Modern.az

Mədəniyyətdən yazanlara İRADLAR: “Jurnalistlər teatrın mətbəxini niyə ifşa edirlər?”

Mədəniyyətdən yazanlara İRADLAR: “Jurnalistlər teatrın mətbəxini niyə ifşa edirlər?”

7 Avqust 2015, 16:50


Azərbaycanın kütləvi informasiya vasitələrində auditoriyanı özünə cəlb etmək üçün mədəniyyət sahəsində çalışan insanların şou xarakterli, bəzən qalmaqallı çıxışlarına tez-tez rast gəlinir. Bu səbəbdən mədəniyyət və incəsənət sahəsi ilə bağlı ciddi araşdırma yazılarına, bu sahənin problemlərinə həsr olunan ciddi verilişlərə az rast gəlinir. Ən acınacaqlısı odur ki, mədəniyyətdən yazan bir çox jurnalistin bu sahə ilə bağlı ciddi bilgisi belə, olmur.

Son illər teatr, kino, rəssamlıq, musiqi, eləcə də incəsənətin sadalamadığımız digər növləri mediada, demək olar təbliğ edilmir. Yalnız hansısa teatrda, yaxud digər sahədə çalışan iki şəxs arasındakı qarşıdurma medianın diqqətini çəkir. Təbii ki, konfliktin həlli, problemin işıqlandırılması və onun aradan qaldırılmasına yardım göstərmək medianın əsas prinsiplərindən biridir. Amma sənət meyarını təkcə problemə bağlamaq onun dəyərini aşağı salmaqdan başqa bir şey deyil. Çox təəssüflər olsun ki, son illər hegemonluğu ələ keçirən internet mediası daha çox buna qaçır.

Modern.az-ın bu polemikasında iştirak edən sənət adamları və mədəniyyətdən yazan jurnalistlər  “sənət hansı rakursdan medianın gündəmində olmalıdır” tezisi haqqında danışıblar. Onların fikrincə, mədəniyyətə aid olan mövzuları işıqlandıranda daha çox ciddi mətləblərə diqqət etmək lazımdır. 

“Sənət yalnız sənət rakusundan medianın gündəmində olmalıdır. Yaradıcılıq uğurları və ya uğursuzluqları... teatrın mətbəxi mediada ifşa olunmamalıdır”.


Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist
Nicat Kazımovun fikrincə, media cəmiyyətin mənəviyyatını zənginləşdirmək üçün insanlara sənəti sevdirməlidir:

“Özünü bu vətənin övladı sayan media nümayəndəsi, cəmiyyətin mənəviyyatının daha da zənginləşdirmək üçün onu yüksək səviyyəli sənət əsərlərinə baxmağa dəvət edəcək, bu tamaşalara maraq doğuracaq yazılar yazmalıdır. Hər bir evdə olduğu kimi, teatrlarda da ayaqyolu var - amma onu hamıya göstərməyə ehtiyac yoxdur”. 

Uzun müddət mədəniyyət mövzularındakı araşdırma, müsahibə və məqalələrinə görə fərqlənən jurnalist Ramilə Qurbanqızı isə bu sahənin yazarlarının daha çox bilgili olmasının vacibliyinə diqqət yönəldib.
Onun sözlərinə görə, teatr haqqında heç olmasa teatrın qapısının harada olduğunu bilən jurnalist yazmalıdır:

“O, mövzudan məlumatlı olmalıdırlar. Məsələn, əgər hansısa xalçanın muzeyə bağışlanmasından söhbət gedirsə, o xalçanın hansı xalçaçılıq məktəbinə aid olduğunu, müəllifini, xalçanın nədən toxunduğunu bilməlidir. Yaxud, teatr sənətindən danışırsa, Azərbaycan teatr tarixindən məlumat toplamaqla yanaşı, bugünkü teatrın durumundan da xəbərdar olmalıdır. Ən azı son illər bir-neçə tamaşaya baxmış olmalıdır. Teatrın qapısının hansı tərəfdə olduğunu bilmirsə, o mövzuya toxunub özünü ifşa etməməlidir”.



Ramilə Qurbanlı “sənət hansı rakursdan medianın diqqətində olmalıdır” sualına bu cür cavab verib:

“Sənət elə sənət rakursundan medianın diqqətində olmalıdır. Özünə hörmət edən, jurnalist adını daşıyan kəs sənət adamlarını bir-birinə vuruşduracaq yazılar yazmamalıdır. Belə ucuzluğa getməməlidir. Mövzunu peşəkarlıq və etika ilə işləyib oxucu qazanmalısan. Qeyri-peşəkarlıqla və etikasızlıqla qazanılan oxucu da, o “qazanc” da çox ötəri olacaq.

Rejissordan, yaxud aktyordan yazanda onun ortaya qoyduğu işi təhlil etməyi bacarmalısan, o zaman onun şəxsiyyəti də sətiraltı çıxacaq üzə. Sənətkarın işindən yox, ağzından qaçırdığı sözdən yazacaqsansa, ortaya sənin şəxsiyyətsizliyin çıxacaq. Deməli, onun sənətindən də, öz sənətindən də xəbərsizsən”.

Uzun müddət müxtəlif televiziyalarda mədəniyyət sahəsində proqramlara rəhbərlik edən şair Vüqar Əhmədin mövzuya yanaşması birmənalı deyil. O, əvvəlcə jurnalistin əsl sənətlə, sənətdən kənar olan nəsnəni, sənətkarla sənətə yeridilən insanları ayırd etməyi məsləhət görür:



“Obyektiv meyarlarla mövzuya yanaşmalıdırlar. Yüksək sənət sahibi ilə sənətə soxulmuşlara fərq qoymalıdırlar. Ümumiyyətlə, yaxşı olardı ki, bildikləri sahəyə müraciət etsinlər. Musiqi duyumu olmayan jurnalist heç vaxt yaxşını pisdən ayıra bilməz. Musiqidən kənar yazar sənətçini dəyərləndirə bilmir. Mədəniyyətin başqa sahələrinə müraciət edən jurnalist mütaliə edib sonra o mövzunu araşdırmalıdır. Ali təhsili mükəmməl olan yazarlar bu sahədə uğur qazanırlar. Mediada yerlipərəstlik olmaz. Hər jurnalist öz regionunun tanınmışlarını “korifey” səviyyəsinə qaldırır. Obyekt dəyərlidirsə, milli qürurla, fəxarətlə yanaşmaq lazımdır. Mövzuya, müsahibə aldığın şəxsə maddi maraq yox, mənəvi dəyərlər aspektindən yanaşmaq lazımdır. Mədəniyyətdən yazan istedadlı gənc yazarlarımız var. Bu məni sevindirir”.



“Sənət hansı rakursdan özünü qabarıq göstərir və ya göstərməyə çalışırsa, o rakursdan da medianın diqqətini cəlb edir”.
Bunu isə YUĞ teatrının aktrisası Natəvan Qeybani deyir. Onun sözlərinə görə, sənətdən yazan jurnalistdə ilk növbədə peşəkarlıq və yenə peşəkarlıq olmalıdır:

“Sənət ümumi anlayışdır. Əgər teatr, aktyor sənətindən söhbət gedirsə, o zaman aktyorun fərdi uğurlu yaradıcılığı və bu fonda teatrın hadisə yaradacaq tamaşaları diqqət çəkməlidir. Ümumiyyətlə, sənətə diqqət ayıran media və onun nümayəndələri ən azından öz sənətinin peşəkarı olmalıdır”.


Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri
Hüsniyyə Mursaquliyeva isə jurnalistləri sənətin təhlilini arxa planda qoyub qalmaqala meyl etməkdə günahlandırır:

“Məncə, materiala sırf sənət mövqeyindən yanaşmaq lazımdır.  Mədəni hadisə öz dəyərini gərəksiz bir başlıqla itirməməlidir. Mədəniyyət mövzusunu özünün şəxsi fikirləri ilə yükləmək və ya qalmaqal obyekti kimi təqdim etmək heç də düzgün deyil. Bu gün isə buna daha çox rast gəlinir. Tutalım, əgər hər hansı bir media qurumunun nümayəndəsi yeni nümayiş etdirilən bir tamaşa haqqında yazırsa, nədənsə səhnə əsərinin məziyyətləri, aktyorların ifaları haqqında yazmaqdansa, tamaşada rol alan aktyorun və ya rejissorun illər öncə quruluş verdiyi uğursuz tamaşasının və ya orada rol alan aktyorun qalmaqalının təəssüratlarını  öz yeni yazısına pərçimləyir”.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI