Modern.az

“Avropadan baxanda Azərbaycan elmi çox köhnə görünür” - Xarici şirkətin azərbaycanlı rəhbəri ilə SÖHBƏT

“Avropadan baxanda Azərbaycan elmi çox köhnə görünür” - Xarici şirkətin azərbaycanlı rəhbəri ilə SÖHBƏT

18 Dekabr 2015, 12:09


Modern.az
saytının müsahibi hazırda Niderlandda yaşayan və öz işini orada quran gənc kimyaçı Bəhruz Məmmədovdur. O, Gəncə Dövlət Universitetində kimya fakültəsinin bakalavr pilləsində təhsil alıb, sonra isə Niderlandın Tvente şəhərində  kimya mühəndisliyi üzrə magistr olub. Magistaturada oxuyan zaman müdafiə etdiyi elmi işi sonradan öz şirkətinə çevirib və “Eurekite” şirkərinin əsasını qoyub. Qeyd edək ki, şirkətin əsasını elmi rəhbəri ilə birlikdə qoyub. Hazırda şirkətin maliyyə və əməliyyat işləri üzrə direktorudur.

-Əvvəlcə özünüz və xarici fəaliyyətiniz haqqında danışardınız...

-Bakı şəhərində böyümüşəm. 2004-cü ildə Yasamal şəhərində 154 saylı orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşam. Elə tələbəlik illərində də buxar mühəndislik şirkətində kimyaçı vəzifəsində çalışırdım. 2008-ci ildə universiteti bitirdikdən sonra bir il hərbi xidmət keçdim. Hərbidən qayıdandan sonra Azərbaycan Beynəlxalq Əməliyyatlar  şirkətində kimyaçı vəzifəsində çalışdım. 6 aydan sonra əməliyyat mühəndisi, növbəti 6 aydan sonra isə həm mis, həm də qızıl zavodlarında proses mühəndisi vəzifəsinə yüksəldim. İşi tərk etməyimə bir il qalmış aparıcı mühəndis vəzifəsinə təyin edildim. Mis və qızıl zavodunun bütün proses və idarəetmə işlərinə nəzarət edirdim. Oradan  Niderland Krallığının Tvente Universitetində kimya mühəndisliyi  üzrə magistr təhsilimi davam etdirmək üçün ayrılmalı oldum. 2012-ci ildə magistr təhsilinə başladım. İl yarımdan sonra Almaniyada nanokatalizatorların sintezi üzrə fəaliyyətimi davam etdirdim.  Şirkətin əsasını qoydum. Bu şirkət mənim magistr mövzumdan qaynaqlanır. Elmi rəhbərimlə razılığa gəldik ki, belə bir şirkətin əsasını qoyaq. Hazırda həmin şirkətdə maliyyə və əməliyyat işləri üzrə direktoruyam və şirkətin əsas səhmdarlarından biriyəm.

- Sizcə, ümumiyyətlə, elm nədir? O, bəşəriyyətin inkişaf mexanizmində nə kimi rol oynayır?

-Mənim fikrimcə elm bilinməyəni bilmək marağıdır. Eyni zamanda da cəmiyyətdəki inkişafın əsas təkanverici qüvvələrindən biridir.



-Elmi nəzəriyyələr Avropada həqiqətənmi böyük gəlir gətirə bilir?

-Avropa çox yaxşı başa düşür ki, Asiya ölkələri ilə rəqabət apara bilməz. Buna görə də Avropa və Amerika ölkələri əsas iqtisadi punktu yeni texnologiyaların inkişafında görür. Yeni texnologiyaların inkişafı da öz növbəsində elmi tədqiqatın inkişafı deməkdir. Əgər yeni problemi həll edə bilən elmi kəşf və ixtira varsa, Avropa və Amerikada həmin ixtiranı bazara gətirmək üçün kifayət qədər maliyyə dəstəyi tapmaq olar. Bu problem deyil.

- 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışmışınız. Sonra isə öz şirkətinizi qura bilmisiniz. Əvvəlcə oradakı iş, sonra isə öz şirkətiniz barəsində qısaca olaraq danışardınız....

-BASF şirkətində nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi işləmişəm. Amma bu barədə ətraflı danışa bilməyəcəyəm. Çünki götürdüyüm işin məxfiliyi barəsində müqaviləyə qol çəkmişəm.
Öz şirkətimizə gələndə isə , onun əsasının qoyulması haqqında ideya haradasa 2014-cu ilin aprel-may ayında yaranıb. Bir müddətdən sonra rəsmi olaraq qeydiyyatdan keçib. Şirkətin işi bundan ibarətdir: bildiyimiz kimi selamik  materiallar kimyəvi mühitə və temperatura  qarşı davamlı olur. Amma bunların problemi ondan ibarətdir ki, materiallar çox baha olur və heç bir elastikliyi yoxdur. Biz yeni tipli həm yüngül, həm yüksək temperatura davamlı elastik materiallar yaratmışıq. Bu materiallar əsasında yeni tip cihazlar hazırlayırıq. Bu cihazlardan biri də antenalardır. Bizim şirkətin kriteriyaları əsasında hazırlanan antenalar daha yüksək temperatura duruş gətirir, daha yüngül olur və daha az enerji sərf edir. Bizim əsas məqsədimiz öz materiallarımız əsasında yeni cihazlar hazırlamaq və bu cihazları bazara gətirməkdir.

-Bu il “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqavilə imzaladı. Buna necə nail oldunuz?

-İnvestisiya almaq xeyli çətin və uzun sürən bir prosesdir. Bu proses müddətində investorlar həm şirkətin texnologiyası həm də rəhbərliyi ilə yaxından tanış olurlar. Əgər öz təcrübəmizdən danışırıqsa, bizim investisiya almağımız yeddi ay çəkdi.  Bu aylar ərzində biz investorlarla ayda bir dəfə görüşürdük və hər dəfə də bizə yeni tapşırıqlar verirdilər materialların xüsusiyyətləri haqqında daha çox məlumat almaq istəyirdilər. Hər dəfə də  biz bu məlumatları çatdırdıqda onlar həm şirkətin rəhbərliyi, həm də texnoloji perespektivləri haqqında daha çox məlumat alırdılar. Bir sözl, bu investisiyanı almaq xeyli zəhmət və məsuliyyətli iş tələb etdi.

-Azərbaycanda nanotexnologiyanın, mütəxəssisi olduğunuz sahənin inkişafı üçün nə kimi işlər görmək fikrindəsiniz?

-Nanotexnologiya sahəsinin inkişafı üçün ilk növbədə dövlət qayğısı lazımdır. Dövlət bu kimi sahələrə aid olan  elmi-tədqiqat işlərinə xüsusi maliyyə ayırmalıdır. Bundan başqa, həmin elmi laboratoriyalarda əsası qoyulan ixtiranın bazara çıxara biləcək bir qurumu, bir dövlət orqanı olmalıdır ki, o kəşfi laboratoriyadan götürüb bazara gətirsin. Bu dövlət tərəfindən iradə əmək və investisiya tələb edir. Mən də öz növbəmdə nə vaxtsa dövlət tərəfindən belə bir təşəbbüs olarsa, bu sahənin strukturunun qurulmasına istək olarsa, çox böyük məmuniyətlə öz təcrübəmi bölüşərəm. Bu strukturun ərsəyə gəlməsində nə kömək lazımdırsa, əlimdən gələni etməyə hazıram. Amma yenə də qeyd edim ki, bu tipli işlər dövlət tərəfindən dəstəklənməlidir.



-Xaricdən baxanda Azərbaycan elmi necə görünür?

-Xaricdən Avropadan baxanda Azərbaycan elmi çox köhnə görünür. Yadımdadır ki, biz tələbə vaxtı 2004-cü ildə tədrisə başlayanda bizə qeyri-üzvi kimyanı Nekrasovun 1978-ci ildə yazdığı “Qeyri-üzvi kimya”  kitabından oxumağı məsləhət görürdülər. Halbuki, xaricdə iki il bundan qabaq çıxan məqaləyə artıq köhnə məqalə deyirlər. Bizim elmin əsas problemi budur ki, müasirlik azdır. Azərbaycan elminə müasirlik gətirmək lazımdır.

-Hansı alimlərimizi əsl elm xadimi kimi qiymətləndirirsiniz?

-Korifey elm xadimlərimizdən Yusif Məmmədəliyevin adını qeyd etmək istərdim. İndikilərdən isə şəxsən tanıdığım akademik Vaqif Abbasovu demək istərdim. O, kimya elminin inkişafında əsaslı iş görür. 

-Oradakı həyat necə davam edir? Gündəlik iş rejiminizdən danışardınız...

-Şirkətin əsaslı yeni qoyduğumuz üçün burada həyat yüz faiz yox şirkətin üzərində fokuslaşıb. Çalışırıq ki, şirkəti qaldıraq işlərimizi daha da qabağa aparaq. Yeni qurulan hər işin ilk mərhələsi insandan daha çox zəhmət tələb edir. Adını çəkmək istəmədiyim Avropa şirkətləri ilə ümumi proyektlər üzərində tezliklə işlərə başlayacağıq. İş səhər saat 9-da başlasa da, bəzən 10-11-də işin gedişindən asılı olaraq dəyişir. Ümumilikdə işlər çox olur. Mən maliyyə və əməliyyat üzrə məsulam. Şirkətin büdcəsinin təşkil olunması, mühasibatlığının aparılması, ümumi işlərin görülməsi, biznesin inkişafı ilə əlaqələri bütün mövzuların işlənməsi, qərarların qəbul edilməsi, şirkətin strategiyasının müəyyən olunmasında yaxından iştirak edirəm. 

-Adətən modern elmi yeniliklərə aludə olan insanlar elmi-fantastik ədəbiyyat oxumağı sevirlər. Siz bu siyahıdan kimlərisə mütaliə etmişiniz?

-Elmi fantastik ədəbiyyat oxuduğumu desəm, yalan olar. Amma ümumilikdə ədəbiyyat oxumağı çox sevirəm. Ən çox oxuduğum ədəbiyyatlar isə fəlsəfi və psixoloji istiqamətdə olur. “Müharibə incəsənəti” kitabını göstərə bilərəm. Konfustinin “Mirvarilər incisi” kitabı ən sevdiyim kitablar arasındadır. Psixologiya sahəsində isə rus yazar Vogenin insan psixologiyası və insanın davranış haqqında kitablarını oxuyuram.



Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI