Modern.az

Möhkəm iradəli, mələk simalı xanım

Möhkəm iradəli, mələk simalı xanım

10 Oktyabr 2015, 12:07

əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı   

Qadın! Ey sevgili, şəfqətli mələk. 
H.Cavid

Müasirləri onu polad kimi möhkəm iradəli, zabitəli, hədsiz ciddi, lakin son dərəcə ürəyi yumşaq, xeyirxah, mələk simalı, nəcib bir xanım kimi səciyyələndirir. Əslində bir xanımın eyni zamanda bu keyfiyyətlərə malik olması bəlkə də bir az qəribə səslənir, deyilmi? Bəli, nə qədər qəribə görünsə də bu bir gerçəklikdir, reallıqdır. Məhz Mələkxanım bütün sadalanan bu keyfiyyətlərə xas olan xanımdır, həm də şəxsiyyətdir .....

Hələ uşaq olarkən, onun haqqında valideynlərimdən, qohumlarımdan çox eşitmişdim. O zamanlar yaşadığım, məşhur, tarixi Dağlı məhəlləsində onu tanımayan yox idi. Valideynlərim tez-tez deyərdi ki, halal olsun Allahqulu ilə Kübraxanımın  qızı Mələkxanıma, öz biliyinə ali təhsil alıb, hazırda Sumqayıt kimi böyük bir şəhərdə yüksək vəzifələrdə çalışır. Düzü bu xanımı görmək, onunla yaxından ünsiyyətdə olmaq məni daim düşündürürdü. Bunun üçün on illər keçməliymiş ...

1991-ci il  mart ayının 22-də M.F.Axundov adına Opera və Balet teatrının binasında dahi Azərbaycan dramaturqu və mütəfəkkiri Cəfər Cabbarlının 90 illik yubileyi keçirilirdi. Mən də qardaşımla, o təntənəli yubiley gecəsində iştirak edirdim. Tənəffüs zamanı dəhlizdə dahi insan, ümummilli lider Heydər Əliyevi görcək ona yaxınlaşdım, “Novruz” bayramını təbrik etdim, hal-əhvalını soruşdum. Az keçmiş Ulu öndərin ətrafına C.Cabbarlının ailə üzvləri və digər insanlar yığışdılar. O sırada mən Mələkxanım Bayramovanı ilk dəfə gördüm, lakin heç bir söhbətimiz olmadı. 1994-cü ildə Xızıda Mikayıl Müşfiqin xatirə günündə SSRİ Xalq artisti, Dövlət Mükafatı Laureatı, Milli Məclisin deputatı, mənim dünyalar qədər şəxsiyyətinə hörmət etdiyim Zeynəb Xanlarovanın yanında yenidən Mələkxanımla rastlaşdım. Bu dəfə zamanımız çox olduğundan onunla xeyli söhbət etdik, doğmalaşdıq. O gündən etibarən, bizim münasibətlərimizdə doğmalıq, dostluq yarandı. Vaxtaşırı onunla görüşür, telefon əlaqəsi saxlayır, müəyyən məsələləri müzakirə edərdik. Açığını deyim ki, Mələkxanım mənə ana qədər əziz və doğma bir insandır. İlahi, Allah-təalanın qüdrətinə bir bax, bir xanıma ad seçəndə biliblərmiş ki, bu mələk simalı insan elə əsl Mələkxanım olacaq.

Mələkxanım Allahqulu  qızı Bayramova 1946-cı il fevral ayının 14-də Bakı şəhərində, bəşəriyyətə C.Cabbarlı, M.Müşfiq, Məmməd Arif, Zeynəb Xanlarova və s. böyük dahilər yetirən bir məhəllədə - Dağlı məhəlləsində anadan olub. O zaman öndə gedən 161 N-li orta məktəbi bitirib. Uşaqlıqdan zəhmətə qatlaşan, mübarizliyi, bacarığı, biliyi, təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mələkxanım Azərbaycan Neft Sənayesi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra həyatını gənclik şəhəri Sumqayıtla bağladı. Kommunizm quruculuğunun beyinlərə həkk olunduğu bir  zamanda gənc mühəndis, səhhətinə mənfi təsir edə biləcəyini düşünmədən Sumqayıt Polimer Tikinti Materialları Kombinatında əmək fəaliyyətinə başladı. O zaman bu şəhərdə ekoloji durum çox kritik idi. İnsan sağlamlığına mənfi təsir göstərən işdə çalışmaq Mələkxanımın qismətinə yazıldı. Neyləməli idi? Öncə təyinatını başa vurmalı idi, digər tərəfdən, ailəsi maddi cəhətdən korluq çəkirdi. Atası xəstə olduğundan Mələkxanımın himayəsində 5 kiçik qardaş və bacı var idi. Onların güzaranını yaxşılaşdırmaq üçün Mələkxanım daha əzmlə, keyfiyyətlə çalışmalı, plan tapşırıqlarını vaxtından əvvəl təhvil verməli idi ki, maaşla bərabər mükafat da ala bilsin. O zaman Mələkxanım ailə vəziyyəti ilə bağlı, Moskva şəhərində təhsil aldığı aspiranturanı yarımçıq qoymağa məcbur oldu. Halbuki, onun “Polimer-tikinti materiallarının istehsalının tamamlanması kimi Azərbaycanın təbii ehtiyatlarından istifadə” adlı dissertasiya işi demək olar ki,  tamamlanmışdı. Dissertasiya bu sahədə iqtisadi məsələləri əhatə etməklə yanaşı, istehsalata yeni səmərələşdirici təkliflər edirdi. Bu məsələyə, sonradan digər alimlər müraciət etməyə başladı, lakin Mələkxanım bu sahədə öncül idi. İlk səmərələşdirici təkliflər məhz Mələkxanıma məxsusdur. Mələkxanım bu kombinatda vəzifə pillələrində irəlilədikcə ondakı yüksək təşkilatçılıq, insanlarla davranış, kollektivlə işləmək, onların ruh yüksəkliyini artırmaq, işçilərə diqqət və qayğı göstərmək kimi keyfiyyətlər nəzərdən qaçmırdı. Kombinatda ona tezliklə ən yüksək və məsuliyyətli bir iş – texniki nəzarət şöbəsinin müdiri vəzifəsi təklif olundu. O bu vəzifədə də yüksək peşəkarlıq nümayiş etdirdi.

Belə bir yüksək iş keyfiyyətlərinə malik olan Mələkxanımın adı şəhərdə dillər əzbəri oldu. Təbii ki, bu, şəhər rəhbərliyinin nəzərindən də kənarda qalmadı. Belə ki, 100 qadın içərisindən məhz Mələkxanım Bayramova Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Sədr müavini vəzifəsinə irəli çəkildi. O zaman Sumqayıt şəhərində surətlə tikintilət aparılır, abadlıq işləri görülürdü. Sosial problemlər də kifayət qədər vardı. Belə bir zamanda gənc vəzifəli xanımın üzərinə təbii olaraq, böyük məsuliyyət və gərgin iş rejimi düşürdü. Belə ki, o, Sədr müavini kimi ən böyük və vacib sahələrə - səhiyyə, xalq təhsili və mədəniyyət, ictimai – iaşə, ticarət kimi ən mürəkkəb, məsuliyyətli sahələrə rəhbərlik edirdi.

Mələkxanım öz dəmir iradəsi, polad nizam-intizamı, bilik və bacarığı, təşkilatçılığı və natiqliyi ilə bu işdə də uğurlar qazandı, şəhər əhalisinin rifah halının yüksəlməsinə öz töhfəsini verdi. Hər dəfə şəhərdə yeni-yeni uşaq evləri, ictimai iaşə obyektləri və s. açılanda sevinər, zəhmətinin hədər getməməsindən məmnun olardı. Az sonra Mələkxanım Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Sədri vəzifəsinə seçildi. Bu vəzifədə də çalışqanlılığı ilə seçilən Mələkxanım insanların yanında oldu, sadəliyi, səmimiliyi, diqqətçiliyi və qayğıkeşliyi ilə hamının sevimlisinə çevrildi.

Mələkxanımın xatirələrindən: “Hər dəfə qəbula yazılan vətəndaşları gördükcə hesab edirdim ki, mən onlara daha çox lazımam. Hər ahıl yaşlı bir kişini gördükdə elə bilirdim öz doğma atamı görürəm. Təbii ki, çalışırdım hər birinə imkanım çatdığı qədər köməklik göstərim. Çox zaman buna müyəssər olurdum”.  O zaman vəzifəli şəxslər nadir hallarda kabinetdə oturardılar. Onlar çox zaman zəhmətkeşlər arasında olar, onları ilhamlandırar, hətta qəbullarını da çox zaman istehsalatda keçirərdilər. Mələkxanım da bu sırada idi. O, insanların xoş günündə də, ağır günündə də yanlarında olardı. Mələkxanımı insanlar nəcib və mələk simalı insan adlandırırdılar. Mələkxanım şəhər tədbirlərinin, incəsənət ustalarının konsertlərinin keçirilməsində xüsusi təşkilatçılığı və fəallığı ilə seçilirdi. Adı dillər əzbərinə çevrilən Mələkxanım tezliklə partiya işinə cəlb olunur. O, Azərbaycan Kommunist Partiyasının Sumqayıt şəhər Komitəsinin II Katibi kimi daha qaynar, daha məsuliyyətli işə başladı. Bu təyinat heç də asan olmayıb. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində uzun müddət bu vəzifəyə namizəd axtarılıb. Əsas meyar da bundan ibarət olub ki, bu vəzifədə olan şəxs təkcə “kağızlarla” əlləşməməli, şəhərin həyatını yaxından bilən, insanların rəğbətini qazanan, istehsalatdan baş çıxaran, təşkilatçılığı və natiqliyi ilə seçilən bir kadr olmalıdır. O zaman Sumqayıt şəhərində belə bir keyfiyyətlərə malik, istehsalatda adi mühəndislikdən – rəhbər vəzifəyə qədər parlaq və şərəfli bir yol keçən, zəhmətin nə olduğunu bilən belə bir kadr məhz Mələkxanım Bayramova idi. Beləliklə, o, Mərkəzi Komitənin razılığı ilə Sumqayıt şəhər Partiya Komitəsinin II Katibi vəzifəsinə seçilir. Ötən əsrin 90-cı illərinin əvvəlinə kimi bu vəzifədə şərəflə çalışır, öz bilik və bacarığını şəhərin inkişafından, tərəqqisindən, insanların rifah halının artırılmasından əsirgəmir.



90-cı ilin əvvəllərindən Azərbaycan SSR Ali Sovetinin, hazırda Milli Məclis aparatının iqtisadiyyat şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan M.Bayramova illərlə qazandığı təcrübədən bəhrələnərək daimi komissiyada müzakirə olunan  qanunların hazırlanmasına öz əməli töhfəsini verir. Bu fəaliyyət onun həyat salnaməsinin ikinci dövrünü təşkil edir. Az bir zamanda Mələkxanım burada da istər rəhbərlik, istər kollektiv, istərsə də deputatlar arasında hörmət qazanır. Daim ictimaiyyət arasında olan Mələkxanım bununla kifayətlənə bilmir, ictimai işlərə də qoşulur. O, ayrı-ayrı qadın təşkilatlarında çalışır, öz bilik və bacarığını burada da tətbiq edir, respublikada, eləcə də xaricdə qadınlarımızın hüquqlarının qorunması istiqamətində ardıcıl əməli işlər görür. O, 1995-ci ildə Pekində IV Ümumdünya qadınlar konfrasında, 1996-cı ildə isə İstanbul şəhərində keçirilən “Həbibət” – II Beynəlxalq konfransda iştirak edir. Artıq Beynəlxalq səviyyədə tanınan Mələkxanımın konfrans dairəsi, coğrafiyası bununla bitmir. 1998-ci ildə İsraildə, Yerusəlimdə sosial rifaha dair 28-ci konfransda, 1999-cu ilin may ayında Haaqada keçirilən Sülh və İnkişaf mövzusuna dair konfransda, həmin ilin oktyabr ayında isə Bağdadda keçirilən İraq qadınlarının qurultayında iştirak edib. 2000-ci ilin oktyabr ayında o, Milli Məclisin nümayəndəsi qismində Avropa ölkələrinin iqtisadiyyat sammitində çıxış edir. Eyni zamanda “Qadın və inkişaf” təşkilatının xətti ilə həmin ölkələrin qadınlarının konqresində də iştirak edir. 2001-ci ilin mart ayında Mələkxanım Bayramova BMT-də qadınların statusu haqqında məsələnin müzakirəsində çıxış edib.

Bütün bunlarla yanaşı M.Bayramova kütləvi – mədəni tədbirlərin, o cümlədən, ədəbi-bədii, musiqili gecələrin və s. keçirilməsində fəallıq nümayiş etdirir.

Bu insan heç bir zaman yorulmaq, usanmaq bilmir. Bütün varlığı ilə həyatını xalqına, millətinə, el-obasına, dövlətə, dövlətçiliyə təmənnasız xidmətə həsr edib.

Tale elə gətirib ki, dəfələrlə Mələkxanımla birgə müxtəlif səpkili tədbirlərdə iştirak etmiş, səfərlərdə olmuşuq.

Bu böyük qəlbli insan ünsiyyətcil olduğundan daim ətrafdakılarla asan dil tapır, onların dərin hörmət və rəğbətini qazanır.

M.Bayramova Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə də yaxından bağlıdır. 50 il sıralarında olduğu Cəmiyyət haqqında M.Bayramova belə söyləyir:

“Hələ uşaqlıq illərində tənha və kimsəsiz, ehtiyaclı insanlara yardım edən bir nüfuzlu təşkilatın varlığından xəbərdar idim. Orta məktəb illərində bu haqda məlumatlar sinif otaqlarında, şagird və müəllimlər arasında tez-tez dolaşırdı. Gənclik illərində, hələ sovetlər dönəmində Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında bir qədər ətraflı və müsbət bilgilər formalaşmağa başladı. Çünki, bu sahə ilə  bilavasitə məşğul olan insanlarla təmas qurulduqca nəcib əməllər sahibi olan, xeyirxah ənənələrin ən fəal və nümunəvi daşıyıcısı olan Cəmiyyət haqqında kifayət qədər məlumat əldə edirdim.

O dövrlərdə gənclik şəhəri Sumqayıtda partiya və sovet orqanlarında rəhbər vəzifələrdə çalışan insanlardan biri olaraq fəaliyyətinə rəğbətlə yanaşdığım Qızıl Aypara Cəmiyyətinin maraqlı və şərəfli tarixi haqqında nəhayət ki, kifayət qədər məlumata malik oldum. Bilavasitə bu təşkilatla birbaşa çalışdım. Cəmiyyətin sıralarında olduğum 50 il müddətində bu Cəmiyyətlə sıx əlaqədə oldum. Dəfələrlə, Cəmiyyətin o dövrdə keçirilən qurultaylarına nümayəndə seçildim. Moskvada bir neçə dəfə qurultay və konfranslarda Azərbaycan QAC-ni layiqincə təmsil etdim. Azacıq da olsa bu təşkilata köməyim dəyibsə, bundan qürur duymuş, fərəh hissi keçirmişəm. Cəmiyyətin hər bir üzvünə hörmət və rəğbətim ən səmimi hisslər üzərində köklənib. Maraqlı cəhət bu idi ki, bu Cəmiyyət hansı dövrdə, hansı siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq daim öz xeyirxah prinsiplərinə, humanist ənənələrinə sadiq qalmış, həmişə çətinliyə, dara düşən insanların köməyinə çatmışdır. Yaranmasından bu vaxta qədər keçən dövr ərzində milyonlarla zavallı insan bu Cəmiyyəti özünün ümid yeri, dayağı hiss etmişdir. İnsanların ürəyində özünəməxsus yer tutan Qızıl Aypara bütün tarixi sınaqlardan mətinliklə çıxmış, Cəmiyyətin işçi heyəti, könülləri və üzvləri əllərində çox vaxt məhdud imkanlar olduğu zamanlarda da əhalinin imkansız hissəsinə can yandırmış və daima yardım göstərmişlər. Müstəqillik illərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz ənənəsinə sadiq qalaraq Müstəqil Respublikamızın sosial məsələlərinin həllində fəallıq göstərmişdir, yardımçı olmuşdur. Mən daim bu xeyirxah Cəmiyyətin üzvü olmağımla fəxr duyuram.”



Bir halda ki, söz xeyirxahlıqdan, humanizmdən düşdü, Mələkxanımın bu yüksək insani keyfiyyətlərindən də söz açmağa dəyər. Mələkxanımın zahirən ciddi, sərt görünməsinə baxmayaraq, onun çox xəfif böyük ürəyi var. Qəlbi daim xeyirxahlıqla, şəfqətlə, mərhəmətlə çırpınır. O, hər zaman ona müraciət edənlərə bu və ya digər köməkliyini əsirgəməyib. Həmişə onların problemlərinin həllinə, çözülməsinə çalışıb. Onun bir müsbət keyfiyyətini də qeyd etməyi lazım bilirəm. Bu yaxınlarda bir hadisənin şahidi oldum. Mələkxanım əhd eləmişdi ki, tanıdığı bir şəxsin mövcud problemi həll olunarsa, o da bir nəzir verəcək. Belə bir hadisə baş verdikdən sonra Mələkxanım ziyarətgahlardan birinə o şəxsin adına nəzir verdi. Bu da onu səciyyələndirən müsbət keyfiyyətlərdəndir. Onda mərdlik, mətinlik vardır, heç bir mübahisədə, mübarizədə davada kənarda durmaz, özünü irəli verər, məsələnin həllini tapar.  

Həyatda  Mələkxanımın qazancı itirdiklərindən çox olub. Belə ki, o gözəl ailəyə sahib olub. Uzun illər çalışdığı Sumqayıt şəhərində onun adı fəxrlə, ehtiramla çəkilir, on minlərlə insanın qəlbində abidəyə çevrilib. Allah təala ona dəyərli oğul övladı, dostlar, qohumlar, tanışlar bəxş edib. Harada çalışmasından asılı olmayaraq ona hörmət və ehtiram göstərilir. Bu heç də hamıya nəsib olmur.

Mələkxanım ibadət əhlidir. O, namaz qılır, oruc tutur. Dəfələrlə Müqəddəs Həcc ziyarətində olub. O, milli – mənəvi dəyərlərimizə bağlı olan xanımdır.

Ən başlıcası millətinə, xalqına, soy kökünə bağlı bir vətəndaş qeyrət, namus, paklıq mücəssəməsi olan Azərbaycan qadını, azərbaycanlı anasıdır. Bu ad isə onun ən şərəflisidir.

Mələkxanım Bayramovanın əməyi daim dövlət tərəfindən, qədirbilən xalq tərəfindən qiymətləndirilib. O, müxtəlif mükafatlara, fəxri fərmanlara, diplomlara və s. layiq görülüb, dəfələrlə Sumqayıt şəhər xalq deputatları sovetinin deputatı seçilib.

M.Bayramova daim Ulu öndər, ümummilli lider Heydər Əliyevin onun əməyinə verdiyi yüksək qiymətdən fəxrlə söz açır. Vaxtilə onunla çiyin-çiyinə çalışan şəxslər barəsində də razılıq hissini bu gün də ehtiramla yad edir.

Müstəqil Azərbaycan Respublikasının günü-gündən tərəqqi etməsində, dünya arenasında sayılıb-seçilən dövlət olmasında, ölkəmizin hərbi qüdrətinin və iqtisadiyyatının artmasında, elm, ədəbiyyat, mədəniyyət, idman və s. sahələrin inkişaf etdirilməsində, xalqımızın rifah halının artması istiqamətində göstərdiyi qətiyyətli addımlara, apardığı düzgün, ardıcıl  xarici və daxili siyasətinə, məmləkətimizdə sülhün, əmin-amanlığın bərqərar olunmasındakı səylərinə görə cənab Prezident, Zati-aliləri İlham Əliyevə dərin minnətdarlığını bildirir, ona bu şərəfli yolda uğurlar arzulayır.

Bu gün ömrünün bu müdrik çağında da Mələkxanım Bayramova respublikamızın ictimai həyatında yaxından iştirak edir. Daim qurub-yaratmaq həvəsi onu bu gün də rahat buraxmır. O öz enerjisini, potensialını, bilik və bacarığını, təcrübəsini gənclərdən əsirgəmir, onlara doğru yol seçmələrində daim yardımçı olur.

Vallah o qədər qəlbimdə, beynimdə, düşüncəmdə Mələkxanımla bağlı sözlər, həyati epizodlar var ki, onların hamısını bir yazıda əhatə eləmək mümkün deyil. Hörmətli oxucularımı da yormaq istəmirəm. Amma, onu demək istəyirəm ki, Azərbaycan Qadınlarına həsr olunmuş ayrıca ensiklopediya yaradılarsa, Mələkxanım Bayramovanın adı onun parlaq, şərəfli, silinməz səhifələrini təşkil edəcək. Mən buna bütün varlığımla əminəm.

İnanıram ki, hələ uzun illər Mələkxanım Bayramova gözəl, mələk siması ilə, bizi öz uğurları ilə heyrətləndirəcək, sevindirəcək.

Mələk gözəlliyə xasdır, gözəlliksə mələyə.

Hüseyn Cavid əfəndi demişkən:

                   Gözəl mələksə .... buludlarda göy üzündə yaşar:
`                  Uzaq, bəşərdən uzaq bir mühitə mail olar.
                   Uzaq, bəşərdən uzaq, gizli bir fəzaya qoşar;
                   Yaşar mələk kimi, xoş bir xəyali-müqfil olar.

Bəli, bizim əzizimiz Mələkxanım Bayramova bu gün  bizimlədir, gözəl mələk kimi. Həyatının, ömrünün 70 illik şərəfli zirvəsinə doğru əzmlə, alnıaçıq, üzüağ, mərdi-mərdanə, ləyaqətlə irəliləyir. Bu şərəfli zirvədə Mələkxanıma uğurlar diləyir, Allahtəaladan ona möhkəm can sağlığı, uzun ömür  arzulayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI