Modern.az

İlhamə Quliyevanın “döyüş xronologiyası”

İlhamə Quliyevanın “döyüş xronologiyası”

1 Oktyabr 2015, 15:03

Bir zamanlar “Neylərsən”, “Çiçək yağışı”, “Göy-göl” kimi mahnılar dillər əzbərinə çevrildi. Xalq artisti İlhamə Quliyevanın özünəməxsus ifa tərzi sayəsində sevilən bir çox mahnılar bu gün də Azərbaycan musiqi tarixində öz yerini qoruyub saxlayır. Amma bunlar məhz səsin sayəsində gerçəkləşib. Təəssüf ki, sonradan musiqiyə baxış tamamilə dəyişdi. Sırf biznes maraqları istiqamətində fəaliyyət göstərən estrada musiqisinin nümayəndələri özlərini gündəmdə saxlamaqdan ötrü ən gözəl səsin belə, o qədər də böyük əhəmiyyətə malik olmadığını düşünüb müxtəlif vasitələrə əl atdılar. Çünki bunların hamısı reytinq qazandıracaq vasitələr idi. Reytinq də biznesin əsas şərti olduğundan estrada nümayəndələri onun ilk pilləsinə qalxmaqdan ötrü səs meyarını ikinci plana atdılar.
“Qara piar” texnologiyası həm televiziya proqramlarına, həm də şou-biznes nümayəndələrinə sərf etdiyinə görə, auditoriya nəzərə alınmadan bu cür neqativ hallar çoxaldı. Hamının müğənnilər arasında dava-dalaş kimi bildiyi bu hadisələr əslində “qara piar”ın ən əlverişli texnologiyalarından biridir.

Son günlər xalq artisti İlhamə Quliyeva ilə müğənni Elza Seyidcahan arasında baş verən qalmaqal da bunun əyani sübutudur. İnsidentin mövzusu da gündəmə uyğun seçilib – parlament seçkiləri... Reytinq naminə bundan yaxşı mövzu seçilə bilməzdi. Çünki İlhamə Quliyevanın sonuncu qalmaqalından xeyli vaxt keçirdi. Artıq gündəmi zəbt etmək üçün yeni bir versiya lazım idi. Həmin versiya da seçkidən qabaq nəyin üzərində qurulsaydı, heç bir əhəmiyyəti olmayacaqdı. Çünki insanları bu günlərdə ancaq bu mövzu maraqlandırır: seçki. Elza Seyidcahanın  “şeir”lərinin ictimaiyyətdə artıq heç bir səs-səda yaratmadığını nəzərə alsaq, bu insidentin ona da sərfəli olduğunu deyə bilərik. Üstəlik, Elza Seyidcahanın da deputatlığa namizədliyini verməsi bu məsələdə maraqlı olmasına zəmin yaradır.

“Reytinq boşluqların üzərində qurulanda daha çox uğur qazanır” taktikası bu dəfə də işə yaradı və uzun müddət cəmiyyətin aynası olan medianın müzakirə obyekti oldu. Çünki bundan əvvəl Azərbaycan sənət aləmində (sənət ?? ) seçki mövzusu ətrafında mübarizə aparan müğənnilər olmayıb.

İlhamə Quliyeva deputatlığa namizədliyini verməsə də köhnə piar texnologiyası bu dəfə də işə yaradı – boşluq yaranan kimi gündəmi zəbtetmə. Bu texnologiyanın tarixi uzaqlara gedib çıxır. İlhamə Quliyevanın uzun müddətdir ki,  konflikt yaşadığı xalq artisti Flora Kərimova ilə mübahisələrinin nədən başlaması, niyə davam etməsi barəsində çox yazılıb. Bu iki xanım müğənni, iki xalq artisti uzun müddətdir ki, həm televiziya ekranlarında, həm də mətbuat səhifələrində bir-birlərinə atmaca atmaqdan çəkinmədilər. Məsələ müvəqqəti də olsa soyuyanda tərəflərdən biri yenidən kiçik replika ilə bu insidenti alovlandırmağı bacarıb. İfa tərzləri fərqli olan və bu cür texnika ilə gündəmdə qalmaqlarına zərrə qədər də ehtiyacları olmayan bu iki müğənninin uzun müddətdir ki, davam edən konflikti bitmək bilmir. Jurnalist obyektivliyi prizmasından yanaşsaq, tərəflərdən hər hansı birinin tərəfində durmaq fikrimiz yoxdu. Xalq artisləri arasındakı bu konflikt uzunömürlülüyünə görə reklord vurub.

İlhamə Quliyevanın növbəti konflikt tərəfdaşı isə başqa bir xalq artisti Brilliant Dadaşova olub. Onların aralarında mübahisə Fikrət Əmirovun bəstələdiyi “Neyləmişəm” mahnısı ətrafında baş verib. Brilliant Dadaşova "Neyləmişəm?" mahnısını oxuyandan sonra onunla İlhamə Quliyeva arasında qalmaqal yarandı. İ.Quliyeva Fikrət Əmirovun bəstələdiyi "Neyləmişəm?" mahnısının onun mülkiyyətində olduğunu iddia etdi və  eyni zamanda, mahnını başqa müğənnilərin oxumasına qadağa qoyduğunu elanladı. Lakin Müəllif Hüquqları Agentliyi məsələyə rəsmi mövqedən münasibət bildirərək, mahnının müəlliflərin, yəni Fikrət Əmirovla Teymur Elçinin varislərinə aid olduğunu vurğuladı.

Nazpəri Dostəliyeva da İlhamə Quliyeva ilə qalmaqal yaşayan müğənnilərdən olub. Bu qalmaqal uzun müddət səngimədi. Sarı mətbuat yazdıqca yazdı, reytinq ovuna çıxanlar bacardığı qədər bu konflikti işıqlandırdı. Konfliktin səbəbi isə tərəflərin ayrı-ayrı televiziya proqramlarında bir-birilərini təhqir etmələri olub.

Xalq artisti, aktrisa Məleykə Əsədova da İlhamə Quliyeva ilə konflikt yaşayan sənətçilər sırasında yer alır. Mətbuatın yazdığına görə Məleykə Əsədova özünü “səhnənin kraliçası” adlandırdığı üçün xalq artisti İlhamə Quliyevanın sərt tənqidi ilə üzləşib. Media təbii ki, bu məsələyə də biganə qalmadı. Mövzunu dərinləşdirərək, aktrisdan açıqlama aldılar. Məleykə Əsədovanın da cavabı özünü gözlətmədi. O, özünü “teatr səhnəsinin kraliçası” adlandıraraq, İlhamə Quliyevanın onun dünyasında olmadığını bildirdi. Amma bu konflikt o birilər qədər genişlənmədi.

Başqa bir xalq artisti ilə -Aygün Kazımovayla olan dartışma da “primadonna”nı növbəti dəfə mətbuatın əsas simalarından birinə çevirdi. Konfliktin qaynağı isə o birilərindən bir o qədər də fərqlənmirdi. Yenə də ayrı-ayrı yerlərdə bir-birinə atılan replikalar və onların sarı mətbuat tərəfindən böyüdülməsi. Hər halda məsələnin gözlə görünən tərəfi bu idi. Həmin konflikt zamanı İlhamə Quliyevanın “Aygün, ayağıma gəldiyin, yalvardığın yadından çıxdı?” atmacası hətta ciddi saytların da manşetinə çevrildi. Tərəflərin bir-birinə ünvanladığı replikalardan başqa misallar da çəkmək olar. Amma söz atmacaları prinsipcə “primadonna”nın digər dava-dalaşlarından o qədər də fərqlənmir. Əsas məsələ budur ki, əlahəzrət reytinqin qara  qanunları gizli yolla da olsa, öz işini ustalıqla gördü. Dəyərlər seçimində hələ ki, yaxşı və pisin sərhədlərini tanımayan cəmiyyətdə asanlıqla gündəmi zəbt etmək mümkün oldu.

Bu kimi məsələlər yenə qara missiyasını həyata keçirir. İlhamə Quliyevanın mübahisə etdiyi sənət adamları sırasında Faiq Ağayev, Teymur Əmrah, Natəvan Həbibi, Azəri qızı Günel, Röya və başqa müğənnilər də daxildir.

Media yenidən xalq artistindən bəhs etməkdədir. Konkret olaraq onun Rusiya universitetlərindən birinin tələbəsi olub-olmamağı gündəmə səs salıb. Bəzən yalanlar da çox güclü piar texnologiyalarnıdan sayılır.

Əslində mövzunun əsas qayəsi bir müğənninin dava-dalaşından danışmaq yox, həmin dava-dalaş vasitəsilə mühitin zövqünə işləməyi və məhz bunun sayəsində gündəmdə qalmağı bacarmasıdır.

“Agentura” sistemi siyasətdə olduğu qədər də çağdaş dünyanın mədəniyyət və ədəbiyyat cameəsində özünü doğruldur. Belə ki, hər hansı məşhur yazıçı yeni romanına başlamazdan əvvəl özünün ədəbi agentlərindən istifadə edir  və insanların zövq tələbatına uyğun şəkildə yeni əsərini qurmağa başlayır. Musiqi dünyasında isə agentura bir az başqa səmtdə fəaliyyət göstərir. Burada da cəmiyyətin dəyərlər sistemi nəzərə alınmaqla ona görə hər hansı işin texnologiyası qurulur. Həmin qara texnologiya isə bu gün nə qədər çox inkişaf edirsə, mədəniyyət də bir o qədər çox zərbə alır.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI