Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar”- “Ulduz” filmi – “Möhsün yaralanmışdır...”

“Məşhur filmlərdən məşhur sitatlar”- “Ulduz” filmi – “Möhsün yaralanmışdır...”

Mədəniyyət

25 Avqust 2015, 09:30

 

Modern.az saytı “Məşhur filmərdən məşhur sitatlar” rubrikasını davam etdirir. Rubrikada bu dəfə haqqında danışacağımız və məşhur sitatlarını təqdim edəcəyimiz film 1964-cü ildə lentə alınan “Ulduz” kinokomediyasıdır. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında çəkilən filmin rejissoru Ağarza Quliyev, ssenari müəllifi isə Sabir Rəhmandır. 

Sırf sovet düşüncə tərzini, təfəkkürünü, insanların inandığı amalların yalnız əmək faktoruna məxsus olmasını göstərən film elə bu ideyaları simvolik olaraq gerçəkləşdirən baş qəhrəmanın yəni, Ulduzun adı ilə adlandırılır. Bəsit süjet xəttinə malik olsa da, istedadlı aktyorların peşəkar ifası çox quru süjet və mahiyyətə malik olan filmi nəinki quruluqdan çıxarır, hətta onu kütlənin sevimlisinə çevirir.

Əsərdə baş qəhrəmanların Ulduz (Tamillə Rüstəmova) və Bəxtiyarın (Hacımurad Yelizarov)  sevgisi əsas hadisə sayılsa da, onlar Məhəmməd (Lütvəli Abdullayev), Möhsün (Hacıbaba Bağırov), Gülümsərov (Bəşir Səfəroğlu), Nazik (Məleykə Ağazadə), Züleyxa (Nəsibə Zeynalova) kimi rolların kölgəsində qalır. Gənc aspirant olan Ulduzun kolxoz mübarizəsindəki sünilik, Bəxtiyarın bir obraz olaraq film başlayandan sonadək davam edən passivliyi əsas faktoru- iki gəncin sevgisini ikinci plana atır.

Amma sovet təfəkkürü o xanımın simasında öz “ulduz”unu axtarırdı. İnsanların hissi “bəxtiyarlığ”ı onun üçün o qədər də vacib deyildi Beləliklə, həmin filmdən olan məşhur sitatları təqdim edirik:  

“Yazarsan ki, mən, mən Gülümsərov” Yaradıcılığı boyu cəmi bir neçə filmə çəkilən istedadlı aktyor Bəşir Səfəroğlu tamaşaçının bütün diqqətini  film boyu öz arxasınca aparır. Rola kifayət qədər ustalıqla adaptasiya olunması onun sözlərini də sonradan məşhurlaşdırır. Yalançı alimin “limandra”, “limçay” kimi kəşf etdiyi “elmi terminlər” bu gün də zarafatla işlədilir. Bu gün də kimsə bir adamın başı üstə durub yazı yazdıranda zarafatla “Möhsün yaz” əmrini işlədir. Başını göstərərək “Dissertasiya mədəni bax burdadır” ifadəsini yəqin ki, hazırda akademiya alimlərinin bəziləri işlədir.

“Yazarsan ki, mən, mən Gülümsərov, həm ciddi, həm də şən Gülümsərov” misraları ilə özünü müxbirə (Fazil Salayev) təqdim etməsi çox məşhur səhnələrdəndir.

“Bu qız deyir ki, şələni qoy yerə, gəl savaşaq da”,  “sən də elmin qurbanısan?”,  “bu gündən elm aləmini tərk edirəm, qoy məni buna vadar edənlər özləri tarix qarşısında cavab versinlər” kimi məşhur sitatlar Gülümsərovu bu gün də unutmağa qoymur.

“Möhsün yaralanmışdır...”

Kinokomediyanın başqa məşhur qəhrəmanı isə özünü fəxrlə “yoldaş Gülümsərovun şəxsi katibi” adlandıran Möhsündür. O, Gülümsərovun iç üzünü bilir. Bu onların dialoqlarında da üzə çıxır. Möhsün Gülümsərovun ünvanına “Onları qarnında calaşdıracaq” deyərək onun yalançı alim olmasına işarə vurur.

Möhsün tərəfindən deyilən başqa məşhur ifadələrə diqqət edək. Bu zaman əvvəlcə çox məşhur olan bir bəndlik şeiri xatırlayaq:

“Möhsün yaralanmışdır,

Bir bax, ürəyi qandır.

Doktor dedi ki, yalnız

Nazik ona dərmandır”.  

Bu məşhur şeirin son misrası 3 dəfə dəyişir. Amma onun əsas tərəf-müqabili Nazikdir (Məleykə Ağazadə). Onunla dialoqda “Əmr etsəniz lap segah da oxuyaram”, “sizə bir dəətli sirri açmaq istəyirəm”, “Bağışlayın xanım, mənim ayaqqabılarım sizin nəyinizə lazımdır” kimi sitatları bu gün də məşhurdur. Amma onun ən məşhur sitatı “Siz bombanın necə partlamağını görmüsüz? ... indi görərsüz” ifadəsidir.

Möhsünün daha bir məşhur sitatı da bu gün dillər əzbəridir: “Müxbir mandarinləri qəbul etmədi. Dedi , gözləyəcəm, limandra yetişsin”


“Adın nədir?  - Məhəmməd”

Lütvəli Abdullayevin oynadığı Məhəmməd obrazı da çox kaloritlidir. O, “əcəb qəşəngdir, lap ət tökəndi” dediyi Gülümsərovla işləsə də, ondan tamamilə fərqlənir. Züleyxaya “toyuqqq, fermadandı?!” deməklə düzgünlüyü təcəssüm etdirir. 

Ye kökəl, eninlə uzunun bərabər olsun” deyərək öz xarakterini göstərən Məhəmməd bir qadına “əstafirillah, bu mənim günahlarımdı, qadın cildində düşüb arxamca, qarabaqara məni izləyir” məşhur ifadəsini deyə bilər. Amma o başqa bir qadın üçün də “sənin kimi qadınlar olmasaydı, bilmirəm bu kişilər nə edərdi” tərifini də səsləndirə bilər. “Adın nədir? - Züleyxa”

Nəsibə Zeynalovanın ifa etdiyi Züleyxa obrazı o qədər böyük rol olmasa da, aktrisanın peşəkarlığı onu sevdirə bilir. “A birim yox, b birim yox, C birim də indi qurtardı”  deyən Züleyxa çox səmimidir.

Bütün diqqətini briqadiri olduğu toyuqçuluq fermasına yönəldib. Kişi görəndə elə bil yumurtlamayan toyuq görürəm məşhur sitatının müəllifi olan Züleyxa sonradan Məhəmmədlə dil tapa bilir. Əvvəlcə, “bəxtəvər, bütün Məhəmmədləri doldurub tökmüsən üstünə” deyərək ələ saldığı, “bəxtin gətirib ki, qız olmamısan, yoxsa bu gövdə ilə ömür billah evdə qalardın” dediyi Məhəmmədlə sonradan dostlaşır.  

“Adım Nazikdir”

 Aktrisa Məleykə Ağazadə Bəşir Səfəroğludan sonra filmə ən çox rəng qatan ikinci sənətçidir. İnsanlar sonradan onu demək olar yalnız bu filmə görə yadda saxladı: Onun işlətdiyi “necə də mədəni centlmendir”, “az qala bütün şəhər mənim tanışımdır”,  “bilirsiniz necə artistkayam” replikaları bu gün də çox məşhurdur.

Amma Nazilə xanımın - Nazikin  son iki sitatı daha məşhurdur: Birincisini 6 ay birgə yaşadığı Məhəmmədə deyir: “O əynindəki kostyumu mənimlə yaşayanda almısan, deməli, yarısı mənimdir”.

İkinci məşhur sitat isə Möhsünə deyilirAxır ki,  bir alim ərə rast gəldim”.

“Sən mənim əlimdən heç Elmlər Akademiyasında da qaçıb gizlənə bilməyəcəksən” ifadəsi də bu gün çox səslənir.

Elmin NURİ    

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI