Modern.az

Azərbaycan GƏNCLİYİ: “Onlar kəskin şəkildə dinə meyllidir”

Azərbaycan GƏNCLİYİ: “Onlar kəskin şəkildə dinə meyllidir”

4 İyul 2015, 09:34

İnsanın dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Xarakter psixi fenomen kimi fəaliyyət və ünsiyyət prosesində formalaşıb inkişaf edir. Bəs azərbaycan gəncinin xarakterində psixoloji və sosioloji durum hansı vəziyyətdədir?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlamasında bildirib ki, gənclər xaraktercə bir-birindən çox fərqlidir.  

“Ümumiyyətlə, gəncləri 30 il əvvəlki gənclərlə müqayisə etmək olmaz, onlarda xarakter bir-birinə yaxın idi. İndiki gənclərdə əsas spesifik cəhət odur ki, gənclər xaraktercə differensiallaşıb, yəni fərqli olublar. Gənclər arasında bir çox sosioloji təbəqələr yaranıb və bunlar artıq 30 il əvvəlki kimi bir-birinə yaxın deyillər”.  

Əhməd Qəşəmoğlu qeyd edib ki, gənclər arasında çox fərqli bir mənzərə yaranıb.  

“Müasir gənclik arasında bir-birindən fərqli yöndə maraqlar, düşüncələr yaranır ki, bu da onlar arasında qrupların yaranmasına səbəb olur. Bir qrup gənclərimiz kəskin şəkildə dinə meyllidir. Bəziləri çalışırlar ki, müasir dövrlə ayaqlaşıb dövrün tələblərinə uyğun formalaşsınlar. Çoxvariantlılıq hər yanda hökm sürməkdədir. Bu, günümüzün reallığı, eyni zamanda da tələbidir.  Biz bu qrupların yaranmasından qorxmamalıyıq.

Çalışmalıyıq ki, bu fərqlər nə qədər olursa olsun onları ümumi bir məxrəcdə birləşdirə bilək. Gənclərimiz arasında vətəndaşlıq, vətənə məhəbbət, dövlətçilik hisslərinin güclənməsinə çalışmalıyıq. Eyni zamanda da çalışmalıyıq ki, gənclərimizi birləşdirən ortaq maraqlar formalaşsın. Bu istiqamətdə müəyyən işlər gedir və bu işlər daha da gücləndirilməlidir.  

Psixoloq Elnur Rüstəmov isə belə deyib:

“Bu gün yeniyetmə və gənclərin xarakterində ailələrdə uşaq sayının azalması, uşaqdan gözləntinin çoxalması, uşağın özünün istəklərinin artması kimi hallar psixoloji problemlərin yaranmasına böyük təsir göstərir”.  

Bu cür hallar  öncəki illərlə müqayisədə daha da genişlənib. Səbəb kimi isə bizim sürət əsrində yaşamağımız göstərilir. Bir  məqama da diqqət yetirsək görərik ki, gənclər sanki səbrsizdilər, tez bir vaxtda daha çox şey əldə etmək, fərqlənmək istəyirlər. Bunun üçün də müxtəlif üsuldan istifadə edirlər.  

İstər emolarda, istər cəmiyyətdə fərqli davranış göstərən gənclərdə, istərsə də yeniyetmələrin  xarakterlərində belə hallara şahid oluruq. İnternetin inkişafı ilə əlaqədar ünsiyyətin virtuallaşması baş verir.

Gənclərdə daha çox özünəqapanma, təcridolunma, ailə ilə ünsiyyətə girməmək və s. problemlərin yaranmasına gətirib çıxarır. Bu səbəbdəndir ki, gənclər arasında intihar halları, zərərli vərdişlərə aludəçilik kimi problemlər artmaqdadır.  

Vüsalə Qəzənfərqızı     

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI