kamran Bağırov, Nazim Hacıyevə müraciət etsə də, baş tutmadı. Amma Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma təşəkkür edirəm ki, Şuşinskinin bu arzuları onun sayəsində həyata keçdi. Mehriban Əliyeva muğamı ölməyə qoymadı. Məhz onun muğamı diriltməsindən sonra Firudin bəyin əleyhinə yazanlar gəldilər ki, biz də varıq.
Elmin NURİ