İnsan övladı tarix boyu artıb çoxalan, törəyən istiqamətlərdə inkişaf edib. Təəssüf ki, yaradılışdan bu yana doğulan insanların heç də hamısı tam sağlam dünyaya gəlmir. Bəziləri fiziki qüsurlu, bəziləri əqli qüsurlu şəkildə doğulur. Təbii ki, heç bir ailə övladının bu cür doğulmağını istəməz. Lakin elə şeylər var ki, insanların öz əlində deyil…
Fiziki və əqli qüsurlu uşaqlar isə bir çox hallarda ailələrin dağılmasına, həmin uşaqların öz valideynləri tərəfindən tərk edilməsinə səbəb olur. Çünki ailələr belə hallara çox zaman dözümsüz olur, belə övladları saxlaya bilmirlər. Ona görə də bütün dövlətlərdə ixtisaslaşdırılmış xüsusi internat məktəbləri olur ki, onlar müxtəlif təyinat üzrə fəaliyyət göstərir. Bəziləri fiziki qüsurlu, digərləri ruhi-əsəb qüsurlu insanlar üçün olan reablitasiya mərkəzləri sayılırlar.
Azərbaycandakı fiziki və əqli qüsurlu uşaqlar üçün internat məktəblərindən biri Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbidir.
Modern.az əməkdaşının həmin internat məktəbinə baş çəkməyi orada uşaqlar üçün təşkil olunan Yeni il şənliyinə təsadüf etdi. Uşaqlar bayram şənliyinı adi günlərdən fərqli olaraq, daha üzügülər qatılmışdılar. Axı onlar adi uşaqlardan fərqli olaraq məhz belə günlərdə daha çox sevinə bilirlər. Bayram günlərində onların ziyarətinə gələnlər daha çox olur.
Ömrünün 20 ildən çoxunu bu məktəbdə çalışmaqla keçirən təlim-tərbiyə işləri üzrə direktor müavini Alışan müəllim bizimlə söhbətində işindən yorulmadığını dedi: “Yaşımın 50-dən çox olmasına baxmayaraq, bu gün qadın müəllimələrin içində bu cür sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyəsində yaxından iştirak edirəm. Artıq 20 ildən çoxdur ki, bu məktəbdə işləyirəm. Çünki özüm də gənc yaşlarımdan təkbaşına 2 yetim böyütməyə məcbur olmuşam. Həyat yoldaşım gənc yaşlarında vəfat etdi. Allaha çox şükür ki, artıq bu gün öz uşaqlarım böyüyüb, boya-başa çata biliblər. Mən buradakı atılmış, fiziki qüsurlu uşaqlarla işləməkdən yorulmuram. Çünki onları başa düşə bilirəm. Bu gün onların yeməkdən, havadan, sudan daha çox valideyn, qardaş, bacı istiliyinə, qayğısına ehtiyacları var. Mən hər dəfə burada hansısa uşağı ağlayan, kövrələn görəndə özüm də pis oluram. Ona görə ki, öz uşaqlarımın o zamankı vəziyyətləri yadıma düşür.
Biz burada Allah qarşısında ən böyük, ən şərəfli və müqəddəs vəzifə yerinə yetiririk. Həyatda yaşamaq ümidləri azalmış bu uşaqları tək buraxmırıq. Onlarla hər gün birgə oluruq. Düzdür, biz onlara öz ata-analarını əvəz edə bilmərik. Ancaq ki, yenə də xoş münasibət göstərməyə çalışırıq. Onlar neyləsinlər ki, ata-anaları imtina ediblər. Axı onların dünyaya belə göz açmaları öz günahları deyil.
Bu bayram günlərində arzu edirəm ki, ata-analar övladları qüsurlu da olsa, atmasınlar. Çünki Allah onlara bu payı belə veribsə, mütləq onun mükafatını da qismət edəcək. Arzu edirəm ki, heç bir aildə qüsurlu uşaq doğulmasın”.
İnternat məktəbindəki Yeni il şənliyində uşaqların üzlərindəki sevinci, xoşbəxtliyi dünyada heç nə ilə əvəz etmək mümkün deyildi.
18 yaşlı övladının autizim xəstəsi olduğunu deyən internat məktəbinin direktor müavini Yeganə Məmmədəliyeva bu gün Azərbaycanda fiziki və əqli qüsurlu uşaqlara tətbiq olunan təlim metodunun hələ də sovet dövründən qalma olduğuna təəssüflənir:
“Çox təəsüflər ki, Azərbaycanda hələ də qüsurlu uşaqlarla təhsil klassik üsulla aparılır. Ancaq biz çox beynəlxalq təlimlərdə iştirak etmişik. Ona görə də yavaş-yavaş beynəlxalq təcrübəni tətbiq etməyə başlayırıq. Bizim məktəbdə hal-hazırda sağlamlıq imkanları daha ağır, orta və daha yüngül olanları da var. Sağlamlıq imkandaları daha ağır olan uşaqlar tədris proqramlarını mənimsəməkdə daha çox çətinlik çəkir. Bizim tədris orta məktəblərdən fərqli olaraq daha sadə formada keçirilir. Sağlamlıq problemləri olan uşaqların öz xüsusi proqramları var. Biz onlar üçün fərdi tədris proqramı tərtib edirik. Vaxt ayırıb bir qrupda olan 10 uşağın hərəsinə fərdi dərslər keçirik. Sağlamlıq imkanları məhdud olan uşaqlar 1-ci sinifə 10 yaşında gedirsə, o, artıq 20 yaşında məktəbi bitirir. 20 yaşından sonra o uşaq burada qala bilmədiyinə görə, onu ya valideynləri aparır, əgər valideynləri vəfat ediblərsə, boşanıblarsa, imtina ediblərsə, onda kim istəsə qəyumluğa götürür. Ən son anda isə biz artıq böyük yaşlı adamlar üçün sağlamlıq imkanları məhdud olan reablitasiya və ya yaşayış yerlərinə göndəririk.
Autizimli xəstə uaqşlarımız da var. Onlarin içərisində klassik autzimdən əziyyət çəkən uşaqlar da olur. Onlarda dərs proseslərində davranış pozuntuları aşkar olunursa nevropotoloqa yönəldilir. Nevropotoloq isə uşağı müalicə edir. Dərs prosesində onlar müalicə olunur. Müasir müalicə metodu olan piktoqramla, yəni ağ-qara şəkillərlə dərs metodunu daha üstün sayırıq. Ağ-qara şəkillərdə autizimli uşaqlar anlayışları daha asan qavraya bilir.
Yuxarı siniflərdə olan uşaqlarda 20 saat texnologya, sənət, peşə tipli sahələri öyrənirlər. Valideynlərə burada qalmaq üçün şərait yoxdur. Amma ərizə yazmaqla uşaqları müəyyən müddətə apara bilirlər. Uşaqların əksəriyyəti regionlardandır. Hazırda məktəbimizdə 96 uşaq var”.
Direktor müavini uşaqların valideynlərlə görüşündən və onların qəyyumluğa verilməsindən sonra daim nəzarətdə saxlandığını dedi: “Müalicə məqsədi ilə uşaqları validenylərinə veririk. Ancaq biz mütəmadi olaraq əlaqə saxlayırıq. Uşaqlarına gəlib baş çəkən valideynlər də olur. Ancaq ki, elə ata-analar var ki, uşaqlarını gətirib bura qoyandan sonra heç maraqlanmırlar. Atası ikinci dəfə ailə quran uşaqlarla demək olar ki, heç maraqlanmırlar. Uşaqlar şəxsiyyət vəsiqəsi almalı olanda biz o insanları dəvət edirik ki, gəlib sənədləşmədə iştirak etsinlər. Bizim ən ağrılı anlarımız uşaqların həssas yeri olan ata, ana, bacı qardaşlarının yadlarına düşməsi zamanlarıdır. Çünki biz nə qədər istilik, yaxınlıq, doğmalıq göstərsək də yenə də biz onlara öz ata-analarını əvəz edə bilmərik. Bəzi uşaqlar bəlkədə valideynlərinin simalarını belə, unudublar. Amma buna baxmayaraq hər gün uşaqların gözü yol çəkir. Onların yollarını gözləyirlər. Belə uşaqlarla işləyən insalarda ilk növbədə səbr olmalıdır. Öz oğlumun 18 yaşı var. O da daun sindromludur. Ona görə də bu uşaqları gözəl başa düşürəm.
Bura gələnlərin içində elə uşaqlar olub ki, uzun müddət nəzarətsiz, tərbiyədən kənar qalıb, küçələrdə yaşayıblar. Ona görə də onlar psixoloji olaraq çox sarsılıblar. Onlarla işləmək bir az çətin olur. Biz uşaqları kiməsə övladlığa verəndə belə, daim onlarla əlqaə saxlayırıq. Çünki ola bilər ki, uşaqları övladlığa götürənlər ondan başqa məqsədlər üçün istifadə edə bilərlər”.
İnternat məktəbindəki uşaqlarla danışdığımız zaman görürdük ki, onların həqiqətən də insanlara, münasibtə, xoş ünsiyyətə və qayğıya hədsiz ehtiyacları var.
Məktəbin 10-cu sinfində təhsil alan 15 yaşlı Orxan Məmmədov Orxan gələcəkdə ali hərbi məktəbi bitirib hərbçi olmaq istəyir: “Mən 2000-ci ildə doğulmuşam. 10 ildir burada təhsil alıram. Ata-anam bacım və qardaşımla qalır. Ancaq mən bu internat məktəbində yaşayıram və təhsil alıram. Ata-anam, bacı-qardaşım mənə baş çəkirlər. Mən də evə gedib-gəlirəm. Bu məktəbi bitirdikdən sonar arzum odur ki, ali hərbi məktəbi bitirib zabit olum. Bəzən ailələr öz uşaqlarını belə məktəblərə qoymağa məcbur qalırlar. İmkansızlıqdan, pulsuzluqdan. Ancaq ki, valideynlərin çoxu özlərinin fiziki və əqli qüsurlu övladlarından utanıb belə edirlər. Amma yenə də övladı belə səbəblərə görə atmaq olmaz. Buradakı tərk edilmiş uşaqlar da mənim bacı və qardaşlarımdır. Biz çox mehribanıq. Ən böyük arzum odur ki, validenylər öz övladlarını necə olursa olsun, atmasınlar. Çünki heç kəs ata-ananın yerini verə bilməz”.
Nitqində və danışığında qüsuru olan Fərid Həşimov da məktəbdəki digər şagird yoldaşları ilə çox mehriban olduqlarını və ata-analara heç vaxt öz övladlarını atmamağı arzu etdiyini deyirdi:
“Artıq 10 ildir ki, bu məktəbdə oxuyuram. Daha çox Azərbaycan dili, informatika və riyaziyyatı sevirəm. Mənim də ən böyük arzum hərbçi olmaqdır. Bacım və qardaşım da var. Ancaq ki, atam heç vaxt gəlməyib bura. Deyəsən atam ayrılıb anamdan. Qardaşım arada gəlib görür məni. Buradakı uşaqlarla çox mehribanıq, dostluq edirik. Uşaqlara ən böyük arzum budur ki, hər zaman öz ailələrinin yanlarında olsunlar. Ata-anaları onları atmasınlar”.
Danışdıqca gözləri dolan, sanki artıq kimsəsizliyini, valideynsizliyini dərk etməyə yeni-yeni başlamış Ləman isə gələcəkdə müəllimə olmaq istədiyini söylədi:
“Mən 2000-ci ildə anadan olmuşam. 8 ildir ki, bu məktəbdə təhsil alıram. Ən çox Azərbaycan dili fənnini sevirəm. Gələcəkdə müəllimə olmaq istəyirəm. Qardaşım var. Ancaq heç kəs mənim yanıma gəlməyib. İstəyirəm ki, gələcəkdə müəllimə olum və özüm kmi uşaqlara dərs deyim. Yeni ildə uşaqlara arzu edirəm ki, öz ata-analarının yanında olsunlar. Ata-anaları isə onları atmasınlar”.
İnternat məktəbindəki tərbiyəçi və müəllimlərlə söhbətimiz zamanı bu insanların da nə qədər kədər və qüssə yaşadıqlarını gördük. Nə olsun ki, bu uşaqlar onların nə qohumu, nə də ki, yaxınları deyil...
Ağa Akifoğlu