1971-ci ildə lentə alınan “Axırıncı aşırım” filmi Azərbaycan kino tarixində “əsl kişi filmi” adını alıb. Film ötən əsrin 1920-30-cu illərində kollektiv təsərrüfat yaradılan zamanda bəzi yerlərdə baş verən qolçomaq üsyanlarının yatırılmasından bəhs edir. “Axırıncı aşırım” filmi yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanının motivləri əsasında çəkilib. Ssenari müəllifi yazıçının özü, rejissoru isə Kamil Rüstəmbəyov olub.
Təqdim edəcəyimiz material isə yazıçı-ssenarist Fərman Kərimzadənin “Axırıncı aşırımla” bağlı 1970-ci ildə dövlət radiosunda verdiyi anonsla bağlıdır. Bu, o zaman idi ki, filmin ssenarisi hazırlanıb, tarixi sənədlər əsasında yaradıcı heyət bəzi detalları düşünmüş, kastinqə aktyorlar dəvət edilmişdi. Rejissor və yaradıcı heyət bütün diqqəti Abbasqulu bəy obrazını canlandıracaq aktyora yönəltmişdi. Filmin ssenaristi F.Kərimzadə də məhz o ərəfədə Azərbaycan radiosuna filmlə bağlı qısa bir müsahibə verir.
Modern.az həmin açıqlamanı araşdırmaçı jurnalist Füzuli Sabiroğluna istinadla təqdim edir.
Yazıçı ilk olaraq hələ də film və Abbasqulu bəylə bağlı bəzi sənədlərin toplandığını və lazımı insanlarla, şahidlərlə görüşəcəklərini deyir:
“Abbasqulu bəy Şadlinski xalqımızın çox böyük qəhrəmanlarındandır. 1920-ci illərin əvvəllərində Naxçıvanda qvardiya dəstələri təşkil edib. Təsəvvür edin ki, o vaxt hələ XI ordu Bakıya gəlməmişdi. Onun yaratdığı tabor inqilab düşmənlərinə qarşı mübarizə aparıb və bu dəstə Ermənistanda sovet hakimiyyətinin qurulmasında yaxından iştirak edib. Bu xidmətlərə görə Abbasqulu bəy Şadlinski və onun dəstəsindən olan 19 adam “Qırmızı Əmək bayrağı” ordeninə layiq görülüb. Sənəd çoxdur. Tarixi şəxsiyyətlər də məlumdur. Tarixi şəxsiyyətlər məlum olanda onların haqqında əsər yazmaq, onları ekrana gətirmək həm asandır, həm də çətin. Bu yaxınlarda mən Abbasbəyli kəndindən bir məktub almışam. Məktubun müəllifi Ələkbər kişi sifariş göndərib ki, Abbasqulu bəy haqqında onda qəribə materiallar var. Mən belə adamlarla çox görüşmüşəm, yəqin ki, Ələkbər kişi ilə də görüşəcəyik”.
Fərman Kərimzadə qısa haşiyə çıxaraq, filmin çəkiləcəyi yer barəsində də məlumat verib. Qeyd edək ki, o ərəfədə yaradıcı heyət filmin çəkiləcəyi yerləri hələ dəqiqləşdirməmişdi. Müzakirələr zamanı filmi ya real tarixi ərazilərin baş verdiyi kəndlərdə, ya da kənarda - çəkiliş üçün yararlı olan ərazilərdə çəkmə variantları götür-qoy edilirdi. Sonda film əsasən Bakının Fatmayı kəndində çəkilib.
“Film haralarda çəkiləcək? – Abbasqulu bəyi tanıyan adamlar istəyirlər ki, film onun yaşadığı və mübarizə apardığı yerlərdə çəkilsin. Biz də buna çalışacayıq. Söz yox ki, filmi çəkəndə istər-istəməz bir az kənara çıxmalı olursan. Lap bu günlərdə Vedi rayonunda olacağıq. Bundan əlavə onların qiyamçılar arasına getdiyi kəndlər ki var, biz, o kəndləri görmək istəyirik. Bu həm rəssam üçün, həm operator üçün, həm də rejissor üçün çox vacibdir”.
Fərman Kərimzadə o müsahibəsində filmə cəlb olunacaq aktyor heyəti barəsində də məlumat verir. Bəzilərinin adını sadalayır ki, sonradan həmin aktyorlar filmə təsdiq olunur. Amma Kərimzadənin adını çəkdiyi Məmmədrza Şeyxzamanovu filmdə görmürük. Əsas rollardan birinin ifaçısı Hamlet Xanızadənin (Talıbov-red.) adını çəkməməsi də maraq doğurur. Ən maraqlı məqam isə Kərimzadənin filmdə Xəlil Mehdi oğlu rolunu canlandıran Həsən Turabov barəsində dediyi faktdır:
“Filmdə biz SSRİ xalq artisti Adil İsgəndərovu, Məlik Dadaşovu, Həsən Turabovu, Həsən Məmmədovu, Şahmar Ələkbərovu, Sadıq Hüseynovu, Məmmədrza Şeyxzamanovu çəkmək fikrindəyik. Abbasqulu bəyin vaxtilə döşünə taxdığı orden durur. Biz istəyirik ki, həmin ordeni filmdə onun rolunu oynayan aktyor döşünə taxsın. Hər halda bu aktyorda məsuliyyət hissini artırar. Xəlil Mehdi oğlunun arvadı Süsən xala, oğlu Lətif hazırda Xanlar rayonunda yaşayırlar. Xəlilin də ordeni durur. Mən şəxsən inanıram ki, həmin rolu Həsən Turabov oynayacaq. Onun özü də bunun çox həvəsindədir. İstəyir ki, Xəlilin arvadı və oğlu ilə görüşsün və ona lazım olan detalları öyrənsin”.
Yazıçının son olaraq dediyi qeydlərdən aydın olur ki, həqiqətən də Abbasqulu bəy Şadlinski rolunu ifa edəcək aktyoru seçmək müşkül məsələ olub:
“Biz, xüsusən də rejissor bu barədə çox fikirləşirik. Rejissor çox istəyir ki realda olan Abbasqulu bəyi filmdə də olduğu kimi cəm edə bilsin. Bunun üçün çox gərgin axtarışlar gedir. Biz bu rol üçün yəqin ki, çox aktyor çağıracağıq. Görək, kim daha əlverişli olacaq və kim Abbasqulıu bəyi daha yaxşı canlandıracaq. Hələ qəti bir söz demək mümkün deyil”.
Sonda Abbasqulu bəy rolunu kimin ifa etməsini deməyə qəti lüzum yoxdur. Həsən Məmmədov bu rolu ustalıqla canlandırdığı üçün V Ümumittifaq kinofestivalında ona ən yaxşı kişi roluna görə mükafat verilir. Bu nominasiyada digər mükafata Adil İsgəndərov layiq görülür. Filmlə bağlı maraqlı məqam odur ki, ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra rejissor Kamil Rüstəmbəyov filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.
Elmin NURİ