Modern.az

Üzeyir Cəfərovun KƏNDİ: “Orta məktəbdə xasiyyətimə görə məni yola veriblər” - LAYİHƏ

Üzeyir Cəfərovun KƏNDİ: “Orta məktəbdə xasiyyətimə görə məni yola veriblər” - LAYİHƏ

Mədəniyyət

2 Mart 2015, 13:31


Modern.az 
saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov doğulub böyüdüyü Lənkəran rayonunun Viravul kəndi və oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Üzeyir Cəfərov o yerləri, o illəri belə xatırlayır: 

Mənim kəndim

Əziz dostlarıma doğulub boya başa-çatdığım Veravul kəndi haqqında danışmaq istəyirəm. Kimlərsə deyə bilər ki, axı Lənkəranın bu adda deyil, Viravul adında kəndi var. Rəsmi sənədlərdə və xəritədə təkcə bircə hərf fərqi olmasına rəğmən, bütün vətəndaşların doğum haqqında sənədlərində kəndimizin adı Veravul kimi      göstərilib. Veravul cənub mirvarisi sayılan Lənkəranın  ərazisi ən böyük kəndlərindən biridir. 4 il  öncə  illər boyu   Veravul  kimi  tanınan kəndin  adını əslən bizim kəndimizdə doğulan və  Milli Məclisdə mühüm komitələrdən birinin sədri olan deputatlardan birinin də iştrakı ilə dəyişərək Viravul ediblər. Əsas kimi üzə  çıxardıqları  1937-ci ilin xəritəsində  Viravul olduğuna əsaslandılar.

Təvazökarlıqdan uzaq da olsa kəndimizin  həm  Lənkəranın, həm də regionun ictimai-siyasi həyatında çox böyük rol oynadığını desəm, yəqin ki, dostlarım  məni hər hansı şişirtmədə qınamazlar. 

Evim, ailəm və mənim “universitetlərim”


Kəndimizin çox sadə bir ailəsində dünyaya göz açmışam. Ötən il dünyasını dəyişən atam Eldar kişi və əli qabarlı anam Sərvər xanım, məni və ailəmizin daha 4 qız və 2 oğlan uşağını min bir əziyyətlə böyüdüb başa çatdırıblar. Orta məktəbi kəndimizdəki indi 1 saylı orta məktəb kimi fəaliyyət göstərən təhsil ocağında Azərbaycan dilində başa çatdırsam da, ali təhsilimi Ukraynanın Lvov şəhərində rus dilində almışam. Hərbi-siyası jurnalistika fakültəsini bitirən və bu sahə üzrə ilk azərbaycanlı zabit kimi məhz mən tarixə düşmüşəm. Bununla böyük qürur duyuram. Sual oluna bilər: “Sadə bir kənd uşağı necə oldu ki, Ukraynada qəbul imtahanlarını verib ali təhsilə yiyələndi?”. Deməli,  kəndimizdə Cəlil və Səməd adlı, indi haqq dünyasında olan iki poçtalyon var idi. Onların zəhləsini tökmüşdüm ki, mənə rus dilində olan qəzetlərdən versinlər. Kənd yeri olduğuna görə onlar mənə ara-sıra “İzvestiya”, “Pravda”, “Sovetskiy Sport”, “Komsomolskaya  Pravda” “Arqumentı i faktı”, “Sobesednik” və digər qəzetləri verərdilər. O qəzetlərdəki irili-xırdalı bütün yazıları böyük həvəslə  oxuyur və  həmyaşıdlarımla bölüşürdüm. Rus dili  müəllimlərim olmuş  Anna Mixaylovna Maslova, daha sonra isa Fyodor Fyodoroviç Dudinin zəhmətlərini ömrümün sonuna kimi unutmayacağam. Rus dilinə olan böyük marağımı və həvəsimi onlar dərhal hiss etmişdilər və  digər uşaqlardan fərqli olaraq mənə daha çox diqqət ayırırdılar. Mən həm də 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, hamımızın fəxri və qürür yerimiz olan Həzi Aslanovun lap uşaq vaxtlarından fanatı olduğuma görə özümü gələcəkdə zabit kimi görmək istəyirdim. Bu həvəsə düşməyimdə isə ibtidai hərbi hazırlıq müəllimim, mərhum Allahverdi Səmədovun çox böyük zəhməti olub. Məhz onun verdiyi önəmə və xüsusi diqqətə görə mütləq mənada gələcəkdə zabit olmağı qarşıma məqsəd qoydum. Məktəb illərində həm də çox böyük ictimaiyyətçi olmuşam.

