İsa Həbibbəyli: “Dilçilik İnstitutunda yoxlama aparmaq rəhbərliyin səlahiyyətindədir”
Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və oranın direktoru, akademik Tofiq Hacıyevlə bağlı yayılan söhbətlər ictimaiyyətin diqqət mərkəzindədir.
Akademiyada yoxlamaların aparılması, Tofiq Hacıyevin və ona yaxın işçilərin dindirilməsi, bütün bunların arxasında əslində akademiya rəhbərliyinin olduğu haqda informasiyalar yayılıb.
AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli Modern.az-a bildirib ki, akademiya səlahiyyətləri daxilində Dilçilik İnstitutunda yoxlama aparılır və bu cür yoxlamalar digər institutlarda da gedir:
“Çox istərdim ki, mətbuat bu yoxlama ilə bağlı təmkinli mövqe göstərsin, birtərəfli mövqe tutmasın. Bəzən mətbuat qızışdırıcı mövqe tutur və biz bundan narazı qalırıq. Akademiyanın institutlarını yoxlamaq rəhbərliyin səlahiyyətindədir.
Bu cür yoxlamalar il ərzində akademiyanın digər institutlarında da olur. Dilçilik İnstitutunda da yoxlama gedir, komissiya işləyir. Yoxlama başa çatan kimi məlumat veriləcək. Narazılıq da var. Çalışırıq ki, yoxlama qərəzsiz olsun və reallıqları əks etdirsin”.
İsa Həbibbəyli instituta maliyyənin Tofiq Hacıyevdən əvvəl ayrılması məsələsinə də aydınlıq gətirib: “Tofiq Hacıyevə aid olmayan məsələ yoxlanılmır. Ondan əvvəlki dövrün hadisələri Tofiq Hacıyevə aid deyil. Hər kəs yoxlamada öz dövrünə cavabdehdir. Ondan əvvəlki dövrdə olanlara görə Tofiq Hacıyev məsuliyyət daşımır. Ona alim kimi hörmətimiz var və hər kəs öz dövrünə qiymət verəcək”.
İsa Həbibbəyli maliyyə yoxlamaları adı altında əslində məsələnin mahiyyətinin başqa olması, akademiya rəhbərliyi ilə Tofiq Hacıyev arasında münasibətlərin pozulması iddiasına da münasibət bildirib:
“Hesab edirəm ki, Dilçilik İnstitutunda aparılan yoxlamanın heç kəsə aidiyyəti yoxdur. Mətbuatda gedən yazılar isə ayrı-ayrı subyektlərin fikirləridir. Biz də istəyirik ki, mətbuat bunu qızışdırmasın. Akademiya səlahiyyətləri daxilində işini görür, prosesləri tənzimləyir, yoxlamanın nəticələrini təhlil edir. Yoxlama bitməzdən qabaq qərar qəbul edə bilməz”.
Aytən ZƏHRA