Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bəyin oğurlanması”dan dilimizə düşən məsəlləri: “Sənə əjdaha lazımdır?”

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bəyin oğurlanması”dan dilimizə düşən məsəlləri: “Sənə əjdaha lazımdır?”

28 İyul 2015, 12:55

Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar”  rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

saytı rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

Bu dədə haqqında danışacağımız ekran əsəri 1985-c ildə lentə alınan “Bəyin oğurlanması” filmidir. Film peşəkar kinematoqrafiya baxımından o qədər də uğurlu sayılmasa da, düz 30 ildir ki, ən çox sevilən milli kino nümunələrimizdən biridir. Hətta bu filmin iki quruluşçu rejissorundan biri Vaqif Mustafayev (digəri Ceyhun Mirzəyev) “Bəyin oğurlanması”nın rejissoru olduğunu deməkdən utandığını söyləyirdi. Doğrudur, sonradan filmə bu qədər sevginin olduğunu görüb adını daha gizlətmir.
Xalq yazıçısı Mövlüd Süleymanlının ssenarisi əsasında çəkilən filmdə əvvəldən axıra təbiiliklə, sünilik qarşılaşdırılır. Bir tərəfədən hər şeyi kadr şəklində, kameralaşmış süni həyat kimi görən çıkiliş qrupu, digər tərəfdən də bütün problemləri də, sevinci də bir olan kənd sakinləri təsvir olunur. Bəzən kənd sakinləri bu çəkiliş qrupuna irad edir: “Bu kinodu, bu toy olmadı ki”, “Necə oynayaq e, səs ordan gəlir, biz burda oynayırıq” kimi sözlərlə film boyu cərəyan edən bu iki xətt qarşılaşdırılır. Sonra isə həmin çəkiliş qrupu öz süni ssenarisindən imtina edərək təbiiliyə üstünlük verir və əsl toyu çəkmək üçün qədim adətə - bəyin oğurlanmasına da əl atır.

Filmdə bu gün də hamı tərəfindən dillər əzbəri olan zərbi-məsəllər var. Mirişin (Arif Quliyev), Mustafanın (Səyavuş Aslan), Əsəd müəllimin (Həsən Turabov), kolxoz sədri Hidayət müəllimin (Səməndər Rzayev) və başqa obrazların dediyi sözlər bu gün yeri düşəndə istifadə edilir. Mirişin elə təkcə qaçaraq “salam, sağol” ifadəsi bu gün cəmiyyətdə tələskənlik simvoluna çevrilib. Miriş tərəfindən deyilən, “dədə, mənəm e, Miriş”, “Kvartalın axırıdı, nə ölməy-ölməy salmısan” kimi ifadələri də bu gün üçün çox aktualdır. Bizlərdən birini kimsə tanımayanda o saat Mirişin sitatını xatırlayırıq.



Kəndə kino çıxardanlar gəlib” ifadəsi  də bu gün öz səmimliyinə görə tez-tez səslənən sitatlardandır. “Kino çıxardanlar” ifadəsi yalnız hər kəsin işinə yaramağa çalışan, pisliyin nə olduğunu bilməyən, işi-peşəsi buyruğa qaçan bir saf kəndli tərəfindən deyilə bilərdi.

Filmdə ən yaddaqalan obrazlardan biri də çəkiliş qrupunun rəhbəri Mustafadır. Burada Səyavuş Aslanın fərdi aktyorluq qabiliyəti də əsas rol oynayıb.

“8 min pul alıblar məndən, oynamaqlarına bax!”,  “Evdə də uşaqlar deyir atamız işə gedib” kimi zərbi məsəlləri bu gün sözsüz ki, az qala hamı tərəfindən səslənir. Filmdə Səyavuş Aslanla bağlı olan sürprizlərin biri də sonluqda aktyor Muxtar Maniyevin oynadığı səhv gələn qonaq obrazı ilə bağlıdır. Belə ki, Maniyev o zaman gənc olan rejissorlara deyir ki, Səyavuşa şillə vuran epizodu ondan gizli saxlasınlar ki, qoy təbii olsun. Səyavuş Aslandan xəbərsiz razılaşırlar. Amma Muxtar Maniyevin ona xəbərsiz vurduğu möhkəm şillə aktyoru lap çaşdırır, lakin o, özünü itirmir. Buna baxmayaraq onlar uzun müddət bir-biri ilə danışmırlar.

Mustafanın çəkiliş qrupunun aktyoru Elxana olan iradları da sonradan məşhur frazalara çevrilib: “Neyniyim e, onu ayağıma bağlamayacam ki”, “Əşi kaş elə birdəfəlik oğurlayaydı onu, canımız qurtarardı”.

Filmin ən məşhur  frazası isə Ələsgər Məmmədoğlunun oynadığı pirotexnik obrazının “ə, nə var ee, Ələsgər, Ələsgər” deyərək yerə yıxılmasıdır. O zaman aktyor stuldan həqiqətən də yıxılır. Rejissorlar təbii alınması üçün stulun bir qıçını ondan xəbərsiz kəsirlər. Ələsgərlə bağlı başqa maraqlı məsələ isə onun sonda toydakı rəqs zamanı Nəsibə Zeynalovanın qabağına qəflətən çıxaraq oynamasıdır. Deyilənlərə görə, mərhum aktrisa o zaman bərk diksinir və həm ona, həm də çəkiliş qrupuna iradını bildirir. Lakin aktrisanın peşəkarlığı nəticəsində epizod pozulmur.

Yaşar Nurinin canlandırdığı İsrafil obrazı da filmdə əsas söz sahiblərindən biridir. Qaraqabaq olmasına baxmayaraq, lazımı məqamda dediyi sözlər bu gün də gülüş yaradır. Onun elçiliyə gələnlərdən Amanoğluna (Mirzə Babayev) “sənə əjdaha lazımdır?” ironiyası bu gün də yaddaşlardan silinməyib.  Komissiya sədrinin (Eldəniz Zeynalovun) yanında “adə, bir az diri oynuyun da” tənəsi bu gün ən azından toylarda işlədilir.

Növbə çatır çəkiliş qrupunun iki ən fəal üzvünə- rejissor Əsəd və operator Tağıya (Hacı İsmayılov). Bütün çəkiliş prosesində əsəbiliyi ilə seçilən Əsədin “öz ssenarimiz ssenaridir ki”, “get, ona de ki, bizdə əvəzedilməz aktyor yoxdu”, “Mən sizə göstərərəm artisti oğurlamaq nə deməkdir”, “gül kimi operatorsan,  rejissor olmaq istəyirsən” ifadələri bu gün də əsasən kino cameəsinin sakinləri arasında çox məşhurdur.

Tağının da ona cavab olaraq qaytardığı “elə sənin kimilərdi də, bizim qabağımızı kəsən” və uzaq Liviya səhrəsında görünməkdən imtina edən kəndliyə “düz deyirsən, səni elə görməsələr yaxşıdır” ifadələri bu gün çox məşhurdur.

Filmdə cəmi iki-üç epizodda çəkilməsinə baxmayaraq “Mənəm e, Hidayət müəllim”, “Bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”, “Burdan eşit, burdan da oyna da...” zərbi-məsəllərinə möhürünü vuran Səməndər Rzayevi də xüsusi qeyd etmək lazımdır.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI