Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Kişi sözü”: “İndi məni göstərəcəklər” - RUBRİKA

“Məşhur filmlərdən məşhur sitatlar” - “Kişi sözü”: “İndi məni göstərəcəklər” - RUBRİKA

3 Oktyabr 2015, 10:31


Modern.az
saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasında bu dəfə rejissor Cahangir Mehdiyevin 1987-ci ildə lentə aldığı “Kişi sözü” filmindən bəhs edir.

Aktyor Əjdər Həmidovun və aktrisa Sənubər İsgəndərlinin kinoda ilk işi olan “Kişi sözü”nün çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb. Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq, 10 aya hazır olub. 

Təsdiqetmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məslətləşmək üçün Moskvaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. O, "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olmuşdu. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola elə Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rafael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı. Film Bakıda, Köhnə Əhmədli kəndində, Şamaxıda, Masazırda çəkilib. 

“Qasım gəlir, Qasım gəlir,
Yoldan çıxın Qasım gəlir,
Allahın bəlası gəlir, 
Sözünün ağası gəlir ,
Özündən çox razı gəlir”.

Film sırf mental dəyərlər üzərində qurulub. Güclü fiziki bədənlə (Niyaz), güclü xarakterin (Qasım) arasındakı konflikt süjeti ərsəyə gətirir. Burada uzun əsrlərdən bəri formalaşan ailə dəyərləri, kişilik sistemi önə çəkilib. Lakin filmin alt qatında qadın hüquqsuzluğuna da rast gəlmək olar. Sanki burada hər şey Nəbi kişiylə (Qasımın sevdiyi qızın-Solmazın atası) elə Qasım arasındakı sözdən asılı olmalıymış. Rejissor bacardığı qədər filmdə obrazlılıqdan, metaforadan istifadə etməyə çalışıb. Bu, onda müəyyən qədər uğurlu da alınıb.

Beləliklə, “Kişi sözü” nün məşhur  sitatlarını təqdim edək:

Filmin əsas qəhrəmanı Qasım (Əjdər Həmidov) sürücü olsa da, yalnız sevdiyi qıza görə iki illik baytarlıq məktəbinə oxumağa gedir. Özü çox gözəl bilir ki, bu iki il mənasız keçib. O, yalnız sevdiyi qıza görə bunu edib. Qətiyyən həkimlik sevdasında da deyil, onu yalnız Solmaz (Sənubər İsgəndərli) maraqlandırır. O, müsəlman-Qafqaz mühitinin kişilik məfhumuna qoyduğu bütün dəyərləri daşımaq fikrindədir. Cılız bədənə böyük iradə, xarakter sığdırmağa çalışır və film boyu da bunu müşahidə etmək olar. Beləliklə Qasım tərəfindən deyilən məşhur sitatlar:

“Xoruz - cinsi kişdir. Əbəs yerə banlamaz. Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlaycaq”. ( Evinə qonaq getdiyi Nəbi kişiyə rişxəndlə deyir. Bu əslində bir növ təhqir idi);
“Sənə olan məhəbbətimi bu qəbirstanlıqda dəfn edib gedirəm” (Sağollaşmaq üçün qəbiristanlığa dəvət etdiyi Solmaza deyir);
“Azar-bezar gələndə nə feldşerə baxır, nə doktora”;
“Başa düşmək üçün gərək adamda baş olsun”;
“Diqqət, indi məni teıevizorda göstərəcəklər”
(özünün televizorda göstəriləcəyini zənn edib çayxanaya yığışan kütləyə deyir. Amma əvəzində onun yerinə böyürən inəkləri göstərirlər. Belədə Qasım gülüş hədəfi olur. Həm o səhnə, həm də o ifadə elə buna görə sevilir).

Doğudur, Qasım burada əsas fiqurdur. Amma elə maraqlı obrazlar var ki, filmi onlarsız təsəvvür etmək mümkün deyil. Məsələn, Qasımın atası Ələmdar kişi (Muxtar Avşarov) və bibisi Nübar (Cəvahir Bayramova) filmə əlavə rəng qatırlar. Onlar savadsız, ömürlərini əməyə həsr edən sadə kəndlilərdir. Qasımın iki illik yarızor-yarıxoş baytarlıq oxumasını artıq onun böyük həkim olması kimi qəbul edirlər. Məşhur ifadələrin də bir neçəsi onların arasındakı dialoqdan yaranır:

Qarnının ağrısı diplomdu, onu da almısan” (Bibisi Qasıma ürək-dirək vermək üçün deyir, amma bir xeyri olmur);
Nəbinin minnəti olsun ki, sənin kimi doktor onun qızını istəyir” (Bu dəfə Nübar naxırçı Ələmdara müraciət edərək, öz aləmində böyük həkim bildiyi Qasımı tərif edir);
“Bu kağız ki var a, lap daşdan keçər. Mən buna prokurorun da qızını  alaram” (Yenə də Nübar bibi özünün “böyük həkimini” Nəbi kişiyə tərifləyir);
“Qardaşım oğlu sənin qızının dərdindən iki il gedib oxuyub, mal doxturu oldu” (Bibi bu dəfə Nəbiyə möhkəm hirslənir).

“Əşi sən də yuyulmamış çömçə kimi özünü ortaya soxma”;
“Ərə gedən Solmazdı, Nəbi döyül haa”;
“Sözdü də, hirsləndin çıxdı ağzından. Mən indi hirsləndim dedim vurum bibini öldürüm, sonra da əsəbim yatdı. İndi nə deyirsən, onda da vurub bibini öldürüm?”;
“Sənə qalsa gərək dünyada hər şey düz ola. Ağaclar da düpbədüz ola, kölgə salmaya”
(bu ifadələrin hamısının müəllifi isə Qasımın atası Ələmdar kişidir. O, həm öz bacısına, həm də Qasıma müraciətlə bu sözləri deyir).

Filmin başqa qəhrəmanları tərəfindən deyilən məşhur ifadələr:

"Mənə də “Sluşi Bayandur” deyərlər. Başuva bir oyun açaram əlləzinəni əzbərdən deyərsən”;
“Sənün  bu düzdüyün məni bax bura yığıb”;
“Sluşi, idite rabotayte”
(“Sluşi Bayandur”un sözləri).

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?