Modern.az

İlham Qəhrəmanın KƏNDİ: “Həmin evdə ilanlar illərlə bizimlə birgə yaşadı, amma ziyanlıq etmədilər” - SÖHBƏT

İlham Qəhrəmanın KƏNDİ: “Həmin evdə ilanlar illərlə bizimlə birgə yaşadı, amma ziyanlıq etmədilər” - SÖHBƏT

16 Fevral 2015, 10:48

Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə şair - publisist İlham Qəhrəman doğulub-böyüdüyü Laçının Sus kəndi və oradakı uşaqlıq illərindən danışır. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

İlham Qəhrəman o yerləri, o illəri belə xatırlayır:  

Mənim kəndim

- Dədəm (atam) Laçının Sus kəndindən, nənəm (anam) isə Qızılcalı qızıdır. Özüm Suslu sayılıram. Mən körpə olanda dədəm Susdan kəndin Həkəri çayı boyunca yerləşən bağlarına köçür. Biz alma bağını qoruyur, həm də qoruqçu üçün tikilən daxmada yaşayırdıq.

Sus kəndi Laçın şəhəri ilə üz-üzə Mərkiz dağının ətəyində, Həkəri çayının sağ sahilində yerləşirdi. Laçında teleötürücü qüllə bu kəndin ərazisində - Mərkiz dağının zirvəsində quraşdırılmışdı.

Azərbaycandan Ermənistana və Naxçıvana gedən beynəlxalq nəqliyyat yolu, yüksək gərginlikli elektrik xətti və  yeraltı rabitə kabel xətti bu kəndin ərazisindən keçirdi. Məşhur Nikolay körpüsü də bu kəndin ərazisində tikilmişdi. Onu da qeyd edək ki, erməni-müsəlman müharibəsi zamanı satqın Andronikin ordusunu babalarımız bu körpüdə yarı bölüb qırmışdılar. Zabuxdan təxminən 12 kilometr aralıda – Sus dərəsində baş verən tarixi hadisənin yeri nədənsə bu gün adını yazıçı qoyanlar tərəfindən Zabux dərəsi kimi qeyd edilir. Görənlər nəql edirdilər ki, Sus bağlarında qırılan ermənilərin meyitinə görə 3 il bağlara girmək mümkün olmadı.

Eyni zamanda, keçən əsrin əvvəllərində babalarımız tərəfindən ermənilərlə müharibədə müdafiə üçün Mərkiz dağının zirvəsindən Zabux kəndinə qədər böyük bir ərazidə qazılan səngərin izləri açıq görünürdü. Bu səngər tanıdığım ağsaqqalların dediyinə görə, Türk ordusunun yerli əhaliyə hərbi təlim vermək üçün göndərdiyi zabitlərin göstərişi ilə qazılmışdı.

Babam Nemət Qəhrəman oğlu – Susda ən varlı şəxs olub. Kolxoz onun var-dövləti ilə (qoyun sürüləri, böyük qazma tövlələri) qurulub. Bütün var-dövlətini kolxoza könüllü verib. “NKVD” haça dil atını aparanda at geri dönüb kişnəyəndə qapıda keçinir. Ata babam olan bu şəxsə aid ağ ev kənddə son dövrlərə qədər dururdu. Evin böyründəki böyük tövlələrin birində iri kəndi vardı. Məişət üçün qozdan hazırlanmış bu kəndinin bir gözündə un, bir gözündə buğda, bir gözündə arpa, bir gözündə darı və s. olurdu. Yetimçiliklə böyüyən dədəm Laçında hansı kəndə getsə yaşlı şəxslər ona Nemət babamı səxavətli bir şəxs kimi tanıdıqlarını deyirdilər. Xənəzək kəndində dədəm at nalı alarkən erməni dəmirçi onun Sus kəndindən Nemətin oğlu olduğunu biləndə - aclıq illərində Nemət babamın qapısına getdiyini və ona babamın iki öküz yükü buğda verib yola saldığını xatırlayıb ağlayır.

Kəndin camaatı Şadmannı tayfasına aiddir.

Kənddəki törəmələr: Dadaşuşağı, Mərkizdilər, Şadmanlı, Cəfəruşağı, Almuradlılar.

Məşğuliyyətləri – Susda örüş geniş, torpaq verimli olduğundan insanlar heyvandarlıq, bağçılıq, bostançılıq, arıçılıqla məşğul olurdular. Kənddə qış ovçuluğu da inkişaf etmişdi. Bunun üçün həm silah, həm də tələdən istifadə olunurdu. Xanımlar gəbə, kilim, xurcun, farmaş, corab toxuyurdular. Bu kənddə yaxşı çarıq tikənlər olub. Xanımlar onlar üçün tikilən zərif çarıqları toya geyərmişlər. Tut bağları çox olduğundan kənddə bəhməz və tut qurusu çox olardı. Çayda zavod qurub araq çəkərdilər. Qışda bu nemətlərin bir hissəsi qonşu erməni kəndlərində mübadilə olunardı - əsasən kartofla. Eyni zamanda Həkəri çayı kəndin ərazisindən keçdiyindən qışda çiləkən qurub balıq tutmaq (ovlamaq) ənənəsinə də yiyələnmişdilər. Yayda isə çayın qollarını qurutmaqla balıq tuturdular. Laçına elektrik və trotil şaşkası gələnə qədər Həkərinin balığını yığıb yığışdırmaq olmazdı. Ona görə də aclıq illərində çayqırağı kəndlərdə aclıq çəkənlər olmayıb. Əksinə qonşu kəndlər də bu kəndlərin nemətlərindən bəhrələnəriblər. Yaşlı insanlardan aclıq illərində laçınlıların ermənilərə də əl tutduqlarını dəfələrlə eşitmişəm.

Onu da xüsusi vurğulamaq lazımdı ki, kəndin güney örüşündə - Xallanlıda dünyanın ən zəhərli gürzə ilanı olurdu. Orda həm də xınalı kəklik çox olardı.

Kənddə ta qədimdən Əhəng quyusu olub. Burada xüsusi daşları yandırıb əhəng əldə edirmişlər. Əhəngi həm divar hörmək üçün palçığa qatardılar,  həm də evləri, qara damları ağardardılar.

Susda peşəkar musiqiçilər – zurnaçılar olub. Ətraf kəndlərin toy məclislərini yola vermək üçlükdən ibarət (zurna çalan, dəmkeş (ona yançı da deyirdilər) və nağara çalan) bu dəstənin boynuna düşərdi.

O kənddəki uşaqlıq illəri

- Mənim uşaqlığımı Həkəri çayının şırıltısı müşayiət edib. Yazda daşan sellərin məcrasından çıxmasından tutmuş, yayda yatağına qayıtmasınacan hər halı gözüm önündən keçir. Həkəri çox bərəkətli çay idi. Dədəm arı yeşiyində saxladığı toru çıxarıb gecələr balıq tutmağa gedəndə məni də aparardı. Torun balıq düşən yerinə “xəzinə” deyirdilər. Birdən xəzinə balıqla elə dolurdu ki, sahilə çəkmək çətinləşirdi. Belə olanda dədəm çaya girib tordan balığı çıxardıb sahilə atardı. Yayda Həkərinin qollarını döndərib balıq tutmaq da təcrübə tələb edirdi. Gərək adanın (çayın qolu) başını çimlə kəsəydin. Çim - çayır bitən gilli torpaqdan kəsilmiş hissəyə deyilir. Çayır kökü suda da torpağı buraxmadığı üçün adanı onunla qurudub balıq tutardıq. Yazda çay daşanda meşəli ərazilərdən keçən sel çoxlu odun axıdardı. İnsanlar çay yatandan sonra özünə odun ehtiyatı toplayardı. Balaca olsam da, belə vaxtı fürsəti qaçırmazdım - bir gündə bir maşın yükü odun topalayırdım. Belə işlərimin mükafatı nənəmim “kişi qırığı!” kəlməsi olardı. Sus kəndinin çayqırağı çoxlu tut, gilas, gavalı, ərik bağları və bostan yerləri vardı. Tut yetişəndə toxmaqçılar tutu çırpardı. Səkkiz qız isə iki karxananı tutun altında tutardılar. Karxanaya tökülən kolxozun çəlləklərinə yığılırdı. Yerə töküləni isə uşaqlar əllərində qab dənləyərdilər. Mən balaca vaxtı çox tut dənləmişəm. Çayın müxtəlif yerlərində - əsasən daşa dirənən yerində  - göl düşərdi. Yayda həmin göllərdə çimməkdən doymazdıq. Bəzən səhərdən axşama o qədər çimirdik ki, axşam evə gələndə dodağımız göm-göy çivid olurdu. Nənəm mənimlə dalaşırdı ki, gündüz niyə gəlib çörək yemirsən?!

