“II Dünya Müharibəsi Azərbaycan elminə repressiyalar qədər zərbə vurdu. Başqa sahələrdə cəbhəyə yollanan kadrların yerini kimlərləsə doldurmaq mümkün idi. Amma elm sahəsində belə deyildi. Cəbhəyə yollanan elmi kadrları kimsə əvəzləmirdi. Odur ki, get-gedə elm və təhsil ocaqlarında kadrlar azalırdı. Müharibədə çox Azərbaycan alimi həlak oldu”.
Bunu Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, tarixçi alim Boran Əziz bildirib. Qeyd edək ki, II Dünya Müharibəsində Azərbaycan alimləri iki variantda mübarizə aparıblar. Onlardan bəziləri arxa cəbhədə meharibə üçün lazımı olan maddi təminatı istehsal edir, bəzilərini yenidən kəşf edir, bəziləri isə əldə silah cəbhədə vuruşurdular. Birincilər Stalinin əmri ilə müharibədən bron edilmişdilər.
Yəni, onları ön cəbhəyə yollamaq ixtiyarı yox idi. Lakin burada da bir məqam var idi ki, tarixçi alim bunu belə əsaslandırır:
“Mərkəz ancaq müharibə üçün iş görə biləcək alimləri bron edirdi. Bunlara kimyaçı alimlər, hərbi sənayeni bilən şəxslər və geoloqlar daxil idi. İctimai-humanitar elmlərin demək olar ki, hər bir nümayəndəsi cəbhədə idi. Ona görə də o zaman elmin bu istiqamətində uzun müddət durğunluq yarandı. 1937-ci ilin repressiyalarından sonra Azərbayacan alimlərinin itkisi ən çox bu müharibədə oldu”.
Elmin NURİ