Acı xatirələr


Tətillər zamanı, ailə vəziyyətimiz ağır olduğuna görə o vaxtkı Puşkin adına sovxozun çay plantasıyalarında fəhlə işləyirdim. Məvacibim az olsa da bəzi ehtiyaclarımı ödəyirdi. Tale elə gətirdi ki, 1978-80-ci illərin yay aylarında Lənkəranın Sütəmurdov kəndində yerləşən çay fabrikinə yaşıl çayı təhvil verməyə aparanda, rayonun Digah kəndi ərazisində ağır avtomobil qəzasına uğradıq. Tanrının möcüzəsi nəticəsində sağ qalsaq da, sağ ayağımın diz qapağının çatlaması nəticəsində çox ağır günlər keçirdim. Onu da qeyd edim ki, anam fermada sağıcı işlədiyinə görə mən həm də ona kömək etməli olurdum. Bəzən dərs kitablarımı da özümlə çölə-bayıra götürərək müəllimlərin verdikləri tapşırıqları hazırlamalı olurduq. Yeri gəlmişkən, onu da deyim ki, mən və həmyaşıdlarım o vaxtlar həm ev işlərində valideynlərimizə köməklik göstərir, həm futbol oynayır, həm də dərslərimizdən yaxşı və əla qiymətlər almağı bacarırdıq.

Kənddəki məktəb və məktəbdəki mən

Orta məktəbimizin komsomol komitə katibi, futbol üzrə komandanın yaxşı müdafiəçisi olmuşam. Açıq etiraf edirəm ki, çox dalaşqan və hakim səhvlərinə açıq etiraz edən oyunçularından biri idim. Bəzən mənim bu çılğınlığım səbəbindən komanda yoldaşlarım azlıqda qalıblar. Amma orta məktəbdə demək olar hamı xasiyyətimi bildiyindən məni yola veriblər.

Təhsil aldığım Viravul kənd orta məktəbini bu gün hamının yaxşı tanıdığı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Bakı Dövlət Universitetinin professoru İslam Vəliyev, Neft və Kimya Akademiyasının professoru Yaşar Abdullayev, Xarkov Universitetinin professoru Əliyar Həsənov, həmin universitetdə uzun müddətdir çalışan Gülverdi İsmayılov, Ukraynanın güc orqanlarının yüksək rütbəli zabiti, müəmmalı şəkildə həlak olan Fəxrəddin Həsənov, Moskvadakı Patris Limumba adına  Xalqlar Dostluğu Universitetinin professoru Tosif Babayev, Almaniyanın tanınmış cərrahlarından Sakit Cəfərov, tanınmış şairə-publisist Mahirə Abdullayeva, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən İdris Cəfərov, bu yaxınlara kimi QMİ-nin Cənub zonası üzrə nümayəndəsi və eyni zamanda Lənkəranın axundu, indi isə hamının mavi ekranlardan çox yaxşı tanıdığı Hacı Sədi Axundzadə, həmçinin ölkəmizin ayrı-ayrı sahələrində çox tanınmış həmkəndlilərim Əzim Əzimov, Nazim Abdullayev, İlyas Səmədov  və sayı-hesabı bilinməyən minlərlə ziyalı şəxslər bitiriblər.

Kəndimizin şəhidləri və hərbi kadrları


Sovetlər dönəmində kəndimizdən şəhidlik zirvəsinə ilk ucalanlardan biri də mənim sinif yoldaşım  Şirvan Nəhmətov olub. Əfqanıstanda əsgəri xidmətini yerinə yetirərkən çox gənc yaşında dünyaya əlvida deyən bu mərd oğlanın bu gün yaxınları artıq Azərbaycan Silahlı Qüvvələrində doğma vətən qarşısında öz borclarını verirlər. Yeri gəlmişkən, həmkəndlilərimdən biri, eyni zamanda məktəbimizin məzunu Canəli Əzimov da Əfqanıstanda xidmət keçərkən şəhid olub. Bu gün kəndimizdəki 2 saylı orta məktəb onun adını daşıyır. 1-ci Qarabağ savaşı zamanı vətən uğrunda canlarını fəda edən minlərlə Azərbaycan övladları arasında mənim təhsil aldığım orta məktəbin də məzunlarıl  var. Allah bütün şəhidlərimizə  rəhmət eləsin!

Azərbaycanın ilk diplomlu hərbi jurnalist kadr zabiti olaraq tarixə düşən insan kimi çox böyük qürür hissi keçirirəm. Ukraynada ali hərbi təhsil aldığım vaxtlarda tətillər zamanı kəndimizə gələndə, doğma məktəbimizdə, rayonda çoxsaylı görüşlər keçirir və öz həmyerlilərimi hərbçi peşəsini seçməyə həvəsləndirirdim. Bu gün çox böyük qürür hissi ilə deyə bilərəm ki, təkcə Viravul kəndindən 100-ə yaxın zabit və gizir Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və edirlər. Ali hərbi məktəblərdə bir neçə yüz həmkəndlim özlərini sabahın Vətən müdafiəçisi kimi hazırlayırlar. Bu çox qürüverici bir haldır.

Kəndimizin problemləri

2005-ci ildə  73 saylı Lənkəran  Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədliyimi irəli sürəndə həm doğulduğum kəndin, həm də cənub mirvarisi sayılan Lənkəran şəhərinin nə qədər böyük problemlərinin olmasının canlı şahidi oldum. Viravul kəndinin  demək olar bir nömrəli problemi 4 kilometrmlik əsas yolun  20 ildən çoxdur çəkilməsinə baxmayaraq, hələ də təmir olunmaması və hazırda çox bərbad vəziyyətdə olmasıdır. Təəssüf ki, 74 saylı Seçki Dairəsindən MM-də təmsil olunan deputat Hadi Rəcəbli də doğulduğu kəndin problemlərinə biganə yanaşır. Şəhidin adını daşıyan 2 saylı orta məktəbin də durumu xoşagələn deyil. 21-ci əsrdə şagirdlərin belə məktəbdə necə təhsil almasını düşünmək, sadəcə mümkünsüzdür. Əlaqədar qurumlar, başda rayona gəlib və bir neçə ildən sonra yuxarı vəzifələrə, həmçinin Prezident Adminstrasiyasına təyinat alan keçmiş və indiki icra başçıları, Təhsil Nazirliyinin yetkililəri insanlara söz versələr də, ortada heç bir konkret iş yoxdur.

Kəndimizdə bir qəribə tale

Dövrünün tanınmış şərqşünas və dilşünas alimi Boris Vsevolodoviç Millerin həyatının bir hissəsi Azərbaycanla, mənim doğulduğum Viravul kəndi ilə bağlıdır. Həm də politoloq olan Miller, buraya ölkəmizdə yaşayan etnik xalqların məişətini, adət-ənənəsini araşdırmaq üçün gəlmişdi. Bu məqsədlə 1902-ci ildə missiyasına ilk olaraq Lənkərandan başlamışdı. 20-yə yaxın dildə danışan alimi əsasən burada yaşayan yerli xalqın dilinin mənşəyi maraqlandırırdı. Onun apardığı tədqiqatlar uzun zamanı əhatə edir. Miller 22 ilə yaxın müddətdə Lənkərandan ayrılmır. Həyatında baş verən faciə onu Azərbaycanı birdəfəlik tərk etmək məcburiyyəti qarşısında qoyana kimi...

Kəndimizdə yaşayan Miller bura özü ilə kiçik oğlunu da gətiribmiş. Ata övladının həm tərbiyəsi, həm də təhsili ilə şəxsən məşğul olurdu. Oğlu olduqca dərrakəli idi. Atasının təsiriylə hətta kiçik yaşlarında bir neçə dil öyrənmişdi. Miller kənddə, çayın kənarında onun üçün məxsusi tikilən evdə yaşayırdı. Bir gün sel gəlir və Millerin oğlu çaya düşüb boğulur. Onu xilas etmək mümkün olmur. Miller bu dəhşətli hadisədən sarsılır. Həmişə sahilinə gəlib saatlara sularına tamaşa etdiyi çaya bir daha baxmağa ürək etmir. Hər dəfə oğlu yadına düşəndə qəhər onu boğur. Bu faciəyə dözə bilməyən ata 1924-cü ildə Lənkəranı tərk etməli olur və Moskvaya gedir.

Deyilənlərə görə, Miller yerli əhaliyə təmənnasız tibbi yardım göstərər və həyətində nadir meyvə ağacları yetişdirərdi. Onun getməsi kənd sakinlərinə pis təsir edir. Boris Millerin yeni tikdirdiyi imarəti sahibsiz qalsa da, heç kim ora köçmür. Baxımsız qalan ev sonralar ibtidai məktəb olur. Amma uçmaq təhlükəsi olduğuna görə burada tədris dayandırılır. Dağılmış evin bəzi materialları sonralar xeyriyyə məqsədilə istifadə olunur. Millerə məxsus evin bünövrəsi üzərində indi də yurd salan yoxdur.

Gizli saxladığım kənd nisgili

Sonda onu qeyd etmək istəyirəm ki, peşəkar zabit kimi 25 il ərzində Ukrayna, Belarus, Moldovada, Moskvada, Tbilisidə, Bakı, Füzuli və Sumqayıtda, həmçinin Ermənistanda, qardaş Türkiyənin Ankara və İstanbul kimi möhtəşəm şəhərlərində yaşamalı oldum. Tam səmimi deyirəm, doğulub boya-başa çatdığım doğma Viravulumun dadını, tamını heç yer verə bilmir. İnanın səmimiyyətimə, harada oluramsa, doğma kəndimizə gələndə, sanki təzədən dünyaya göz açmış kimi özümü hiss edirəm. Ola bilsin ki, bu həm gur və son dərəcə maraqlı keçən məktəb illərimlə, gəncliyimlə, əzablı-əziyyətli vaxtlarımla və sadalamadığım onlarla digər məslələrlə bağlıdır. Hər şey ola bilər. Artıq ömrümün yarıdan çoxunu arxada qoymuş adam kimi tam əminliklə deyə bilərəm ki, kəndin yerini heç nə verə bilməz. Xüsusən də, bu doğulub boya, başa çatan yurd yerin ola. Çünki ora sevgi-məhəbbətin ilk dəfə dadıldığı məkandır. Necə deyərlər, söz də bəzən aciz olur öz  uşaqlıq hisslərini dilə gətirməyə. Bəlkə də bu yaşla əlaqədar olan  genetik bir hissdir ki, adam yaşa dolduqca daha çox doğulduğu məkana, yurda, obaya can atır, yenidən uşaq olub, yaşadığı şirin və təkrarsız anları yenidən həyatında hiss etmək istəyir.

Hər zaman dediyim bir ifadəni bu gün də təkrar etmək istəyirəm. Var olsun, Azərbaycanımız!!! Bizim hər birimizin borcudur ki, bu Vətəni son nəfəsimizə kimi qoruyub, inkişaf etdirək və gələcək nəsillərimizə əmanət qoyub gedək!!!











Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI