Modern.az

İdman və musiqi - TƏHLİL

İdman və musiqi - TƏHLİL

Mədəni̇yyət

28 İyun 2015, 19:31

Bakı Musiqi Akademiyasının müəllimi

1.  MUSİQİ İLK AVROPA OYUNLARINDA

Musiqi idmanın, bədən tərbiyəsinin ayrılmaz tərkibi, idmanıçıların həyat tərzidir. Musiqi idmanın həm də tarixi bir ənənəsidir. İdman yarışları, olimpiadalar, spartakiadalar, çempionatlar, beynəlxalq idman tədbirləri həmişə musiqinin müşayiəti ilə həyata keçirilib.

Hələ tarixin qədim dövrlərində və orta əsrlərdə xalqların ənənəvi idman oyunları, yarışlar, meydan tamaşaları, güləş, idman-əyləncə səhnələri, kəndirbaz şouları,  idman və hərbi mərasimlər, cıdır yarışları mütləq musiqinin müşayiəti ilə keçirilirdi. XX əsrdə milli-ənənəvi bayramlarda, yarmarkalarda və karnavallarda göstərilən bütün idman yarışları və hərəkətləri mütləq musiqi ilə nümayiş olunurdu.

Yeri gəlmişkən, idman tarixində ilk olimpiya oyunlarının musiqi ilə birlikdə keçirilməsi haqqında çoxlu məlumatlar, araşdırmalar vardır. Qədim Yunanıstanda, Romada, Şərqdə belə idman yarışlarına sənət adamlarının, aktyorların və musiqiçilərin müsabiqələri, konsertləri də daxil edilirdi. Bununla  idman rəqiblərin dava-şavasından və kinli rəqabətindən çıxarılır, ona sağlamlıq, gözəllik, istirahət-əyləncə, sülh və dostluq məzmunu aşılanırdı. Bir sözlə, eramızdan əvvəl də, orta əsrlərdə də, XX əsrdə də, yeni dövrdə də bütün idman tədbirləri, olimpiya oyunları açılış mərasimindən yarışlara, oradan da təltiflərə və bağlanışa qədər musiqinin müşayəti ilə baş veribdir.

Bir həqiqəti də etiraf edək ki, musiqinin idman ilə qoşa yaşaması nəticəsində XX əsrdə idmanın musiqili növləri yaranmışdır: bədii gimnastika, akrobatk gimnastika, sinxron üzgüçülük, aerobika, fiqurlu buz idmanı və s. Bu gözəlliyin hər birimizə estetik zövq aşılaması şübhəsizdir.    

Nəhayət, müasir dövrümüz: musiqi idmanın vacib atributudur, idman musiqi ilə, musiqi də idmanla birlikdə sevilir, yaşayır və tanınır. Nümunə: “Bakı-2015” 1-ci Avropa Oyunları. 

Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimini hamımız xatırlayırıq. Bu mərasimin möhtəşəmliyini, ecazkarlığını, gözəlliyini, həmrəyliyini, məqsəd və məramını təmin edən ən mühüm amillərindən biri məhz musiqi idi. Açılış mərasimi əvvəldən axıra qədər musiqinin müşayiəti ilə reallaşdı. Lakin mən şərti olaraq, “müşayiət” deyirəm. Çünki musiqi açılışdan başayaraq, bağlanışa qədər ilk qitə idman oyunlarının vacib atributu, bərabərhüquqlu iştirakçısı kimi çıxış edir. Bir anlıq təsəvvür edək ki, müxtəlif beynəlxalq idman tədbirlərinin açılışı da, bağlanışı da  büsbütün musiqisizdir, idmançıların paradında, qaliblərin mükafatlandırılmasında marşlar, musiqi nümunələri, himnlər, mahnılar səslənmir. Əlbəttə, cansıxıcı, yekrəng, məzmunsuz görünər. O zaman musiqinin belə idman təntənələrində nə qədər vacib olmasının və idmanda musiqiyə hamılıqla  daxili  tələbat duymağımızın mahiyyətinə varmalıyıq.

“Bakı-2015”-in açılış mərasiminin dünyaca məşhur Alim Qasımovun ifasında muğamla başlaması da, balabanda çalınan “Sarı gəlin” də, pop-musiqinin ulduzu Ledi Qaqanın ifasında sülhə çağıran musiqili bəyanat da, Avropanın bəstəkar musiqisindən parlaq seçmələr də, Avropa ölkələrindən gəlmiş idman kollektivlərinin təntənəli marşı da, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin musiqisi də, tarın, kamançanın, balabanın, tütəyin ifası da, milli rəqslərimiz də mərasimin mahiyyətini, bütövlükdə isə 1-ci Avropa Oyunlarının əhəmiyyətini daha mənalı, daha rövnəqli, daha ünsiyyətli, daha sevimli, cazibədar və gözəl etdilər.


İdmanın xalqlar və ölkələr arasında sülh, dinclik, dostluq və ünsiyyət vasitəsidir. Müasirliyin bu çox mühüm siyasi, mədəni və humanist reallığı açılış mərasimində həm də musiqinin köməyi ilə təqdim olundu. Üstəlik bu idman hadisəsinin fəlsəfəsini, mərasimin  dramaturgiyasını məhz düzgün seçilmiş musiqi nümunələri bütün iştirakçılara, qonaqlara təfərrüatı ilə bəyan elədi. Həqiqətən də açılış əvvəldən sona qədər bədii cəhətdən çox əla, valehedici düşünülmüşdü, mərasimin bədii həllində musiqiyə önəmli rol verilmişdi. Mədəniyyət tariximizin səhnələri, rəmzlərin dili, həyati və nikbin ritmlər, digər tərəfdən tarixin yaranmasını, Leyli və Məcnunun məhəbbətini, Azərbaycan xalqının tarixini və yaradıcılıq dühasını, dahi şəxsiyyətlərini, görkəmli sərkərdələrini tərənnüm edən səhnələr, rəmzlərin estetikası və bəşəri-humanist mənası, idmanın sülh və əməkdaşlıq, sağlamlıq və gözəllik örnəyi olmasını açıqlayan simvollar gözəl musiqi nümunələrinin müşayiəti ilə bədii-estetik baxımdan çox mükəmməl qavranıldı.  

Üstəlik əla düşünülmüş işıq boyaları, işığın və musiqinin müxtəlif rakurslardan təması mərasimi daha maraqlı, daha heyrətamiz etdi. Hətta qədim milli geyim mədəniyyətimizlə birlikdə təqdim olunan milli rəqslərimiz, sonra isə balet elementləri, tar və kamançanın simfonik orkestrlə birgə səslənməsi, muğam və pop-musiqi ulduzlarının ardıcıl çıxışları, milli musiqinin Avropa musiqisi və marşların fonunda daim səslənməsi Azərbaycan mədəniyyətində Avropa və Asiya, Qərb və Şərq ənənələrinin sintezini ecazkarlıqla ifadə etdi.

Müxtəlif xalqların və ölkələrin musiqi incəsənətinin tanınmasında və təbliğində idmanın xüsusi rolunu, əhəmiyyətini də qeyd etmək vacibdir. Diqqət etsək, 1-ci Avropa Oyunlarında idmançılar, turistlər, qonaqlar Azərbaycanın təkcə təbiəti, milli mətbəxi, milli geyimləri, maddi mədəniyyəti, tarixi abidələri,  rəngkarlıq nümunələri, memarlığı, etnoqrafiyası ilə deyil, həm də bəstəkarlarımızın musiqisi, Bakının cazı, milli alətlərimiz, muğamlarımız, rəqslərimiz, milli ritmlərimiz ilə də yaxından tanış oldular. Bildilər ki, dünyanın Azərbaycan adlı qədim və müasir ölkəsində dram teatrları, konsert salonları, Opera və Balet teatrı, filarmoniya, Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası, Bakı Caz Mərkəzi var, xalqımız zəngin musiqi incəsənətinə malikdir, respublikamızda beynəlxalq festival, müsabiqə, Avrovizion qalibləri olan gənc musiqiçilər yaşayıb-yaradırlar,  müxtəlif növdə musiqi kollektivləri, idman-incəsənət mərkəzləri fəaliyyət göstərirlər. Bakı Musiqi Akademiyasından yayımlanan Azərbaycanın klassik musiqisi də əcnəbi idmançılarlara və turistlərə gözəl bir ərməğanı oldu. Beləcə, idman və musiqinin ayrılmaz vəhdəti bu dəfə gündəmi zəbt elədi.

İyunun 28-də İlk Avropa Oyunlarının təntənəli və möhtəşəm bağlanış mərasimində Oyunların bəşəri-humanist konsepsiyası və humanist siyasi məramı, idmançıların və azarkeşlərin həmrəyliyi, idmanın nikbinkiyi və həyatiliyi, Azərbaycanın qələbələri və sevincləri məhz ecazkar musiqi dili ilə, musiqinin  əvəzsis bədii və estetik gücü ilə, gözəl musiqi nümunələrinin mənəvi-ruhi təsir imkanları ilə təqdim olundu.   



2. İDMAN-MUSİQİ-SİYASƏT

İdman övlət himnlərinin səsləndiyi, dövlət bayraqlarının qaldırıldığı kütləvi bir məkandır, sosial sferadır. Qaliblərin təltifində mənsub olduqları ölkələrin himninin səslənməsi və bayrağın qalxması təkcə qalib idmançılar üçün deyil, dünyada yarışları izləyən hər bir insan üçün qürurvericidir. Əslində, himn də musiqidir. Xatırladaq ki, Avropada, dünyanın digər ölkələrində hər bir idman növü üzrə klubların, federasiyaların da öz himni vardır və yarışlar zamanı onları  səsləndirirlər. Bu mənada,  müasir dövrümüzdə  dövlət himnləri idmanın rəmzi, onun siyasi və humanist məramının ən ali atributu kimi də səslənirlər. İdman yarışlardakı dövlət himnləri idman vasitəsilə xalqlararası-dövlətlərarası anlaşmaya, xalqların siyasi və mədəni həmrəyliyinə, dostluğa, qardaşlığa və mehirbanlığa möhtəşəm bir çağırış missiyasını yerinə yetirir. Hətta demək olar ki, hər bir ölkənin vətəndaşının idman yarışlarında öz dövlət himninin eşitməsi ona qaliblik, nikbinlik, qürur yaşantısı verir, eyni zamanda onun vətəndaşlıq duyğularını artırır. Fəxarətlidir ki, Azərbaycan Respublikasının Dövlət Himni və Dövlət Bayrağı Möhtərəm Prezidentimizin dövlət başçısı, Azərbaycan idmanının himayədarı və idman aşarkeşi kimi qatıldığı Oyunlarda hər gün, özü də bir neçə dəfə yüksəyə qaldırılır, Avropa  ölkələrinə canlı yayımlanır, canlı səslənir, dinlənilir, tanıdılır.       

3. MUSİQİ İDMAN PSİXOLOGİYASINDA

Musiqinin idmanda əhəmiyyətli rolundan, musiqi və idmanın vəhdətindən danışarkən, idmançının da musiqiyə münasibətini açıqlamaq vacibdir. Musiqinin çox güclü energetik xüsusiyyətlərə, psixo-fizioloji təsir imkanlarına, müalicəvi effektlərə, mənəvi və ruhi qidalanmaya, psixoloji təlqinə malik olması hələ qədim dövrlərdə və orta əsrlərdə filosofların, şamanların, təbabət alimlərinin, həkimlərin, psixoloqların, musiqi sənətkarlarının marağına səbəb olmuş, bu sahədə araşdırmalar, traktatlar yazılmış, zəngin praktik təcrübə qazanılmışdır. Şərqdə və Asiya ölkərələrində yaranan təkbətək döyüş idmanında, idmanın fəlsəfi qavranılmasına, idmançılara ruh yüksəkliyinin və psixoloji təmrinlərin aşılanmasında, mediatasiya məşğələlərində xüsusi musiqi janrlarından və melodiyalardan istifadə olunmuşdur. XIX-XX əsrlərdə idmanın növlərində, məşqlərdə, idmançıların fizioloji və psixoloji cəhətdən güclənməsində musiqinin tətbiq edilməsinə dair idman təbabəti, idman psixologiyası, musiqişünaslıq tərəfindən maraqlı tədqiqatlar aparılmış və idmanda tətbiq edilmişdir. Elmdə “tətbiqi musiqi” anlayışı da real olaraq musiqinin idmanda və digər sahələrdə tətbiqi nəticəsində yaranmışdır. Təsadüfi deyil ki, idman məşqlərinin musiqi ilə aparılması artıq çoxdandır sabit bir ənənəyə, idmançı hazırlığının vacib amilinə çevrilmişdir.

Hazırda fiziki təmrinlər, məşqlər, gəzintilər, istirahət zamanı idmançılara həm ritmik, hərəkətli, nikbin, hay-küylü rok, rok-n-rol, pop, rep nümunələrini, populyar hitləri, həm  sakit, aramlı, işıqlı, lirik, gözəl təbiət təsvirli instrumental melodiyaları, həm də klassik musiqini dinləmək tövsiyə olunur.  Odur ki, qarşılaşdığımız idmançıların həmişə qulaqçıqla musiqi dinlədiyini görsək, idman və musiqisinin əlaqəsinə bir daha əmin olarıq.



4. İDMAN VƏ MUSİQİ AZƏRBAYCAN FOLKLORUNDA

İdman mövzusunda ən qədim musiqi nümunələri xalqların musiqi folklorunda yaranmışdır. Məsələn, dünya mədəniyyətinə böyük töhfələr verən xalqların musiqi folkloruna və rəqslərinə müraciət etsək, orada mütləq idman oyunlarının və yarışlarının tərənnümünü görərik. Başlıcası, xalqların bədii-folklor və epik dünyagörüşündə idman təkcə yarış deyil, qəhrəmanlıq, ərənlik, döyüş, güc və qələbə kimi amillərlə birgə düşünülmüşdür.

Azərbaycan musiqi folklorunda “Cəngi”, “Yallı” janrında musiqi nümunələri  fiziki və mənəvi gücün vəhdətini, qələbəni, idmanı, həyati nikbinliyi, qəhrəmanlığı tərənnüm edirlər. Keçmiş əyyamlarda cəngiləri, yallı melodiyalarını, qaytağıları pəhlivanların güləşində, zorxanalarda, toyların idman yarışlarında, şatırçılıqda çalırdılar. Bayram və toy adətlərimizə gənclərin idman yarışları, məsələn, qurşaq tutmaq, güc göstəmək, cıdıra çıxmaq, çovkan oynamaq, gürz qaldırmaq yarışları da daxil idi ki, bütün bunlar cəngi, yallı, zorxana musiqisi ilə müşayiət olunurdu. Bu müsiqi isə səsində və deyimində güclü tembrə, qəhrəmani xislətə, döyüşkən ruha, mərd ovqata, ərənliyə malik olan zurna, boru, şeypur, qaraney, nəfir, təbil, davul, nağara kimi alətlərdə çalınır, bəzən də simli və idiofonlu alətlərdə səslənirdi. Hərbi yürüş və döyüşlərdən əvvəl çalınan cəng musiqisində də türk xalqları belə alətlərdən istifadə edirdilər. İdman oyun və yarışları təkcə zərb alətlərində qüdrətli səslənən cəng, marşvari və oynaq ritmlərin müşayiəti ilə də göstərilirdi. Azərbaycan xalq musiqisində “Cəngi”, “Pəhlivani”, “Cıdır”, “Atqovdu”, “Yekba”, “Ağırlama”, “Yallı”, “Kəndirhəngi”, “Meydan Koroğlu”, “Cəngi Koroğlu”, “Atlanma”, “Misri”, “Müxəmməs”, “Ovşarı”, “Osmanlı”, “Şahsevəni”, “Köçəri”, “Qəhrəmani”, “Qaytağı” adlı insturmental musiqi nümunələri idmanla, hərblə, mərdliklə, qəhrəmanlıqla, döyüşkənliklə, ərənliklə, yurd sevgisi ilə bağlıdır.

5. İDMAN VƏ MUSİQİ TƏSVİRİ İNCƏSƏNƏTDƏ

Musiqinin idmanda yer almasını Azərbaycanın orta əsr miniatürlərində, eləcə də rəssamlıq əsərlərində də əyani görürük. Məsələn, Firdovsinin “Şahnamə”sinə çəkilən çovqan oyununa dair miniatürdə (XVI əsr) nəfəs və zərbli musiqi alətlərinin də təsviri verilmmişdir. Həmin dövrün məşhur rəssamı Məhəmmədi “Belbaz oyunu” miniatüründə idman-hərbi oyununu zərb alətləri çalan musiqiçilərlə birlikdə təsvir etmişdir. İdman səhnələrinə aid görkəmli rəssamlardan O.Şmerlinqin (XIX-XX əsr) “Molla Nəsrəddin” jurnalı üçün çəkdiyi illüstrasiyada, ingilis səyyahı O.Drauelin (XIX əsr) “Zorxana”, Ə.Əzimzadənin (XX əsr) “Zorxana”, “Kəndirbaz”, T.Nərimanbəyovun “Pəhləvanlar”, A.Mehdiyevin “Güləş”, “Xalq bayramı”, M.Ağayevanın “Xalq oyunları”, “Zorxana”, A.Cəfərovun “Kənd güləşçiləri” Ə.Rzaquliyevun “Güləşmə” tablolarında idmanı musiqi alətləri “müşayiət edir”.  



6. BƏSTƏKAR YARADICILIĞINDA İDMAN MÖVZUSU

Bəs idman musiqidə özünü necə göstərir və bu baxımdan musiqiçilərin idmanda iştirakı necədir? Əslində, idmana daha çox bağlı olanlar incəsənət adamları və musiqiçilərdir. Elə bir bəstəkar, ifaçı, dirijor, musiqi müəllimi tapmaq çətindir ki, futbolun, voleybolun, basketbolun, üzgüçülüyün, atçılıq idmanının, boksun, şahmatın, bədii gimnastikanın, tennisin, güləşin, karatenin, sambonun fanatı olmasın. Digər tərəfdən, musiqiçilər idmanla həvəskar kimi də, ciddi şəkildə də məşğul olurlar. Bu həqiqətə Azərbaycan nümunəsində nəzər yetirsək, məsələn, Q.Qarayev, F.Qarayev daha çox futbolu və şahmatı seçmişlər. Niyazi gəncliyində ağır atletika, Arif Məlikov üzgüçülük, Fərhad Bədəlbəyli futbol, Azər Dadaşov tennis, Leonid Vaynşteyn voleybol, Zaur Rzayev və Nazim Kazımov güləş, Seyran Qafarov boks ilə ciddi məşğul olmuş, hətta yarışlara qatılmışlar. Gənc musiqiçilər, estrada müğənniləri arasında da mütəmadi idmanla məşğul olanlar çoxdur...      

Lakin biz “idman musiqidə” deyəndə, ilk növbədə idmana, idmanın növlərinə, bədən tərbiyəsinə, qalib idmançılara, olimpiya oyunlarına, idman hadisələrinə, qaliblərin incə qəlbinə, idman həyatına həsr olunan musiqini nəzərdə tuturuq.

Üzeyir Hacıbəyli cəngilərin döyüş, qəhrəmani musiqi kimi idman yarışlarında, pəhləvanların güləşində, hərbdə çalındığını nəzərə alaraq, Böyük Vətən müharibəsi illərində zurna ilə xalq çalğı alətləri orkestri üçün məşhur “Cəngi” pyesini yazmışdır. Bu əsər neçə illərdir gənclərə qəhrəmanlıq, vətənpərvərlik ruhu aşılayır.    

Futbol azarkeşləri yəqin ki, SSRİ dönəminin məşhur “Futbol marşı”nı xatırlayırlar. Rusiya bəstəkarı Matvey Blanterin 1938-ci ildə yazdığı bu marş futbolun tarixinə həmişəlik daxil oldu, futbolun himninə çevrildi. SSRİ-nin bütün respublikalarında, Moskvada ən müxtəlif futbol yarışları bu marşla açılırdı. Hal-hazırda həmin “Futbol marşı” Rusiyanın, Belorusiyanın futbol yarışlarında yenə ifa edilir. Rus bəstəkarları, xüsusilə, görkəmli mahnı bəstəkarı Aleksandra Paxmutova  idman mövzularına, yarışlara, qalib idmançılara, idman şərəfinə, olimpiadalara həsr olunan onlarla populyar mahnının, marşların müəllifidir. Bu mahnılardan bəzilərini Müslüm Maqomayev ifa etmişdir.

Azərbaycan bəstəkarlarının yaradıcılığına üz tutduqda, ilk növbədə uşaq çağlarımızda həvəslə oxuduğumuz bir mahnı yadımıza düşür. Bu, uşaq musiqisi üzrə məşhur bəstəkarı Oqtay Zülfüqarovun (sözləri Səttar Zərdablının) məşhur “İdman” mahnısıdır:

Kim sevirsə idmanı,
Bir, iki, üç dörd,
Həmişə sağdır canı,
Bir, iki, üç, dörd.

İdmana hər olunmuş musiqidən söz düşəndə, Niyazi və Rauf Hacıyevin “Festival marşı”nı, Tofiq Quliyevin “Müdafiə marşı”nı, Qəmbər Hüseynlinin “İdmançılar mahnısı”nı, “Gənc alpinistlər” və “Yürüş” mahnılarını, Musa Mizəyevin “Gənc idmançılar” mahnısını, Rauf Hacıyevin “Gənlik”, Zakir Bağırovun “Festivala yürüş” marşlarını, Əziz Əzizovun “İdmançılar marşı”, “Külək”, “Gümüşü çadırlar” mahnılarını, Olqa Nikolskayanın idman marş və mahnılarını misal göstərə bilərik. Azər Dadaşovun 1980-çi ildə Moskvada keçirilən Yay Olimpiya Oyunları üçün bəstələdiyi kantanın o illərdə dillər əzbəri olduğunu da qeyd etməyə dəyər. Xatırladaq ki, 1960-1970-ci illərdə xalqımızın idmana sevgisindən yaranan “Futbol” mahnısı (“Vur, vur, bir də vur, olsun qol” nəqəratı ilə), klarnet və qarmonda çalınan “Futbol rəqsi” az qala xalq arasında folklora çevrilmişdi.

Çağdaş dövrümüzə gəldikdə, Fərhad Bədəlbəylinin nəfəs alətləri orkestri üçün “Azərbaycan olmpiyaçılarının marşı”, Sərdar Fərəcovun “İdman marşı” kimi əsərləri, həvəskar bəstəkarlardan Kamalın, T.Ağayevanın mahnılarını misal göstərmək olar. Hər gün dinlədimiz idman mahnıları – sevimli müğənnilər İlhamı Quliyevanın, Tünzalə Ağayevanın, Samir Cəfərov və Sevda Ələkbərzadənin, Röya Ayxanın “Bakı-2015” haqqında ifa etdikləri gözəl mahnılar və bu mahnıların klipləri 1-ci Avropa Oyunlarının musiqili brendinə, reklamına çevriliblər. 

7. AZƏRBAYCAN: İDMAN-MUSİQİ-QƏLƏBƏLƏR

Bu xüsusda idmanın musiqi ilə əlaqəsini çox maraqlı və orijinal bir şəkildə “Bakı-2015”-in gündəliyinə daxil edən təşkilatçılara, bədii rəhbərlərə, Gənclər və idman nazirliyinin, Mədəniyyət və turizm nazirliyinin əməkdaşlarına, ifaçılarımıza və musiqiçilərimizə dərin təşəkkürümüzü bildiririk.  

...Diqqət etsək, peşəkar idman həmişə gəncliklə bağlı olub və bu gün də belədir. Gənclik isə sağlamlıq, gözəllik, sevinc, xoş ovqat və nikbinlikdir, həyatın davamıdır və qələbələrdir. Biz də idmançılarımızın qələbələrinə sevinir, gənc idmançılarımıza qarşıdakı sınaqlarda yeni uğurlar arzulayir, onları musiqi ilə - ruhu gücləndirən  bədii, mənəvi və psixoloji qida ilə daim ünsiyyətdə olmağa dəvət  edirik.

Musiqi və idmanın birliyi – gözəlliyin vəhdəti və vəhdətin gözəlliyi haqqında yazımızı da elə bu nikbin və qalibanə ovqatla bitiririk:

Yaşasın Azərbaycanın idmançı gəncliyi!
Yaşasın idman və musiqi!
Qələbələr sənə Azərbaycan!                              

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!