Heç zaman unudulmayan xatirələr

- Yadımdadır, alma bağındakı daxmada yaşayırdıq. Gecə yatanda alovu zəiflədilmiş neft çırağının üstünə - işığına - civirdən ana-bala ilanlar sallanardı. Belə olanda nənəm onları öldürməyə qoymazdı. Süleyman peyğəmbərin adını çəkib dua oxuyardı, deyərdi arxayın yatın! Neçə illər həmin evdə ilanlar bizimlə birgə yaşadı, amma ziyanlıq etmədilər. Nənəm çox dilavər qadın olub (indi yaddaşını itirib). Mənim şairliyim irsən nənəm tərəfdən gəlir.

Oxumaq üçün rayon mərkəzindəki məktəbə gedirdim. Çay kənarında olduğumuz üçün sinif yoldaşlarım mənə Çaylı deyirdilər. Bizim evdən Laçındakı məktəbə xeyli yol vardı. Çox zaman həmin yolu piyada gedirdim.Yolda dağa gedən (həm də qayıdan) tərəkəmə köçünün içindən keçməli olurdum. Bir dəfə təxminən 6-da oxuyanda bir sürü tərəkəmə iti mənə cumdu, əlimə daş alıb durdum.  İtlərin hamısı mənə 10-15 metr qalmış dayandı – bu həmişə belə olardı. Amma bu dəfə sürünün içindən iki ənik dayanmadan üstümə cumdu. Magistral yolun təxminən 6 metrlik xəndəyindən özümü atmağım yadımdan çıxmır. Narın torpaq üstünə düşdüyüm üçün əzilmədim. Hadisəni görən bostançı qadın qorxduğumu bilib mənə su içirtdi.

Balaca vaxtlarımda bazar günləri dədəmlə oduna gedərdik. Bir dəfə qarlı bir gündə at-eşşəyi minib ardıc meşəsinə oduna getdik. Meşəyə çatanda gördüm ki, Çəmbər adlı itimiz də gəlib. At-eşşəyi yekə bir ardıcın altında bağladıq. Dədəm ocaq qaladı və odun doğramağa başladı. Mən də odunları yük vuracağımız yerə daşıyırdım. Günortaüstü götürdüyümüz çörəyi ocaqda isidib pendirlə şirin-şirin yedik. Sonra saat 2-də muğamat konsertinə çataq deyə tez at-eşşəyi yükləyib yola düzəldik. Biz odun elədiyimiz yerdən aralandıqca Çəmbər gah zingildədi, gah hürdü. Dədəm hirslənib ona təpindi ki, yük heyvanları ürkə bilər. İt bizə tərəf qaçır və geri qayıdırdı. İtə fikir vermədik. Evə çatıb yükü boşaldıb muğamata qulaq asdıq. Amma mənim fikrim itimizin yanında qalmışdı. Gecə itimiz qapıya gəlmədi. Səhər tezdən kolxoz maşınında bir dəstə kişi dədəmi çağırdı ki, bəs Qızılcaya yas yerinə gedirlər. Dədəm tez nənəmdən pencəyini istədi. Nənəm olduğumuz balaca daxmanı nə qədər axtardısa, pencək tapılmadı. Maşın gözləmirdi, dədəm sırıqlısını geyib nənəmin qarasına deyinə-deyinə yas yerinə gedəndən sonra atımızı tövlədən çıxartdım. Nənəm kömək elədi, yəhəri atın belinə qoyub mindim və itimizin dalınca meşəyə sürdüm. İt ardıcın altında – dünənki düşərgəmizdə idi. Məni görüb quzuldadı. Elə bil nədənsə şikayət edirdi. Atdan düşdüm ki, iti tutub aparım. Çəmbərə yaxınlaşanda boynuma ardıc budağından günəşdən əriyib sulanmış qar düşdü. Diksinib yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılı gördüm. Pencəyi götürüb ata minən kimi Çəmbər də bizə qoşuldu. 

O kənddəki evimiz...

- Sus kəndində Nemət babamın öz dövrü üçün yenilik sayılacaq ağ evi vardı. Ancaq dediyim kimi, mən çağa olanda dədəmgil Həkəri çayının sahilinə yenmişdilər. Burdan Padşahlı körpüsünün yanındakı gözətçi evinə köçdük. Dədəm yol fəhləsi işləyir, həm də körpüyə və yanındakı bağlara baxırdı. Nənəm çoxlu toyuq saxlayırdı. Birdən ermənilər avtobusu saxlayıb bizdən toyuq alırdılar. Elə bilirdilər ki, həyətimiz toyuq fermasıdır. Sonradan yol idarəsi bizə kallayı-dolayı təzə gözətçi evləri tikdi. Necə deyərlər, ailəmiz bir qədər genişliyə çıxdı. Yol kənarında olduğumuz üçün evimiz qonaq-qaralı olurdu. Dədəm yolda qalana əl tutardı. Mən dağ-arana gedən tərəkəmələrin çaydanını gətirib evdə onlara çay qaynadardım. Evdə hinduşka bişəndən sonra dədəm çıxıb otururdu yolun kənarında – gözləyirdi bir yol ötən olsun, evə çörəyə dəvət etsin. Deyirdi, tək olanda iştahım olmur. Bir neçə ildən sonra həmin evə işıq çəkildi. Dədəm qoçaq kişiydi, bir gün gedib bizə yaxın olan Bəylik kəndinin ərazisindən ev yeri götürdü. Yerli hakimiyyət ev tikməyə qoymurdu. Bir dəfə erməni dostumuz Dığ kəndindən bizə gəldi. O vəziyyətlə tanış olandan sonra kürəkəninə xəbər göndərdi. Kürəkəni bənna idi. Kürəkəni gələndən sonra dedilər ki, bəs ev yerinə işıq çəkmək lazımdı. Mamam oğlanları və kənd cavanları da gəlmişdilər. Bu işə eldə hav deyirlər. Gecə erməni usta divarı hörməyə başladı. Səhər İcraiyyə Komitəsinin sədri Umud Allahverdiyev  gəlib gördü ki, divar yerdən qalxıb və usta ayaqaltının üstündədir. Əlini cibinə salıb ustaya o vaxtkı pulnan bir iyirmibeşlik verdi, xeyir-dua söylədi. Umud müəllim dədəmin qız külfətinə sahib olmağını xüsusi vurğuladı və mərdiməzarın da qarasına danışıb getdi. Dədəm evi çox böyük tikdirdi. Həmişə deyirdi ki, qəbirdə yerimiz dar olacaq, qoyun işıqlıda yerimiz gen olsun. Sonra mən Bakıdakı vaqon təmiri zavoduna gedib alüminium tozu aldım. Dədəm həmin evin üstünü rənglətdirmişdi. Kənardan iki göz istəyirdi tamaşasına dursun. Geniş həyətimiz vardı. Qapının ağzında bir göyəm ağacı vardı, yetişəndə bütün kənd onun barından mürəbbə bişirirdi. Qara tutumuz haqqında “Laçında qalan qardaşım” adlı şeir yazmışam. Qaçqınçılıqda dədəmi görən kənd qadınları min əziyyətlə tikdirdiyi evini yada salıb gözlərini silirdilər.

Və məktəbimiz...

- Demək olar ki, Laçın şəhərində olan bütün məktəblərdə oxumuşam – Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev adına internat məktəbdən 3-cü sinfə gedəndə çıxdım. Sonra səkkizillik məktəbə getdim. Səkkizillik məktəbi bitirdikdən sonra 1 və 2 saylı şəhər orta məktəblərində oxudum. Orta məktəbdə yaxşı oxuyurdum. Müəllimlərim məndən razı idilər. Yaxşı müəllimlər mənə dərs deyiblər. Müəllimlərimin işıqlı xatirələri həmişə mənimlədir.

O kənddəki nakam sevgi

- Sinfimizdə bir qız sevirdim. Atalar deyir, iki şey var ki, onu gizlədə bilmirsən. Biri eşqdi, o biri isə müşk (yəni ətir). Mən də bu işi gizlədə bilmədim. Sinifdə həmişə qeyri-ixtiyari gözüm o əyləşən tərəfə baxırdı. Necə deyərlər, gözlərim məni ələ verdilər. Bir gün o qız məni sinifdə söyüb biabır etdi. Bu 6-cı sinifdə oldu. Ondan əvvəl 4-cü sinifdə oxuyanda sinfimizə təzə gələn bir qıza qarğa dilində -  “Məlfir səlfiri selfir!” – deyib guya sevgimi bildirdim. Axşam evə gələndə gördüm qızın anası bizdədir. Nənəm qulağımdan tutub çəkdi. O qadına isə pay-püşk verib yola saldı. Belə işlər çox olub. Bunlar uşaqlıq sevgiləriydi. Belə sevgiləri yada salanda gözümün önünə zoğu qırılmış fidanlar gəlir. Heyif, o günlərdən...



Ağrılı-acılı uşaqlıq yaraları

- Kasıb olduğumuz üçün oyuncağımız olmazdı. Həmişə oyuncağı olan tay-tuşlarıma həsədlə baxırdım. Nənəm ətir vuran kimi bilirdim ki, toya gedəcəklər. Ağlıyırdım ki, məni də aparsınlar. Bundan əvvəl məni bir işə buyuranda deyirdilər ki, filan buyruğu elə, səni filankəsin toyuna aparacağıq. Mən də canla-başla o işi görürdüm. Amma toya aparmırdılar. Biz tərəflərdə toylar çox maraqlı olurdu. Toyu padşah (ona toybaşı da deyirdilər) idarə edirdi. Toyda şuxluq yaratmaq üçün toybaşı kimisə cərimələyirdi. Toybaşının yanında əli çubuqlu mirqəzəbi olurdu. Onun qərarını - kəsəmətini icra etməkdən imtina edəni “cəza” gözləyirdi. Ya pul ödəməliydi, ya oynamlıydı, ya da ona cəza kimi kəsilmiş arağı içməliydi. İndi uşağın cibinə pul da qoyursan ki, get filan toya , elə bil uşağı Sibirə üçillik sürgünə göndərirsən, uşaq gözün döyür, getmir.

Təxminən 7-ci sinifdə oxuyanda uzunqulaqda çapa-çapa evə gəlirdim. Çəpərdən (tikandan düzəlmiş darvaza) dönəndə itimiz ulağın qabağına çıxdı. Ulaq iki ayağı üstə yuxarı qalxanda məni başım üstə yerə yıxdı. Yerə yıxılanda başım həyətdəki çaylad daşına dəydi. Başımda parıltı hiss etdim və huşumu itirdim. Hadisə təxminən gündüz saat 11 radələrində olmuşdu. Ayılanda axşam saat 8-9 olardı. Gördüm qohum-əqrəba başımın üstündə keşiyimi çəkir, amma heç biri deməyib ki, bunu həkimə aparaq. Bu da avamlıqdan irəli gəlirdi...

Orda qoyub gəldiyim...

- Laçında çox şey qaldı... Balaca İlhamı Laçında qoyub gəlmişəm. Balaca sevgilərim işğal altındadır. Dağılıb qaçqın düşən - haya çata bilməyən qonum-qonşumuz, qohumlarımız mənə görə Laçında qaldı. Qonaqpərvərliyimiz, evimizin qonaqları Laçında qaldı. Qarşı dağın sinəsindəki kəndin toyunda çalınan qara zurnanın bu biri dağda eşidilən səsi Laçında qaldı. Hər yaz gələndə eyvanımızda yuva tikən qaranquşlar, çəpərimizdəki kirpi Laçında qaldı... aşağıdakı adsız şeir bu hisslərdən doğub:

***

Canım, telli balam,   
Hissim torpaq kimi
Əsirdi, ilhaqdı.
Hər yerdən görünür, -
Mənim yurd həsrətim
Yol kimi çılpaqdı.



Yaddan çıxmayan ata şilləsi

- Bir dəfə çayda qarmaq sallayır, həm də qoyunlarımıza göz olurdum. Mən qarmaqla yaxşı balıq tuturdum. Həmin gün ovum uğurlu olmuşdu, xeyli balıq tutmuşdum. Dağ çayının suyu şirin olduğu üçün balığı da çox dadlı olur. Demək olar ki, böyük bir düzünü (söyüdün haça qanadından balığı qulağından taxmaq üçün qırılmış qoşa qanad) doldurmuşdum. Qoyunlarımızın otlaya-otlaya evə tərəf getdiyini görüb arxayın qarmaq sallamaqda davam etdim. Axşam həyətə girəndə dədəm hirsli-hirsli soruşdu ki, qoyun hanı?! Ağzımı açmamış əlindəki zoğal ağacı ilə məni döydü. Evdən aralanıb qoyunu axtarmağa gedəndə qoyunlar evimizin arxasındakı ardıcın altından qalxıb həyətə gəldi. Sən demə, heyvan qapıya gələndə itdən ürküb ardıcın altına toplaşıb. Bundan sonra həm tutduğum balığa görə, həm də itməyən qoyuna görə heç nədən döyüldüyüm üçün bərk küdurətləndim. Gecə yarısınadək evə girmədim.




Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB