Hardasa bir il əvvəl idi... Mətbuatda belə bir xəbər yayıldı: “Akademik Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru oldu”. “Qonşudan qalma dala” prinsipi ilə işləyən mətbuatın nümayəndəsi olduğumuz üçün biz də o zaman yeni təyinat almış akademiklə əlaqə saxlamağa çalışdıq. Bakı Dövlət Universitetində rəhbərlik etdiyi Türkologiya kafedrasına zəng edib Tofiq müəllimi xəbər aldıqda, yaşlı bir xanım mehriban səslə bizə bu cavabı verdi:
- Oğlum, Tofiq müəllim mobil telefon işlətmir. Biz ona zarafatla dedik ki, “Tofiq müəllim, daha direktorsuz, heç olmasa indi mobil telefon işlədin”...
Deyəsən xəttin o başında danışan xanım kafedra müdirinin yeni təyinatına çox sevinirdi. Uzun illərdir dilçilik sahəsi üzrə külüng vuran akademikin bu yolda çəkdiyi zəhmətlər yəqin onun gözü qabağında olmuşdu. Bəlkə də o, akademikin çəkdiyi zəhmətin müsbət nəticə verdiyini zənn edib, buna möhkəm sevinirdi və sevincini jurnalistdən də gizlətmirdi. Amma sən saydığını say...
O xanım bəlkə də bilmirdi ki, akademik Tofiq Hacıyevə direktorluq təklif ediləndə buna razı olmayıb. Hər zaman vicdanlılıq və elmə sadiqliyi ilə seçilən akademik yaşını əsas gətirərək, bu işə qol qoymaq istəməyib. Çünki ta gənc yaşından bu vaxta kimi ömrünü yalnız türkçülüyə, Azərbaycan dilinin tarixinə, Azərbaycan ədəbi dilinin tarixi və dövrləşməsinə həsr edib. Təşkilati baxımından tutduğu ən böyük və yeganə vəzifəsi də Türkologiya kafedrasının müdiri olub.
Hələ sovetlər vaxtında tələbələrindən kimlərsə millətçilikdən, vətənə sədaqətdən, türkçülükdən səmimi qəlbdən danışardısa, Tofiq Hacıyevin gözləri yaşarırmış... Birinci kursun tələbələri əzazil müəllimlər əlində sıxılanda Tofiq Hacıyevin heç nəyi yox, təkcə səbr və mülayimlik dolu rəftarı onlara sirdaş olarmış. Bu cür alimin təbii ki, tutduğu ən böyük vəzifə elə kafedra müdirliyi ola bilərdi.
-A, bala , bu nə hay - həşirdi. Hələ heç nə olmayıb. Amma indidən başlayıb yazırsız.
Bu sözlər isə akademikin özünə aiddir. O zaman oğlunun evinə zəng vurduq və bəxtimizdən orda olan Tofiq müəllim direktor seçilməsi ilə bağlı xəbərə bu cür reaksiya verdi. Amma işlədi. Akademiya institutları arasında passivliyi ilə seçilən Dilçilik İnstitutuna yeni nəfəs gətirə bildi. Monitorinq şurası yaradıldı, dilin saflığını qoruymaq üçün bir sıra layihələr həyata keçirildi və konfranslar təşkil edildi. Ən maraqlı addımlardan biri də “qaynar xətt”in yaradılması oldu. Bu xidmətdən də ən çox təhsil və media işçiləri faydalana bilərdi. Yəni istənilən sözün mənası anlaşılmırsa, yaxud dillə bağlı hər hansı sual olacaqdısa, onda Dilçilik İnstitutunda fəaliyyət göstərən “qaynar xətt” köməyə çatacaqdı.
Amma sonradan bu institutla bağlı yazıların mövzusu dəyişdi. İyuldan bəri gah yazıldı ki, akademik istefa verib, gah da deyildi ki, yox, istefa verməyib, hələ də direktor qalır. AMEA-nın Rəyasət Heyəti məzuniyyətdə olduğu üçün onun istefaya getməsi təbii ki, real deyildi. Yəni akademik istefa ərizəsi yazsaydı belə, onu təsdiqləmək üçün prezident Akif Əlizadə və onun rəhbərlik etdiyi Rəyasət Heyətini gözləmək lazım gələcəkdi. Bir də gördük mətbuat yazdı ki, akademik işinin başındadır və institutda iclas keçirib.
Amma bütün bunlarla yanaşı, məsələnin kökünə varmaq üçün kimə müraciət etsək də, konkret bir cavab ala bilmədik. AMEA əməkdaşlarından biri “Dilçilik İnstitutunda elə şeylər baş verir ki, çoxusunu mətbuata demək olmaz” söylədi. Rəhbər heyətin üzvlərindən biri isə elə Modern.az saytına açıqlamasında “Dilçilik İnstitutunda baş verənlər haqqında danışsam, aləm bir-birinə qarışar” deyə cavab verdi.
Məsələ isə ictimaiyyət üçün hələ də qaranlıq qalırdı. Amma görünən o idi ki, AMEA işçiləri, ümumilikdə ziyalı kəsim məsələnin əsas səbəblərindən az-çox agah idi.
Ötən həftə medianın işıqlandırdığı bir xəbər ictimaiyyətə problemin əsas kökünü azacıq da olsa göstərdi. Hətta mediadan uzaq gəzən akademikin özü də məsələyə dəqiq münasibət bildirdi. Onun açıqlamasına Dilçilik İnstitutunun bugünkü ab-havası ilə tanışlıq da demək olar. Akademikin bir cümləsi isə lap doqquzludan dəyirdi: “Onlar 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna maddi-texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manatın hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.
Bu sözlər isə artıq akademikin kifayət qədər yorulduğunu göstərir:
“İstəyim odur ki, yoxlayıb nöqsan tapan kimi mənə töhmət verib işdən çıxarsınlar. Mən özüm şəxsən ərizə yazıb işdən çıxmayacağam. Onlara şəxsən özüm bildirdim ki, əgər nöqsan tapa bilməsələr, mən özüm onlara bildiyim bir-iki nöqsanı deyəcəm”.
Akademikin tələbəsi olan millət vəkili Nizami Cəfərov Modern.az-a bu haqda danışanda “Tofiq Hacıyevin dövlətin bir manatına da gözü yoxdur” deyib. Lakin institutda problemin kökünü maliyyə məsələsi ilə bağlamayıb: “Bu məsələnin dolaşması maliyyə ilə bağlı deyil. Məsələnin həlli yolu ayrıdır. Akademiya rəhbərliyi Tofiq müəllimlə demokratik şəkildə söhbət etməlidir ki, akademiya rəhbərliyi nədən narazıdır. Yəni hansı problemlər olub ki, belə xoşagəlməz hal yaranıb”.
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsi institutda 6 nəfərdən ibarət komissiyanın apardığı maliyyə yoxlamalarının bitib-bitməməsi haqqında Modern.az-a heç bir məlumat vermədi. Təki məsələ öz müsbət sonluğunu tapsın. Amma diqqət çəkən başqa bir məsələ də orada konfliktlərin varlığı ilə bağlıdır. İnstitutun monitorinq şurasının sədri Qulu Məhərrəmli mətbuata açıqlamasında əslində Tofiq müəllimin bu konfliktlərin qarşısını almaq üçün çox çalışdığını qeyd edib.
Hər halda məsələnin həlli öz qəlizliyi ilə seçilir. Ortada həm də deyəsən akademikin prinsipiallığı da görünür. Lap müsahibədə dediyi kimi, heç vaxt ərizə yazıb çıxmayacaq. Təbii ki, bu onun öz hüququdur. Amma konfliktlər arasında sıxılan təkcə Tofiq Hacıyev deyil. Başqa sıxılan varlıq, məfhum da var ki, bu gün ən çox zərbə elə ona dəyir: Bu Dildir!
Elmin NURİ