Modern.az

İŞİD İslam dünyasının mədəni və intellektual imicinə necə zərbə vurdu- POLEMİKA

İŞİD İslam dünyasının mədəni və intellektual imicinə necə zərbə vurdu- POLEMİKA

6 Avqust 2015, 12:10

Hazırda “İslam dövləti” (İŞİD) adı ilə az qala bütün islam coğrafiyasını təşviş altında saxlayan terror təşkilatı get-gedə öz mənfur planları ilə regionun siyasi nüfuzuna daha ağır zərbələr vurmaqdadır. İŞİD-dan əvvəl də yaradılan və nəhəng siyasi texnoloqların əlində fiqura çevrilərək İslam dünyasının mədəni, intellektual və iqtisadi inkişafına ağır zərbə vurdular.  Hazırda İŞİD deyilən qara səhifə islam coğrafiyasına iqtisadi, siyasi zərbədən də çox mədəni, mənəvi və intellektual zərbə vurur və bu proses çox təəssüflər ki, hələ də davam edir.

Vaxtilə Fəxrəddin Razi, Nəsirəddin Tusi, Cabir ibn Həyyam, Məhəmməd  Əl Xorəzmi, İbn Sina kimi dühaları yetişdirən və Avropaya dərs keçən İslam sivilizasiyası bu gün özünün ən kritik çağlarını yaşamaqdadır. Modern.az-ın ekspertlərlə müzakirəyə çıxardığı mövzuda pessimist mıqamlarla yanaşı vəziyyətdən çıxış yolları da bildirilib:

Professor, sosioloq alim Əhməd Qəşəmoğlunun fikrincə, erkən orta əsrlərdə İslam coğrafiyası tətbiq etdiyi mexanizmi indi də həyata keçirməlidir.  Belə ki, ilahi elmlərlə paralel olaraq dünyəvi elmlərə də diqqət artırılmalı və bu iki xəttin sintezi yaradılmalıdır. Sosioloq alim onu da qeyd edir ki,  İslam dünyasının intellektual xilası üçün  həm də mütləq bir dünyəvi model formalaşmalıdır. Həmin model haqqında isə bunları qeyd edir:

Mən istərdim ki, bizim alimlərimiz, ziyalılarımız,  xüsusən də gənclərimiz bu məsələyə xüsusi diqqət yetirsizlər. 

Elm peyğəmbərimizin də çox önəm verdiyi məsələ olub. Nə qədər ki, imanın yanında idrak var, çox harmonik, ahəngdar inkişafa gəlib çatmaq olur. Nə vaxt ki, bunun əksi yaşanır, onda cəhalət baş qaldırır. Hazırda İslam coğrafiyası dediyimiz ölkələrdə bu hal yaşanır. Bu da imkan verir ki, müəyyən siyasi texnologiyaları yaradanlar öz məqsədləri uğrunda daha rahat işləsinlər  və İslam coğrafiyasının vəhşi obrazını yaratsınlar. 

İslam peyğəmbərinin özü ilahi elmlərlə yanaşı dünyəvi elmlərə də üstünlük verib. Onların da öyrənilməsinin vacibliyini deyib.

Odur ki,  ərəblər eradan əvvəl yaşayan yunan alimlərinin,  eləcə də qədim Şərq xalqlarının dəyərli əsərlərini, filosoflarını öz dillərinə tərcümə etdilər. Bu səbəbdən erkən orta əsrlər və orta əsrlərdə  elm həm onlarda, həm də bütün Şərqdə çox yaxşı inkişaf etdi. Bu gün də biz İslam coğrafiyasının pis vəziyyətdə olan elmini, intellektini xilas etmək üçün dünyəvi elmləri də inkişaf etdirib onların ilahi elmlərlə sintezini yaratmalıyıq.

Orta əsr islam filosofları Əl Kindi, Əl Fərabi, İbn  Sina, Bəhmənyar, Miyanəçi, Nəsirəddin Tusidən tutmuş sonrakı dövrün alimləri  bu tənasübü çox yaxşı formalaşdırmışdılar. İndi də həmin dahilərin təcrübələrindən istifadə edilməlidir. Yaxud, yeni bir model formalaşdırmaq lazımdır. Siz islam coğrafiyası dediniz, amma düşünürəm ki, dünyanın hər yerində bu gün sürətli mənəvi-intellektual aşınma gedir. Bir yerdə iman var, idrak yoxdur,  o biri yerdə idrak var iman yoxdur. Amma onlar bir-birini tamamlamalıdır. Məhz bu islam coğrafiyasını hazırkı ətalətdən qurtara bilər. Yeni düşüncə modeli formalaşmalıdır”.

“Müsəlman təqvimi ilə indi də bizdə orta əsrlərdir. Baş kəsmək, təkfir etmək... İntellektual imicimizi biz çoxdan itirmişik. Artıq neçə əsrdir ki, Şərq Qərbin avtomobilinin arxasınca qaçan ayağı yalın uşaq günündədir”.

Bu fikirləri isə Azərbaycan Elmlər Akademiyasının əməkdaşı filosof Müşfiq Şükürova deyib. Onun fikrincə, islam dünyası öz intellektual imicini artıq çoxdan itirib, onu nə zaman yenidən qazanacağı isə çox çətin məsələdir:

“İŞİD-in nümayiş etdirdiyi vəhşilik xristian sivilizasiyasında da olub, orta əsrlərdə də.  Onlar bunu yaşadılar, dərs götürdülər və müasir sekulyar cəmiyyət formasına gəlib çıxdılar ki, həyat şəraitinə, sosial ədalətinə və rasionalizminə görə indi bütün dünyaya örnəkdirlər. Müsəlman təqvimi ilə indi də bizdə orta əsrlərdir. Baş kəsmək, təkfir etmək... İntellektual imicimizi biz çoxdan itirmişik. Artıq neçə əsrdir Şərq Qərbin avtomobilinin arxasınca qaçan ayağı yalın uşaq günündədir. Alimlərimizi öldürdük, təqib etdik və onlardakı axtarış ruhu qorxudan çəkildi getdi.

Hər şey “Quran”da var dedik, elm öyrənməyi buraxdıq. Bu da rəqiblərimizə əl verdi. İndi də təkfir edirik, baş kəsirik, qızları məktəbdən ayırırıq. Düşmən də bizim bu cahil ekstazımızın uzun çəkməsi üçün istənilən maliyyəni verməyə hazırdır.

İbn Sina, Fərabi, İbn Rüşd, İbn Ərəbi, Sührəverdi zamanlarında olan nüfuzumuzu geri qaytarmaq üçün elmi inkişaf etdirməliyik. Peyğəmbərin elm üçün Çinə qədər getmək vəsiyyətini reallaşdırmalıyıq. Dünyanın dörd bir yanına tələbə göndərməliyik, ən müasir texnologiyalar üzrə mütəxəssislərimizin olmasına, istehsal sahələrinin inkişafına çalışmalıyıq.

Təkəbbürlənməməliyik, dizimizi yerə atıb Qərbdən, uzaq şərqdən öyrənməliyik. Onlar bir zamanlar  yaxşı tələbə oldular, indi onun məziyyətlərindən faydalanırlar. Sənətin, musiqinin, ədəbiyyatın inkişafına çalışmalıyıq. Bu tədbirlər müsəlman şərqinin ruhunu dirçəldə bilərdi. Amma təəssüflə deməliyəm ki,  bunun baş verəcəyinə heç bir inamım yoxdur”.

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI