Modern.az

“Yol əhvalatı”nın KADRARXASI: “Siyavuş Aslan Yaşar Nurinin başına necə qapaz vurdusa..” - Hacı İsmayılov

“Yol əhvalatı”nın KADRARXASI: “Siyavuş Aslan Yaşar Nurinin başına necə qapaz vurdusa..” - Hacı İsmayılov

28 Fevral 2015, 15:31

Modern.az saytının “Kadrarxası” layihəsində növbəti yazı “Yol əhvalatı” filmindən bəhs edir. Yazıda filmin bilinməyən, amma tamaşaçılar üçün maraq doğuran məqamlarından bəhs edirik. Həmsöhbətlərimiz xalq artisti Hacı İsmayılov və rejissor, aktyor Yusif Əlizadədir.

Arayış: Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi bitirdikdən sonra 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və həmin il sentyabr ayının 2-də gənc truppaya daxil olub, 1970-ci il fevral ayından isə Akademik Milli Dram Teatrında çalışır. Hacı İsmayılov kino və teatr aktyoru kimi qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə əməkdar srtist, 18 dekabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” orendinə layiq görülüb.
O, “Azərbaycanfilm” kinostudiyasında “Ad günü” filmində canlandırdığı Mustafa roluna görə böyük uğur qazanıb və 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb. Ailəlidir, iki övladı və iki nəvəsi var.

Arayış: Yusif Əlizadə Masallı rayonun İsi kəndində anadan olub. Masallı orta məktəbinin 11-ci sinfini 1965-ci ildə bitirib. 1966-cı ildə Sovet ordu sıralarına çağırılıb. 1968-ci ildə  hərbi xidməti başa vurub. 1970-ci ildə Adil İsgəndərovun aktyorluq kursuna qəbul olunub və 3 il orda oxuyub. 1973-1978-ci illərdə Mirzəağa Əliyev adına institutda təhsil alıb. Elə həmin dövrdən də kinostudiyada çalışmağa başlayıb. 1990-cı ildə Bəxtiyar Vahabzadənin “Qisas” əsərini ekranlaşdırıb. 2006-cı ildəkinostudiyadan çıxaraq 3 il müddətində “Lider”  kinostudiyasında dublyaj rejissoru olaraq çalışıb. Hazırda əsərlərini yazır, kitab çıxarmaqla məşğuldur. Ailəlidir, Moskvada yaşayan bir övladı, 3 nəvəsi var. Azərbaycan Kinematoqrafçılar İttifaqının, Kinorejissorlar Gildiyasının üzvüdür.

“Yol əhvalatı” filmi 1980-ci ildə çəkilib. Sadə dildə tamaşaçıya həqiqətləri çatdıran film Asim Cəlilovun ssenarisi əsasında lentə alınıb. Hadisələr bir-birini sevən Mustafa və Zümrüdün sevgilərinə mane olan əliəyrilərin fəaliyyəti fonunda cərəyan edir. Qurban (Siyavuş Aslan) qızı Zümrüdün (Həmidə Ömərova) Mustafa (Vaxtanq Pançulidze) ilə izdivac qurmasını qətiyyən istəmir və hər vəchlə buna mane olmağa çalışır. Sonda bandanın ifşa olunması ilə saf məhəbbət qələbə qazanır.

Ekran əsərinin quruluşçu rejissoru Teymur Bəkirzadə, quruluşçu operatorları Şərif Şərifov, Ələsgər Ələkbərov, quruluşçu rəssamı Fikrət Əhədov, bəstəkarı Polad Bülbüloğlu, rejissoru Rafiq Dadaşov, bədii rəhbəri Eldar Şengelayadır. Filmin direktoru Rimma Abdullayevadır.
Rollarda Siyavuş Aslan, Hacı İsmayılov, Yaşar Nuri, Həmidə Ömərova, Kamil Məhərrəmov, Sofa Bəsirzadə, Ceyhun Mirzəyev, Yusif Əlizadə, Vaxtanq Pançulidze, Eldəniz Zeynalov, Məmmədağa Dadaşov, Muxtar Manıyev və başqaları çəkilib.

Yol əhvalatı...


Hacı İsmayılov
: Həmin dövr kino adına məhsuldar illərdən idi. Həm gənc, həm də yaşlı nəslin nümayəndələri bir-birinin ardınca zamanına möhür vuran filmlərə çəkilirdi. İl ərzində ən azı 5-6 film lentin yaddaşına köçürülürdü. Məhz belə filmlərdən biri də “Yol əhvalatı” oldu. Ssenari müəllifi Asim Cəlilov idi, o vaxt kinostudiyada baş redaktor vəzifəsində çalışırdı. Film Teymur Bəkirzadənin ilk işi idi. Bundan əvvəl qısametrajlı filmə müəlliflik etmişdi.

Həmin film “Dissonans” adlanırdı və idmana həsr edilmişdi. Qısametrajlı filmi uğurla çəkdiyinə görə “Yol əhvalatı”nı da ona həvalə etdilər.
Filmə tanınmış atyorları dəvət etdilər. Bildiyiniz kimi, filmin əsas məzəsi qoyunların təyyarə vasitəsilə gətirilməsindədir. Hadisələr məhz onun üstündə qurulur. Siyavuş Aslanın, Yaşar Nurinin, Kamil Məhərrəmov və mənim bir yerdə gördüyümüz tədbir heç cürə alınmır və kələyimiz ifşa olunur.

Filmin çəkilişinə start veriləndə bir çox aktyorlar dəvət olundu. Həmidə Ömərova baş qəhrəmanı oynayırdı. Filmdə tanınmayan aktyorlar yox idi.

Filmdəki aktyorlarda çox böyük ruh yüksəkliyi vardı. Bir növ hamı dəstələrə bölünmüşdü. Və bu dəstələrin mübarizəsi gedirdi.

O dövrdə təbii olaraq sınaq çəkilişləri həyata keçirilirdi. Bu filmdə sınaq çəkilişlərini formal olaraq icra etdilər. Çünki, rejissor bilirdi ki, hansı rola kim çəkiləcək. Həm də ssenari əvvəldən elə yazılmışdı”.

Filmdəki təyyarəni Xaçmazdan Bakıya gətirmək üçün söküblər...

Yusif Əlizadə: “Mən bu filmdə çəkilməklə yanaşı, həm də rejissor assistenti idim. Fərid roluna dəvət etdiyim Elxan Əhədzadə səhər tezdən bizdən xəbərsiz qastrol səfərinə uçmuşdu. Ona görə də ikinci resjissor Rafiq Dadaşov Teymur Bəkirzadəyə dedi ki, “qoy bu rola elə Yusif özü çəkilsin”. Rejissor da gülə-gülə dedi ki, “dəvət etdiyi aktyor, dostu gəlmədiyinə görə sən Yusifi cərimələyirsən?”.

Razılaşdıq, beləcə mən bu rola çəkildim. Heç bir çətinliyim olmadı, çünki ssenarini əzbər bilirdim.

Çəkilişlər əsasən Xaçmazda, Bakıda, Binə hava limanın yükün qəbul olunma yerində, Bakı küçələrində, “Gənclik” metrostansiyasının üstündəki küçədə aparılıb. Paşanın Mustafanın qoyunla dolu maşınını qaçırdığı yer məhz metronun üstü idi. Hansı ki, Mustafa maşının üstü ilə qaçaraq  kabinaya daxil olur. Həmin səhnədə biz təklif etdik ki, təhlükəli olar deyə, Vaxtanq özü oynamasın. Lakin o dublyor istəmədi və özü çəkildi. Gənc idi, əslində bunu istənilən gənc edə bilərdi. Dublyorsuz oynamaqla Vaxtanq bizə bir növ xarakterini nümayiş etdirdi.

Qoyunların təyyarəyə yüklənməsi Xaçmaz aeroportunda lentə alındı. Təyyarənin enməsi isə Əhmədli qəsəbəsində Neapol dairəsində ekranlaşdırılıb. İşin sənətkarları təyyarəni Xaçmazda sökdülər demontaj vəziyyətdə onu Bakıya gətirdilər, yenidən quraşdırdılar. Beləcə çəkilişi həyata keçirdik”.

Siyavuş necə qapaz vurdusa qatıq Yaşarın üzünə dağıldı”



Hacı İsmayılov
: “Əsas çəkiliş yerimiz yəhudilərin qəbristanlığında aparılırdı. Təyyarə Ukrayna dairəsində lentə alınıb. Təyyarə doğrudan da şosseyə düşdü. Bilirsizz o vaxt bu qədər avtomobil yox idi deyə çəkiliş etmək də çətin deyildi. Bakı küçələrində film ekranlaşdırmaq çox asan idi. Heç çox vaxt icazə də alınmırdı, birbaşa çəkiliş edilirdi. Amma indi onları təkrar etmək belə, mümkün deyil, həm də uzun və sıxıcı bir prosesdir.

Filmdə təyyarəni çəkmək üçün Zabrat aeroportunun rəhbərliyilə danışdılar, onlar da böyük məmnuniyyətlə təyyarələrdən birini çəkiliş üçün bizə verdilər. Heç bir məhdudiyyət yox idi, bildirmişdilər ki, nə vaxt lazım olsa, təyyarədən istifadə edə bilərik”.

Xalq artisti çəkiliş prosesddində baş vermiş maraqlı məqamlardan birini xatirəsinin dili ilə belə canlandırır:
“Maraqlı səhnələrdən biri sürücü Musatafanın malları gətirməyib bizi aldatdığı və maşınla qonşunun evinə girdiyi yerdir. Ev dağılandan sonra şikayətçi qonşunun (Eldəniz Zeynalov) evini təmir etdiyimiz səhnə çəkilirdi. Onu da deyim ki, həmin yer kinostudiyanın həyətində olan tikili idi. O kadrda hasarın bir tərəfini biz “hörürdük”. Həmin səhnədə guya tənəffüs vaxtı idi. “Pririv, pririv” ki, deyirlər. Deməli nahar etdiyimiz yerdə Siyavuş şikayət edir ki, “əşşi mən heç belə bir işə düşməmişdim, bu nəydi başımıza gəldi...”, hərəmiz də bir replika atırıq. Yaşar (Makintoş) da qəzetdən bir papaq düzəldib qoymuşdu başına, özü də qatıq içirdi. “Çesni, ne çesni” deyib Qurban bir qapaz vurdu başına, qatıq dağıldı Yaşarın üzünə, bığına. Əslində ssenaridə olan bir şey deyildi. Həmin an hamımız fikirləşdik ki, rejissor əsəbiləşib “stop, dayanın, bu qədər də əlavə olmaz” deyəcək. Amma gördük ki, kameranın səsi gəlir, özümüzü itirmədik. Başa düşdük ki, davam etmək lazımdır. Yaşar da işinin ası olan bir aktyor oluğundan o da özünü itirmədi, heç nə olmamış kimi çörəyi götürüb dodaqlarını silib ağzına atdı”.

“Erməni operator çəkiliş üçün “brak” plyonka gətirmişdi”


Yusif Əlizadə
: “Qəbristanlıq çəkilişləri 2-ci Fəxri Xiyaban tərəfdəki qəbristanlıqda baş tutdu. O çəkilişlərdə 40 dərəcə isti vardı. Çox çətin idi. İndi hamının baxıb güldüyü film əslində böyük zəhmət hesabına başa gəlib. Qəbristanlıq işçilərinin emalatxanası vardı. O cür istidə biz işlədik, sən demə bizim 2-ci operator əslən erməni olan Robert Silanyan bizə “brak” plyonka gətiribmiş. Ona bildiriblər ki, budəfəki plyonkalar “brak”dır. Operator isə deyib ki, “eybi yox, biz düzəldərik”. Onun səhlənkarlığı ucbatından film demək olar ki, iki dəfəyə çəkildi.

Həmin vaxt laboratoriyanın aşkarlama sexi təmirə dayandığı üçün aşkarlanmanı Tiflisdə edirdik. Yol uzaq olduğundan hər dəfə gedə bilmirdik. Müəyyən müddət plyonkaları yığıb sonra aşkarlanmağa göndərirdik. Növbəti dəfə assistenti plyonkanın aşkarlanması üçün göndərəndə ordan bizə zəng vurdu ki, “saxlayın çəkilişi plyonka “brak” gedir”. Sonradan məcbur olub yeni lentlər gətizdirdik, obyektlərin çoxunu təzədən çəkdik. Elədiklərinə görə isə erməni operatoru cəzalandırmadılar, şifahi şəkildə irad tutdular, bununla da bitdi…”.

Aktyor bildirir ki, çəkiliş heyəti içərisində böyük ruh yüksəkliyi var idi. Hamı həvəslə çalışıb, bir-birinə can deyib-can eşidib. Filmdə olduğu kimi, çəkilişdə də komediya əhval-ruhiyyəsi yaşanıb.

Ekran əsərinə “Qaynana” filmindən epizodun salınması isə ssenari müəllifi Asim Cəlilovun ideyası olub.

Yusif Əlizadə: “Filmin maraqlı alınmasında Yaşar Nuri, Siyavuş Aslan və Hacı İsmayılov üçlüyünün böyük əməyi oldu. Paşa rolunun ifaçısı Kamil Məhərrəmov da həmçinin. O, rolunun öhdəsindən çox böyük məharətlə gəlib. Teymur Bəkirzadənin yarım kəlməsi, bircə mimikası onlara bəs edirdi. O saat rejissorun nə demək istədiyini tuturdular. Rəhmətlik Teymur Bəkirzadə talantlı insan idi, onu başa düşmək çətin deyildi.

Zümrüdün çalışdığı xalçaçılıq fabrikini Hacıqabulda çəkdik. Həmin çəkilişi cəmi bir günə həyata keçirdik. Məkan sahibləri hamısı bizə böyük qonaqpəvərlik göstərirdilər. Ona görə idi ki, bircə günə çəkib geri qayıtdıq.

Xaçmazdakı çəkilişlər üçün isə 3 gün orada qaldıq. Bizi çox yaxşı da qarşıladılar. Hər şey çox gözəl idi. Təsəvvür edin ki, 1980-ci il həm də olimpiada ili idi. Sovet ölkələri hələ dağılmamışdı. Həmin dövrlərdə kinoya, sənətə çox böyük maraq vardı”.

“Kamilin şalvarının altından rezin bağlamışdıq ki, tikanlar ona batmasın”.

Hacı İsmayılov: “Qurbanın “sizdən adam olmayacaq” dediyi, çoxlu toyuqların olduğu səhnə kinostudiyanın həyətindəki balaca koma kimi tikilidə ekranlaşdırılıb. Çox balaca, çəkiliş üçün əlverişsiz bir yer idi. Toyuqlar da ssenaridə var idi, amma bu dərəcədə deyildi. Çünki, ani olaraq improvizələr baş verirdi. Məsələn, Siyavuş “camaat şir, pələng saxlayır, bunun saxladığına bax” deyib toyuğu kənara atır. Bu ani yaranan improvizələrdən idi. Toyuqlar ssenaridə var idi. Amma improvizələr sayəsində toyuq yavaş-yavaş böyüyüb əməlli-başlı bir rol olmuşdu.

Xalçaçılıq fabrikinin fasad hissəsi indiki Heydər Əliyev sarayının yanındakı bina idi, Milli Konservatoriya ilə üzbəüz.

Paşanın tikanların üstünə yıxılaraq “mən proizvodstvenni travma almışam” deməsi ssenaridə olsa da, yıxılma təsadüfən alındı. Çəkildiyimiz yer o qədər narahat idi ki, biz də çox, üstəlik kamera, işıqlar da quraşdırılmışdı. Tərpənməyə yer belə yox idi, onu deyim ki, həmin səhnə çox təbii alındı. Paşa (Kamil) birdən birə sürüşüb məftilin üstünə düşdü. Əvvəldən planlaşdırılmış səhnə olduğundan Kamilin şalvarının altından rezin bağlamışdıq ki, tikanlar ona btmasın. Ancaq gözlədiyimizdən də bərk yıxıldığından, məftildən biri hətta şalvarından içəri keçib ətinə batmışdı”.

“Vaxtanqın obrazı filmə yamaqdır”



Hacı İsmayılov
: “Filmdə istifadə edilən rus sözləri, xüsusilə də Siyavuşun istifadə etdiklərinin əksəriyyəti onun öz artırmaları idi. O improvizə edirdi, rejissor da onunla razılaşıb filmdə saxlayırdı”.

Ekran əsərindəki səhnələrdən birində Mürşüd (Hacı İsmayılov) ölü yiyələrinin qapıya gəlib vəziyyəti öyrənmək istəməsilə qan-tər içinə batır. Çünki gətirələcək qoyunların çoxu ehsanlıq idi. Aktyor deyir ki, həmin səhnədə qoyunlar gəlib çıxmır deyə, məcbur olub onu qabağa verirlər: “ Həmin səhnədə məni qabağa verirlər. Onu da deyim ki, qəbristanlıqdakı həmin yer guya, mənim otağımdır, orda yatıb-duruam. Mənə tapşırırırlar ki, “get denən Qurban yoxdur, iclasdadır”. Mən, həmçinin də digər aktyorlar rola o qədər hakim olurduq ki, orda həqiqətən də o qorxunu yaşayıb tər tökürdüm”.

Xalq artisti nədənsə Mustafanı oynayan Vaxtanqın aktyorluq qabiliyyətini bəyənmir: “Düşünürəm ki, filmdə yamaq kimi görünən, adama yapışmayan bir rol varsa, o da Mustafa obrazıdır. Səbəbi isə onu canlandıran gürcü aktyorudur. Onlarla bizim xarakterimizdə, milli xüsusiyyətlərimizdə fərqlər var idi. Baxmayaraq ki, hamımız qafqazlıyıq, fərq çox idi. Film Teymur Bəkirzadəyə veriləndə Eldar Şengelaya ona bədii rəhbər təyin olunmuşdu. Gürcü aktyorun burda çəkilməsi həm onun, həm də rejissorun istəklərinin üst-üstə düşməsilə baş vermişdi. Ən uğursuz rol mənim aləmimdə Musatafanı oynayan aktyor idi. Çəkiliş prosesində hər hansı narazılıq olmurdu. Həm də onunla bizim birgə çəkilişlərimiz demək olar ki, yox idi. Onun səhnələri əsasən Həmidə Ömərova ilə idi”.

“Bakıda aktyor yox idimi, Gürcüstandan aktyor dəvət edirsiz?”

Yusif Əlizadə: “Mustafa rolunun ifaçısı Gürcüstündan dəvət olunmuşdu. Teymur Bəkirzadənin istəyilə “İlk baxışdan məhəbbət” filmində baş rolu oynayan Vaxtanq Pançiludzeni şəxsən Gürcüstana gedərək yuxudan oyadıb filmə dəvət etmişəm. O vaxt Teymur Bəkirzadənin bədii rəhbəri Eldar Şengelaya idi. O, Gürcüstan Kinematoqrafiya İttifaqının sədri idi. Rejissor mənə Eldar Şengelayanın yanına getməyimi məsləhət gördü.

“İlk baxışdan məhəbbət” filmi Bakıda çəkilmişdi. Vaxtanq orda baş rolu oynayırdı, hələ institutda oxuyurdu. Nədənsə Teymur müəllimin gözü onu tutmuşdu.
Birbaşa Gürcüstan Kinematoqrafçılar Birliyinə getdim. Orda Eldar Şengelaya ilə görüşdüm. O da dedi ki, ünvanı tapmaqda mənə kömək edəcək. Onun “Niva” maşını vardı. Oturduq maşına, yol boyu söhbətləşdik. Eldar müəllim məndən soruşdu ki, “nə əcəb, Bakıda yaraşıqlı, talantlı oğlan yoxdur ki, Vaxtanqı axtarırsız? Məsələn, sən özün, niyə səni çəkmirlər?”. Bildirdim ki, bu, rejissor Teymur Bəkirzadənin istəyidir, mənsə filmdə çalışıram.

Mən bu filmdə çəkilməsi üçün Vaxtanqı  yatdığı yerdən oyatmışam. Gürcüstanda Truşşovadakı evinə çatanda gördüm ki, mənzilin qapısı açıqdır. Girdim evə, onu oyadıb ssenarini verdim. Dedim ki, Teymur Bəkirzadə səni gözləyir.

Vaxtanqın aktyorluq qabiliyyətinə gəlincə, düşünürəm ki, onun boy-buxununu çıxmaq şərtilə hər şey qaydasında idi. Çünki, boyu Həmidədən çox qısa idi. Çəkiliş zamanı bəzi yerlərdə onun ayağının altına daş qoyurduq ki, boy fərqi bilinməsin. Məzə burasında idi ki, onun ayağının altına daş qoyanda Həmidəni gülmək tutmuşdu. Heç cür özünü saxlaya bilmirdi. Yadımdadır Teymur müəllim dedi ki, “kameraları söndürün, qoy Həmidə gülüb qurtarsın, sonra davam edərik”. Həmidə də güldüyünə görə hər dəfə üzr istəyirdi.

Fikrimcə, çox gözəl də oynayıb və rolunun öhdəsindən məharətlə gəlib.

Çəklişdə narazı qaldığımız məqam erməninin “brak” plyonka gətirməsi olmuşdu. Plyonka məsələsi hər şeyi burnumuzdan gətirdi”.

“Vaxtanqın Bakıdan getməməsi üçün ona qız düzəldirdik”



Yusif Əlizadə
: “Vaxtanqın burdan getməməsi və filmdə qalıb axıra qədər çəkilməsi üçün bir nəfər vardı - adını çəkməyəcəm- onu müxtəlif qızlarla tanış edirdi. Bir də görürdün aktyor mızıldanır, çəkilmək istəmir, harasa getməyə hazırlaşırdı. Ona görə də bu priyomdan istifadə edirdik.

Günlərin bir günü Mustafanın maşınının xarab olduğu və onu təmir etməyə çalışdığı səhnənin çəkilişinə hazırlaşırdıq. Hansı ki, həmin səhnədə Paşa ilə sözləri çəp gəlir. Bir də gördük iki qız çəkiliş meydanına gəldi. Vaxtanq cib dəsmalını çıxarıb üzünə tutdu. Dedi ki, dişi ağrıyır, getməlidir, bu gün çəkilə bilməyəcək.

Təsəvvür edin ki, o çəkiliş üçün günorta 2-dən sonranı gözləyirdik. Çünki, çəkiliş aparılacaq yerə günortadan sonra gün düşürdü. Vaxtanaq “dişim ağrıyır, gedirəm” deyəndə dəli oldum , dedim nə danışırsan, hara gedirsən? Qətiyyətlə bildirdim ki, yalan deyirsən, qızlar gəlib ona görə gedirsən. Qrupun işçisi olmağıma baxmayaraq,  üstümə düşdü ki, “sən kimsən, mənim dişim ağrıyır, mənə inanmırsan, mən çəkilə bilmərəm, gedirəm, vəssalam”. Onu vurmamaq üçün özümü güclə saxladım, fikirləşdim ki, əzilib eliyər, işə düşərik. Aramızada inciklik oldu. Sonra filmin direktoru da işə qarışdı. Beləcə Vaxtanqın “diş ağrısı” keçdi və gedəsi olmadı”.

Sən demə göydə uçur sandığımız təyyarə yerdə dayanıbmış

Yusif Əlizadə: “Təyyarənin içindəki çəkiliş zamanı təyyarə göydə uçmurdu. Havada çəkiliş etmək çətin olardı deyə, elə yerdə çəkdik. Xaçmazda qoyunları təyyarəyə saldıq və səhnəni lentə aldıq. Təyyarənin enməsini isə Əhmədli qəsəbəsindəki Ukrayna dairəsində çəkdik.

Düşünürəm ki, film çox uğurlu alınıb. Elə buna görə də hər həftə telekanallarda təkarar-təkrar göstərilir”.

Y.Əlizadə deyir ki, aktyorlar o qədər canlı oynayırdılar ki, filmdəki komik səhnələr çəkiliş prosesində baş verən gülməli məqamları üstələyirdi:

“Kinosınaq çəkilişləri olanda Mustafa roluna mənim özümü də sınadılar. O an Siyavuş Aslan otağa girdi və ekranda məni gördü. Dedi ki, “əşşi elə bunu çəkin də. Budur da Mustafa rolunun ifaçısı”. Teymur müəllim dedi “yox, o mənim yaxşı işçimdir, mənə kömək edəcək”.

Söhbət zamanı o illəri yenidən xatırlayan müsahibimiz aktyor Siyavuş Aslanla bağlı baş verən komik anları bizimlə bölüşdü:

“Film hələ tamamlanmamışdı, çəkilişlər davam edirdi. Ayın axırına çox qalmışdı. Bəzən maddi cəhətdən çətinlik olurdu, maaş olaraq aldığımız pul bitirdi, adam korluq çəkirdi. Günlərin bir günü baxmayaraq ki, iş saatı bitmişdi, gördüm rəhmətlik Siyavuş kinostudiyaya gəldi.

Salamlaşdıq, dedi ki, “maaşımı istəyirəm”. Ayın sonu olmasa da. Siyavuş maaşı tez alması üçün qol çəkdirmişdi. Lakin bir-iki nəfərin də imzası lazım idi.

Hiss etdim ki, tələsir. Dedi ki, “bunu necə etmək olar ki, maaşımı tez alım?”. Dedim almaq olmaz, artıq gecdir, baş buxalter burda deyil. Dedi “yox eyy, hökmən lazımdır, gözləyir...”.

Gördüm getmək istəmir, həm də sözlü adama oxşayır. Dedim get,  sabah gələrsən, mən özüm yüz faiz düzəldəcəm. Dedi “yox eyy, bəs səhərə qədər məni orda gözləsin?”. Soruşdum kim? Dedi ki, “Teymur Bəkirzadə məni orda gözləyir”. İşin nə yerdə olduğunu başa düşdüm. Bilirdim ki, onların həmişə yeyib-içdikləri kafe var və Teymur müəllim də onu orda gözləyir. Sənədi Siyavuşdan alıb, tez bir zamanda düzəltdim və maaşını verib yola saldım”.



“Filmin uğur qazanacağına inanmırdıq”

Hacı İsmayılov: “Film hardasa 3 ay müddətinə çəkildi. Çəkilişlər yayda başladı, dəhşət istilər vardı.

Əslində bizdə filmin taleyilə bağlı şübhələr, ümidsizlik var idi. Biz filmə çəkiləndə inanmırdıq ki, uğurlu film olacaq, tamaşaçı dönə-dönə bu filmi izləyəcək. Film ekranlara çıxanda yaxşı deyən də oldu, tənqid edən də.

Amma görünür ki, bu filmin, həm də “Bəyin oğurlanması”nın zamana ehtiyacı varmış. Müəyyən bir dövrdən sonra film çox böyük maraq doğurmağa başladı. Tamaşaçılar böyük maraqla izlməyə başladılar. Təbii olaraq bu, bizi həmin filmdə əməyi olan insalar kimi çox sevindirdi. “Bəyin oğurlanması” və “Yol əhvalatı” müəyyən dövr keçdikdən sonra sanki tamaşaçı rəğbəti qazanmaq adına “Azərbaycanfilm”in ən uğurlu işlərindən oldu. Hesab edirəm ki, filmdəki replikalar, kəlamlar tamaşaçıya doğma gəldiyindən bu sevgi yarandı. Elə bir dövr idi ki, insanlara komik, sakit hadisələrin fonunda gülmək lazım gəldi.

Hesab edirəm ki, hər halda uğurlu alınıb ki, “Yol əhvalatı” 20 ildən çoxdur televiziya ekranlarından düşmür. Tamaşaçılar da böyük məmnuniyyətlə o filmi izləyirlər. Adamlar var ki, filmin kassetini alıb ürəyi istəyəndə izləyir. Yanına gedirsən, deyir “Yol əhvalatı”na, ya da “Bəyin oğurlanması”na baxırdı.

Aldığım qonorara gəlincə, dəqiq yadımda deyil. Çünki il ərzində bir neçə filmlərə çəkilirdik. Həm də o vaxt indiki kimin insanlar maddiyyat haqqında çox düşünmürdülər. Əsas olan o idi ki, filmdə çəkilirdik. Bizim yaxşı dəstəmiz vardı. Siyavuş Aslan, Yaşar Nuri, Kamil Məhərrəmov, mən. Bizim birlikdə eyni filmə çəkilməyimiz nəyə desəniz dəyərdi.

Film çəkiləndə də, fasilələrdə də bir yerdə olurduq. Bir də görürdün ki, kimin evi yaxında idisə tava ilə pomidor, badımcan, bibər dolması gətirirdi. Ya da kimsə qonaq çağırırdı. Bir yerdə yeyib-içirdik.

Teymur Bəkirzadə çox sakit və mədəni adam idi, ən əsası isə nə istədiyini bilirdi. Aktyorlara da istədiklərini etmək üçün tam şərait yaratmışdı.Yəni rejissor olaraq aktyora mane olmurdu, əksinə kömək edirdi”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir